Allah Türk xalqına bir daha İstiqlal Marşı yazmağı nəsib etməsin 

 

Korkma, sönmez bu şafaklarda yüzen al sancak,

Sönmeden yurdumun üstünde tüten en son ocak.

 

O benim milletimin yıldızıdır, parlayacaq,

O benimdir, o benim milletimindir ancaq.

Ben ezelden bəridir hürr yaşadım, hürr yaşarım,

Hangi çılğın bana zincir vuracaqmış, şaşarım!

Kükremiş sel gibiyim, bendimi çigner, aşarım,

Yırtarım dağları enginlere sığmam, taşarım!

Bastığın yerleri «toprak diyerek geçme, tanı!

Düşün altındaki binlerce kefensiz yatanı,

Sen şehid oğlusun, incitme, yazıktır atanı,

Verme, dünyaları alsan da bu cennet Vatanı!

 

Türkiyə Böyük Millət Məclisi 87 ildir ki, əl-ələ, çiyin-çiyinə, səs-səsə «Şanlı 29 Ekim» (oktyabr) tarixini böyük Vətən şairi Məhmət Akif Ərsoyun İstiqlal Marşı ilə qarşılayır. Mustafa Kamal Paşa Atatürkün rəhbərliyi ilə bu tarixdə şəhidlərin müqəddəs qan rəngini ifadə edən ay-ulduzlu bayraq İstiqlal Marşının sədaları altında bir daha enməmək üçün ucaldılmış, yeni, müstəqil Türkiyə Cümhuriyyəti yaradılmışdır. Lakin qələbəyə qədər türk xalqı böyük çətinliklər yaşamış, çilələr çəkmiş, şanlı tarixini şəhidlərin qanı ilə yazmışdır.           

…1914-cü il yanvarın 26-da Rusiya ilə Türkiyə arasında sülh sazişi imzalansa da, bir neçə ay sonra-iyulun 19-da başlanan Birinci Dünya müharibəsi bu sazişi qüvvədən salır. Türkiyənin vəziyyəti getdikcə ağırlaşır, dünyanın bir neçə güclü dövlətləri silah-sursatlarını və canlı qüvvələrini İstanbula çəkir. Müharibə Osmanlı dövləti üçün böyük fəlakətlə nəticələnirdi. Padşah Sultan Vəhdətdin olmaqla İstanbul Antanta dövlətlərindən tamamilə asılı vəziyyətə düşür. Anadolunun böyük bir hissəsi və boğazlar ingilis-fransız və yunan işğalçılarının nəzarətinə keçir, Şərqində Ermənistan və Kürdüstanın qurulması planlaşdırılırdı. İstanbulda isə bütün dövlətlərin gözü var idi.

Hələ 1808-ci ildə Napoleon yazırdı: «Rusiya ilə dəfələrlə Osmanlı dövlətinin bölüşdürülməsini müzakirə etdik. Hər səfərimizdə qarşımıza İstanbul çıxır və anlaşmamıza mane olurdu. İstanbul olmasaydı paylaşma gerçəkləşəcəkdi. Ruslar İstanbulu istəyir, mən də buna razı olmurdum. İstanbul başı-başına bir məmləkətdir, kim oranı əldə edərsə dünyaya hökm edər».

Aramsız hücumlar davam edir, İstanbul sularında düşmən gəmiləri üzürdü. Lakin nə bu qanlı savaşlar, saysız-hesabsız cəbbəxanalar, canlı qüvvə itkiləri imperialist dövlətlərə arzuladıqları qələbəni gətirmədi.

Türkiyəni tamamilə işğal edib aralarında bölüşdürmək istəyən İngiltərə, Fransa, Almaniya və Yunanıstan donanmaları 1915-ci ilin  martında boğazlar vasitəsilə içərilərə doğru hərəkətə başladılar. Lakin elə boğazdaca türklərin top zərbələri ilə qarşılaşır, martın 18-də bir neçə düşmən gəmisi isə Çanaqqala boğazında qurulmuş minalara çırpılaraq parçalanır. Bu qanlı savaş boğazlardakı döyüşün talehini həll edir. Uğurlu müdafiəyə başçılıq edən möhkəmləndirilmiş qala komandanı Cavad Paşa tarixə «18 mart» qəhrəmanı kimi daxil olur. Bu qanlı savaşdakı qələbədən türk xalqı bir gözündən gülür, o biri gözündən yaş axıdırdı. Düşmənlə savaşan 700 min türk məhmətciyinin 213 min 882-i şəhid olmuşdu. Türk dünyasının böyük şairi Məhmət Akif Ərsoy məşhur «Çanaqqala şəhidlərinə» şeirini də onların müqəddəs ruhuna həsr etmişdi:

 

Ey, bu topraqlar üçün toprağa düşmüş asker!

Gökten ecdad inerek öpse o pak alnı deger.

Ne büyüksün ki, kanın kurtarıyor tevhidi

Bedrin aslanları ancak bu kadar şanlı idi.

Sen ki, ruhunla beraber gezer ecramı adın,

Sen ki, aşara gömülsen taşacaqsın…Heyhat,

Sana gelmez bu ufuklar, seni almaz bu cihat.

Ey, şehit oğlu şehit, isteme benden makber,

Sana ağuşunu açmış duruyor Peyğamber!'

 

Türk şairləri və yazarları xalqını qəflət yuxusundan oyatmaq, İstanbulu, Anadolunu düşmənlərə taptaq etməmək üçün son nəfəsədək vuruşmağa səsləyir, vətənpərvər şeirlər, nəsrlər yazırdılar. Ən böyük mübarizələri çökmüş Osmanlı quruluşunun yerində yeni, müasir, mədəni Türkiyə dövləti yaratmaq idi ki, bunun üçün də savaşmaq, qan tökmək gərək idi. Belə də oldu, çox keçmədən hürriyyət və millət uğurunda savaşlar görünməmiş vüsət aldı, analar oğullarının saçlarına xına yaxıb Vətənə qurban deyərək döyüşə göndərdilər. O dönəmlər Azərbaycanda da milli azadlıq hərəkatı da genişlənmiş, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Abbas Səhhət, Cəfər Cabbarlı kimi şair və yazıçılar Məhmət Akif Ərsoy kimi vətən aşiqi şairlərlə bir sırada qədim türk xalqlarını millət kimi vücuda gətirmək üçün savaşdılar, əski türk düşüncəsini müsəlman ümməti fəlsəfəsindən millət müstəvisinə qaldırdılar. Böyük Hüseyn Cavid yazırdı: «Azadlıq! Öylə nazlı afət ki, qan tökülməyincə üzə gülməz o, işvəkar!      

1919-cu ildə yunan ordusu imperialist dövlətlərin hərbi gəmilərinin köməyilə İzmiri işğal edib yenidən İstanbula doğru hərəkət edir. Həmin ilin mayında Şərqi və Mərkəzi Anadoluda general Mustafa Kamal Paşa Atatürkün liderliyi altında Türk Milli Azadlıq Hərəkatı başladı. O, vaxt itirmədən qanlı savaşlara girdi. 1922-ci ilin payızına qədər amansız müharibə davam etdi. Bu vaxt Türkiyənin daxilində də vəziyyət ürəkaçan deyildi. Erməni quldur dəstələri düşmən ölkələrin yardımıyla Anadolunun ucqarlarında, Sarıqamışda, Vanda, Bitlisdə və Türkiyənin başqa sərhəd bölgələrində əliyalın türk obalarına hücum edir, amansız qətllər törədirdilər, başqa bir bölgədə isə Kürdüstan dövləti yaratmaq üçün silahlı quldur dəstələr Türkiyəni gücdən salmaq üçün talan-qarətlər edir, silahsız əhalini öldürürdülər. Açılan hər sabah minlərlə Anadolu insanının qətli ilə qaralırdı. Ancaq qəhrəman türk xalqı usanmadı, general Mustafa Kamal Paşanın komandanlığı altında sonadək savaşdı, qələbəsinə inanaraq.

1923-cü ilin əvvəllərində Mustafa Kamal Paşanın komandanlığı altında türk ordusu imperialist qüvvələr üzərində tam və qəti qələbə çalaraq işğal olunmuş bütün ərazilərini düşmən qüvvələrindən təmizləyir, Qara Dəniz sularında Türkiyə gəmiləri üzməyə başlayır. Bu qələbə əsrlərdən bəri müstəmləkə şəraitində yaşayan türk dövlətlərinin, bütün Şərq xalqlarının milli-azadlıq hərəkatına səbəb oldu.

Böyük Atatürkün türk məhmətcikləri ilə yenidən yaratdığı müstəqil Türkiyə Respublikası 1923-cü il oktyabrın 29-da dünyaya bəyan edilir. Bir neçə il öncə Türkiyəni aralarında bölüşdürməyə cəhd edən dövlətlər nəinki onun müstəqillik bəyanatını tanıdı, bu sevinci paylaşmaq üçün İstanbula təşrif buyurdular. Atatürkün irəli sürdüyü təklifləri qeydsiz-şərtsiz qəbul edir, dostluq sazişi imzalayırdılar.  Məhmət Akif Ərsoyun yazdığı İstiqlal Marşı ilə ay-ulduzlu bayraq yüksəklərə qaldırıldı. Sabahı gün Türkiyə qəzetləri şairin bu sözləri ilə başlayırdı: «Allah Türk xalqına bir daha istiqlal marşı yazmağı nəsib etməsin».

Türkiyənin böyük qurbanlar hesabına siyasi müstəqilliyini əldə etməsi onun çoxəsirlik tarixində dönüş nöqtəsi oldu, ölkənin milli dirçəlişi üçün əlverişli şərait yarandı. Hakimiyyətə gəlmiş yeni hökumətin qarşısında ölkəni inkişaf etmiş qabaqcıl dövlətlər səviyyəsinə qaldırmaq, siyasi, iqtisadi və mədəni həyatında mövcud olan orta əsr geriliyini ləğv etmək kimi mühüm vəzifələr dururdu.

Eyni soy-kökə, dilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə malik  iki qardaş xalq - Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər hələ dövlətlərarası hüquqa söykənmədiyi çağlarda möhkəm olmuşdu. XX əsrin əvvəllərində bu doğmalıq və qardaşlıq dövlətlərarası əməkdaşlığa əsas olmuş, iki xalq arasında hər bir sahənin, o cümlədən siyasi-hərbi əməkdaşlığın təməli qoyulmuşdur. Balkan savaşlarında, Birinci Dünya müharibəsində Türkiyənin iştirak etməsi, qoyulmuş qadağalara baxmayaraq Azərbaycan türklərini hərəkətə gətirmiş, onlar öz qan və din qardaşlarına yardıma qaçmışlar. Mənbələr göstərir ki, Balkan savaşında Türkiyəyə ilk siyasi dəstəyi verən də qardaşı Azərbaycan olmuş, 1912-ci ildə İstanbulun «Səbilür-Rəşad» məcmuəsində Azərbaycanın bəyanatı dərc olunur: «Dindaşlar! Bilin və agah olun ki, yeganə ümidimiz və nicatımız Türkiyənin istiqlal və tərəqqisindədir»

1918-ci ildə isə beynəlxalq təzyiqlərə baxmayaraq Azərbaycanı bolşevik-daşnak istilasından qurtarmaq üçün Türkiyənin hərbiyyə naziri Ənvər Paşanın səyi ilə yaradılan və kiçik qardaşı general-leytnant Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanı parçalanmaqdan xilas etmiş, paytaxt Bakı işğaldan azad olunmuş, bu döyüşlərdə 1140 türk əsgəri şəhid olmuşdu. Anadolu məhmətlərinin Azərbaycan uğrunda tökülən qanlarının izləri bu gün də ölkəmizin müxtəlif bölgələrində yaşayır.

İstiqlalına qovuşan gənc Türkiyənin qarşısında duran ən böyük vəzifələrdən biri Cənubi Qafqazda ən böyük dövlət olan dost Azərbaycanla münasibətləri daha da genişləndirmək, əlaqələri möhkəmləndirmək idi. Bu münasibətlər yetmiş ildən sonra yenidən ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» düsturu ilə əbədiyyətə yol aldı. Azərbaycan Prezidenti İlham Əliyev isə çıxışlarının birində «Bir millətin iki diasporu olmaz» fikri iki qardaş xalqın birliyinin ən gözəl ifadəsidir. Azərbaycanla bağlı hər hansı bir sənədin BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq nüfuzlu təşkilatlar çərçivəsində müzakirəsi zamanı ölkəmiz birinci olaraq qardaş Türkiyənin dəstəyini hiss edir. Bakı da hər zaman əziz qardaşı Ankraya eyni sevgini nümayiş etdirir. Hər iki ölkənin rəhbərləri çıxışlarında bu fikri dönə-dönə vurğulayırlar: «Heç kimdə zərrə qədər şübhə yeri qalmasın, hər iki xalqın bayrağı sonsuzadək yan-yana dalğalanacaq». Göründüyü kimi XX əsrin əvvəllərində böyük türk və Azərbaycan ziyalılarının canları və qanları hesabına yaratdıqları türkçülük məfkurəsi əsrin sonunda türk dünyasını xilas etdi, onları bir-birinə sıx bağladı, bir daha ayrılmamaq üzərə.

XXI əsrdə isə ölkələrimizi nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi, regionda sülhün və əməkdaşlığın bərqərar edilməsi kimi böyük amal birləşdirir. Böyük türk xalqının maraqlarının qorunması və etibarının yüksəldilməsi uğrunda mübarizədə qardaşların bir-birinə dəstək verməsindən gözəl və müqəddəs nə ola bilər!? Dünya sivilizasiyasının inkişafına böyük töhfələr vermiş türk xalqı bu vəzifənin öhdəsindən hər zaman ləyaqətlə gəlib və iki qardaş xalq qoşa addımladıqca gücü daha da artacaq.

 

 

Ərtoğrul 

 

Kaspi.- 2010.- 29 oktyabr.- S. 8.