“Mən çox
optimist insanam”
Mətanət Ağamirli telejurnalist
kimi formalaşmasına
görə özünü
«Lider» TV-yə borclu hesab edir
«Lider» televiziyasının fəaliyyətə
başlamasının 10 ili tamam olur. Azərbaycanın efir məkanındakı
azsaylı özəl
telekanallardan olan «Lider» ötən müddət ərzində
xeyli tamaşaçı
kütləsi toplaya bilib. Telekanal siyasət, mədəniyyət,
idman, bir sözlə, həyatımızın
bütün sahələri
ilə bağlı verilişlər hazırlayıb
tamaşaçılarına təqdim edir. Yubiley ərəfəsində telekanalın
Xəbərlər Departamentinin
aparıcı jurnalisti
Mətanət Ağamirli
ilə söhbətləşdik.
Mətanət Ağamirli:
Prezident yanında Dövlət İdarəçilik Akademiyasını
bitirib. Hələ tələbəlik illərində
dövri mətbuatda çalışıb. 1993-cü ildən 1999-cu ilə qədər müxtəlif
qəzet və jurnallarda müxbir kimi çalışıb.
1999-cu ildə «Bizim əsr» qəzeti yaranarkən «Media Holdinq»ə
dəvət alıb.
«Lider» televiziyası yaranandan isə burada fəaliyyət göstərir.
- Mətanət
xanım, bu günlərdə sizin televiziyanın yubileyidir.
Bu televiziya yaranandan onun ilk işçilərindən
olmusunuz. Ötən illər ərzində «Lider» televiziyası sizə nə verib?
- Televiziya
jurnalisti olaraq mənim ilk iş yerim «Lider» olub.
Amma buna qədər 8 ilə yaxın müxtəlif qəzetlərdə çalışmışdım
deyə, müəyyən
qədər təcrübəm
var idi. Bu baxımdan o qədər də çətinlik çəkmədim. Xatırlayırsınızsa,
«Lider» televiziyası elə bir dövrdə
fəaliyyətə başladı
ki, həmin vaxt efir məkanında
yeni bir telekanalın fəaliyyətə
başlamasına zərurət
yaranmışdı. Necə
deyərlər, bütün
təsadüflər zərurətdən
doğur. Bizim fəaliyyətə başlamağımız
çox səs-küylü
oldu, böyük rezonans doğurdu. Mən fikirləşirəm
ki, bu gün
bir telejurnalist kimi formalaşmışamsa,
məni sevən tamaşaçılarım varsa,
mən buna görə «Lider» TV-yə borcluyam. Çünki mən bir telejurnalist kimi məhz burada formalaşmışam.
Təvazökarlıqdan uzaq
olsa da, «Lider» TV-nin efiri
vasitəsilə bizi milyonlar tanıyır. Bunun üçün «Lider»ə və onun prezidentinə minnətdaram.
- Bəs
sizcə ötən
10 il ərzində «Lider» televiziyası cəmiyyətə nə verib?
- Hesab edirəm ki, «Lider» fəaliyyətə başlayan zaman teleməkanda yeni bir nəfəsə ehtiyac var idi.
Biz efir məkanına
bu yeni nəfəsi
gətirdik. Bilirsiniz ki, televiziyamız təkcə Azərbaycanda
yayımlanmır. Neçə
illərdir «Lider»in verilişlərinə bütün
dünyada baxmaq mümkündür. Dünyanın
bütün ölkələrindəki
azərbaycanlılar, türklər,
ümumiyyətlə əcnəbilər
Azərbaycan həqiqətlərini,
ölkəmizdə baş
verən hadisələr
haqqında məlumatları
bizdən alırlar. Hamımız bilirik ki, bu dəqiqə
Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsidir. Biz bu
münaqişə ilə
bağlı həqiqətləri
dünya ictimaiyyətinə
çatdırırıq. Münaqişənin
həlli ilə bağlı aparılan danışıqlar prosesi
daim diqqətimizdə
olur. Avropanın hansısa bir ölkəsində oturan əcnəbi bu münaqişə haqqında
əsl həqiqətləri
eşidə bilirsə,
bu, çox sevindiricidir. Məncə bu, bizim cəmiyyətimizə
çox lazımdır.
Biz bu yolu tutmaqla dövlətimizə
və millətimizə
xidmət göstərmiş
oluruq.
- Qeyd etdiyiniz kimi «Lider»in fəaliyyətə
başlaması böyük
rezonans doğurmuşdu.
Fəaliyyətinin ilk illərində
telekanalınız tamaşaçılara
yeni-yeni maraqlı layihələr təqdim edirdi. Amma son vaxtlar «Lider»də sanki bir durğunluq
müşahidə olunur.
- Mən
sizinlə o mənada razıyam ki, «Lider» TV yayıma yeni başladığı
illərdə müxtəlif
rəngarəng proqramlarla
tamaşaçıların görüşünə gəlirdi,
onların zövqünü
oxşayırdı. Amma
düşünmürəm ki, indi belə
deyil. Sizin təsəvvürləriniz bəlkə
də indi yay aylarının olması ilə bağlıdır. Amma ədalət naminə demək lazımdır ki, “Lider”in yay
efiri digər telekanallarin yay efirindən daha zəngindir. Sentyabrdan isə yeni mövsüm
başlayır. Yəqin
ki, «Lider» televiziyası da yeni mövsümdə tamaşaçılarını yeni möhtəşəm
verilişlərlə sevindirəcək.
- Mətanət xanım, sizcə «Lider»in fəaliyyətə başladığı 2000-ci il teleməkanı ilə bugünkü teleməkan arasında hansı fərqlər var? Müşahidələriniz sizə nə deyir?
- Məncə
dəyişikliklər çoxdur. Ötən
illər ərzində bir çox
dəyişikliklərin şahidi olmuşuq. Diqqət yetirsək həmin vaxtlar jurnalist-məmur, jurnalist-vətəndaş
cəmiyyəti, jurnalist-cəmiyyət münasibətlərində
müəyyən anlaşılmazlıqlar var
idi. Ötən illər ərzində
şükürlər olsun ki, bu
anlaşılmazlıqlar aradan qalxıb.
Ötən illər televiziyalarımıza da,
cəmiyyətimizə də müəyyən təcrübələr
qazandırıb. İndi jurnalist-məmur,
jurnalist-cəmiyyət, jurnalist-vətəndaş cəmiyyəti
münasibətləri tamam fərqlidir. Bu münasibətləri 10 il
əvvəl biz ancaq arzu edə bilərdik. Ancaq
bu gün onlar reallıqdır. Biz inkişaf etmiş ölkələrin
uzun illər ərzində keçdiyi
yolu çox qısa
müddət ərzində qət etdik. Bu illər ərzində xeyli
müsbət təcrübələr qazanmışıq.
Ötən illər ərzində təkcə dövlət
orqanlarının deyil, həm də vətəndaş
cəmiyyəti institutlarının mətbuatla münasibətləri
təkmilləşib. Bu gün jurnalist bilir ki, informasiyanı almaq üçün kimə müraciət etməlidir. Daha 10 il əvvəlki
kimi mütləq dövlət qurumlarındakı
birinci şəxsləri
axtarmağa ehtiyac yoxdur. Bir sözlə, ötən
illər ərzində
jurnalistlərin informasiya
almaq imkanları genişlənib.
- Sizcə «Lider» televiziyasının xəbər
xidməti cəmiyyətin
bütün sferaları
ilə bağlı xəbərləri əhatə
edə bilirmi?
- Məgər
siz belə hesab etmirsiniz? Məncə əhatə edə bilirik. Bizim devizimizdə deyilir
ki, «Biz demirik ki, bizimlə qalın, deyirik ki, biz sizinləyik».
Bu gün «Lider» televiziyasının istər
bölgələrdə, istər
paytaxtda, istərsə
də xaricdə çox böyük tamaşaçı kütləsi
var. Əgər mən
hansısa bir Avropa ölkəsinə hava limanında qarşılaşdığım bir türkdən «Mən sizi tanıyıram,
«Lider» televiziyasının
sunucususunuz» sözlərini
eşidirəmsə, deməli,
qürurlanmağa əsas
var.
- Ölkədəki
digər telekanalları
izləyirsinizmi?
- Əlbəttə ki. Məncə ölkədə
baş verən prosesləri istər televiziyalardan, istər qəzetlərdən, istərsə
də xəbər saytlarından izləmək
jurnalistlərin həm
də işidir.
Mən də həmçinin jurnalist olaraq ölkədə baş verən siyasi, iqtisadi, sosial olayları və onlara müxtəlif informasiya orqanının münasibətini bilməkdə
maraqlıyam.
- Amma gəlin etiraf edək ki, Azərbaycan
telekanallarının xəbər
xidmətləri qonşu
Türkiyə və Rusiyanın telekanallarından
həm operativliyə,
həm də texniki baxımdan uduzurlar. Sizcə bu fərq nə
vaxta qədər davam edəcək?
- Mən
çox optimist insanam.
Bu məsləyə yanaşarkən
adlarını çəkdiyimiz
ölkələrin tarixini,
əhalisinin sayını
və digər potensiallarına diqqət yetirmək lazımdır.
Mən 2004-2005-cü illərdə
«Lider» televiziyasının
Türkiyə təmsilçisi
işləyərkən o vaxt
Türkiyənin tanınmış
telekanallarında çalışan
həmkarlarımız deyirdilər
ki, Türkiyə indiki inkişaf səviyyəsinə 70-80 ildən
sonra çatıb. Türkiyə telekanallarının
inkişafı 90-cı illərdən
başlayıb. Mən
hesab edirəm ki, digər ölkələrin uzun müddətə keçdiyi
yolu biz çox az məsafə ilə qət etməkdəyik.
- Son vaxtlar televiziyalardan
söz düşəndə həmişə bu sahədə
ixtisaslı kadrların az olması gündəmə gəlir.
Sizdə də bu sahədə problemlər varmı?
- Ola bilər ki, qeyd
etdiyimiz kasadlıqlar bəzi hallarda özünü göstərir.
Amma deməliyəm ki, yeganə “Lider” televiziyasıdır ki,
bu çatışmazlıqları aradan qaldırmaq
üçün vaxtaşırı xarici kanallardan
tanınmış mütəxəssislər dəvət edərək
treninqlər keçirir. Həmçinin rəhbərliyimiz
vaxtaşırı əməkdaşlarımızı xarici
kanallara təcrübə mübadiləsinə göndərir.
- Sizdə işə gələn
gənc kadrların səviyyəsi qaneedicidirmi?
- Bizim televiziyada Bakı
Dövlət Universitetinin və digər universitetlərin
jurnalistika fakültələrinin tələbələri təcrübə
keçirlər. Həmin təcrübə zamanı özlərini
müsbət mənada göstərən gənclər diqqətdə
saxlanır. Hazırda “Səda” informasiya departamentində
çalışan gənc jurnalistlərin bir neçəsi məhz
həmin təcrübə zamanı özlərini
doğruldanlardır. Bizim televiziyada nəinki 3 ay, 6 ay, hətta
1 il təcrübə keçənlər var. Kimlər bu
peşədə özlərini tapırlarsa, rəhbərliyimiz
tərəfindən qapılar onların üzünə
açıq olur.
İlham Quliyev
Kaspi. -2010. – 1 sentyabr. – S.8.