Həqiqi mənəvi
sərvət
Ataxan Paşayev:
«Hansı xalqın ki, mükəmməl arxivi var, o
xalqın həqiqətən də mükəmməl
yazılmış tarixi var»
(əvvəli
ötən sayımızda)
Azərbaycanda arxiv quruculuğu çox çətin və ağır bir yol keçib. Qədim dövlətçilik tarixinə və mədəniyyətə malik ölkəmiz strateji bir region kimi daima yadelli işğalçıların diqqətini cəlb edib. Uzun illər Azərbaycanın ərazisi müxtəlif işğalçı dövlətlərin mübarizə meydanına çevrilib. Nəticədə də bu ərazidə yaranan qiymətli arxiv sənədləri ya məhv edilib, ya da xarici işğalçılar tərəfindən talanıb aparılıb. Bu gün Avropa, Asiya, Amerikanın müxtəlif ölkələrindəki muzey və arxivlərdə xalqımızın tarixinə aid çoxlu qiymətli sənədlər və nadir əlyazmalar saxlanır.
Milli Arxiv İdarəsinin rəisi, tarixçi alim Ataxan Paşayevlə müsahibəmiz milli arxivimizin keçmişi və bu günü barədədir.
İlk sənədlər
- Milli Arxivin ilk fondları hansı sənədlərdən ibarətdir?
- Bizim arxivlərdəki sənədlər 19-cu əsrin əvvəllərini əhatə edir. Arxivin ilk fondları Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Bakı kommunasının fəaliyyətini əks etdirən sənədlərdən ibarətdir. Burada Xalq Cümhuriyyətin Parlamentinin fəaliyyətini əks etdirən sənədlər lazımınca mühafizə olunur. Parlamentin stenoqşrafik hesabatları (dekabr 1918 - aprel 1920) cümhuriyyət hökumətinin qanunvericilik orqanının, demokratik şəraitdə xalqın əksəriyyətinin istək və arzularını nəzərə almaqla keçirdiyi müzakirələr, qəbul etdiyi qanunlar haqqında müfəssəl məlumat verir. Azərbaycan parlamentinin yaranması, hərbi məhkəmə, müxtəlif idarələrdə törədilən sui-istifadə hallarının istintaqı üzrə xüsusi təftiş istintaq komissiyasının yaradılması, Azərbaycan vətəndaşlığı, Bakı şəhərində dövlət universitetinin təsis edilməsi, Şuşada pulsuz xəstəxana, epidemiya ilə mübarizə və qaçqınlara tibbi yardım üçün 12 dəstənin təşkili, Azərbaycan Respublikasının Qərbi Avropada, Amerikada, Almaniyada və sovet Rusiyasında diplomatik missiyalarının təsis edilməsi və s. xüsusilə maraqlıdır. Həmin fondlarda hökumətin daxili işlər, hərbi, dövlət nəzarəti, əmək, torpaq və dövlət əmlakı, ədliyyə, yollar, maliyyə, ticarət və sənaye nazirliklərinin sənədləri cəmləşdirilmişdir. Bakı qubernatoru idarəsinin, Şuşa, Zəngəzur, Cavad və Cəbrayıl qəzaları müvəqqəti general-qubernatorluğunun, Bakı və Gəncə quberniyaları qəza rəisləri idarəsinin, Azərbaycan məhkəmə palatasının, Azərbaycan məhkəmə palatası prokuroru dəftərxanasının, Bakı dairə məhkəməsi prokuroru dəftərxanasının, Bakı şəhər upravasının, Bakı polismeysterliyi idarəsinin, Gəncə torpaq və dövlət əmlak komitəsinin və s. fondları tədqiqatçılar arasında böyük maraq doğurur. Arxivdə ilk qəza inqilab komitələrindən başlamış, şəhər, rayon mərkəzləri, qəsəbə, kənd zəhmətkeş deputatları sovetlərinədək bütün yerli dövlət hakimiyyət orqanlarının fondları qorunur.
- Arxivdə müasir dövlətçiliyimizlə bağlı sənədləri toplamaq çətinlik yaratmır ki?
- Biz bu yaxınlarda Azərbaycan İnqilab Komitəsi, Xalq Komissarları Sovetinin iclas protokollarından ibarət kitab nəşr etdirdik. Bunların hamısı Nəriman Nərimanovun sədrliyi ilə keçən iclaslardır. Zaqafqaziyanın müstəqilliyi elan olunandan sonra, Zaqafqaziya seymində müsəlman fraksiyası, Azərbaycan Milli Şurası və Milli Şuranın qərarı ilə Azərbaycan Cümhuriyyətinin Parlamenti yarandı. Həmin parlamentin 148 iclasının protokollarını 7 cilddə nəşr etdirmişik. Parlamentin qəbul etdiyi qanunlar, ordu quruculuğu, Azərbaycanın xarici siyasəti ilə əlaqədar və cümhuriyyət süqut etdikdən sonra iki dövrü əhatə edən hadisələrlə bağlı sənədlər də burada yer alıb.
20-ci ildən bu günə qədər Mərkəzi İcraiyyə Komitəsi, Ali Sovetin Rəyasət Heyəti, Xalq Komissarlar Soveti, ayrı-ayrı komissarlıqlar, nazirliklərin sənədləri qorunub saxlanılıb. Uzun illər arxivlərimizdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri özündə əks etdirən və onun həqiqi sahibi olan xalqdan gizli saxlanılan sənədlər və materiallar əsasında hazırlayaraq nəşr etdirilən çoxcildli sənəd topluları respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.
Müasir dövrə gəlincə, qanuna görə, mərkəzi hakimiyyət orqanlarının sənədləri 15 ildən sonra arxivə verilir. Ümumiyyətlə, Arxivdə Azərbaycan tarixini öyrənmək üçün mənbə olan çox qiymətli sənədlər cəmlənib. İdarə hal-hazırda yeni, müasir qiymətli sənədlərin komplektləşdirilməsi işini səylə davam etdirir və müstəqil Azərbaycan Respublikasının tarixinə aid sənədlərlə daha da zənginləşir.
- Ölkənin iqtisadiyyatı, səhiyyəsi, neft sənayesi, kənd təsərrüfatı və s. sahələri əhatə edən sənədlər də arxivdə qorunurmu?
- Arxivin 20-ci ildən sonrakı dövrü əhatə edən fondlarında Azərneftkomun yaradılması və neft sənayesinin milliləşdirilməsi haqqında dekret, 1921-1935-ci illərdə Azneft sisteminin təşkilində baş verən dəyişiklikləri əks etdirən çoxsaylı sənədlər, o cümlədən əm rvə təlimatlar, əsasnamələr, Azneftin təsərrüfat hesabı ilə işə keçirilməsi, sahə müəssisələrinin yoxlanılması və direktiv orqanlarında müzakirəsi və s. barədə çoxlu sənəd saxlanılır. Eyni zamanda arxivdə geologiya, neft və qaz kəşfiyyatına dair xeyli sənəd var. Sonrakı illərdə, xüsusilə İkinci Dünya müharibəsi illərində Azərbaycan neftçilərinin misilsiz qəhrəmanlığı, yeni qazma üsullarının tətbiqi, dənizdə neft hasilatı, neftqayırma və neft kimyası zavodlarında yeni məhsulların buraxılması, Azərbaycan neftçilərinin yeni-yeni kəşfləri, onların beynəlxalq aləmdə tanınması, simpozium və konqreslərdə çıxışları, Bakı neftçilərinin düşmənin dəf edilməsinə səfərbər olması haqqında sahə həmkarlar ittifaqının arayışları, neft sənayesi işinin müharibə dövrünün tələblərinə uyğun olaraq yenidən qurulması, hərbi təyyarələrin, tankların buraxılması üçün vəsait toplanması barədə Azərneftkombinat rəisinin əmri, 1941-ci il tapşırıqlarının yerinə yetirilməsi haqqında arayış, cəbhə ilə digər əlaqələr və s. barədə maraqlı sənədlər arxivdə qorunub saxlanmaqdadır. Arxivdə həmçinin xeyli miqdarda şəxsi mənşəli fondlar da vardır.
Laqeydlik
- Bəs 19-cu əsrdən əvvəlki dövrü
əhatə edən sənədlər harada qorunur?
- O dövrdən əvvəlki sənədlər bilavasitə yazıçılar, elm xadimləri, Füzuli, Nizami və başqaları haqqında olan sənədlərdir və onlar Əlyazmalar İnstitutunda qorunur. Demək olar ki, bizim tariximizin əksər mənbələri - qədim, orta əsrlər tarixləri hamısı xaricdədir. Əsasən İran, Türkiyə, Fransa, İngiltərə, Almaniya, Vatikan kitabxanasında və b. yerlərdə saxlanır. Onlar istilalar dövründə arxivləri yığıb aparıblar. Maraqlıdır ki, onlar hansı ölkəyə gəliblərsə, həmişə də gəldikləri yerdən arxivləri yığıb aparıblar. Məsələn, görkəmli şairimiz , Mirzə Şəfi Vazehin arxivini alman Bodenştedt aparıb. Əvvəlcə 30-40 nəşrini «Mirzə Şəfinin nəğmələri» adı ilə buraxdırıb, sonra öz adına çıxıb. Sənədə münasibətimiz o qədər laqeyd olub ki, Mirzə Şəfi haqqında heç nə qalmayıb. Biz onun əsərlərini indi alman dilindən öz dilimizə tərcümə edirik. Rusiyada da 1919-20-ci illərin əvvəllərində «Mirzə Şəfinin nəğmələri»ni buraxıblar. Biz öz mədəniyyətimizə heç vaxt ciddi yanaşmamışıq. Baxmayaraq ki, 20-ci illərdə ermənilər başımıza müsibətlər açıb, biz 20-ci illərdən sonra arxivlərimizi yenə də onlara tapşırdıq. Son vaxtlara qədər bizim arxivlərimizdə çoxlu ermənilər çalışırdı. Ona görə də onlar nəyi bacarıblarsa məhv ediblər. Bizim xalqda sənədə münasibət həmişə laqeyd olub. İndinin özündə də laqeydlik var. «Köhnə kağız-kuğuzdur, kimin nəyinə lazımdır» deyə yanaşırlar. Bizim bəlamız da bundadır.
- Sənədlərin tarixdə rolu yalnız tarixi sübut etmək üçündür?
- Sənədsiz heç zaman tarixi sübut
etmək olmur. Bizim qonşularımız
yalan-doğru hər şeyi yığıb saxlayıblar. İndi də dəyən kimi hamısını çıxarırlar meydana
ki, bax, bu da bizim filan vaxtın sənədləri.
Ancaq bizdə bu sənədlərin heç biri qalmayıb. Hansı xalqın ki, mükəmməl arxivi var, o xalqın həqiqətən də mükəmməl yazılmış
tarixi var. O xalqın ki, mükəmməl arxivi yoxdur, demək mükəmməl
yazılmış tarixi
də yoxdur. «Gülüstan»,
«Türkmənçay» müqavilələrindən
sonra - Azərbaycan iki yerə bölünəndə,
bizim arxivlərimizin bir hissəsi İranda, bir hissəsi də Rusiyada qaldı.
- Xaricdə saxlanılan sənədlərin surətlərinin
çıxarılıb Azərbaycana
gətirilməsi mümkündürmü?
- Qəbul olunan Proqramda bu məsələ
də yer alıb. Bunun üçün təkcə
maddi vəsait yox, yaxşı mütəxəssislər də
lazımdır. Onlar həm arxiv işini bilməli, həm də xaricdə saxlanılan sənədlər haqqında
məlumatlı olmalıdırlar.
Onu da qeyd
edim ki, bu gün arxiv
işçilərinin əmək
haqqı çox aşağıdır. İnstitutu
bitirən gənci aldığı əməkhaqqı
qane etmədiyi üçün burada çox qalmır.
Bir neçə ildən
sonra…
- Arxivdə şəcərələrlə
bağlı sənədlər
də varmı?
- Əvvəllər azərbaycanlılar
şəcərə ilə
bağlı maraqlanmırdılar.
Bu daha çox Avropa ölkələrinə
məxsus idi. İndi bizimkilər də öz şəcərələrini axtarmağa
başlayıblar. 19-cu əsrdə
ruslar burada siyahıyaalınma keçiriblər.
Bunu əsasən şəhərlərdə, kəndlərdə
əhalinin siyahısı
tutulub. Ona görə də bəzən yaşlı adamlar öz keçmişini tapmaq üçün bizə müraciət edirlər. Məsələn, aşurbəyovlar,
bakıxanovlar, xanlarovlar.
Həmin siyahıyaalınmada
onlar qeyd olunublar.
- Arxivdə qorunan qəzetlər hansı dövrləri əhatə
edir?
- Qəzetlər 19-cu əsrin
əvvəllərindən başlayaraq
20-ci əsri əhatə
edir. 1920-ci ildə Mərkəzi Dövlət
Arxivnin yaradılması
haqqında fərmanda maddələrdən
biri mətbuat orqanlarının nəşr
etdirdiyi məhsulların
iki nüsxəsini dövlət arxivlərinə
təqdim etməsi ilə bağlı idi. Hazırda ölkəmizdə
çoxlu qəzet
və kitablar buraxılır.
İndi biz qəzetlərə
abunə olunuruq. Amma bütün mətbu orqanları və nəşrləri əldə edə bilmirik. Bir neçə
ildən sonra bu dövrdə çıxan qəzetlərin,
kitabların nüsxələrini
tapmaq çətin olacaq.
Təranə Məhərrəmova
Material KİVDF-nin
dəstəyi ilə həyata keçirilən
layihə çərçivəsində
hazırlanıb.
Kaspi.- 2010.- 30 oktyabr-1 noyabr.- S. 8.