“Bəlkə
də kinonu qəbul edəcək şüur bir qədər
azalıb”
«Təxəllüsü Mixaylo» filminin
festival həyatı daha maraqlı olub. Artıq 5-ci beynəlxalq kino-festivaldır ki,
iştirak edir. Buna qədər iştirak etdiyi
bütün festivallarda mükafat alıb»
Noyabrın
1-dən 5-ə kimi Sankt-Peterburqda «Bilik Günü» Elmi
Kütləvi Festivalı keçiriləcək. Hər il ənənəvi
olaraq Sankt-Peterburqda keçirilən festivalın müsabiqə
proqramına bu il «Salnamə»
kinostudiyasının istehsalı olan «Təxəllüsü
Mixaylo» filmi də daxil edilib. Festivalın
münsiflər heyətində həmçinin «Salnamə»
kinostudiyasının direktoru Böyükağa Məmmədov
da təmsil olunacaq. Yol üstə olan filmin rejissoru Tahir Əliyevlə
söhbətimizə də qarşıdakı festivaldan
başladıq:
Filmin kulminasiya nöqtəsi
- Necə oldu ki, festivala dəvət
aldınız?
- Filmin direktorluğu keçən il bu filmi Minsk şəhərində
keçirilən beynəlxalq kinofestivalda görüb. Bizə
məlumat verildi ki,
bu filmi müsabiqənin proqramına salmaq istəyirlər.
Biz də razılaşdıq. Ümumən filmin festival həyatı festivallardan keçir.
Biz festivalları gəzdikcə o biri
festivalın nümayəndəlikləri bunu görür, zəmanət
verirlər və filmi festivallardan götürürlər.
İlk dəfədir bu festivala
qatılırıq. «Təxəllüsü
Mixaylo» filminin festival həyatı daha maraqlı olub. Artıq 5-ci beynəlxalq kino-festivaldır ki,
iştirak edir. Buna qədər iştirak
etdiyi bütün festivallarda mükafat alıb. Ümid edirik ki, bu festivaldan da diplomla
qayıdacağıq.
- “Səhra
gülü” filminin festival həyatı da belə uğurlu
alıb?
- «Səhra
gülü» ilə də çox festivallara qatılmışıq. İndi qarşıda iki
beynəlxalq festival var ki, Valakalamsk və Yekaterinburq şəhərlərində
keçiriləcək. Bu filml artıq
müsabiqə proqramına salınıb. «Salnamə»
kinostudiyası ilə «Nauçfilm»in birgə istehsalı olan
«Qafqaz qartalının uçuşu» filmi həmin beynəlxalq
festivala qatılacaq.
- Bir rejissor kimi festivalların sizə
qazandırdığı nədir?
- Festivallar filmin kulminasiya nöqtəsidir.
Filmin yaşam tərzi var: çəkiliş
dövrü, ekran dövrü, tamaşaçı
dövrü və kulminasiya nöqtəsi. Alpinist üçün Everest zivəsindən
yuxarı, kosmonavt üçün kosmosu fəth etməkdən
uca zirvə yoxdursa rejissor üçün də festival zirvə
nöqtəsidir. Söhbət ondan getmir
ki, orada hansısa bir mükafatı alasan və yaxud almayasan.
Əsas odur ki, festivalda iştirak edəsən.
Mükafatı almaq isə artıq zirvəni fəth
etməkdir.
- Bəzi rejissorlar deyirlər ki, «Mən
filmi festival üçün çəkmirəm». Sizcə onların bu sözündə həqiqət
var?
- Belə bir fikrə inanmıram. Filmi çəkirsən və o, hər hansı bir
festivalın normativlərinə, mövzusuna uyğun gələ
bilər. Açığını deyim
ki, «Təxəllüsü Mixaylo» filmini festival
üçün çəkməmişdik. Bu filmi dövlət sifarişi əsasında çəkdik.
Sadəcə bu filmdə elə göstəricilər
var ki, festivalın proqramına, normativlərinə uyğun gəlib
və festivala vəsiqə qazanır. Ona
görə də heç kəs «Mən filmi festival
üçün yox, tamaşaçı üçün
çəkirəm» deyə bilməz. Filmin
yaşam tərzi bəzən heç rejissordan da asılı
olmur. Film çəkilir və sonra istəsən
də, istəməsən də öz həyatını
yaşayır. Təbii ki, filmin piyarı
ilə də xüsusi olaraq məşğul olmaq
lazımdır.
- Ümumiyyətlə, Azərbaycanda
çəkilən hər hansı film festival məkanına
gecə düşür?
- Mədəniyyət və Turizm
Nazirliyinin Kinematoqrafiya şöbəsində bu işlə məşğul
olan xüsusi mütəxəssislər var. Mütəmadi
olaraq onlar təkcə dövlət sifarişi ilə çəkilən
filmləri deyil, müstəqil prodüser mərkəzlərində
çəkilən filmləri də festivala göndərirlər.
Buna baxmayaraq rejissorlar özləri də öz
filmləri ilə bu mənada məşğul
olmalıdırlar. Çünki o, filmin
müəlliflərindən biridir. O da ola
bilər ki, film festivaldan mükafatsız qayıtsın. Ancaq bu o demək deyil ki, o pis filmdir. 50-ci illərin axırlarında Akira Kurasavanın «7
Samuray» filmi “Oskar”ı əldə edə bilmədi. Ancaq
həmin il «Oskar» alan filmi heç kəs
tanımır. «7 Samuray» filmini isə
bütün dünya tanıyır. Bu
baxımdan festival kinonun yaşam tərzidir.
“Oskar”
ümidi
- Sizcə «Oskar» qazanmaq rejissorların son,
yoxsa ən böyük arzularıdır?
- Az-çox festivallarda iştirak edən
rejissor kimi deyə bilərəm ki, rejissor istənilən
festivalda mükafat alırsa elə ona «Oskar», «Qızıl palma»,
«Qızıl şir» kimi də baxır. Festivalın
özünəməxsus hissiyyatı var. İstənilən
halda həmin səhnədə və o marş sədalarının
altında hər hansı prizi və diplomu ələ alanda o
özünü dünyanın ən xoşbəxti hiss edir. «Oskar»ı almağa plan kimi yox, ümid kimi baxmaq
olar. Dünyanın çox məşhur
rejissorları işlərini planla qurublar ki, «Oskar» alsınlar.
Təbii ki, burada təcrübədən və
işdən də çox şey asılıdır.
- Fikirlər səslənir ki, dünya
kinosunda da əvvəlki entuzyazm qalmayıb.
- Mən belə deməzdim. Dünya
dağılsa da, kino öz fəaliyyətini davam etdirəcək.
Sadəcə televiziyanın həddən
artıq inkişafı bütün ölkələrdə
kinonu bir balaca sıxışdırır. Kino get-gedə bahalaşmağa doğru gedir. Aktyor da, rejissor da, plyonka da bahalaşır. Kino incəsənətdə yeganə istehsalat sahəsidir.
Ona görə də kino get-gedə iqtisadiyyata
bağlanır. Bu baxımdan bəzi
ölkələr üçün kino çəkmək bir qədər
çətinləşib. Kino daha da
fundamentallaşıb, ağırlaşıb. Bəlkə də kinonu qəbul edəcək
şüur bir qədər azalıb. Bir
çox ölkələri gəzən insan kimi deyə bilərəm
ki, Azərbaycanda kino istehsalı artıq bir çox ölkələrlə
ayaqlaşır. Dövlət hesabına
ildə 8-9 film çəkilir. Bu filmlərin
keyfiyyəti hansı səviyyədədir – bu artıq
başqa mövzudur.
- Elə mən də keyfiyyət məsələsinə
toxunmaq istəyirdim. Son illər çəkilən
filmlər haqqında fikriniz necədir?
- Bizim yaxşı filmlərimiz olub. İndi cavan rejissorlarımız filmlər çəkir.
Mən onlara böyük ümid bəsləyirəm.
İlqar Nəcəf, Əlisa Cabbarov, Samir Kərimov, Fariz Əhmədov,
Yusif Quliyevin çəkdiklərinə baxanda görürsən
ki, artıq üfüqdə hər şey qaydasına
düşüb. Eləcə də yaşlı
rejissorlardan Eldar Quliyev, Rüstəm İbrahimbəyovun filmlərini
də misal göstərmək olar ki, artıq get-gedə kəmiyyət
keyfiyyətə dönəcək. Buna tam əmin ola bilərsiniz.
Özünəməxsus etiket
- Bəs dünya kinosu içərisində
«Azərbaycan kinosu» anlayışına nə vaxtsa rast gəlmək
olacaqmı?
- Dünya kinosu anlamı bir qədər
absurd məsələdir. Məsələn,
İtaliya, Rusiya kinosu özləri üçün bir
dünyadır. Amerika kinosunda bəlkə
heç dünya kinosunu, və yaxud İtaliyada bəlkə Hindistan
kinosunu qəbul eləmirlər. Azərbaycan
kinosu da vaxtilə öz dünyasını yaradıb.
Arada bir az eniş olsa da bu dünya var. Biz
özümüzü məcbur edək ki, «Moskva göz
yaşlarına inanmır» filmini çəkəcəyik? Bu, mümkün deyil. Çünki
bu mövzu Azərbaycan ictimaiyyətində yoxdur. Bizim cəmiyyətdə də elə münasibətlər
yoxdur. İstəsək də, istəməsək
də bu, bizim üçün yamaq olacaq. Azərbaycanın
özünəməxsus etiketi, psixologiyası var. Sadəcə
olaraq onları uğurla çəkib tamaşaçıya
göstərmək lazımdır.
- Bəs nə üçün təzə
çəkilən filmləri ictimaiyyət görmür?
- Bizdə kinoteatr problemi var. Digər tərəfdən
kinoteatr olsa belə tamaşaçı ora gedəcəkmi? Tamaşaçını xüsusi bir kino
ideologiyası ilə cəlb eləmək lazımdır.
Biz bir qədər kinodan
qaçmışıq. Türklərin çox gözəl
bir reklamı var: tamaşaçı dolu kinoteatrın
reklamında yazır ki, «Bunların həpsinin evində
televizyon var, ancaq kinoteatra gəlirlər». Tamaşaçıların
özündə də problem var. Azərbaycan
televiziyalarında mütəmadi olaraq yeni filmlərimiz
göstərilir, ancaq buna baxmırlar. Təkcə
filmin keyfiyyətinin olmaması yalan söhbətdir. Sadəcə Azərbaycan tamaşaçısı
ona baxa bilmir. Bəlkə də illüziyası bir az zəifləyib və Azərbaycan filmlərini
hiss edə bilmir.
- Bəlkə tamaşaçını o qədər
qınamayaq?
- Filmi tamaşaçının öhdəsinə
buraxmaq fikri ilə də razılaşmıram. Mənim
üçün ən müqəddəs film «Babək»dir. Həmişə
demişəm ki, yüz il bundan sonra da
tamaşaçı bu filmlə fəxr etməlidir. Ancaq bəziləri deyir “pis”, bəziləri deyir
“yaxşı”dır. Qoy belə bir misal gətirim: kino kişi, televiziya isə qadındır. Nə qədər çirkin qadın olsa da,
bütün kişilərin qadınlardan xoşu gəlir.
Ona görə də televiziyadan hamının
xoşu gəlir. Pis də, yaxşı da
bir şey göstərsə, yenə də hamının ondan
xoşu gələcək.
Kino hissdir -
“Salnamə” studiyasında nələr çəkirsiniz?
- «Salnamə»
kinostudiyası artıq tam və qısametrajlı bədii və
sənədli filmlər istehsalına başlayıb. Son bir ildə iki bədii film, 10-a yaxın sənədli
film istehsal olunub. Yeganə kinostudiyadır ki, ildə
4-5 beynəlxalq layihəyə qoşulur. Biz
bunların artıq 3-4-ü gerçəkləşdirmişik.
Bu mənada «Salnamə» kinofabrik formasında
işləyir.
- Bəs siz özünüz nə zaman
tammetrajlı film çəkməyi
düşünürsünüz?
- Sənədli filmlərlə
bağlı mənim arzularım var. Mənim üçün
bədii film çəkmək planka deyil. Hazırda
«Salnamə» studiyasında böyük bir sənədli film
üzərində hazırlıq prosesi gedir. Bu mənim üçün bədii film qədər
çətin, həm də sevinclidir. Mən
bədii filmlə sənədli filmi ayırmaq fikrində deyiləm.
Yetərincə yaxşı sənədli film
rejissorları var ki, bədii film rejissorlarından da qat-qat
üstündür. Mən hələ ki, sənədli
filmlərdə söz demək istəyirəm. Bununla belə bədii film ssenarisi üzərində
də işləyirəm. Qismət olsa,
onu da çəkəcəyik.
- Kino çəkmək sizin
üçün həyat tərzi, yoxsa işdir?
- Mən həmişə demişəm:
kino çəkmək hissdir. Hissi olmayan insan
film çəkə bilməz. Bir də
ictimai baxışı normal olmayan rejissorun filmi yaxşı
alınmaz. Rejussura peşə deyil, məhz
sənətdir. Yaxşı film çəkmək
üçünsə sənətkar olmaq lazımdır.
Mən həyatımdan razıyam, nə
yaxşı ki, bu sənəti seçmişəm. Həyatda çox imtiyazları mənə kino verib.
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 22 oktyabr.- S. 12.