Müslüm –
yeganə və nadir şəxsiyyət
Tamara Sinyavskaya: «Əgər biz
Müslümü kiminləsə müqayisə ediriksə,
deməli, o nadir və yeganə müğənni olmayıb.
Ancaq o nadir və yeganə müğənnidir. Hər şeydən
əvvəl mənim üçün…»
Müslüm
Maqomayevin bu dünyanı tərk etməsindən iki il
keçir. O, özünün qeyri-adi baritonu ilə təkcə
keçmiş Sovet İttifaqını deyil, bütün
dünyanı fəth edib. Opera ariyalarının dahiyanə
ifaçısı həmçinin estrada mahnılarına da
möhür vurub. Onu milyonlar sevirdi. Ancaq həyatında
Böyük Teatrın gənc solisti, qaragözlü
moskvalı Tamara Sinyavskaya qaldı. Onlar bir yerdə 34 il
ömür sürdülər və Sovet İttifaqının
ən gözəl ulduz cütlüyü kimi tanındılar.
Bu gün də keçmiş ittifaqın respublikaları əfsanəvi
müğənnini unuda bilmir. Onun mahnıları yenə də
oxunur, xatirəsi əziz tutulur.
23
oktyabrda isə Müslüm Maqomayev adına konsert zalında –
Crocus City Hall-da vokalistlərin Müslüm Maqomayev adına
birinci beynəlxalq müsabiqəsi start götürdü.
Müsabiqədən əvvəl Tamara Sinyavskaya Rusiya mətbuatına
müsahibəsində 2 gün davam edən tədbiri
böyük musiqi hadisəsi adlandırıb.
Ağır sınaq
- Tamara
İliniçna, müsabiqədən nə gözləyirsiniz?
- Mənim
çox qəribə hisslərim var. Başa düşürəm
ki, bu, hər şeydən əvvəl Müslümün xatirəsinə
həsr olunub. Bəlkə bu, onun həyatının davamıdır.
Bütün bunlardan razı olmaq mənim üçün
çətindir. Mən hər şeyi o qədər də
sakit qəbul edə bilmirəm. Fikirləşirəm ki,
sınaq çox ağır olub. Müslüm bizim
estradanın və operanın kralı idi. Mən bunu tamamilə
obyektiv deyirəm. Həmişə də onun uğurlarına
başqa tərəfdən yanaşmışam. Müslüm
Maqomayev klassikaya və müasir estradaya nə qədər
sevinc bəxş edib. Onun yaradıcılığı 20-ci əsrin
qızıl fondudur. Sevinirəm ki, həmin mahnılar bu
gün də səslənir. Bu baxımından onun xatirəsinə
həsr olunan müsabiqəni keçirmək çox çətindir.
Ümumiyyətlə, indiyə qədər ayrılıqda
opera sənətinə, estradaya həsr olunan müsabiqələr
keçirilib. Ancaq iki janrı bir yerdə səciyyələndirən
müsabiqə olmayıb.
-
Doğurdanmı, bu gün Müslüm Maqomayev kimi iki ampulada
– opera və estradanın birgə istedadlı
ifaçısını tapmaq çətindir? Hazırkı
nümunələr insanları o qədər də qane etmir.
- Əgər
mümkünsə, nümunəsiz keçinək. Əgər
biz Müslümü kiminləsə müqayisə ediriksə,
deməli, o nadir və yeganə müğənni olmayıb.
Ancaq o nadir və yeganə müğənnidir. Hər şeydən
əvvəl mənim üçün. Müsabiqəyə gəlincə,
istərdim Qran-prini o adama verək ki, o, həqiqətən
konkursda tələb olunan səviyyəyə layiq olsun.
Müsabiqədə rusiyalı bariton Yevgeni Konqurov, Dmitrii
Trifonov, Aleksey Safiullin, Maksim Katırov, soprano Karina Serbina
iştirak edəcəklər. Digər iştirakçılar
isə Azərbaycan, Gürcüstan, Belarus və Moldovanı təmsil
edəcək. Biz müraciəti Avropa, yaxın Şərq
ölkələrinə və keçmiş SSRİ
respublikalarına ünvanlamışdıq. Ancaq biz ən
layiqlilərini seçdik. Mən inanıram ki, müsabiqə
vokal sənətinin bayramına çevriləcək və
publikaya yeni istedadları və adları tanıdacaq.
- Axı
müsabiqənin proqramı həddən artıq mürəkkəbdir?
-
Sözsüz... İlk növbədə vokal göstəriciləri
əsasdır. Geniş diapazonlu gözəl səs
olmalıdır – vacib deyil ki, bariton, metso-soprano, tenor və ya
soprana olsun. Opera ariyalarından əlavə ifaçıdan
müzikllərdən nömrələr, neopolitan
mahnıları və sovet dövrünün
mahnılarını oxumaq tələb olunur.
- Bəs
müsabiqənin münsiflər heyətində kimlər təmsil
olunur?
-
Jürinin bütün heyəti məşhur adamlardır.
Müsabiqənin qonağı və münsiflər heyətinin
üzvü Mişel Leqran olacaq. Həmçinin bizim gözəl
bəstəkarımız Oliksey Rıbnikov, məşhur
maestro Yuri Başmet, gözəl müğənni Tamara
Qverdsiteli. Bakıdan Musiqi Akademiyasının rektoru, görkəmli
pianoçu, professor Fərhad Bədəlbəyli gələcək.
Əlbəttə, jüridə mənim həmkarım və
rəfiqəm Yelena Obrazsova da var. Münsiflər heyəti
vokal ustalığı ilə yanaşı, artistlik
xarizmasını da qiymətləndirəcəklər.
“Heyif ki, o getdi»
- Siz
Rusiya Teatr İncəsənət Akademiyasının vokal
kafedrasına rəhbərlik edirsiniz. Öz
ifaçılığınıza müəllim keyfiyyətində
qayıtmaq necədir?
- Bu
akademiya mənim üçün heç də
ifaçılıq deyil. Mən bura üçüncü
kursda oxuyanda gəlmişəm. Onda artıq Böyük
Teatrın artisti idim. Mənim musiqi məktəbin və
konservatoriya təhsilim vardı. Mənim üçün
ifaçılıq çox erkən yaşlarımdan taleyimi
bağlıdığım Böyük Teatrla
bağlıdır. Mənim orada Qorki kimi «Öz universitetlərim»
alındı. Mən səhnədə öz imtahanımı
verdim. İosif Mixayloviç Tumanov bizim kursa rəhbərlik
edirdi. Mənim bəxtim onda gətirdi ki, həyat yoluma bu
cür məşhur şəxsiyyətlər
çıxdı. Amma ali təhsil haqqında rəsmi diplomu həm
də mənə bu akademiya verib.
- Bu
gün musiqi dairələrində söhbətlər gəzir
ki, həmin akademiyanın fakültələrində tələblər
daha da sərtləşərək yüksək peşəkar
səviyyəyə qalxıb. Siz tarixə həmin
akademiyanın diplom işində tələbəyə iki
yazan ilk pedaqoqu kimi düşmüsünüz.
- Mənim
həmin qıza yazığım gəldi. Onun diplom işində
oxumaq istədiyi partiya gücü xaricində idi. Sonradan
düşündüm ki, həmin qiymət təkcə onun
günahı deyildi. Hansısa mənada müəllimin də
günahı idi. Nəticə o qədər də
yaxşı olmadı. İndi ona görə də akademiya
qorxur, başa düşür ki, plankanı yüksəkdə
saxlamaq lazımdır. Mən öz işimə həmişə
yüksək keyfiyyətlə yanaşmağı adət
etmişəm. O yazıqlar da yəqin ki, məndən
qorxublar. Onların 18-20 yaşları vardı. Sonra mən bir
qədər özümə gəldim. Mənim sinfimdə
ab-hava normal idi. Heç kim qorxudan özünü itirmirdi. Ona
görə də həmin sinifdən istedadlı
ifaçılar çıxdı.
- Siz səkkiz
il bundan əvvəl Böyük Teatrdan getmisiniz.
- Mən
2002-ci ilin 30 martında axırıncı tamaşada
oxumuşam. Bu mənim sevimli «Çar gəlini» tamaşam idi.
Tamaşa Böyük Teatrın solisti, görkəmli
müğənni Mariya Petrovna Maksakovanın 100 illiyinə həsr
olunmuşdu. Həyatda necə də hər şey halqa kimidir.
Mən həmin akademiyada diplom imtahanı verəndə o,
komissiyanın sədri idi.
- Siz
Böyük Teatrdan getməyə tələsmədinizmi?
-
Ağılla düşünəndə tələsmədim,
ürəklə fikirləşəndə ola bilər ki, tələsmişəm.
Mənim bir çox həmkarlarım hələ də
oxuyurlar. «Necə? O, hələ də oxuyur?» replikasını
eşitmək o qədər də xoş deyil. Mən «Heyif ki,
o getdi» fikrinə üstünlük verirəm.
-
Böyük Teatr indi sizi çəkmir?
- Yox,
çəkmir... Bu artıq mənim teatrım deyil. İlk
növbədə orada insan münasibətləri tamam özgələşib.
İndi ora gələn cavanlarda qəribə bir özünəvurğunluq
yaranıb. Bizim vaxtımızda isə «Mən
ifaçıyam» demək üçün illər lazım
idi. Ola bilər, müasir ölçülərlə bu, kimin
üçünsə normaldır. Ancaq mən belə
bacarmaram və istəmirəm. Görünür bu, tamam
başqa əsr və ayrı tərbiyədir. Mən həmişə
özümün bütün həmkarlarımın, səhnə
işçilərimin adını əzbərdən bilirdim.
İndiki teatrda isə məni əhatə edən həmin
divarlar yoxdur. Mən özümün teatrda tarixi vəzifəmi
bitirmişəm. Orada mənim ömrümün ən gözəl
illəri keçib. Qrimin, hətta tozların qoxusu da mənə
doğma idi. Nə zaman mənim gördüyüm
Böyük Teatr açılarsa, hansısa qismdə mən
ora mütləq gedərəm.
Ancaq ətrafımda səs küylərin olmasını
istəmirəm. Mən əzəldən təntənəni
sevmirəm.
- Sizin
sözlərinizdən adam kədərlənir. Nəsə elə
bil ki, ədalətsiz alınıb?
- Kədərlidir
– əlbəttə. Ədalətsiz olmasını isə deyə
bilmərəm. İndi həyatın və estetik zövqlərin
tələbi başqadır. Müəyyən dövrə qədər
mən özümü çox normal hiss edirdim: mənim
küçəmdir, mənim evimdir, mənim teatrımdır.
Ancaq birdən hiss etdim ki, hər şey elə bir ani olaraq
keçib gedib və bunda sən özünü günahkar
hesab edə bilməzsən.
- Evdə özünüz
üçün oxuyursunuz?
-
Özümü yaxşı hiss edəndə
yavaş-yavaş oxumağa başlayıram. Birdən saata
baxıram: aman allah, səhər onun yarısından oxuyuram, yazıq qonşular!
Düzdür, indiyədək bir kəs qapımı döyməyib.
İndi mənə oxumaq çox mane olur. İlk növbədə
səhhətimdə problemlər var. Bundan əlavə,
yaddaşım sağlam olsa da, öz oxumağımı qiymətləndirə
bilmirəm. Əvvəllər mənim oxumağıma
Müslüm qiymət verirdi. İndi isə onun qiyməti
yoxdur…
İncə nüanslar
- Nə
üçün siz Müslüm Maqomayevlə bircə dəfə
də operada oxumamısınız?
- Ona
görə ki, o, Bakının opera səhnəsində və
demək olar ki, bütün Sovet İttifaqının səhnələrində
oxuyurdu. Onu iki dəfə Böyük Teatra dəvət etdilər.
Amma təəssüf ki, biz bu böyük səhnədə
onunla qarşılaşmadıq.
- Bu
doğrudurmu, Paxmutova və Dobronravov Müslüm Maqomayev
üçün «Melodiya», sizin üçün isə «Əlvida
sevgilim» mahnılarını yazıblar?
- Hə, əlbəttə.
Bu növbəti mübahisələr idi. Qadınlar ona necə
yaxınlaşmağın yollarını axtarırdılar.
Bu nüanslar hamısı olub və bunun haqqında kitab yazmaq
lazımdır.
-
Planlaşdırırsınız?
- Bilmirəm,
gücüm yoxdur, həm də bütün bunlar çox
şəxsidir.
- Bu
gün sizin ətrafınızda kimlər var? Kimlərlə
ünsiyyət qurursunuz?
- Ondan
başlayaq ki, institutdan başqa demək olar ki, heç yerə
getmirəm. Bu, demək olar ki, mənim peşəmin
davamıdır. Mən bunsuz yaşaya bilmərəm. Adamlar
arasında olmaq mənim üçün çətindir. Əlbəttə,
hamısı öz münasibətində nəzakətli
olmağa çalışır. Mən kompyuterlə də
ehtiyatla məşğul oluram. Hərdən You Tube məni məşğul
edir, maraqlı musiqilər dinləyirəm. Ancaq internetlə o
qədər də maraqlanmıram. Ancaq maraqlananda bu mənim
xoşuma gəlir. Hərdən də mənə elə gəlir
ki, kompyuter məni vampirləşdirir.
- Bəs
dostlar?
-
Şükür allaha, Müslümün dostları məni tək
buraxmır. Onlar həmişə məni axtarırlar, həmişə
yanımdadırlar, Buna görə onlara minnətdaram!
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 26 oktyabr.- S. 9.