Qapısı
qıfıllı qala
XIV-XVI əsrlərə aid
olan Ramana qalasının hər daşı tarixdir. Qaladan məşhur “Koroğlu”, “Nəsimi” və
“Babək” filmlərinin çəkilişində istifadə
olunub. Dahi Bülbül Koroğlunun ariyasını da elə
burada ifa edib
Hər bir qarışı, daşı canlı tarix olan
Azərbaycan özünün tarixi ilə daim fəxr edə
bilən dövlətlər sırasındadır. Həqiqətən
də ən qədim insan məskənlərindən tutmuş
bütün tarixi dövrləri əhatə edən abidələrlə
zəngindir Azərbaycan torpağı. Hər
kəs tarixi, mədəni və mənəvi irsinə
hörmətlə yanaşmalı, ona qayğı göstərməli,
tarix və mədəniyyət abidələrini
qorumalıdır. Sözün doğrusu
tarix elmi və tarixi yerlərdə olmaq lap uşaqlıqdan
marağımda olub.
Yəqin ki, hər biriniz Bakının Ramana kəndində
yerləşən əzəmətli qala ilə
tanışsınız. Düzünü desəm, qalanın
yaxından keçsəm də, onun içinə girmək mənə
nəsib olmamışdı. Beləliklə, əksər
ramanılıların bir növ brendinə çevrilmiş
bu qala ilə yaxından tanış olmaq
üçün istirahət günümü burada keçirmək
qərarına gəldim. Dörd tərəfdən
üzərində bürclər olan və qala divarları ilə
əhatəyə alınan bu müdafiə tikilisi ilə
bağlı müxtəlif rəqəmlər göstərilir.
Tarixçi olduğum üçün bilirəm
ki, mənbələrdə qalanın XIV-XVI əsrlərdə
tikildiyi göstərilir. İllər uzunu
keçsə də, qala öz əzəmətli
görüşünü indi də qoruyub saxlayıb. Mərdəkan qalasının oxşarı olan Ramana
qalasına yaxınlaşan kimi əvvəlki hədsiz
marağımdan və sevincimdən əsər-əlamət
qalmadı. İstirahət günü olsa
da, o boyda qalanın qapısına böyük bir qıfıl
vurulmuşdu. Yəni təsadüfən
azıb buralara gəlib çıxan şəxs buranın
hansı qala olduğunu belə bilməyəcək. Qalanın üzərində bir yerdə olsun belə
izahedici məlumat asılmamışdı. Qıraqdan-bucaqdan baxıb bir-iki şəkil çəkib
kor-peşman geri dönmək istəyirdim ki,
yaxınlıqdakı evlərdən bir qız
çıxdı. «Qalaya baxmaq istəyirsiniz»
-deyə sualla məndən soruşdu. Böyük
sevinclə «hə» deyəndə mənə «dayanın
açarı gətirim» deyərək evə qaçdı.
Açarı alaraq sürətli addımlarla
qalanın içinə daxil oldum və gördüklərimdən
şoka düşdüm. İçərini ot basmış vəziyyətdə
gördüm, dağılıb gedən divarlarda isə sevən
gənclərin bir-birinə ünvanladıqları
mesajların şahidi oldum. Eyni mənzərəyə
çöl divarlarında da rast gəlmişdim. Ağ daşdan tikilən qalanın
hündürlüyü 15 metrə çatır və
güman edilir ki, qala müdafiə məqsədilə tikilib və
Şirvanşahlar dövründə qəsr kimi istifadə
olunub.
“Koroğlu”, “Nəsimi” və “Babək”
filmlərinin çəkildiyi yer
Əvvəldən
məlumatım var idi ki, qaladan məşhur “Koroğlu”, “Nəsimi” və
“Babək” filmlərinin çəkilişində istifadə
olunub. Sonuncu dəfə də bu filmlərdən
birinin, “Koroğlu”nun çəkilişi zamanı, 1956-cı
ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə
olub. Tarixçilər Ramana qalasından Qız
qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
Qala divarlarına qalxmaq üçün divarın sol tərəfində
iki pilləkən var. Onlardan biri ilə, burma
daş pilləkən vasitəsilə divarın içərisindən
yuxarıya, təxminən yarım metr çölə tərəf
tikilən dəhlizə qalxmaq mümkündür. Digər daş pilləkən isə qalanın həyətindən
yuxarıya tərəf qalxır. Bu pilləkənlər
vasitəsilə qala divarlarına qalxıb kəndi seyr etmək
olur. Ramana sakinləri də təsdiq edirlər
ki, kənddəki məşhur qaladan Qız qalasına aparan
yeraltı yol olub.
Qala
divarlarından bayırda, sağ tərədə qayaya bənzər
iri daş parçası ilk baxışdan diqqəti cəlb
etməsə də, özü-özlüyündə mahiyyət
etibarilə xoş bir hadisəni yaşadır: Dahi
Bülbül Koroğlunun ariyasını məhz bu
daşın yanında ifa edib. Kənd sakinləri
də kəndi ziyarət edib, tarixi abidələrini seyr edən
hər kəsə bu iri daş parçasını məhz bu
cür təqdim edirlər. İlan
yuvaları ilə əhatələnmiş Ramana
qalasının qorunması isə kənd sakinlərinə
tapşırılıb.
Vaxtilə bu qala ilə Qız qalası arasında
yeraltı əlaqə mövcud olub. Sonralar burada
Şapligin adlı bir alim qalanı tədqiq edərkən bu
faktı təsdiqləmişdi. Həmçinin
qala divarlarının içində bir hündür qala da
var. Bu tikili isə 4 mərtəbəli olub. Burada da bir giriş var. Dairəvi tikilinin sol tərəfindən
qalanın ikinci mərtəbəsinə dairəvi üslubda
tikilmiş pilləkənlər qalxır. İkinci
mərtəbədə kənarlara nəzarət
üçün 4 dəlik mövcuddur. Digər
3-cü və 4-cü mərtəbələrə isə pilləkənlər
olsa da, bu iki mərtəbə bərbad durumdadır. Qalada həmçinin bir zamanlar ərzaq saxlamaq
üçün quyu da mövcud olub. Qalanın
girişi üçün yalnız bir qapı var. Qalanın
yanında qədim bir məscid də var. Bu məscidin üzərindəki
yazıdan məlum olur ki, XVII əsrdə tikilib. Günbəzi olmayan məscidin arxa tərəfə
bir, sağ tərəfə isə iki pəncərəsi
açılır. Məscidin
qapısının sağ və sol tərəflərində
Azərbaycan və rus dillərində dövlət tərəfindən
tarixi abidə kimi qorunması yazılıb. Bu gün də buradan kənd sakinlərindən
istifadə edənlər var.
Qalanın
acınacaqlı tarixi var. Ötən əsrin 30-cu illərində
qalanın bir hissəsi, eləcə də qalanın
yaxınlığındakı həyətlər, o cümlədən
Ramana kəndinin tanınmış tikililərindən olan
Bakıxanovların və Hacınskilərin evləri dövlət
tərəfindən sökülərək daşları
başqa tikintilərdə istifadə edilib. Söküntü
işləri zamanı qalanın həyətinə giriş
hissəsindəki portalının üzərində olan
daş kitabə dağıdılıb.
1950-ci illərdə Qabil adlı kənd sakini öz
hesabına qalanı bərpa etməyə başlayıb. Sonra isə qala
dövlət tərəfindən bərpa edilib. Bərpa işlərinin layihəsini L. Mamikanov və
İ. Revazov tərtib ediblər. Ramana
qalası turistləri cəlb etmək üçün əlverişli
olsa da, hələlik bu yöndə yetərincə təmir-bərpa
işi görülməyib.
Onu da öyrəndim ki, bir vaxtlar «Nəsimi», «Babək» və
«Koroğlu» filmlərinin çəkildiyi ərazilərdə
bu yaxınlarda müğənni Elton klip çəkdirib.
Nərgiz xalanın ümidinə
qalan Ramana qalası
Beləliklə, açarı təhvil verib geri dönmək
istədim. Dedim, yəqin həmin qızın ailə
üzvlərindən kimsə burada işləyir. Bu zaman o məndən «siz kimsiniz» deyə sualla
çıxış etdi. Jurnalist
olduğumu dedikdə «qoy anamı çağırım» deyərək
evə qaçdı. Evdən çölə
çıxan Nailə xanım isə əvvəlcə
danışmaq istəmədi. Mətbuat
nümayəndəsi olduğumu bildikdə, başladı nə
başladı. Məlum oldu ki, onun anası
bir vaxtlar buranın işçisi olub və bunun müqabilində
dövlətdən əmək haqqı alıb. «Anam bir neçə il bundan əvvəl vəfat
edib. O vaxtdan abidəyə baxan olmayıb və bir nəfər
də olsun bura ayaq basmayıb» -deyə Nərgiz xanım gileyləndi.
Xanım dedi ki, 20 il bundan öncə bir
qrup bura gələrək qazıntı aparmaq istədi. «Onlar buradan Qız qalasına gizli yol olduğunu
bildirərək, onu aşkar etmək istədilər. Anam etiraz etsə də, onlar işə
başladılar. Bir müddət
qazıntı işləri apardıqdan sonra çıxıb
getdilər və özlərindən sonra da çox
böyük natəmizlik qoydular. Yoldaşımla
birgə onların zibillərini təmizlədik» -deyə Nərgiz
xanım bildirdi. Onun sözlərinə
görə, illər boyu bura dövlət orqanlarından bir nəfər
də olsun ayaq basmayıb. Nərgiz
xanımın ən çox ehtiyat etdiyi qalanın mühafizəçisiz
qalmasıdır. «Qorxduğum odur ki,
qalanın haranısa sökərlər, dağıdarlar» deyən
Nərgiz xanım Rəhimova daha maraqlı bir fakta da toxundu.
Bəlli oldu ki, bu xanım neçə illərdir
ki, qalanın ətrafında zibilləri təmizləməklə
məşğuldur. Özü də
heç bir təmənnasız. Bunun səbəbini
soruşduqda, «neçə il anam burada işləyib. Axı buradan çörək qazanmışıq»-
deməklə kifayətləndi. Onu da
öyrəndim ki, bir müddət əvvəl bir nəfər
bura gəlib Nərgiz xanıma deyib ki, indi buranı ona veriblər.
Beləliklə, Nərgiz Rəhimovanın
sözlərindən belə bəlli oldu ki, 60 illik tarixi abidə
başlı-başına qalıb.
Orta əsr Azərbaycan tarixinin ən möhtəşəm
qalalarından hesab edilən Ramana qalasına olan kiçik
ekskursumu bitirib geri dönürəm. Bir tərəfdən
belə bir tarixi obyektin baxımsızlıq ucbatından bərbad
olduğunu məndə pis təəssürat yaratsa ad, digər
tərədən Nərgiz xanım kimi insanların hərəkəti
məndə qürur hissi oyatdı. Heç
bir təmənnasız qala ətrafında təmizlik işləri
apararaq, onu dağılıb-uçulmağa qoymyan bu
xanımın hərəkətləri həqiqətən də
təqdərəlayiq haldır.
Geri dönərkən sakinlərdən biri mənə
Ramanada qədim abidələr sırasında qəbiristanlığın
da xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə
görə, bu qəbiristanlığın tarixi çox qədimdir.
Qəbiristanlıq qaladan aşağı hissədə
yerləşir və burada Bakıxanovların və Seyidlilərin
sərdabələri var. Qazıntılar zamanı
tapılmış qəbirlərin uzunluğu 2 metrə qədər
olub. Yaşlı adamların dediyinə
görə, 1918-ci ildə ermənilər buraya da gəlib
çıxıblar. Onlar burada
Adıgözəlovlar ailəsindən düz 12 nəfəri
öldürüblər. Kənd sakinlərinin
dediyinə görə, burada əvvəlcə balaca göy
daşdan ibarət bir qəbir də olub. Sonralar
Sevinc Bağırova adlı bir şəxs tərəfindən
üstü təzədən götürülüb. Orada olduğum zaman qədim qəbir
daşlarının hələ də qaldığının
şahidi oldum. Onların üzərində
ərəb əlifbası ilə yazılar vardı. Qədim sənduqələrdən 5-i hazırda
Şirvanşahlar sarayında saxlanılır. Ümumilikdə gəzib gördüklərimizdən
belə nəticəyə gəldim ki, Ramana öz tarixi ilə
bizim üçün önəmli sayılan qədim yaşayış
məskənlərimizdəndir. Bu qədimliyi
qoruyub-saxlamaq kimi çətin vəzifə isə bizim üzərimizə
düşür. Amma etiraf edək ki, biz hələ
də öz tariximizi lazımınca araşdırıb tədqiq
etməmişik.
Bərbad yollu Ramana
Sonda kiçik bir haşiyə çıxmaq istərdim. Əgər kimsə
bu yazıdan sonra avtomobilə buralara gəlmək istərsə,
ona bunu məsləhət görməzdim. Yarıya
qədər suya batmaq istəmirsinizsə iritonnajlı
maşından istifadə edin. Ramanın
içindən keçib getmək sözün əsl mənasında
bir qəhrəməmanlıq imiş. Məni
bura gətirən maşının sürücüsü bura
gəldiyi üçün özünü bir neçə dəfə
söydü də. Ramananın həm
köhnə, həm də yeni məhəllələrində
yollar dözülməz dərəcədə bərbaddır.
5 metr salamat asfalt tapmaq belə mümkün
deyil. Yolda söhbət etdiyim kənd sakinləri
bildirdilər ki, buranın payızı-qışı
dözülməzdir.
Azər Nuriyev
Yazı KİVDF-nin dəstəklədiyi
layihə çərçivəsində hazırlanıb
Kaspi.- 2010.- 26
oktyabr.- S. 8.