Dünya
cazının ulduzları Bakıda
Oktyabrın 16-dan 30-a qədər paytaxtda
Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
Bakı daha bir musiqi bayramına hazırlaşır.
Oktyabrın 16-dan 30-a qədər paytaxtda Bakı Beynəlxalq
Caz Festivalı keçiriləcək. Mədəniyyət və
Turizm Nazirliyinin və “Sweet production”ın təşkilatçılığı
ilə reallaşacaq festivalın açılış mərasimi
oktyabrın 16-da Heydər Əliyev Sarayında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan artıq ikinci dəfədir ki, Beynəlxalq
caz festivalına ev sahibliyi edir. Məlumatlara görə, bu
festival dünyanın ən irimiqyaslı musiqi bayramlarından
biri olacaq. Belə ki, festival çərçivəsində
Azərbaycan cazmenləri ilə yanaşı dünyanın
müxtəlif ölkələrinin məşhur caz
ifaçıları konsert proqramı ilə
çıxış edəcək.
Festivalda Azərbaycanla yanaşı, dünyanın bir
çox məşhur caz ifaçıları, o cümlədən
Mat Bianko, Al di Miola, Keiko Matsui, Monti Aleksandr, Vijay İyer Trio,
Erik Vloeimaens, Diane Rives, eləcə də “Jazzamor” və
“Şakatak” qrupları Bakıda cazsevərləri sevindirəcəklər.
Festival çərçivəsində konsertlərin
keçiriləcəyi məkanlar da məlumdur. Heydər Əliyev
Sarayı ilə yanaşı, Müslüm Moqamayev adına Azərbaycan
Dövlət Filarmoniyası, Muğam Mərkəzi, Səməd
Vurğun adına Rus Dram Teatrı və Bakı Caz Mərkəzi
qonaq-qaralı olacaq. Təşkilatçıların bildirdiyinə
görə, tanınmış cazmen Vaqif Mustafazadənin
qızı Əzizə Mustafazadə və məşhur
gürcü cazmeni Nino Katamadze bəzi səbəblərdən
festivalda iştirak edə bilməyəcək. Festivalın açılış
mərasimində ilk olaraq «Arena» caz orkestrı konsert
proqramı ilə çıxış edəcək. Həmçinin İngiltərənin
məşhur “Matt Bianco” caz qrupu Heydər Əliyev Sarayında
konsert proqramı ilə çıxış edəcək. Konsertdə qrup repertuarından ən
yaxşı musiqi parçalarını ifa edəcək. Bu
konsert “Matt Bianco”nun Azərbaycanda ilk
çıxışıdır. Qeyd edək ki, 1982-ci ildə
keçmiş “Blue Rondo A La Turk” ansamblının üzvlərindən
təşkil edilmiş “Matt Bianco” caz qrupu hazırda ingilis
pop-cazının liderlərindən biri kimi dünyada məşhurdur.
Kollektiv dünyanın bir çox ölkələrində
uğurlu çıxışları ilə yadda qalıb.
Təşkilatçılar cazsevərlərə xoş
musiqi anları bəxş edəcəklərini
vurğulayırlar.
Bakının caz mühiti
Bakının ötən əsrin ortalarından
başlayan və tədricən təkmilləşən caz ənənəsi
var. 60-cı illərin sonuna qədər Bakının caz həyatının
"mərkəzi" Azərbaycan Neft-Kimya İnstitutunda
keçirilən tələbə gecələri idi. Azərbaycan
cazının bütün "qaymaqları" bu instituta
toplaşırdı. Hər il yaz axşamlarının birində
respublikamızın paytaxtının caz kollektivləri
institutun akt zalında çıxış edirdi. Bu gecələr,
mahiyyət etibarilə, sonradan SSRİ miqyasında keçirilən
Ümumittifaq caz festivallarının proobrazına
çevrilmişdi.
Bakıda ilk «Qızıl payız» musiqi festivalları
60-cı illərin ortalarında keçirilib. Vaqif Mustafazadə,
Rafiq Babayev və başqa cazmenlər bu festivallardan sonra məşhurlaşıblar.
O dövrdə Bakıda caz musiqisinin səsləndiyi əsas səhnələr
"Nizami", "Araz", "Azərbaycan" və digər
kinoteatrların foyeləri idi. Kinoteatrlarda axşam
seanslarından əvvəl orkestrlər caz musiqisi ifa edirdi. Belə
hallarda əsasən D.Ellinqtonun, L.Armstronqun, D.Koltreynin və
başqalarının svinq musiqisi ifa edilirdi. Nostalji hisslərini
qiymətləndirənlər həmin dövrdə
"Nizami" kinoteatrında caz kompozisiyalarını gözəl
ifa edən müğənni Devisi, "Azərbaycan"
kinoteatrında çıxış edən Rayf Hacıyevin
orkestrini, istedadlı trubaçı İ.Kələntərlini,
eləcə də L.Lubenski, V.Rubaşevski, Tartakovski,
Hacıbağırov və başqa musiqiçiləri yəqin
ki, hələ də xatırlayırlar.
İlk caz festivalı festival
Bakıda ilk caz festivalı 1967-ci ildə keçirilib. O
vaxt hələ Gürcüstanda yaşayan Vaqif Mustafazadə həmin
festivalda iştirak etmirdi.
1968-ci ildə keçirilən növbəti festival Əl
oyunları salonunda təşkil edilib. Bu festivalda birinci
festivalın iştirakçısı olmuş kollektivlərdən
əlavə, hazırda Saratovda yaşayan caz müğənnisi
Mənsur Qasımov, eləcə də Vaqif Mustafazadənin
triosu (o özü, T.Cəfərov və N.Adilyarov)
çıxış edirdi. Festivala Moskvadan və
Kuybışevdən də musiqiçilər gəlmişdi.
1969-cu ildə Bakıda növbəti və daha sanballı və geniş
miqyaslı caz festivalı keçirilib. "Yaşıl
teatr"da keçirilən festivalda Gürcüstandan,
Estoniyadan, RSFSR-dən gəlmiş musiqiçilər və əlbəttə,
Azərbaycan nümayəndələri çıxış
edirdi.
Məhz 1969-cu ildən sonra azərbaycanlı caz
musiqiçilərini SSRİ-nin başqa şəhərlərində
keçirilən festivallara tez-tez dəvət etməyə
başladılar. Rusiyanın regionlarından çoxsaylı
caz kollektivləri Bakıya gəlirdi.
Maraqlıdır ki, "Bakı-69" festivalından
sonra SSRİ-nin bir sıra şəhərlərində hər
il festivallar keçirilməsi ənənəyə
çevrilmişdi, Azərbaycan paytaxtının özündə
isə növbəti iri caz festivalının keçirilməsi
yalnız uzun illərdən sonra baş tutdu.
Buna baxmayaraq, Bakıda caz sürətlə inkişaf etməkdə
idi. Caz musiqisi kinoteatrların foyelərindən rahat
restoranların salonlarına "ayaq
açmışdı". Bakıda ən prestijli "Kotton
Klab" Kirov adına parkda yerləşən "Dostluq"
("Drujba") restoranı sayılırdı. V.Vladimirovun
caz orkestri hər axşam orada çıxış edirdi.
Müxtəlif ölkələrdən Bakıya gəlib burada konsertlər verən musiqiçilər
bu restoranı yaxşı tanıyırdılar. Onlar konsertdə
çıxış edəndən dərhal sonra
"Drujba"ya yollanır, orada bir növ kortəbii
cem-seyşnlər təşkil edilirdi.
70-ci illərdə bakılı musiqiçilərin bəziləri
xarici ölkələrə mühacirət etdi, lakin yeni
ideyalarla zəngin olan yeni cazmenlər yetişməkdə idi.
70-ci illərdə və 80-ci illərin əvvəllərində
"Qızıl payız" festivalları, V.Mustafazadənin
xatirəsinə həsr etmiş "Bakı-83"
festivalı və digər tədbirlər keçirildi.
"Bakı-1987" Ümumittifaq caz festivalı çox
uğurlu oldu. Bu festival zamanı Sovet İttifiqanın ən
populyar caz qruplarının hamısı Azərbaycan
paytaxtında toplaşmışdı.
"Bakı-87" festivalının ən gənc
iştirakçısı o vaxta qədər artıq
istedadlı ifaçı və bəstəkar reputasiyası
qazanmış 17 yaşlı Əzizə Mustafazadə idi.
Festivalda uğurlu çıxışları ilə
seçilən iştirakçılar arasında moskvalı
İ.Nazaruk və İ.Bril, Ulyanovskdan gəlmiş Larisa
Dolina, Odessalı S.Terentyev də vardı.
2002-2004-cü illərdə keçirilmiş "Kaspian
caz ənd blüz" seriyasından olan festivallar caz pərəstişkarları
və ümumiyyətlə musiqisevərlər tərəfindən
birmənalı qiymətləndirilmədi. Bu seriyanın
başlanğıcı, yəni 2002-ci ildə
keçirilmiş ilk festival iştirakçıların tərkibinə
görə nisbətən sanballı olsa da növbəti
festival isə uğursuz oldu. Təəssüf ki, "Kaspian
caz ənd blüz" festivalları incəsənətin bu
növünü gənc musiqiçilər arasında və
ümumiyyətlə, Azərbaycan cəmiyyətində
populyarlaşdırmaq vəzifəsinin öhdəsindən gələ
bilmədi. "Baku caz -2005" festivalı isə həm
forma, həm də məzmun baxımından uğurlu oldu.
Bu gün ölkəmizdə caz
ifaçılığının yüksək
inkişafı üçün o qədər şərait
olmasa da festivalların keçirilməsi ənənəyə
çevrilməkdədir.
Tanınmış caz ifaçısı Salman Qənbərov
caz festivallarının keçirilməsini yüksək musiqi
hadisəsi kimi dəyərləndirir: “Bizdə bu musiqinin dinləyiciləri
var. Hər il bu marağın şahidi oluruq. Mənə elə
gəlir ki, bu dəfə də
maraqlı olacaq. Çünki bu dəfə konsertdə
pop-caz, etno caz, ciddi caz və s. üsullarda konsertlər təqdim
olunacaq. Əsas odur ki, artıq ənənəvi olaraq hər
il caz festivalı keçirilir. Caz ifaçıları
üçün ən sevindirici hal odur ki, artıq bu festival ənənəyə
çevrilib”.
Bakı Beynəlxalq Caz festivalının
proqramı
¹ Qrup və ya ifaçı Tarix Məkan
1. Açılış
konserti saat 19.00 16 oktyabr H.Əliyev Sarayı
2. Matt BİANKA saat 20.00
17 oktyabr H.Əliyev Sarayı
3. Emil Əfrasiyab oğlu
saat 19.30 18 oktyabr Beynəlxalq Muğam Mərkəzi
4. Rain SULTANOV saat 21.00 18
oktyabr Beynəlxalq Muğam Mərkəzi
5. İsfar SARABSKİ saat
20.00 19 oktyabr Dövlət Filarmoniyası
6. “ŞAKATAK” qrupu saat
20.00 20 oktyabr H.Əliyev Sarayı
7. “Yeni adlar” caz layihəsi:
Əfqan RəsulElçin Şirinov
saat 19.30saat 21.00 21 oktyabr Beynəlxalq Muğam Mərkəzi
8. Cəmil ƏMİROV
saat 20.00 22 oktyabr Rus Dram Teatrı
9. Al-di MİOLA saat 20.00
23 oktyabr H.Əliyev Sarayı
10. OMAR (Live) saat 22.00 23
oktyabr Caz mərkəzi həzz
klub
11. Monty ALEXANDER saat 20.00
24 oktyabr Dövlət Filarmoniyası
12. Artur DUTKIEWICZ saat19.30
25 oktyabr Beynəlxalq Muğam Mərkəzi
13. Salman QƏMBƏROV
& Werner ENGLERT saat 21.00 25
oktyabr Beynəlxalq Muğam Mərkəzi
14. Vijay IYER Trio saat 20.00
26 oktyabr Dövlət Filarmoniyası
15. Eric VLOEMANS saat 19.30 27 oktyabr Beynəlxalq
Muğam Mərkəzi
16. Emil İBRAHİM &
Kestutis VAIGINS saat 21.00 27 oktyabr Beynəlxalq Muğam Mərkəzi
17. Keiko MATSUİ saat 20.00
28 oktyabr H.Əliyev Sarayı
18. L’Image: Mike
MAİNİERİ, Tony LEVIN, Steve GADD, Warren BERNHARDT, David
SPINOZZA saat 20.00 29 oktyabr Rus Dram
Teatrı
19. “Jazzamor” qrupu saat 22.00
29 oktyabr Caz mərkəzi
20. Diane REEVES saat 20.00 30
oktyabr Dövlət Filarmoniyası
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 16-18 oktyabr.- S. 8.