Əbədi hörmət və məhəbbət ifadəsi 

 

Görkəmli bəstəkar Tofiq Quliyev deyərdi ki, Vasif Adıgözəlovun hər yeni əsəri dinləyici üçün bir tapıntıdır

 

Azərbaycan bəstəkarlıq məktəbinin yüksək nailiyyətlərindən danışarkən, ilk növbədə Xalq artisti, Respublika Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun adı qeyd olunur. Görkəmli bəstəkarın mahnılardan tutmuş irihəcmli simfonik əsərlərinədək müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılığı öz yüksək peşəkarlıq səviyyəsi ilə diqqəti cəlb edərək geniş kütlələrinin rəğbətini qazanıb. Dahi Qara Qarayev məktəbinin zəngin ənənələrini novatorluq prinsiplərini ən yüksək səviyyədə inkişaf etdirən V.Adıgözəlov musiqidə öz yolunu müəyyənləşdirib, dəst-xəttini tapıb. Bundan əlavə, V.Adıgözəlovun Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi kimi Azərbaycan musiqi həyatının inkişafında, Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi respublikada milli kadrların yetişməsində böyük əməyi olub.

 

Böyük bəstəkarın əsərləri bu gün müxtəlif beynəlxalq musiqi festivallarında məşhur dirijorların tərəfindən səslənir, görkəmli kollektivlərin ifaçıların repertuarına daxil edilir, respublikamızın musiqi təhsili ocaqlarında tədris olunur. Buna görə görkəmli bəstəkar Tofiq Quliyev «Vasifin hər yeni əsəri dinləyici üçün bir tapıntıdır» sözlərini təsadüfən deməyib.

 

Ailə ənənəsi

 

Vasif Adıgözəlovun musiqi aləmində tanınması sevilməsi təsadüfü olmayıb. Atası - görkəmli xanəndə Zülfü Adıgözəlovun yaradıcılığı onun ilk sənət məktəbi olub.

Bu gözəl ab-havanın istisi ilə bəhrələnən gələcək bəstəkar tezliklə öz dəst-xəttini tapır.

O, xalq musiqisinin sirlərini atasından evlərində tez-tez qurulan musiqi məclislərindən öyrənir. O dövrün görkəmli sənətkarları - Cabbar Qaryağdı oğlu, Qurban Pirimov, Seyid Şuşinski, Xan Şuşinski, Bəhram Mansurov başqaları həmişə onların evində yığışar, muğam axşamları keçirərdilər. Bu gözəl təkrarsız sənətkarların söhbətləri adətən xalq musiqisinin, muğam sənətinin saflığı, təmizliyi, inkişaf problemləri ilə bağlı olurdu. Milli musiqimizin inciləri, xalq musiqisinin müxtəlif janrları xanəndələrin ifasında səslənirdi. Məhz bu gözəl mühit V.Adıgözəlovun estetik baxışlarının inkişafında önəmli rol oynayır.

Vasif hələ Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyarkən, bir gənc bəstəkar kimi özünü sınaqdan keçirir. 1952-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının təşkil etdiyi gənc bəstəkar-tələbələrin baxışında Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tələbələri ilə yanaşı onun da müxtəlif alətlər üçün yazılmış maraqlı və ifadəli əsərləri ifa olunur. Bu əsərlərin fortepiano partiyasını məharətlə və professionallıqla Vasif özü ifa edir.

Bir ildən sonra, V.Adıgözəlov Bülbül adına Orta İxtisas musiqi məktəbinin fortepianouşaq yaradıcılığı siniflərini uğurla bitirir. Həmin il V.Adıgözəlov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının iki fakültəsinə müvəffəqiyyətlə imtahan verib daxil olur. Nəhayət, V.Adıgözəlov öz arzusuna çatır: o, dahi Qara Qarayevin bəstəkarlıq sinfinə, fortepiano ixtisası üzrə isə Simuzər Quliyevanın sinfinə daxil olur.

Hələ tələbəlik illərində V.Adıgözəlov respublika festivallarının mükafatları ilə təltif olunur. Azərbaycan Bəstəkarlar ittifaqının I qurultayında V.Adıgözəlov ilk dəfə simfonik poemaSonata ilə çıxış edir. Dinləyicilər bu əsərlərin zəngin milli əsasını, gənclik ruhunu və təravətliliyini qeyd etdilər. Maraqlıdır ki, dahi bəstəkar D.Şostakoviç «Sovetskaya muzıka» jurnalında V.Adıgözəlovun «Sonata»sını xüsusi qeyd edib.

Tələbəlik illərində yazdığı simfonik orkestr üçün «Qəhramanlıq poema»sı İkinci respublika gənclər festivalında I dərəcəli diploma layiq görülür. Hələ tələbə ikən V.Adıgözəlovun əsərləri P.Çaykovski adına Moskva Konservatoriyasında Azərbaycan Incəsənətinin nailiyyətlərinə həsr olunmuş konsertlərdə uğurla səslənir.

Görkəmli bəstəkar həmçinin iki operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın -  "Nənəmin şahlıq quşu", "Hacı Qara"(həmmüəllif R.Mustafayev), "Boşanaq, evlənərik", "Aldın payını, çağır dayını" və s. müəllifi olub. Bəstəkarın irihəcmli monumental əsərlərlə yanaşı, mahnıları da öz səmimi, ecazkar melodiyası ilə qəlbləri fəth edib. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası"və s. mahnıları təkrarsız sənət inciləridir. Bəstəkarın "Şərikli çörək", "Xidmət lifti", "Kişi sözü" və s. kinofilmlərə yazılmış musiqiləri xalqın dərin rəğbətini qazanıb.

 

Gənclik təravəti

 

V.Adıgözəlovun romantik şairanə obrazlarla səciyyələnən diplom işi - «Birinci simfoniya»sı gələcəyə vəsiqə eyni zamanda axtarışlar dövrünün yekunu idi. Gənclik təravəti ilə aşıb-daşan bu simfoniyanı Dövlət imtahan komissiyası yekdilliklə yüksək qiymətləndirir. Ən başlıcası odur ki, «Birinci simfoniya» milli musiqinin və klassiklərin ənənələrinə sadiq qalmaq münasibətini bir daha təsdiq edir.

V.Adıgözəlov üç simfoniyanın, simfonik poemaların – «Qəhramanlıq poeması», «Afrika mübarizə edir», «Mərhələlər», «Bayram uver-tyurası»nın, daha sonra vokal-simfonik poemaların, simfonik orkestrin müşayiəti ilə dörd royal üçün yazılmış «Poema», «Segah» muğam - simfoniyasının müəllifidir. Adı səkilən əsərlərdən hər biri bəstəkarın yaradıcılığında mühüm mərhələyə çevrilib, Azərbaycan simfonizminin mürəkkəb konseptual inkişafının müasir mərhələsində yeni bir səhifə açıb.

Vasif müəllim deyirdi: “Məhz simfoniyada şəxsiyyətin formalaşması prosesi digər janrlara nisbətən daha parlaq ifadə olunur. Simfoniya dərin mənalı olmalı və təcəssüm etdirdiyi ideyanı bütünlüklə ifadə etməlidir. Bu janrın miqyası, tembrlərin dramaturgiyası, hissələrin təzadlı qarşılaşdırılması, müasir musiqi texnikasının vasitələrindən geniş istifadə etmək imkanı obrazın daxili inkişafına kömək edir. Mənim üçün yalnız hissələrin təzadlığı deyil, həm də onların arasındaki əlaqə vacibdir. Bu, obrazın modifikasiyası üçün nəhəng, dinamik impuls verir».

 

Xalqın başa düşdüyü musiqi

 

Vasif Adıgözəlov həm milli musiqimizi sevən, doğma torpağımızın gözəlliklərini vəsf edən bəstəkar, həm Vətənin müdafiəsi uğrunda səfərbər olan əsl vətəndaş idi. Onun monumental vokal-simfonik yaradıcılığını xalqımızın azadlıq salnaməsi hesab etmək olar. Bəstəkarın "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" və "Qəm karvanı" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə  Vasif Adıgözəlov müraciət edibbu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.

Görkəmli bəstəkar xalqımızın yaşadığı ağrı-acıları ürəyindən keçirirdi: “Yaradıcı ziyalılarımız zamanın nəbzini hiss edir, özlərindən asılı olmayaraq yaradıcılıqlarını bu hadisələrə yönəldirlər. Qanlı yanvar hadisələri, coxillik müharibə, 20 faiz torpaqlarımızın işğalı, amansız terror aktları, vətənpərvərlik, torpağın müqəddəsliyi mövzusu bəstəkarlarımızın 500-dən çox böyükkiçik həcmli əsərlərində öz əksini tapıb. Axı bu illər respublikamızın içtimai-siyasi həyatında, xalqımızın cox əsrlik tarixində son dərəcə gərgin və mürəkkəb bir dövr olub. Bu illər ərzində Bəstəkarlar İttifaqı onlarla üzvünü itirib. Bunların sırasında Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük rol oynamış, ona əvəzsiz inçilər bəxş etmiş sənətkarlar da var”.

Böyük bəstəkar musiqimizdə ara müğənnilərinin meydan sulamasından da narahatlığını dilə gətirirdi. Deyirdi ki, bu gün efirin üzərinə düşən məsuliyyət  çox böyükdür. “Space” kanalının keçirdiyi muğam müsabiqəsi xalqın rəğbətini qazandı. Bu, bizim klassik musiqimizin ən gözəl təbliğidir. Amma müasir musiqimizi də elə təbliğ etmək lazımdır. Niyə bir bəstəkarın yaradıcılıq gecəsini keçirəndə Filarmoniya ağzına kimi dolur? Bizim ziyalılarımız var axı. Onlar bir növ müasir musiqini qavramaqda çətinlik çəkənlərlə müasirlərimiz arasında körpüdürlər. Bu körpüdən istifadə etmək lazımdır. İndi biz klassikmüasir musiqimizi arxa plana çəkəndə, meydanda qalır ara oxuyanlar. Mən bunun əleyhinə deyiləm. Özüm bəzən belə yerlərdə onları dinləyirəm. Amma restoranda oxuyanın öz repertuarı var. Orada oxunan musiqi efirdə gedə bilməz. Qabaqlar Operada oxunan muğamat heç vaxt Filarmoniyanın səhnəsində oxunmazdı. Bunların səmti tamam başqadır. Bu incəlikləri biz axı vaxtında bilmişik, qorumuşuq, saxlamışıq. İndi niyə bunları dağıdırıq? Çox vacib olan mövzuların ön planda səslənməməsi idarələrdə, ekranlarda, radio dalğalarında işləyən məmurların zövqündən münasibətindən irəli gəlir...”

Bu dəqiqə Azərbaycan torpaqları erməni daşnaklarının ayağı altında tapdanır. Bunun hiss etməkdən ötəri Qarabağ Azərbaycan üçün nə deməkdir,- gərək onu biləsən. Çox aşağı səviyyəli musiqi parçalarını xalqımızın beyninə yeritmək böyük qəbahətdir”.

Vasif Adıgözəlov həmişə deyirdi ki, əsl musiqi odur ki, onu xalq başa düşsün. Bu baxımdan o,  muğamlarımızı əlimizdə olan ən güclü silah kimi dəyərləndirirdi.

Görkəmli bəstəkar milli musiqimizin tarixinə zəngin bir irs bəxş edib. Ölkənin ən ali mükafatlarına layiq görülən bəstəkar yaradıcılığı müddətində əsl vətəndaşlıq mövqeyini sərgiləyib.

Oktyabrın 27-dən start götürən  görkəmli bəstəkarın 75 illik yubileyinə həsr olunmuş festival da onun xatirəsinə əbədi hörmət məhəbbətin ifadəsidir.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2010.- 28 oktyabr.- S.9.