Gerçəyə
dönən yuxu
Tarzən Humay Qədimova:
«Konsertimi ömrüm boyu arzulamış və bundan
ötrü çox əziyyətlər çəkmişdim.
3-4 ay bundan əvvəl hətta, belə bir konsertimin
olacağını yuxularımda görürdüm»
“Mən tara elə bağlanmışam ki, məni ondan yalnız ölüm ayıra bilər. Bəzən olur, müəyyən işlər çıxır, tarı 2-3 gün əlimə götürmürəm. Sonra çalanda görürəm ki, tar sözümə baxmır, sanki məndən küsüb. Mən tarımı uşaq kimi əzizləyə-əzizləyə saxlayıram. Allah eləməsin, tarıma bir xətər toxuna, ürəyim partlayar. Ona görə də ondan heç vaxt ayrılmaram”- sözlərini elə belə demir. İstedadlı tarzən Humay Qədimova gerçəkdən seçdiyi sənətə çox bağlıdır. Nəhayət ki, «Humayın yuxusu» adlı konserti də bunu sübut elədi.
Qadınlar
arasında solo ifaçı
- Bu mənim illərlə arzuladığım, ancaq reallaşmayan konsertimin gerçəkləşməsi idi. Demək olar ki, bu konserti ömrüm boyu arzulamış və bundan ötrü çox əziyyətlər çəkmişdim. 3-4 ay bundan əvvəl hətta, belə bir konsertimin olacağını yuxularımda görürdüm. Bəlkə də bu arzu ürəyimdə olduğu üçün yuxuma girirdi. Ona görə də prodüser Asif müəllimlə məsləhətləşib konserti «Humayın yuxusu» adlandırmaq qərarına gəldik. Konsertdə baş verənləri də mən ancaq yuxularımda görmüş xəyallarımda arzulamışdım.
- Xanəndə Alim Qasımovun da konsertdə oxuyacağını yuxuda görmüşdünüz?
- Yuxuda görmüşdüm ki, konsertim çox yüksək səviyyədə keçir. Mən prodüserə deyirdim ki, indiyə qədər tar çalanların təqdim edə bilmədiyi bir konsert keçirmək istəyirəm. Sadəcə, məsləhətləşmələr əsasında konsert belə alındı. Yoxsa nə Alim Qasımovun, nə «Nənələr» folklor ansamblının, nə də başqa ifaçıların konsertə qatılacağı haqqında düşünməmişdim.
- Bu
gün bizdə qadınlar arasında tarın
solo-ifaçılığı ilə məşğul
olanlar demək olar ki, yoxdur. Bu baxımdan necə
bir məsuliyyət daşıdığınızı yəqin
ki, hiss edirsiniz.
- Bu, mənim üçün çox ağır bir işdir. Tarımız ifa olunandan bəri ancaq kişilərin ifasında səslənib. Tar ifaçılığında Qurban Pirimov, Hacı Məmmədov, Əhsən Dadaşov və başqa görkəmli sənətkarlarımız olub. Onlar kişilərə məxsus çalğı üsulları göstəriblər. Bu gün də Ramiz Quliyev canlı korifeyimizdir. Bu baxımdan mən məsuliyyəti hiss edirəm. Əgər ifa mükəmməldirsə, onun qadın və ya kişi tərəfindən icrasının elə də fərqi olmamalıdır. Qadınlar arasında tar ifaçısı kimi «Lalə» Qızlar Ansamblının bədii rəhbəri Ceyran Haşımova tanınıb. Ancaq qadınlar arasında solo ifaçısı olmayıb və heç kəs belə bir konsert təqdim etməyib. Ceyran xanım öz ansamblı ilə çoxlu konsertlər verib. Ancaq tamaşaçı qarşısında saatyarımlıq proqramla heç bir qadın tarzən çıxış etməyib.
- Məsələn, Alim Qasımov sizin ifanızı necə qiymətləndirdi?
- Bunu demək çətindir. Bilmirəm, onu təəccübləndirə
bildim, yoxsa yox. Deməyə çətinlik çəkirəm
ki, öz çalğımla onu oxumağa həvəsləndirə
bildimmi? Hər halda əlimdən gələni əsirgəmədim.
Onun bəyənib, bəyənmədiyini isə deyə bilmərəm.
Tarın sədaqəti
- Humay, tar ifaçılığında ilk müəlliminiz kim olub? İlk xeyir-duanı kimdən almısınız?
- Ailəmizdə qardaşım tarçalan
olub. Valideynlərim məni 1 saylı Musiqi Məktəbinin
fortepiano, qardaşımı isə tar sinfinə
qoymuşdular. Lakin musiqi məktəbinin 4-cü sinfində
oxuyanda, məndə tara həvəs yarandı. Tez-tez
qardaşımın tarını götürüb
çalırdım. Ona görə də mən evdə qəti
fikrimi bildirdim ki, fortepiano ifaçısı deyil, tarzən
olacağam. Həmçinin
müəllimim Xuraman Babayevanın əməyini də
qeyd etmək istəyirəm. O, mənim üzərimdə
çox əziyyətlər çəkib. Hətta, o vaxt
maddi imkanım olmadığı üçün tar alaraq mənə
verib. Buna görə ona öz minnətdarlığımı
bildirirəm! Daha sonra Asəf Zeynallı adına Musiqi Kollecində
Elxan Müzəffərovdan muğam dərsi almışam. Milli
Konservatoriyada isə Əməkdar artist Malik Mansurov, Məmmədağa
Kərimov müəllimlərim olub.
-
Özünüz də yaxşı bilirsiniz ki, tara
qadağa qoyulduğu vaxtlar olub. Bu gün isə
bu milli alətin səsinin daha yaxşı eşidilməsi
üçün hər cür şərait var. Siz bu
imkanlardan necə istifadə edirsiniz?
- Əlimdən gələni etməyə
çalışıram. Məndə belə
bir xüsusiyyət var ki, hər şeyi vaxtından əvvəl
görməyə çalışıram. İstəmirəm ki, «Filan işi 50 yaşında həll
elədi» desinlər. Ona görə də
hər işi gənc yaşımda görməyə
çalışıram. Elə bil nədənsə
həmişə, hər şeyə tələsirəm.
Nə imkanlarım varsa tarıma həsr edirəm.
Gün olub ki, evdə elə bir qayğım olmayıb, amma tara qayğım olub. Mən özümü
bütünlüklə tara
bağlamışam.
- Bəs
tarınız sizin bu sədaqətinizə necə cavab verir?
- Mən
öz tarımdan razıyam. Tarım məni pis
tanıtdırmadı. Fikirləşdiyim,
gözlədiyim qədər məni tanıdıb sevdirə
bildi.
-
Tarınız sizi mənəvi baxımdan çətin vəziyyətə
salmayıb, bəs maddi baxımdan?
-
Şükürlər olsun! Ola bilər ki, tanrı mənim tara, ümumiyyətlə, sənətimə
olan məhəbbətimi görüb məni darda qoymur.
Arzu
- Bu
günə qədər hansı məşhur xanəndələri
müşayiət etmisiniz?
-
Müşayiət etdiyim məşhur xanəndələr
çox olub. Canəli Əkbərov, Səkinə
İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Mənsum
İbrahimov, Aygün Bəylər və başqalarının
adını çəkə bilərəm. eddi
ildən çoxdur ki, tar, kamança, nağara və xanəndədən
ibarət «Humay» adlı qızlar üçlüyü və
ansamblı yaratmışam. Bu ansamblla və
üçlüklə çıxışlarımız
olur. Belə bir arzum da var:
dünyanın ən məşhur müğənnilərini
müşayiət etmək istəyirəm. Deyim
ki, bu arzumun haradasa 15 faizinə çatmışam. Məsələn, Heydər Əliyev Sarayında
meqa-star Tarkanı, Rafet El Romanı müşayiət etmişəm.
Digər dünya şöhrətli müğənniləri
də müşayiət etmək arzusu ilə yaşayıram.
- İş yeriniz varmı, yoxsa müstəqil fəaliyyət
göstərirsiniz?
- Şuşa Musiqi Texnikumunda müəllim
işləyirəm. Tələbələrimin təkcə
dərs proqramlarına deyil, həmçinin üçlük
çalğı üslubuna böyük həvəsləri
var. Deyim ki, üçlük böyük bir məktəbdir.
Uşaqlar üçlüyün incəlikləri
ilə dərsdən əlavə də məşğul
olurlar və dərslərə böyük həvəslə
yanaşırlar.
- Bəs
tarınızın səsi xarici ölkələrdə də
eşidilirmi?
- Xaricdə
keçirilən Azərbaycan Mədəniyyət günlərində
bir çox ölkələrdə olmuşam. Mən
həmin konsertlərdə ölkəmizi layiqincə təmsil
etmişəm. Hər bir ölkədə
də özümüzə qarşı böyük maraq
görmüşəm. Onu da müşahidə
etmişəm ki, dünyanın heç bir ölkəsində
tar aləti bizdəki qədər inkişaf etməyib. Ona görə də bizi xaricdə yüksək səviyyədə
qarşılayırlar. Tar, kamança və
xanəndəyə hər yerdə böyük maraq hiss edirik.
Məsələn, İranda 2500 nəfərlik
salonda da ifa etsən bir nəfərin səsini eşitməzsən.
Onlar tarı, milli musiqimizi böyük maraqla
dinləyirlər. Müşahidələrim əsasında
həmişə demişəm: «Azərbaycan musiqisi
dünyanın heç bir yerində yoxdur». Həmçinin
xarici ölkələrdə müxtəlif festivallar,
müsabiqələr keçirilir. Ölkəmizin
təbliğatı üçün həmin tədbirlərə
qatılır və yüksək səviyyədə təmsil
edirik.
- Bəs
öz dinləyicilərimizin milli musiqimizə marağını
nə qədər hiss edirsiniz?
- İnsanların zövqü nə qədər dəyişsə
də, onlar milli kökə qiymət verirlər. Konsertdən
sonra mənə edilən zənglərdən bir daha bunu
başa düşdüm. Ciddi musiqiyə hər
zaman böyük məhəbbətlə qulaq asırlar.
Lazım olanda elə mənim özüm də
estradaya, pop və ya caz musiqisinə qulaq asıram. Bu o demək deyil ki, mən kökümü unutdum.
Biz inkişaf gedən bir ölkədə
yaşayırıq. Bütün janrlara
qulaq asmaq və ifaçısı olmaq olar. Amma bütün hallarda milli kökü unutmamaq
lazımdır. Bu gün ölkəmizdə
muğama, xalq mahnılarına, köhnə klassiklərin
yaradıcılığına diqqətlə
yanaşılır. Ölkənin birinci
xanımı Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda
muğam müsabiqələri, həmçinin aşıq
musiqisindən ibarət müsabiqələr keçirilir.
Bunlar bizim milli kökümüzə olan qiymətdir.
İnanıram ki...
- Tar
ifaçılığında sizin üçün ən
çətin olan nədir: solo ifa, müşayiət,
üçlüklə ifa?
-
Ümumiyyətlə, bu sənətdə çətinlik
çoxdur. Mən o musiqiçilərə acıyıram ki,
onlar özlərini mənim kimi bütünlüklə sənətə
bağlayıblar. Mən tarla məşğul
olduğum zaman hər şeyi unuduram. Bu onu
göstərir ki, mən yalnız tarın vurğunuyam. Bu proseslər də təbii ki, istər ailədə,
istərsə də dostlar arasında çətinliklər
yaradır. Çünki sən yalnız
öz dünyada yaşayırsan və heç nə ilə məşğul
olmaq istəmirsən. Özünü aləmdən
təcrid etməklə bütün varlığını ona
həsr edirsən. Bu, təkcə mənim
deyil, sənətini sevən bütün musiqiçilərin
problemidir.
- Siz
tarınızla musiqi aləmində hansı yeniliyi etmək
istərdiniz? Məsələn,
gələcəkdə sizin də adınızı korifeylər
kimi çəksinlər.
- Bu suala
cavab vermək mənim üçün çətindir. Mən
bacardığım qədər yeniliklər etməyə
çalışıram. Arzum budur ki, Azərbaycanda tez-tez belə
konsertlər keçirim. Həmin konsertlərdə
maraqlı layihələr həyata keçirmək istəyirəm.
İstəmirəm ki, bunlar sıradan olan bir konsert olsun.
İstərdim ki, bu konsertlər başqalarının
proqramından fərqlənsin. Ümidvaram ki, belə konsertlərimlə
mən də yadda qala bilərəm.
- Birinci
konsertinizi «Humayın yuxusu» adı ilə təqdim etdiniz. Bu
yuxu artıq gerçəkləşdi, çin oldu. Bəs
növbəti konsertinizin adı nə ola bilər?
- Sözün açığı, gələcəkdəki işlərim haqqında proqnoz vermək istəmirəm. Çünki heç özüm də bilmirəm ki, növbəti konsertimin məkanı hara olacaq və nə vaxt keçiriləcək. Bir də bunun düşər-düşməzi olar. Ancaq «Sən bu il konsert verməlisən» anı ilə qarşılaşanda mən artıq həmin konserti necə keçirəcəyim haqqında düşünməyə başlayıram. Təbii ki, onda da müəllimlərimlə, ustadlarla məsləhətləşirəm. Ancaq inanıram ki, gələcək konsertlərim budəfəkindən daha maraqlı olacaq.
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 21 oktyabr.- S. 12.