Xatirələrlə dolu ev

 

Bakının Yuxarı Dağlı məhəlləsində - indiki Abdulla Şaiq 21 ünvanda üçmərtəbəli, yaşı yüzü keçən  tarixi bir bina var. Bu ünvanda milli ədəbiyyatımıza zəngin bədii irs bəxş edən böyük Azərbaycan klassiki, görkəmli maarif və mədəniyyət xadimi Abdulla Şaiq Talıbzadə yaşayıb. Ədib ömrünün 1918-ci ildən 1957-ci ilədək dövrünü burada keçirib. Küçə isə 1981-ci ildən böyük ədibin adını daşıyır.

 

Adama elə gəlir ki, burada indicə hər şey dağılacaq, söküləcək...

 

Vaxtilə Bakının sayılıb-seçilən küçələrindən olan və yaşadığı şəxsiyyətləri ilə tanınan bu küçə indi adama çox ağrılı təsir bağışlayır. Üzbəüzdə gedən tikintilər və söküntülər, küçənin asfalt örtüyünün bərbad hala düşməsi, köhnəlib əldən düşən qədim evlərin miskin vəziyyəti adamda Bakının ötən əsrin əvvəllərindəki  təəssüratlarını yaradır. Adama elə gəlir ki, burada indicə hər şey dağılacaq, söküləcək...

Ev muzeyin qarşısı isə maşın dayanacağını xatırladır. “Jeep” maşınların hündürlüyü, digər xarici markalı maşınların sıxlığından muzeyin qapısına vurulan memorial lövhəni görmək çətindir. Hələ muzeyin düz qabağında mer-meyvə, göy-göyərti satanlarla qarşılaşanda təəccübdən donub qalırsan.

Özünə rahat dayanacaq seçən maşınların arasından birtəhər yol tapıb muzeyin qapısına yaxınlaşırıq. Seyf qapının arxasından muzeyin 1-ci mərtəbəsinə gedən yol maestro Niyazinin mənzil-muzeyinin yerləşdiyi binanın blokunun girişindən bir o qədər də fərqlənmir. Burda da çöl divarların rəngi uçuq-sökükdür. Muzeyə gedən yolu göstərən ox işarəsi isə bizi binanın birinci, daha sonra ekspozisiyanın yerləşdiyi 2-ci mərtəbəyə aparır.

 

«Abdulla Şaiqin dünya şöhrəti»

 

Muzeyin elmi işçisi Ülkər xanimın müşaiyəti ilə dolama pillələri qalxıb ekzpozisiyanın yerləşdiyi otaqlara, daha doğrusu Abdulla Şaiqin vaxtilə yaşadığı otaqlara daxil oluruq. Ülkər xanım mənzil-muzeyin 1991-ci ilin dekabrında fəaliyyətə başladığını, ədibin 120 illik yubileyi ərəfəsində 2001-ci ilin yanvar ayında muzeyin ekspozisiyanın açıldığını bildirdi. Ümumilikdə isə muzeydə 4000-dən artıq eksponat saxlanılır. Kolleksiyanın əsasını xatirə və məişət əşyaları, qədim kitablar, fotoşəkillər, əlyazmaları, incəsənət əsərləri, proqramlar, afişalar və s. təşkil edir. Muzeyin fondunda 100-dən artıq qiymətli əlyazması saxlanılır ki, bunların sırasına ədibin çap olunmayan ədəbi-tənqidi, elmi-pedaqoji əsərlərinin, repressiya dövründə yazdığı nəşr edilməyən şeirlərinin əlyazmaları da daxildir. A.Şaiqin «Arazdan Turana» adlı yeni toplusu muzeydə qorunan əlyazmalar əsasında tərtib edilib.

4 otaqdan ibarət olan mənzil muzeydə hansısa bir xatirənin itəcəyindən qorxurmuş kimi xırda bir əşyaya da toxunulmayıb. «Abdulla Şaiqin dünya şöhrəti» adlanan birinci otaq əvvəllər mətbəx olub. Bu otaqda A.Şaiqin müxtəlif dillərə çevrilərək xarici ölkələrdə dərc edilən əsərləri, eyni zamanda, özünün dünya ədəbiyyatından tərcümə etdiyi nümunələr, görkəmli elm və maarif xadimlərinin ədib haqqında dəyərli yüksək fikirləri, həyat və yaradıcılığını əhatə edən müxtəlif tədqiqatlar nümayiş etdirilir. Otaqda ədibin ailəsinə məxsus xatirə əşyaları – qədim güzgü, mətbəx əşyaları, digər maraqlı eksponatlar da maraq yaradır.

 

Qonaq-qaralı ev

 

Qonaq otağında isə A.Şaiqin anadan olduğu Tiflis şəhərinin görüntüləri, ədibin nəsil şəcərəsi, valideynləri, ailəsi ilə bağlı xatirə əşyaları, fotolar, sənədlər yer alıb. Divarda böyük ədibin qardaşı Yusif Ziyanın, həyat yoldaşı Şahzadə xanımın yağlı boya ilə çəkilmiş portretləri və A.Şaiqlə oğlu K.Talıbzadənin portreti həkk edilmiş süjetli xalça diqqəti çəkir. Ortada qoyulan stol və stullar da elə o vaxtın yadigarıdır. Çoxdan rəngi solmuş məxmər süfrəyə təkcə görkəmli ədibin deyil, o dövrün görkəmli şəxsiyyətlərinin də əlləri toxunub. Onlar bu stolun arxasında qızğın ədəbi mübahisələr aparıb, Azərbaycan xalqının maariflənməsinin yolları barədə fikirlərini bölüşüblər. Bu stolun ətrafında kimlər oturmayıb? Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun, Əhməd Cavad, Bülbül, Məhəmməd Hadi, Abbas Səhhət olub bu evin əziz qonağı. Məhəmməd Hadinin evi olmadığından o da burada yaşayıb.

Divardakı qədim saatın donmuş əqrəbləri isə 1959-cu ildə - Abdulla Şaiqın vəfat etdiyi vaxtı göstərir. Otağın divarında Abdulla Şaiqin ilk müəllimi - qardaşı Yusif Ziyanın portreti yer alıb. Ekzpozisiyanın Dərbənd guşəsində isə böyük ədibin ikinci həyat yoldaşı Şahzadə xanımın doğulub yaşadığı şəhərlə, onun nəsli və s. ilə bağlı sənədlər qorunur.

 

“Müəllimliyimlə fəxr edirəm”

 

Ekspozisiyanın üçüncü otağı isə «Mən yazıçılığımdan ziyadə müəllimliyimlə fəxr edirəm» -deyən ədibin pedaqoji fəaliyyətini əks etdirir. Burada A.Şaiqin yazdığı və tərtib etdiyi ilk dərsliklər, pedaqoji fəaliyyəti ilə bağlı müxtəlif sənədlər, fotolar, uşaqlar üçün qələmə aldığı əsərlər, onun dramaturji yaradıcılığı ilə bağlı müxtəlif sənədlər, fotolar, afişalar və digər maraqlı materiallar nümayiş etdirilir.

Küncdə susan köhnə radio da ədibin xatirə əşyası kimi qiymətlidir. Vaxtilə bu radiodan  Abdulla Şaiqin verilişlərinin səsi otaqlara yayılıb.

 

Tarixə çevrilən toy

 

Görkəmli ədibin iş otağında onun müxtəlif illərdə nəşr edilən əsərləri, repressiya dövrü yaradıcılığı əksini tapıb. Otaqda A.Şaiqə aid olan memorial eksponatlar - mebel dəsti, şəxsi əşyalar, şəxsi kitabxanasından nümunələr nümayiş etdirilir. Ədibin küncdəki iş masasının üzərində hər şey -telefon, mürəkkəbqabı, əlyazma, saat, pero və s. əşyalar da toxunulmaz qalıb. Tiflisdən göndərilən, üstü görkəmli rəssam Nəcəfqulu tərəfindən yazılan kuzəni də ədib çox sevərmiş. Otaqda həmçinin böyük ədibin oğlu, görkəmli alim Kamal Talıbzadəyə həsr olunan guşə var.

Bu otaq ədibin ailəsi üçün çox əzizdir. Bu həmin otaqdır ki, burada həm Abdulla Şaiqin özünün, həm də oğlu Kamalın şadlıq məclisi qurulub. Səməd Vurğun bu otaqda Xavər xanıma vurulub.

 

Övlad təəssübkeşliyi

 

Muzeyi gəzdikcə otaqlarda, qorunan eksponatların hər birində övlad təəssübkeşliyinin izini duyursan. İstər-istəməz düşünürsən ki, əgər Kamal Talıbzadə vaxtında təşəbbüs göstərib muzeyi yaratmasaydı, kim bilir bu eksponatlar haralarda it-bata düşəcəkdi.

Kamal Talıbzadə bir neçə il əvvəl mənə danışıb ki, muzeyin yaranması ilə bağlı Mədəniyyət Nazirliyinə və Ümummilli lider Heydər Əliyevə müraciət edib. Muzey də bilavasitə Ümummilli liderin göstərişi ilə yaradılıb. Sonradan A.Şaiqə yazıçıların binasında ev verildiyi üçün ailəsi ilə ora köçüb. Bu evdə isə Nəbi Xəzri və tanınmış ədəbiyyatşünas Kamran Məmmədov yaşayıb. 1990-cı ildə Nazirlər Kabinetinin sərəncamı ilə həmin ev A.Şaiqin muzeyinə çevrilib. Eksponatları da Kamal müəllim təkbaşına ayrı-ayrı muzeylərdən, arxivlərdən toplayaraq muzeyin əski görkəmini qaytarıb.

Yaradıldığı vaxtdan dünyasını dəyişən günə qədər Kamal Talıbzadə mənzil-muzeyin rəhbəri olub. Abdulla Şaiqin əsas tədqiqatçılarından biri də elə Kamal Talıbzadə olub. Həmişə "Elə bilirəm ki, bura respublikamızın ən gözəl xatirə muzeylərindən biridir"- deyən Kamal Talıbzadə atası ilə bağlı xatirələrini muzeyə baş çəkməyə gələnlərə aram-aram danışırdı. O, bu mənzil-muzeyin divarları arasında atasının irsinin toplanması ilə bağlı çox böyük işlər görüb. Hələ çox işlər də görmək istəyirdi... İndi isə muzeyə ədibin nəvəsi Ülkər xanım rəhbərlik edir. O, atası Kamal Talıbzadənin həyata keçməyən arzularının, babasının irsinin layiqincə yaşaması, gələcək nəsillərə çatdırılması üçün  muzeyin əməkdaşları ilə əl-ələ verib çalışır. 2011-ci ildə A.Şaiqin 130 illik yubileyi keçiriləcək. Muzeyin əməkdaşları isə bununla bağlı indidən tədbirlər planı hazırlayırlar.

Amma yaxşı olar ki, muzeyin ətrafında yaşayan qonşular da, burada səssizliyi və səliqə-sahmanı pozan iş adamları da bir qədər mənəvi dəyərlər haqqında düşünsünlər. Məsələn, bir neçə dəfə Mədəniyyət və Turizm Nazirliyi, sonuncu dəfə Heydər Əliyev Fondu tərəfindən təmir olunan, amma hələ də əsaslı olmasa da cari təmirə ehtiyacı duyulan muzeyə azca xərc çəkmək hansısa iş adamının yadına düşərmi? Bəlkə də heç onlar avtomaşınları üçün əla dayanacaq yeri seçdikləri binanın hansı funksiya daşıdığından da xəbərsizdilər. Belə olmasaydı, təkcə özümüzünkülərin deyil, əcnəbi vətəndaşların da yolunun düşdüyü muzeyə heç olmasa keçid üçün yer saxlardılar...

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2010.-  1 sentyabr.- S.9.