“Hələ də
keçmişin qalıqlarından
yaxamızı tam qurtara
bilməmişik”
İqtisadiyyat İnstitutunun
direktoru İsa Alıyev hesab edir ki, əgər Azərbaycan
hazır iqtisadi modellərdən birini götürsək
çaş-baş qalarıq
Müsahibimiz Milli Elmlər
Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru İsa
Alıyevdir
-
İsa müəllim, Azərbaycanın özünəməxsus
sosial-iqtisadi modeli varmı?
-
Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf
modelinin strateji məqamları ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulub. Ümummilli liderimiz ölkənin
hansı yolla, necə getməli olduğunu müəyyənləşdirmişdi.
İslahatların necə aparılacağı, sosial-iqtisadi
inkişafın perspektivi, inkişaf etmiş dünya ölkələrinə
inteqrasiya, milli çalarlarımızı necə qorumaq bu
modelin əsas prinsipləri idi. Model o deməkdir ki, əvvəlcədən
bir şeyi təsəvvürünə gətirirsən. Azərbaycanın
iqtisadi inkişaf modelini təsəvvürdə canlandırmaq
üçün də inkişaf istiqamətləri müəyyənləşdirilməlidir.
Bunun ümumi ana xətti heç şübhəsiz ki, bazar
iqtisadiyyatı yoludur. Prezident İlham Əliyev Bakı
Dövlət Universitetinin 90 illiyi ilə bağlı tədbirdəki
çıxışında da qeyd etdi ki, artıq Azərbaycanda
keçid dövrü başa çatıb. Ölkəmiz
tamamilə bazar iqtisadiyyatına keçib. Amma bazar
iqtisadiyyatına keçmək də hələ birmənalı
qəbul olunmur. Çünki bazar iqtisadiyyatının tarix qədər
yaşı var. Bu çox yaşlı bir sistemdir. İndi sual
yaranır ki, biz onun harasına keçdik? Bu sual bizi həmişə
düşündürür. Amma o qədər də
çaşmağa ehtiyac yoxdur. Biz hazırda bazar
iqtisadiyyatının başlanğıc mərhələsindəyik.
İqtisadiyyatımızda bazarı qursaq da, şüurumuzda,
fəlsəfəmizdə, ideologiyamızda bunu o qədər də
canlandıra bilməmişik. Hələ də
keçmişin qalıqlarından yaxamızı tam qurtara
bilməmişik. Bu məntiqlə götürəndə Azərbaycanın
sosial-iqtisadi inkişaf modelini təsəvvürə gətirmək
olar. Bu model prezident İlham Əliyevin dediyi kimi Azərbaycanın
yüksək inkişaf etmiş ölkələr
sırasına daxil olmasını, vətəndaş cəmiyyətini
formalaşdırmağı və azərbaycançılığı
qoruyub saxlamağı özündə ehtiva edir. Əgər
biz Şərqdəki və ya Qərbdəki hazır modellərdən
birini götürsək çaş-baş qalarıq, öz
milliliyimizi itirərik. Bizim qazancımız onda ola bilər ki,
dünyaya inteqrasiya etməklə yanaşı öz azərbaycançılığımızı,
milliliyimizi, adət-ənənələrimizi də saxlayaq. Təbii
ki, biz demokratik dəyərlərdən, dünyanın
inkişaf etmiş ölkələrinin qabaqcıl təcrübəsindən
bəhrələnməliyik. Gözümüzün
qabağında qlobal maliyyə böhranı dünyanın
inkişaf etmiş ölkələrinin iqtisadi modellərini
darmadağın etdi. Bizsə can atırdıq ki, onların
modellərindən bəhrələnək. Deməli, daha dərindən
düşünməyə ehtiyac var. Azərbaycanın
özünün sosial-iqtisadi inkişaf modelinin özünəməxsus
xüsusiyyətləri var. Artıq dünyanın bəzi
ölkələri bizim bu modelimizdən bəhrələnməyə
çalışırlar.
- Bu
modelin xüsusiyyətləri nədən ibarətdir?
- Bu
model çox sadədir. Onun əsasını dinamizm, sabit və
artımlı inkişaf və büdcənin getdikcə sosial
yönümlü olması təşkil edir. Azərbaycan
sosializmdən kapitalizmə keçir. Dünyanın əksər
ölkələri bu prosesi yaşamayıblar. Ona görə də
bizim keçdiyimiz yol çox spesifikdir. Fərəhləndirici
haldır ki, seçdiyimiz bu model başqalarının Azərbaycana
olan diqqətini artırır. Düzdür, bizdə neft amili
də var. Amma heç də dünyanın bütün neft
ölkələri bizim dövlət kimi dinamik inkişaf etmir.
Burda ən incə məqamlardan biri əldə etdiyimiz
dinamizmi qoruyub saxlamaqdır. Bunun üçün rəqabətə
davamlı məhsullar istehsal etmək, elmin inkişafına
nail olmaq, biliklərə əsaslanan iqtisadiyyat qurmaq, vətəndaş
cəmiyyəti formalaşdırmaq, cəmiyyəti demokratikləşdirmək
lazımdır. Bizim modelimizin obrazlı desək, bərbəzəyi
yuxarıda qeyd etdiklərim olmalıdır. Əgər bunlar
olmasa, seçdiyimiz model çox quru olar.
-
Konstitusiyaya son dəyişikliklərdən sonra Azərbaycanda
həm də sosial dövlətin qurulması istiqamətində
addımların atıldığı bildirilir.
-
Sosialyönümlü dövlət modeli ilk baxışda
çox yaxşıdır. Yəni ölkə ona görə
inkişaf edir ki, xalqın maddi rifahı
yaxşılaşsın. Amma bir az geniş mənada fikirləşsək
bu, bir qədər köhnəlmiş modeldir. İqtisadiyyat
başdan-ayağa sosialyönümlü olanda cəmiyyətdə
bir arxayınçılıq yaranır. Hamı dövlətdən
nəsə gözləyir. Məlumdur ki, Azərbaycan çox
çətin yollardan keçib. Biz keçid
dövrünü yaşamışıq. Bu illər ərzində
əsas amalımız əhalinin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması olub. Amma mən hesab edirəm
ki, bizim gələcək modelimiz innovasiyayönümlü
olmalıdır. Bu modelin əsasında elmi tutumlu sahələrin
inkişaf etdirilməsi, biliklərə əsaslanan iqtisadiyyat
durmalıdır. Təbii ki, sosial öhdəliklər də
yaddan çıxmamalıdır.
-
Hazırda ölkədə innovasiyalı iqtisadiyyata keçid
istiqamətində atılan addımlar qaneedicidirmi?
- Belə
götürsək neft sektorunda bu istiqamətdə atılan
addımlar qaneedicidir. Bu sahədə yeni texnika və
texnologiyalardan istifadə olunur, zaman-zaman yeniləşmələrə
əl atılır. Bütövlükdə ölkə iqtisadiyyatında
götürdükdə isə bu göstərici çox
aşağıdır və qaneedici deyil. Bunu etiraf etmək
lazımdır. Qaneedici o vaxt olacaq ki, elmə, təhsilə
sürətlə investisiyalar qoyulacaq, patentlər iqtisadiyyata
daha sürətlə tətbiq olunacaq. Bundan başqa, hər
bir xidmət və istehsalat sahəsində bu yeniliklər daim ifadə
olunmalıdır. Artıq bu proses başlayıb. Amma
müqayisə ilə götürsək hələ çox
çalışmalıyıq.
- Azərbaycanın
iqtisadi inkişaf modelindən söz düşərkən
daha çox müzakirə olunan mövzu iqtisadiyyatın neftdən
asılılığıdır. Bəziləri bunu mənfi
məqam kimi qəbul edir, bəziləri isə normal
yanaşır.
-
İqtisadiyyatımızın neftdən
asılılığından qətiyyən qorxmaq lazım
deyil. Neft bizim milli sərvətimizdir. Neftdən əldə
etdiyimiz gəlirlər çox çətin məqamlarda bizi
vəziyyətdən çıxarıb. Xatalı illərdə
özümüzü neft gəlirləri vasitəsilə
qorumuşuq. Amma təbii ki, qeyri-neft sektorunun inkişafına
da diqqət yetirməliyik. Artıq bu proses başlayıb. Gələcək
illərdə də bu sektorun inkişafına böyük
miqdarda investisiyalar qoymalıyıq. Elə etməliyik ki,
iqtisadiyyatımızın neftdən
asılılığını getdikcə azaldaq. Bir dəfə
biz Macarıstanda beynəlxalq konfransda iştirak edirdik. Orada
iştirak edən tanınmış iqtisadçı alimlərdən
biri bizə dedi ki, hazırda Azərbaycanın əsas problemi
neft gəlirlərini əldə etmək deyil, onu
qorumaqdır. Təbii ki, bu, çox
düşündürücü məsələdir. Bircə
onu deyim ki, indiyədək bu istiqamətdə həyata
keçirilən siyasət doğrudur. Bütün çətinliklərə
və gərginliklərə baxmayaraq, neftdən əldə
edilən gəlirlərin bir hissəsi qorunur. Diqqət yetirsək,
neft gəlirləri daha çox qaçqın və məcburi
köçkünlərin mənzil-məişət problemlərinin
həllinə, sosial problemlərə, büdcəyə
transfertlərə yönəldilir. Dünyanın
tanınmış maliyyə qurumları da Azərbaycanın
neft gəlirlərindən istifadə siyasətilə
bağlı hər hansı ciddi irad bildirmirlər. Amma biz elə
etməliyik ki, tədricən neft gəlirlərini başqa sahələrdən
gələn gəlirlərlə əvəzləyək.
- Siz
innovasiyalı iqtisadiyyatdan danışarkən elmə diqqətin
artırılmasının vacibliyini vurğuladınız. Son
illər bu istiqamətdə müəyyən addımlar
atılır. Büdcədən elm sahəsinə ayrılan vəsaitlər
artırılır. Dövlət tərəfindən Elmin
İnkişafı Fondu yaradılıb. Bu addımları necə
qiymətləndirirsiniz?
- Məncə
Elmin İnkişafı Fondunun yaradılması çox
yaxşı bir addımdır. Amma nəzərə almaq
lazımdır ki, bu fond hələ təzə fəaliyyətə
başlayır. Bu baxımdan fondun fəaliyyətinin hansı
nəticə verəcəyini bəri başdan deyə bilmərəm.
İndilik yalnız onu demək olar ki, bu fonda çox qabiliyyətli
və təcrübəli insanlar rəhbərlik edir. Fondun rəhbəri
Elçin Babayevi mən şəxsən tanıyıram. O
çox qabiliyyətli bir insandır. Hesab edirəm ki, onun
düşüncələri, eləcə də Prezidentin
İcra Aparatı tərəfindən verilən tövsiyələr
bu fondun çox sanballı bir quruma çevrilməsinə gətirib
çıxaracaq. Lakin bu, bir kanal ola bilər. Mən qeyd
etdiyim məsələlərin həlli üçün əlavə
xətlərlə xüsusi layihələr də həyata
keçirilə bilər. Dünyanın hər yerində elmin
maliyyələşdirilməsində sahibkarların xüsusi
rolu olur. Bizdə isə orta sahibkarlıq hələ
yaxşı inkişaf etmədiyi üçün bunu hiss
etmirik. Sahibkarların elmə dəstəyi çox zəifdir.
-
Sahibkarların elmə dəstəyi hansı formada ola bilər?
-
İnkişaf etmiş ölkələrdə sahibkarlar hesab
edirlər ki, elmsiz heç bir uğura nail ola bilməzlər.
Elmsiz bazara, rəqabətədavamlı məhsul çıxarmaq
mümkün deyil. Buna görə də onlar elm
adamlarının nailiyyətlərindən istifadə etməkdə
çox maraqlıdırlar. Bu səbəbdən də
lazım olan alimlərin, mütəxəssisləri əl-əl
axtarırlar və tapırlar. Beləliklə də dövlət
müəyyən mənada yükdən azad olur. Amma bizdə hələlik
bu ehtiyac duyulmur. Çünki biz hələ dünya
bazarlarına neft məhsullarından başqa çox məhsul
ixrac etmirik. Buna görə də sahibkarlarımız ciddi rəqabətlə
rastlaşmırlar. Necə deyərlər, buynuzları
sınmır ki, bilsinlər ki, bunun qarşısını
ancaq elm ala bilər. Bu aksioma yüz faiz sınanıb ki, elmsiz
inkişaf yoxdur. Gec-tez bizim sahibkarlarımız da bu yolu
seçəcəklər.
-
İsa müəllim, sizin institut Elmin İnkişafı
Fondunun elan etdiyi müsabiqəyə layihələr təqdim
edibmi?
- Bəli, bizim institut fonddan qrant almaq üçün
dörd adda layihə təqdim edib. Fikrimiz var ki, gələcəkdə də
bu fondla yaxından əməkdaşlıq
edək.
- Sizcə indiki iqtisadi inkişaf, dinamik büdcə artımı şəraitində
elmə nə qədər vəsait ayrılmalıdır ki,
biz də elmimizin nailiyyətlərini görə
bilək?
- Bizim institut hazırda Quba-Xaçmaz və Gəncə-Qazax zonası üzrə sosial-iqtisadi inkişafın
investisiya xəritəsinin
hazırlanması ilə
bağlı layihə
həyata keçirir.
Bu layihə Milli
Elmlər Akademiyasının
Rəyasət Heyətinin
göstərişi və
maliyyə dəstəyi
ilə reallaşdırılır.
Bundan başqa, institutumuz İqtisadi İnkişaf Nazirliyinin kiçik qrant layihələrində
iştirak edir. Bu yolla da bir neçə layihə udmuşuq. Bir neçə nazirliklə əməkdaşlıq haqqında
razılaşma əldə
etmişik. Məqsədimiz gələcəkdə institutun
fəaliyyətini iqtisadiyyatın
ayrı-ayrı sahələri
ilə, nazirliklərlə
əlaqələndirməkdir. Biz bu yolla iqtisadi inkişafımıza
dayaq olmaq istəyirik. O ki, qaldı sualınıza, dünya təcrübəsində
sübut olunub ki, elmə qoyulan
vəsait böyük
miqdarda gəlir gətirir. Amma hələlik ki,
bizdə elmin maliyyələşdirilməsi, idarə olunması, elmi kəşflərdən
istifadə məsələləri
hələ lazımi qaydada tətbiq olunmur. Amma zaman-zaman bütün
bunlar aradan qalxacaq. Dövlətimiz düz yoldadır,
müəyyənləşdirilən strategiya doğrudur.
İlham Quliyev
Kaspi.- 2010.- 21 oktyabr.- S. 9.