Səma
şairinin faciəsi
Qapıdan girən
kimi Cavid dünyasının zənginliyi ilə üz-üzə
dayanırsan. Burada qorunan əşyaların hamısında
Cavidlərin əlinin izi qalıb
İstiqlaliyyət küçəsi 8... Bu küçədə dahi Azərbaycan filosofu, görkəmli dramaturq, şair, maarifpərvər Hüseyn Cavid yaşayıb. Görkəmli ədib bu küçələrdə neçə illər addımlayıb. Ömrünün neçə ilini indi muzeyə çevrilən bu binanın otaqları arasında keçirib. Yox, bu adi ev olmayıb. Süfrəsi həmişə açıq olan, acılı-şirinli xatirələrin boylandığı bu evin qonaq-qarası əskik deyildi. Üzeyir bəy, Müslüm Maqomayev, Pənah Qasımzadə, Seyid Hüseyn, Mikayıl Müşfiq, Əhməd Cavad - o dövrün onlarla ziyalıları olub bu evin əziz qonağı. Əsərlərini yazarkən hey o baş-bu başa var-gəl edən Cavidin yaşadığı bu evin divarları arasında nə qədər maraqlı müzakirələr, ədəbiyyatın, teatrın, musiqinin inkişafına kömək edən sənət mübahisələri eşidilib. Bu otaqlardan böyük səhnəyə yollar salınıb. Bu binada Cavidlər xoşbəxt günlərinin sevincini birgə hiss ediblər, çətinliyi, sıxıntını birgə yaşayıblar. Cavidin "Knyaz", "Azər", "Peyğəmbər", "Siyavuş" kimi əsərləri bu mənzilin divarları arasında yazılıb. Bu divarlar arasında Cavid şeiriyyətinin qüdrəti ürəkləri titrədib. Bir-birinə həmdərd, həmfikir olan insan ömürlərinin ən xoş anları, duyğuları, sevinc və kədərləri bu lal divarlara sığınıb. Böyük dramaturq bu divarlar arasında "Dünya qoca bir səhnə demək" deyə yazıb.
Sonuncu izlər
Muzey üçün ayrılan otaqları gəzdikcə burda gördüyümüz hər şey böyük şairin həyat tərzindən, yaşayışından xəbər verir. Qapıdan girən kimi Cavid dünyasının zənginliyi ilə üz-üzə dayanırsan. Burada qorunan əşyaların hamısında Cavidlərin əlinin izi qalıb. Muzeyin elmi katibi Fəridə Quliyeva məlumat verir ki, adıçəkilən binanın 5 otağı Hüseyn Cavidin ev muzeyi üçün ayrılıb. Lakin bu otaqların hamısında Cavidlər yaşamayıb. Sadəcə, böyük dramaturq vaxtilə bu otaqlarda dərs deyib. 1920-ci ildə "Darül-müəllimin" adlanan Bakı Müəllimlər Seminariyası işə başlayan müəllimlərlə tələbələr bir ailə kimi yaxın olsunlar deyə, onların bir neçəsinə bu binada və həyətdə mənzillər vermişdi. Pənah Qasımov, Hüseyn Cavid, Camo Cəbrayılbəyli, Zahid Şıxməmmədbəyov, Şəfiqə Əfəndizadə bu binada qonşu idilər.
1981-ci ilin 21 iyulunda Azərbaycan KP MK-nın "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qəbul etdiyi qərarda Bakı və axçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeyinin yaradılması, Bakı şəhərinin İstiqlaliyyət küçəsində Hüseyn Cavidin 1920-ci ildən 37-ci ilə qədər yaşamış olduğu 8 saylı evin fasadının təzələnməsi və xatirə lövhəsinin vurulması göstərilirdi. Mədəniyyət azirliyinin 1991-ci il 16 aprel tarixli əmrinə əsasən, Hüseyn Cavidin hazırkı muzeyi 2002-ci il 24 oktyabr tarixində Heydər Əliyevin qərarı ilə açılıb. Muzeyin yaranmasında şairin qızı Turan Cavidin əvəzsiz xidmətləri olub.
23 oktyabr 2002-ci il tarixdə Heydər Əliyev "Hüseyn Cavidin 120 illik yubileyi haqqında" sərəncam imzalayıb. 24 oktyabr 2002-ci il tarixdə - Hüseyn Cavidin 120 illik yubileyi günündə Heydər Əliyev şairin ev muzeyinin lentini kəsib.
2004-cü ildə Turan xanım vəfat etdikdən sonra muzeyə filologiya elmləri namizədi Gülbəniz Babaxanova rəhbərlik edir. Muzey 3 ekspozisiya, 1 fond və 2 kabinetdən ibarətdir.
Muzeyə gələn hər bir adam girişdəcə
Cavidlər dünyasına daxil olur. Ekspozisiyada 600-dən artıq
eksponat qorunur. Bu eksponatlar içərisində Cavidlər ailəsinə
məxsus məişət və geyim əşyaları,
Hüseyn Cavidin müxtəlif illərdə çap
olunmuş əsərləri, şəxsi kitablar, ailə
fotoları, afişa və fotolar, Ərtoğrul Cavidin istifadə
etdiyi kitablar, bəstələdiyi musiqi əsərlərinin
notları, daha sonra vallar, müxtəlif sənədlər, məktublar
saxlanılır. Divarda şair həbs olunandan sonra dərhal
götürülmüş barmaq izlərinin şəkli var.
Bu, Caviddən yadigar qalan sonuncu izlərdir. Muzeyin
divarlarında həmçinin Sibirdə sürgündə
olarkən Mişkinaz xanıma yazdığı məktubların
saralmış nüsxələri yer alıb. Eyni zamanda, muzeydə Turan Cavidin fəaliyyəti
ilə bağlı materiallar da var. Hüseyn Cavidin yazı
masası, Mişkinaz xanıma məxsus tikiş
maşını, radioqəbuledici, yemək masası, köhnə
sandıq muzeydə əziz xatirə kimi qorunur.
Həbsdən
sonra şairin evindəki bütün əşyalar müsadirə
olunub. Ona görə də başqa muzeylərdə qorunan
yataq dəstinə burada rast gəlməzsən. Qalan şeyləri
isə sonradan Turan xanım soraqbasoraq gəzərək
tapıb və muzeyə gətirib. Şairdən təkcə
qalan yazı masasının üstündəki eynəyi,
külqabı, tütün qabları, mürəkkəb
qabı, pero və bir neçə yarımçıq əlyazmasıdır.
Bir otaq məxsusi
olaraq Cavidin iş otağı - repressiya otağı kimi
ayrılıb. Bu otaqda Xalq rəssamı Oqtay Sadıqzadənin
"1937-ci ilin repressiya qurbanları" əsəri və
V.Ucatayın "Zordan üstün" əsəri təkcə
Hüseyn Cavidə deyil, həm də Azərbaycanın digər
repressiya qurbanlarına həsr olunub. Cavid üçün
açılan 24938 nömrəli "Delo" da muzeydədir.
Muzeyin
fonetekası da Hüseyn Cavidə həsr olunmuş yeni radio,
televiziya verilişlərinin, video və audio kasetlərin,
müsahibələr və səhnə tamaşalarının
lent yazıları hesabına daim zənginləşir.
Xoşbəxt günlər...
Bu
otaqlarda Pənah Qasımov, Üzeyir bəy, Müslüm
Maqomayev tez-tez yığışarmış. Pənah bəy,
Üzeyir bəy və Müslüm bacanaq imiş.
"İblis" operasının başa çatmayan ilk
parçaları məhz bu otaqda səslənib. Cavid pyeslərindən
birinə opera yazmağı çoxdan arzulayırdı.
Muğamdan da yaxşı başı çıxırdı.
Tiflisdə olarkən Seyid Şuşinski ilə bir məclisdə
olmuşdu. Seyid Cavidin bir neçə qəzəlini ifa eləmişdi.
"Şeyx Sənan"da Kor ərəbin qəzəli
xüsusən ürəyinə yatmışdı. Konsertlərdə,
məclislərdə çox oxumuşdu. Opera yazmaq fikri isə
onun başına Pənah Qasımovla qonşuluqda
yaşadığı illərdə gəldi. Məhz bir yerə
yığışdığı vaxtlarda ya
"İblis"i, ya "Şeyx Sənan"ı opera səhnəsində
görmək fikri başına girmişdi.
Ailəvi
bayramlarda da bir yerdə olardılar. Oktyabr ayı Cavidlər
ailəsi üçün xüsusilə əzizdir. Şair 24
oktyabrda doğulub. Ailənin ilki Ərtoğrol 19-cu ilin 22 oktyabrında,
Turan xanım isə 23-cü ilin 2 oktyabrında anadan olub. Cavid
uşaqlarının təvəllüd tarixlərini Şəmsəddin
Sami bəyin "Qamusu türki"sində qeyd edib.
Cavidi
dostları ilə təkcə ədəbiyyat, sənət
söhbətləri qovuşdurmurdu, onlar nərd
oynamağı sevirdilər. Cavid uduzmağı heç
xoşlamazdı. "Sə-birlər" dalbadal gələndə
əsəbiləşərdi. Muzeydə qorunan nərdtaxta da
elə həmin oyunların yadigarıdır.
Xəzər
sahilində bir-birinə qonşu olan bağlarda dincələn
Cavid, Əhməd Cavid, Mikayıl Müşfiq, Rəsul
Rzagilin ailələri hər axşam şeir süfrəsinə
yığışardılar. Hələ onda xoşbəxt
idilər. Qabaqda onları gözləyən faciələrdən,
ayrılıqlardan xəbərsiz yaşayırdılar.
Çətin günün dostları
Bu
otaqlardakı masanın arxasında mehriban ailə üzvləri
- Hüseyn Cavid, Mişkinaz xanım, Ərtoğrol və Turan
xanım hər gün səhər, nahar, axşam yeməyinə
əyləşərdi. Onda çox xoşbəxt idilər.
Qarşıda onları nələr gözlədiyini bilmirdilər.
Taleyin öz yazısı varmış. Səadət dolu,
şirin nəğmə kimi başlanan bu xoşbəxt ailə
həyatı bir gün taleyin hökmü ilə də oxunub
bitdi.
Mişkinaz
xanım Cavidin həmfikiri, dərd ortağı, arxası idi.
Savad baxımından ayrı-ayrı adamlar olsalar da, onları
ümumi bir həssaslıq, qayğıkeşlik birləşdirirdi.
Cavid görürdü ki, sadə bir kəndli qızı
daxili hissiyyatı hesabına onu çox-çox ədəbiyyat
adamından yaxşı başa düşür. Mişkinaz
xanım ən dəyərli bir evin sahibəsi, ən qiymətli
bir adamın həyat yoldaşı, oğul-qız anası, bəxtəvər
bir qadın idi.
Cavid
ömür boyu təzyiqlərə məruz qaldı. Onu
qınayırdılar ki, zamanın nəbzini tuta bilmir. Azərbaycan
mövzusunda az əsər yazdığına görə
ittiham edirdilər. Ona pantürkist damğası vurmuşdular.
Cavid yazdığı əsərləri ilə "Mən
sizə nəşə, şətarət vermək istəyirəm.
Hər şeyi nəşə ilə yapın. Daima
gülün, əylənin. Fəqət gül dərmək
üçün tikanlara dayanmalı, yaşamaq
üçün ölməli, istirahət üçün əziyyətə
qatlanmalı. Cavidin həmvətənlərinə demək istədiyi
başlıca fikir bu idi.
Ancaq bu
fikirləri təhrif edirdilər. Xain əllər öz
işini görür, pis niyyətli insanlar məqsədlərinə
çatır. Cavidi də gedər-gəlməz yolun
yolçusuna çevirirlər. Bir gün Müşfiqin, Əhməd
Cavadın, Seyid Hüseynin qapısını döyən qara əllər
onların da qapılarını döyür, isti
yuvalarını dağıdır...
Həmin
gecə... Yemək otağındakı stolun süfrəsinin
altında qaldığından masanın gözləri istifadə
edilmirmiş. Cavid müxtəlif qaralamalarını o siyirtmələrə
doldururmuş. Həmin müdhiş gecədə
axtarış aparılarkən əlyazmaların süfrənin
altında olacağı heç kəsin ağlına gəlməyib.
Xoşbəxt təsadüf nəticəsində Cavid əlyazmalarının
bir qismi beləcə xilas olunub. "Knyaz" və "Azər"
poemasını biz bu gün həmin xoşbəxt təsadüfün
hesabına oxuyuruq.
Şairin
digər əlyazmalarını isə götürərək
məhv ediblər. "Otello", "Çingiz xan",
"Telli saz", "İblisin intiqamı" kimi əsərlərin
adı qalsa da, özü qalmayıb. Bəlkə də məhv
edilən həmin əsərlərin içərisində
adları məlum olmayan çoxlu əsərlər də
olub. Hüseyn Cavidin əldə yalnız 13 dramı, "Azər"
poeması və "Bahar şəbnəmləri" adlı
şeirlər məcmuəsi qalıb.
Əzablı günlər
1937-ci il
iyunun 4-dən 5-nə keçən gecə Hüseyn Cavid elə
bu evdəcə həbs olunur. 2 ildən sonra isə Sibirə
sürgün edilir. Cavidin ömrü 1941-ci il dekabrın 5-də
İrkuts vilayətinin Tayşet rayonunun Şevçenko kəndində
bitir. 1956-cı ilə qədər adı və əsərləri
yasaq olunan şair bir də vətənə 82-ci ildə 100
yaşının tamamında qayıda bilib. 1941-ci ilə qədər
isə sevimli Mişkinazına quş qanadlı məktublar
ünvanlanıb. Daşkənddən yazdığı məktubların
birində: "Sevgili Mişkinaz, bu gün bizi Alma-ataya
doğru aparırlar. Salamətəm. Səni və
uşaqları öpürəm" - deyə yazırdı.
Cavid həbs
olunandan sonra Mişkinaz xanım tikiş fabrikinə işə
düzəlir. İndi muzeydə əziz xatirə kimi qoyulan
tikiş maşını bu ailənin çörək
ağacına çevrilib. Sonra çətin və əzablı
günlər yenə də davam edir. Mişkinaz xanım ərinin
uzaq səfərdən qayıdacağı günü gözləyə-gözləyə
yaşayır. "Mən ümid edirdim ki, Cavidim gələcək,
yaralı ürəyimə təsəlli verəcək.
Göz yaşımı siləcək. Keçirdiyim günləri
qələmə alacaq. Əfsus ki, o yola gedən gəlməz
imiş. Xoşbəxt ailəmizi, şöləli yanan
çırağımızı görünməz xain əllər
dağıtdı, qara nəfəslər üfürüb
söndürdülər".
Mişkinaz
xanımla Cavid 19 il bir yerdə mehriban yaşadılar. 4 il
sürgündən sonra isə vəfalı qadın
ömür-gün yoldaşının dünyanı tərk
etməsi xəbərini aldı. Mişkinaz xanım onun
ölümünə inanmadı. Uzun illər Cavidin
qayıdacağı ilə bağlı qəlbinin dərinliklərində
ümid işığı saxladı. Gecə-gündüz
uşaqlarla birlikdə onun yolunu gözlədi... Ancaq dərd
bu ailənin yaxasını tanıdığından onlardan əl
çəkmədi. Ərinin ardınca sevimli oğlu Ərtoğrol
24 yaşında xəstəlikdən vəfat etdi. O, bu dərdlərə
1976-cı ilə qədər tab gətirə bildi. Mişkinaz
xanım Caviddən sonra 20 il yaşadı, 74 yaşında
dünyasını dəyişdi. 6 il də möhlət
olsaydı, o, Cavidin təzədən Bakıya
"qayıdış"ını görəcəkdi.
1982-ci ildə
Heydər Əliyevin qərarı ilə Hüseyn Cavidin 100
illik yubileyi münasibətilə cənazəsinin Sibirdən
Vətənə qaytarılması haqqında qərar qəbul
edildi. Böyük şair cənazəsi Vətənə gətirilən
yeganə repressiya qurbanı kimi tarixə düşdü.
Sınıq,
illərin əzabından yorğun düşən qəlbinə
heç olmasa təsəlli olsun, deyə o günü görmək
Mişkinaz xanıma qismət olmadı. Sevimli Turanını tək
qoyaraq nigaran-nigaran dünyanı tərk etdi. Turan xanım bu
ocağın qeyrət yükünü çəkməyi
ömürlük boynuna götürdü. Ailə qurmaq,
oğul-uşaq sahibi olmaq haqqında düşünmədi.
Cavidlər nəslinin mühafizəçisinə
çevrildi. Atasının ev muzeyinin yaradılmasına nail
oldu. Cavidin və Ərtoğrolun it-bata düşən əlyazmalarını
soraqladı, tapdıqlarını kitab şəklində nəşr
etdirdi. Onların xatirəsini əbədiləşdirmək
üçün tədbirlər keçirdi.
Doğum-ölüm günlərinin anılmasına
çalışdı. Əzizlərinin yarıda qırılan
ömürlərinin, ruhlarının bu tədbirlərlə,
kitablarla, cansız əşyalarla gerçək dünyaya
qayıtmasına çalışdı.
Bu gün
də muzeyin rəhbərliyi və əməkdaşlarının
Hüseyn Cavidin xatirəsinin qorunması üçün
gördükləri işlərlə tanış olduqca bir
daha başa düşürsən ki, böyük dramaturq
"Beni öldürsələr də ben yaşarım"
misrasını təsadüfən yazmayıb.
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 27 oktyabr.- S. 9.