“Ümid
edirəm ki, kadrlarımızı qoruya biləcəyik”
Milli Elmlər Akademiyasının
Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov hesab edir ki,
elmin inkişafı dövlətin diqqət mərkəzindədir
Müasir dövrdə hər bir dövlətin inkişafı elmə bağlıdır. Bu baxımdan dövlətçiliyin inkişafında da elmin xüsusi rolu var. Azərbaycan müstəqillik əldə etdikdən sonra elmin inkişafına dövlət səviyyəsində diqqət ayrılır. Hər il büdcədən elm müəssisələrinin saxlanılması üçün milyonlarla manat vəsait ayrılır. Ölkə prezidenti yanında fəaliyyət göstərən Elmin İnkişafı Fondu da məhz dövlətin elmə verdiyi dəyərin göstəricisi kimi qəbul oluna bilər. Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovla söhbətimizdə də əsasən bu mövzulara toxunduq.
- Adil müəllim, son illər elmin inkişafına göstərilən dövlət dəstəyi qaneedicidirmi?
- Bizim respublikamız iqtisadi inkişafı yeni elmi tutumlu texnologiyaların tətbiqi ilə əldə edib. Yeni texnologiyalar iqtisadiyyatın bütün sahələrinə tətbiq olunur. Biz bunu hətta məişətimizdə də görürük. İndi dünya elə bir inkişaf səviyyəsinə çatıb ki, elmsiz heç bir texnologiyanı inkişaf etdirmək mümkün deyil. Azərbaycan da dünyadan izolə oluna bilməz. Dövlətimiz iqtisadi imkanları artdıqca elmin istehsal gücünə təsirinin artırılması üçün işlər aparır. Bu məqsədlə də dövlət tərəfindən elmə xüsusi diqqət yetirilir. Daha konkret desək, son 5 ildə elm sahəsində çalışanların əmək haqları bir neçə dəfə qaldırılıb. Milli Elmlər Akademiyası demək olar ki, tam şəkildə yenidən qurulub. Akademiyanın tabeçiliyində olan institutların maddi-texniki bazası xeyli gücləndirilib. Son illər ərzində Azərbaycan elminin dünya elminə inteqrasiyası üçün şərait yaradılıb. Azərbaycan bir neçə dünya əhəmiyyətli elmi fonda qoşulub. Artıq üçüncü ildir ki, elmin maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət büdcəsindən ayrıca vəsait ayrılır. Elmdə təcrübi işlərlə məşğul olan institutların laboratoriyaları üçün çox gözəl, unikal avadanlıqlar alınır. Bütün bunlar onu göstərir ki, doğurdan da Azərbaycanda elmin inkişafı dövlətin diqqət mərkəzindədir. Dövlətin əsas məqsədlərindən biri məhz elmin inkişaf etdirilməsidir. Bu da səbəbsiz deyil. Birincisi biz elmi görüntü xatirinə dəstəkləmirik. İstəyirik ki, elm iqtisadi inkişafımıza təkan versin. Bizim elmimiz ölkəmizin elmi tutumlu problemlərini həll etməlidir. Digər tərəfdən, Azərbaycanın ümumi strateji imicinin artırılması baxımından da elmin inkişafı mühüm əhəmiyyət kəsb edir. Hər bir ölkənin elmi potensialı nə qədər güclü olarsa, onun dünyadakı imici də yaxşı olur. Onu da qeyd edim ki, ölkə prezidenti tərəfindən Azərbaycan elminin strateji inkişafı üzrə qərar və sərəncamlar imzalanıb. Bu sənədlərə uyğun olaraq son illər elmi müəssisələrin fəaliyyəti tamamilə yenidən qurulur. Akademiyanın institutlarının inkişaf istiqamətləri yenidən müəyyənləşdirilir. Akademiyada ciddi struktur dəyişiklikləri aparılır. Diqqət yetirsək, Elmin İnkişafı Fondu Milli Elmlər Akademiyasının nəzdində deyil, birbaşa prezidentin yanında yaradılıb. Bu onu göstərir ki, elmin inkişafı birbaşa ölkə prezidentinin diqqət mərkəzindədir. Bu onu göstərir ki, artıq ölkə başçısı da Azərbaycan elmindən nəsə gözləyir. Aydın məsələdir ki, hazırda Azərbaycan çox böyük miqdarda neft hasil edir və onun satışından külli miqdarda dəyər əldə edir. Amma bu, gələcəyi tamamilə təmin edən dəyər deyil. Çünki neftimiz də, ondan əldə etdiyimiz vəsaitlər də tükənə bilər. Buna görə də qeyri-neft sektorunun, elmi tutumlu sahələrin inkişafına diqqət ayırmalıyıq. Bu, gələcəyin iqtisadi əsasını təmin edən yeganə istiqamətdir. İndi bizim üçün elə elmi istiqamətlər seçilməlidir ki, onlar ölkəmizin perspektiv inkişafı ilə uzlaşsınlar.
- Sizin rəhbərlik etdiyiniz Radiasiya Problemləri İnstitutu bu istiqamətdə hansı işləri aparır?
- Təbii ki, Azərbaycan elmindəki yeniliklərdən bizim institut da kənar qalmır. Mən qeyd etmək istəyərdim ki. bizim institut 1969-cu ildə yaranıb. Bu institut SSRİ kimi böyük bir dövlətin elmi proqramları əsasında formalaşdırılıb. 1954-cü ildə dünyada ilk dəfə olaraq dinc məqsədlə nüvə enerjisi əldə etmək üçün obyekt işə salındı. O dövrdə SSRİ bu sahədə dünyada ilk sıraları əldə etmək üçün müxtəlif elmi proqramlar qəbul etdi. Bu proqramlar çərçivəsində nüvə texnologiyalarının neft-qaz sahəsində tətbiqində Azərbaycan model seçilmişdi. Bizim institut da məhz bu məqsədlə yaradılmışdı. Sonradan bizim institut atom hidrogen energetikası, radiasiya materialşünaslığı sahəsinə də cəlb olundu. 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasındakı qəzadan sonra su ilə soyudulan nüvə reaktorlarının təhlükəsizliyi məsələsi gündəmə gəldi. Yəni institut fəaliyyət göstərdikcə fəaliyyət sferası genişlənib. İnstitutumuz SSRİ dövründə çox böyük müvəffəqiyyətlər əldə etmişdi. Bizim əldə etdiyimiz nəticələr Azərbaycan çərçivəsini aşırdı. Mərkəzi hökumət tərəfindən bizə hər il milyonlarla vəsait ayrılırdı. Biz hərbi sənaye kompleksi üçün də işləyirdik. 1977-ci ildən SSRİ dağılana qədər biz atom hidrogen energetikası, nüvə reaktorlarının təhlükəsizliyi istiqamətindəki araşdırmalarımız üçün SSRİ hökumətindən tam maddi dəstək alırdıq. Bu illər ərzində 100-ə yaxın potent əldə etmişdik. Onların əksəriyyəti tətbiqə hazır idi. Biz yüzlərlə yeni polimer və digər radiosyon üsulla modifikasiya olunmuş materiallar əldə etmişdik. Elektronikada istifadə olunan yarımkeçiricilərin yeni xassələrini əldə etmişdik ki, bunlar ekstremal sahələrdə tətbiq oluna bilərdi. Çernobıldakı qəza zamanı bizim əldə etdiyimiz nəticələrdən geniş miqyasda istifadə olunurdu. Bizim bu kimi hadisələrlə bağlı hazırladığımız ssenari artıq bütün dünyada tətbiq olunur. Biz müxtəlif ekoloji problemlərin həllində nüvə enerjisinin tətbiqi sahəsində də nəticələr əldə etmişdik. Bu nəticələrdən bütün SSRİ miqyasında istifadə olunurdu. Demək olar ki, hər il SSRİ Milli Elmlər Akademiyasının dərc etdiyi illik elmi nəticələr arasında bizim institutun da ən azı bir-iki işi yer alırdı. Nəzərə alsaq ki, ümumilikdə Azərbaycan Milli Elmlər Akademiyasının cəmi 4-5 işi bu sırada yer alırdı, bizim nəticəmiz çox yaxşı idi. Bizim institut çox kiçik – 45-100 nəfərlik kollektivi ilə çox böyük nəticələrə imza atırdı. Yəni bizim müstəqillik illərinə qədər çox böyük ənənələrimiz var idi.
- Bəs müstəqillik illərində Radiasiya Problemləri İnstitutu hansı problemlərin araşdırılması ilə məşğul olur?
- 1991-1993-cü illərin dağıdıcı dalğası bizdən də yan keçmədi. Həmin illərdə bizim institut demək olar ki, respublika üçün lazımsız bir quruma çevrilmişdi. Dağıdıcı amillər bizim instituta da təsir etməyə başlamışdı. O vaxt biz institutun aparıcı mütəxəssisləri bir araya gələrək fikirləşdik ki, vəziyyətdən çıxmaq üçün nə edə bilərik? Biz bilirdik ki, fəaliyyətimiz lazımlıdır və gələcəkdə müstəqil Azərbaycana böyük töhfələr verə bilər. Ona görə də institutu qoruyub saxlamaq lazım idi. O vaxt belə bir qənaətə gəldik ki, Azərbaycanın gələcək inkişafı neft-qaz sektorunun inkişafı ilə bağlıdır. Ona görə də qərara aldıq ki, əgər ölkəmizin neft-qaz istehsal sahələri genişlənirsə mütləq ətraf mühitə vurulan ekoloji təsirlər də hesablanmalıdır. Digər tərəfdən, Azərbaycan Xəzərin dərin laylarından neft çıxarmağa başladığından bu proses zamanı ətraf mühitə xeyli sayda tullantı atılacağı da qaçılmaz idi. Onların tərkibində təbii radionikulidlər də var idi. Çünki dünyanın dərin laylardan neft çıxaran bütün ölkələrində bu problemlərin mövcud olduğunu bilirdik. Ona görə də Azərbaycanın bu sahədəki problemlərini tədqiq etməyə başladıq. Bununla əlaqədar Azərbaycanda yeni bir elmi istiqamət – radiokimyanı inkişaf etdirməyə başladıq. Sovet dövründə radiasiya nüvə təhlükəsizliyi ilə bağlı mərkəzləşdirilmiş bir sistem qurulmuşdu. İttifaq dağılandan sonra bu qurumlarla əlaqələr kəsildi, amma problemlər yerində qalırdı. Azərbaycanda isə bu problemlərlə məşğul olan heç bir qurum yox idi. Ona görə də respublika rəhbərliyi bizdən istər-istəməz bu sahədəki xidməti qurum kimi istifadə etməyə başladı. Həmin dövrdə biz artıq sərhədlərimizdən keçən materialları, ölkədəki lokal çirklənmə zonalarındakı vəziyyəti analiz etməli olduq. İnstitutumuz ölkənin xarici təsirlər nəticəsində dəyişə biləcək radiasiya fondunu da nəzarətdə saxlamağa başladıq, transsərhəd çaylarının analizini də apardıq. Yəni mərhələ-mərhələ bu işləri həyata keçirməklə gəlib çıxdıq 2000-ci ilə. Həmin il artıq biz Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə üzvlüklə bağlı yazışmağa başladıq. Həmin dövrdə məsələ belə qoyuldu ki, agentliyə üzv olmaq üçün Azərbaycanda radiasiya və nüvə təhlükəsizliyi məsələləri ilə bağlı elmi fəaliyyəti koordinasiya edən bir institut olmalıdır. Bu qurum kimi bizim institut seçildi. 2001-ci ildə Azərbaycan MAQATE-yə üzv olduqdan sonra ölkəmizdə ilk Nüvə Elmləri üzrə İnformasiya Mərkəzi məhz bizim institutun nəzdində yarandı. Həmin informasiya mərkəzi vasitəsilə biz dünyada nüvə elmi sahəsindəki yenilikləri ölkəmizə gətirib alimlər arasında yaymaqla məşğul olduq. Yəni göründüyü kimi, bizim institut təkcə respublikamızın deyil, dünyanın maraqlandığı qlobal problemlərlə məşğul olub.
- Adil müəllim, Radiasiya Problemləri İnstitutu Elmin İnkişafı Fonduna layihələr təqdim edibmi?
- Bəli. Biz həm ekologiya, həm radio ekologiya, həm radiasiya materialşünaslığı, həm nativ enerji mənbələrinin istifadəsi ilə bağlı 6-ya yaxın layihə təqdim etmişik. Demək olar ki, bundan başqa akademiyanın digər institutları ilə birgə də layihələrimiz var. Ümumilikdə bizim 8 layihəmiz var. Güman edirəm ki, bu layihələrin bir qisminə cavab veriləcək. Amma biz bu fond yaranmamışdan əvvəl də müxtəlif beynəlxalq təşkilatların vasitəsilə layihələr icra edirdik. Bizim institutun laboratoriyası beynəlxalq standartlara cavab verir. Biz bunun hamısını müxtəlif beynəlxalq layihələr çərçivəsində formalaşdırmışıq. Yəni biz artıq ayrıca layihələr işləmək ənənəsinə malikik. Güman edirəm ki, Elmin İnkişafı Fondunun fəaliyyəti bizim gələcəyimiz üçün bir stimul olacaq. Məsələ burasındadır ki, bu gün elmi işçilərin əmək haqları çox aşağıdır. Bu sahədə çox acınacaqlı bir durum yaranıb. İşə götürülən gənc elmi işçi maksimum 128 manat maaş ala bilər. Bu çox gülünc rəqəmdir. Hansı gənc kadr aylıq 150 manat maşa işləyər? Düzdür, ölkə prezidentinin dəstəyi ilə innovasiya layihələri çərçivəsində bizim gənc kadrlara müəyyən miqdarda təqaüdlər də verilir. Amma bu da kifayət etmir. Bizim institutun kollektivinin böyük əksəriyyəti gənclərdir. Nəzərə alınmalıdır ki, bizim institut çox böyük ziyanlı faktorların araşdırılması ilə məşğuldur. Ona görə də bu sahədə çalışan kadrları qorumalıyıq. Bu kadrların hamısı unikaldırlar. Onları hazırlamaq üçün 10 illər lazımdır. Əgər biz onları itirsək, demək olar ki, bu sahədəki elmi istiqaməti itirəcəyik. Ona görə də ümid edirəm ki, Elmin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində bu kadrları qoruya biləcəyik.
İlham Quliyev
Kaspi.- 2010.- 26 oktyabr.- S. 5.