«Tamaşaçıları gözləyirəm...” 

 

Xalq artisti Yaşar Nuri 60 yaşın astanasındadır. Deyir ki, yaşla bağlı heç bir qorxusu yoxdur. Sadəcə, ömrün keçdiyinə təəssüflənir

 

Onun oynamaq istədiyi rollar, arzusunda olduğu tamaşalar var... Bir də həyatdan kim doyur ki...

Sentyabrın 3-də qeyd edəcəyi doğum günü ərəfəsində qəzetimizə müsahibə verən aktyor onu da bildirdi ki, ömür Tanrının qismətidir. Tanrının yazdığına isə pozu yoxdur. 

 

Səhnə üçün darıxmışam

 

- Gərək ki, bu mövsümdə Akademik Milli Dram Teatrı təmirdən sonra qapılarını yaradıcı heyətin və tamaşaçıların üzünə açacaq. Yeni mövsümdən nə gözləyirsiniz?

- Başqalarını bilmirəm, amma mən tamaşaçıları gözləyirəm. Bundan əlavə, yaxşı əsər, yaxşı quruluş arzusundayam. Tamaşaçısı olmayan teatr kimə lazımdır? Onları teatra cəlb eləmək üçünsə sözsüz ki, yaxşı tamaşalar hazırlanmalıdır. Səhnə üçün özüm də darıxmışam. Akademik Milli Dram Teatrı mövsümü Afaq Məsudun “Yol üstə” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə açacaq. Sentyabrın 19-da isə Kukla Teatrında marionetkalarla birlikdə “Məşədi İbad”ı canlı oynayacağam.  “Muskomediya”da “Ər və arvad”da da mənə rol həvalə olunub. Qarşıda işlər çoxdur. Ona görə də cansağlığı əsasdır.

- ATV kanalında yayımlanan “Bacanaqlar” serialındakı rolunuzu televiziya tamaşaları ilə bağlı arzularınızın davamı hesab etmək olarmı?

- Serialın yaradıcı heyəti “gəl bizə kömək et” deyə məni dəvət etdilər. Onlar mənim üçün hər cür şərait yaratdılar. Kollektivin ədəb-ərkanı da xoşuma gəldiyi üçün razılaşdım. Həmçinin Firəngiz xanım da orda çəkilir. Ona görə də teleserialda çəkilməyim məni qane edir. Bununla belə, ekran başqa, səhnə tamam başqadır. İndi yaxşı televiziya tamaşaları çəkilmir. Bunda yazıçıların maddi durumunun stabil olmaması da rol oynayır. Heç kəs qələmini və yazdığı mövzunu boş yerə xərcləmək istəmir. Mövzu tükənməyib. O qədər mövzu var ki... Son vaxtlar teatr və kino aləmində bir canlanma yaranıb. Bütün bunlar yaxşıdır. Müxtəlif teatr binalarında təmir işləri gedir. Ancaq binanın gözəl olması şərt deyil. Burada kimlər işləyəcək - əsas olan budur. Yaxşı sənətkarın ömrünün bir gününü boşa vermək onun ömrünün bir səhifəsini əlindən almağa bərabərdir. Ancaq yenə də inanıram ki, vaxtımız çox boşa getməyəcək. Hər bayram günlərində efirdən "Evləri köndələn yar", "Göz həkimi", "Yaşıl eynəkli adam" və s. tamaşaları göstərirlər. Tamaşaçı eyni şeyləri görür. Düzdür, bezmir, yenə də məmnuniyyətlə baxır. Amma biz fikirləşirik ki, bunun müqabilində yeni bir şey təqdim etmək olardı.

- Bir dəfə televiziya verilişlərinin birində demisiniz ki, 30-dan çox filmə çəkilmisiniz. Bu rəqəmin üzərinə televiziya və səhnədə oynadığınız tamaşaları da gəlsək, böyük bir göstərici alınar. Bütün bunlara nəzər yetirib razılıqla: "Mən artıq sənətdə hər şey etmişəm" deyə bilirsinizmi?

- Bu filmlərlə yanaşı, rol aldığım 28 tamaşa Qızıl Fondda saxlanılır. Bu sırada hətta cizgi filmi də var. İnsan necə yaşamaqdan doymursa, sənətkar da heç zaman "Mən hər şey etmişəm" deməməlidir. İnsan həmişə özünə sual verməlidir: "Mən nə etmişəm?" Əfsuslar olsun ki, sənətdə heç nə etməyənlər "mən çox şey etmişəm"- deyə iddia edirlər. Bu iddianı edənlər nə Cəlil Məmmədquluzadənin, nə Hüseyn Cavidin, nə Cəfər Cabbarlının, nə Şekspirin, nə Qoqolun, nə də başqa klassiklərin əsərlərində oynayıblar. "Hər şey etmişəm" deyənlər inanmıram ki, "mən həyatdan doymuşam" da desinlər.

 

Aktyor çox deyil

 

- Bu gün milli teatr və kinomuzun ağırlığını çiynində daşıyan çox az aktyor var. Buna baxmayaraq, indi çoxu özünə "mən də aktyoram" deyir. Sizcə böyük hərflərlə yazılan AKTYOR adını qazanmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır?

- Əvvəla, aktyor çox deyil, aktyorun siyahısı çoxdur. Mən bunu böyük məsuliyyətlə deyirəm. İndi populyar olmaq o qədər də çətin deyil. Əgər səni küçədə əllə göstərirlərsə, demək, populyarsan. Amma hansı işinə, hansı roluna görə populyarsan? Sənət belədir - bir gün biri qalxır, sabahı gün biri enir. İndi Qərbdəki kimi bizdə də şou-biznes dəbə düşüb. Ancaq onu bilirəm ki, teatr sənəti heç zaman dəbdən düşən deyil. Bir dəfə tamaşaçılardan biri "Yaxşı ki, təkcə teatrda fonoqram yoxdur, o da olsaydı, evimiz yıxılardı"-deyə bildirdi. İstəsən də bu səhnədə fonoqrama mümkün olmayacaq. Teatrın böyüklüyü də bundadır.

- Bugünki teatr aləminə sizin baxışlarınız maraqlıdır.

- Elə adamlar teatrla şounu, teatrla kiçik səhnəcikləri qarışdırır ki, məəttəl qalıram. Əgər sən "Kəndçi qızı" və ya "Hicran" komediyası ilə kiçik bir səhnəciyi yanaşı qoyursansa, mən onda sənin zövqünə nə deyim, ey filologiya elmlər doktoru? Amma mən çaşmaram axı. Bayağı gülüşlər varsa, gülmə. Filan tamaşa pisdirsə, baxma. Heç kəs səni məcbur etmir. Sən getməsən, o getməsə, mən getməsəm, görəcəklər ki, zalda adam yoxdur. Şounu kim üçün göstərəcəklər? Kimin zövqünü korlayacaqlar?

- Sizi nə ilə heyrətləndirmək mümkündür?

- Son illər həyatın elə üzünü gördüm ki, məni heç nə ilə heyrətləndirmək olmaz. Bəlkə elə bir istedad çıxmalıdır ki, mən heyrətlə: "Necə Kefli İsgəndərin monoloqu"nu dedi və ya Hamleti oynadı!" - deyim. Bizdə Lütvəli Abdullayev, Nəsibə Zeynalova məktəbi olub. Onlar kənd həyatı səhnəsini oynayıblar. Nəsibə xanımın Züleyxa obrazında nə boyda mədəniyyət var! İndi elə bir obraz yarada bilərlərmi? Belə istedadlar olsa, mən heyrətlənərəm.

 

Oxunmayan ürəklər

 

- İndicə həyatın sərt üzündən danışdınız. Keçirdiyiniz əməliyyatları nəzərdə tutursunuz?

- Mən ümumiyyətlə, həyatın hər üzünü görmüşəm. İnsanlara münasibət nədir? İnsan kimdir? Bir var, səni bir aktyor kimi sevsinlər, bir də var insan kimi. İnsanlara sənətçi kimi lazım olmaqla bərabər, bir insan kimi də lazım olmalısan. Həm də insana aktyor kimi yox, insan kimi də qiymət verilməlidir.

- Xəstələndiyiniz dövrdə özünüzə qarşı yalnız qayğımı gördünüz?

- Yalnız qayğı və diqqət gördüm. Düzdür, heç kəsin ürəyini oxumuram. Ancaq eləsi var ki, onun ürəyini oxuyuram. Hamı adamın üzünə deyə bilər ki, "get, salamat qayıt". Ancaq ürəyində nə dediyini bilmirəm.

- Maraqlıdır, cərrahiyyə stoluna getdiyiniz anda özünüz nə fikirləşirdiniz?

- Mən həmin videokasetləri göstərən deyiləm. Bəlkə sağ qalsam, 70 yaşımda göstərərəm. Açığı, camaat arasında heç bir hiss keçirməmişəm. Özlüyümdə isə özümə hesabat vermişəm. Bir dəfə səkkiz saat, bir dəfə də on dörd saat əməliyyat keçirmişəm. Deməli, iki dəfə həyatda olmamışam. Gedəndə fikirləşmişəm ki, çəkildiyim filmlər, oynadığım tamaşalar, televiziya tamaşaları və s. var. 5-10 nəfərin yanında hörmət qazanmışam. Həyatı görmüşəm. İki qızım var, əllərində diplomları, yaxşı iş yerləri. Əvvəl-axır getməliyəm. Allah nə məsləhət görübsə, odur. Mən əməliyyata oynaya-oynaya getmişəm. Hətta dəhlizdə "Qaragilə" də oxumuşam. Heç kəs elə bir əməliyyatdan bir həftəyə ayıla bilmir. Mən 40 dəqiqəyə ayılmışam. Mənim gördüyüm heç kəsin ağlına gəlməz. Hər kəs dünyaya gəlibsə, bir gün dünyanı tərk etməyə də hazır olmalıdır. Hər şeyin bir müddəti var. Bu, yeganə möhlətdir ki, Allah özü müəyyənləşdirir.

 

Qadının gözəlliyi

 

- Qadın sizin üçün kimdir? Məsələn, çoxları deyir ki, həyat yoldaşınız Rəhimə xanım olmasaydı, siz Yaşar Nuri olmazdınız.

- Rəhimə xanım nə mənə istedad, nə ağıl verib. Mənə məsləhət verə bilər. O, sadəcə, qədrimi bilib, mənə şərait yaradıb. Birotaqlı evdə yaşayaraq Əməkdar artist fəxri adını almışam. Həmin dar mənzildə elə bir şərait yaradıb ki, mən yalnız yaradıcılıqla məşğul olmuşam. Türkiyədə xəstəxanada yatanda Rəhimə xanım çarpayımın yanından çəkilmədi. Dedilər ki, bizdə belə bir hadisə olmayıb, qadın səkkiz ay ərinin yanından çəkilməsin. Rəhimə xanım məni səbrli edib. Qadının ən böyük gözəlliyi dözümlü olmasındadır. Kişi hər mənada dözümsüz ola bilər. Qadın da ona dözüm göstərməlidir. Rəhimə xanım dözümlü olub. Bu gün sağlam gəzməyimdə onun əməyi böyükdür. Qadın kişi üçün hər şeydir. Ancaq gərək kişi də ona qarşı diqqətli olsun. Qadına hər cür tərifli söz layiqdir. Amma mərd adamın sözü layiqdir.

- Sizin üçün hər günün öz sualı varmı?

- Mənim üçün hər günün sualı "Bu gün nə etdim?"dən ibarətdir. Hər adama məsləhət görürəm ki, axşam yatağa uzananda dərhal yuxuya getməsin, bu sualı özünə versin.

- Əlinizdə imkan olsaydı, həyatınızda nəyi dəyişərdiniz?

- Dəyişdiyimi dəyişmişəm. Yaşın müəyyən dövrü ilə bağlı xasiyyətimdə yaranan müəyyən xüsusiyyətlərdən danışıram. Ancaq nə beynim, nə qəlbim, nə yaşamağa həvəsim, nə də məhəbbətim dəyişib. Böyük məclislərdə olmuşam. Amma indi elə məclislərdə darıxıram. Elə şeylər var ki, yaşla hərəkət etməlisən.

- Həyatın hər üzünü görən Yaşar Nuri insanlara nə arzulayardı?

- Arzu edirəm ki, bir az saf yaşayaq! Sevib-sevilməyin nə olduğunu bilək. Bəlkə də dünya işığına həsrət qalan adam öz şüuru ilə dünyanın yolunu bizdən yaxşı bilir. Amma biz açıq gözlə çaşırıq. Bir-birimizə badalaq vururuq. Gözümüz görə-görə bir-birimizə pislik edirik. Bir az yaxşılıq etməyə tələsək. Hamı bir-biri ilə söhbət edəndə bilsin ki, qarşısındakı insandır. Bunu bilsək, hər iş düzələr.

- Ad gününüzü təntənəli keçirəcəksiniz?

- Həmin gün üç dostumun sərgisində iştirak edəcəyəm. Axşam isə ailəmlə birlikdə olacağam.

 

 

Təranə MƏHƏRRƏMOVA

 

Kaspi.- 2010.- 2 sentyabr.- S.13.