Azərbaycan elinin Nərimanı 

 

Nərimanovların 11 nəfərdən ibarət ailəsiNərimanov, həyat yoldaşı Gülsüm xanım, anası, qardaşı, bacısı, onların uşaqları məhz bu evdə 1918-ci il mart qırğınının şahidi olublar

 

Bakının mərkəzi küçələrindən birində - İstiqlaliyyət 35 ünvanda yerləşən Nəriman Nərimanovun xatirə muzeyi buradan yolu düşən hər kəsin diqqətini cəlb edir. Bu ünvanda məhrumiyyətlərlə, qınaqlarla dolu, sürgün və həbsxanalardan keçən, fəqət Azərbaycanın dövlətçiliyi uğrunda mətnliklə mübarizə aparan və şərəfli ömür sürən bir insan yaşayıb. Görkəmli dövlət xadimi, ədib, siyasətçi, jurnalist, həkim Nəriman Nərimanov 1913-cü ildən 1918-ci ilədək bu mənzildə ömür sürüb. Nərimanovların 11 nəfərdən ibarət ailəsi – Nərimanov, həyat yoldaşı Gülsüm xanım, anası, qardaşı, bacısı, onların uşaqları məhz bu evdə 1918-ci il mart qırğınının şahidi olublar.

Görkəmli ictimaisiyasi xadimin yaşadığı mənzil 100 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində fəaliyyətə başlayıb. N.Nərimanovun adının əbədiləşdirilməsi ilə bağlı əksər işlər ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. 1977-ci ildə xatirə muzeyin yaradılması, heykəlinin qoyulması, prospektə adının verilməsi, xatirə lövhələrinin vurulması və s. Heydər Əliyevin təşəbbüsünün nəticəsidir. Muzeyin hazırkı direktoru, N.Nərimanovun qardaşının nəticəsi Kamilə Hüseynova da bu faktları təsdiqləyir: “Mənzil-muzeyin yaranmasında ümummilli lider Heydər Əliyevin böyük xidməti olub. Belə ki, muzeyin ətrafında yerləşən qonşular köçürülübotaqlar xatirə muzeyinə çevrilib. 1913-cü ildə Nəriman Nərimanov Həştərxandan sürgündən qayıdandan sonra bu mənzildə yaşayıb. Sonra isə bu mənzildə bacısı və bacısı uşaqları yaşayıblar. Mart hadisələri vaxtı keçirdiyi stressdən ayaqları tutulduğundan həkimlər Nərimanova Həştərxanda müalicə olunmağı məsləhət görüblər. Hətta, həmin vaxt onu evdən gəmiyə qədər xərəkdə aparıblar. Müalicədən sonra - 1919-cu ildə isə o, Leninlə görüşdükdən sonra Moskvada Xarici İşlər Komissarlığında Şərq şöbəsinin müdiri vəzifəsində işləməyə razılıq verib”.

Axı Şərqin taleyi ictimai xadim olaraq N.Nərimanovu həmişə narahat edirdi. Bakıda mikoyanların, mirzəyanların yüksək vəzifədə mövqe tutduqları bir vaxtda onun işləyib mübarizə aparmasına, xalqına kömək etməsinə böyük  ehtiyac vardı...

 

Maket

 

Görkəmli ictimai xadimin vaxtilə yaşadığı mənzil muzeydə  onun həyat və fəaliyyətinin dolğun əks etdirən materiallarla tanış olmaq mümkündür. Elə qapının zəngini çalıb qocaman pillələri qalxdıqca və üzərində “Doktor Nərimanov» yazılan mənzilə daxil olanda görkəmli şəxsiyyətin mübarizələrdə keçən ömrünün səhifələri ilə qarşılaşmaq olur. 

Mənzil-muzey yenicə təmirdən çıxıb. Rəng qoxusu hələ otaqlardan çəkilməyib. Kamilə xanım danışır ki, ekspozisiyalardakı eksponatların hamısı nənəsi İltifat xanımın xatirələri əsasında yerləşdirilib. Hərçənd təmirlə əlaqədar eksponatların çoxu fondda olsa da onlar haqqında direktor ətraflı məlumat verir. Kamilə xanım muzeyin fondunda 3300-dən artıq eksponatın saxlandığını bildirir. Eləcə də Nizami adına Ədəbiyyat Muzeyində, Tarix Muzeyində Nəriman Nərimanova aid guşələrdə eksponatlar saxlanılır.

Muzeyin rəhbəri məni 4 otaqdan ibarət olan  ekspozisiyalarla tanış edir.

Vaxtilə mətbəx funksiyasını daşıyan otaqda stolstullar, köhnə bufet, qədim samovar olduğu kimi saxlanılır. Stolun üstünü bəzəyən məxmər süfrə də o illərdən yadigar qalıb. Küncdə isə Nərimanovun Tiflisdə doğulub böyüdüyü evin maketi qoyulub. Nəriman Nərimanov bir insan və şəxsiyyət kimi bu evdən başlayır. Təəssüf ki, görkəmli şəxsiyyətin uşaqlıq və gənclik illərinin keçdiyi bu ev daha yoxdur. Kamilə xanım deyir ki, «Ərəblər həmin evin yerləşdiyi küçəni aldıqlarından oradakı evlər plana düşüb. Ona görə də hamısını söküblər. Nərimanovun yaşadığı ev də həmin küçədə idi. Söz veriblər ki, yerində yenisini tikəcəklər. Layihəni də mənə göstəriblər, ancaq tikilən ev əvvəlki kimi olmayacaq».

 

Tanınmış insanların yığışdığı ev

 

Kamilə xanım bu evdə baş verən maraqlı hadisələrdən söhbət açır. Yaddaşdan yaddaşa köçən bu hadisələrin çoxunu isə ona  nənəsi nəql edib. 1914-cü ildə Nəriman Nərimanovun toyu bu mənzildə keçirilib. Dövrünün ən tanınmış adamları bu evə yığışarmış. Bu hündür divarlar onların maraqlı və çoxları üçün əlçatmaz olan söhbətlərinə şahidlik edib. Hər həftənin beşinci günü Nəcəf bəy Vəzirov, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, Səməd Mənsur, Cəlil Məmmədquluzadə, Hüseynqulu Sarabski bu evin qonağı olarmış. Qonaqlar şeirlər deyər, qızğın ədəbi müzakirələr keçirərmişlər. Bu cür görüşlər Hüseynqulu Sarabskinin oxuduğu mahnılarla daha çox yadda qalarmış. Doktor Nərimanov isə tarda çaldığı mahnılarla gecəyə əlvan rənglər qatarmış. «Nənəm danışırdı ki, stolun üstünə süfrə salarmışlar. Samovar qaynadar, qonaqlara mürəbbəli çay verərmişlər».

Geniş otağın küncündə qoyulan digər qədim stolstul isə ictimai xadimin İncəsənət Muzeyində işlədiyi illərin yadigarıdır.

 

Həkim otağı

 

Ekspozisiya otaqlarından biri Nəriman Nərimanovun otağı kimi qorunur. Küncdə qoyulan stolstula toxunulmayıb. Digər küncdə isə doktor Nərimanovun “həkim otağı” yerləşir. Kim bilir, nə qədər xəstələr onun şəfalı əlləri ilə nicat tapıb? Aşıqlar əbəs yerə mahnılarında onu  "Azərbaycan elinin Nərimanı, doktoru" deyə vəsf etmirdilər.

Otaqdakı şkafda  həmçinin onun tibbi alətləri saxlanılır. Bu alətlər komplekti universiteti bitirib Bakıya qayıdandan sonra qrup yoldaşları tərəfindən ona hədiyyə olunub. Alətlərin bir hissəsi isə Nizami muzeyində qorunur.

Görkəmli  ictimai xadimin yataq otağı kimi saxlanılan ekspozisiya otağındakı eksponatların hamısı nadirdir. Dəmir çarpayı, küncdə qoyulan qədim sandıq, şifoners. əşyaların da başı sahibi kimi az  bəlalar çəkməyib. Kamilə xanım danışır ki, əşyaların çoxu it-bata düşüb. Belə ki, Nərimanov Həştərxanda sürgündə yaşadığı 4 il müddətində, eləcə də Moskvaya köçdüyü illərdə bəzi əşyalar yoxa çıxıb. Nərimanovun həyat yoldaşı vəfat edəndən sonra isə evin əşyalarını satışa çıxarıblar. Nərimanovun bacısı qızı həmin əşyaları yenidən alaraq muzeyə təhvil verib. Görkəmli şəxsiyyətə məxsus bir çox əşyalar qohumlarının evində də saxlanılır. Onlar bunu yadigar saxladıqları üçün muzeyə də vermirlər.

Tbilisidəki evdə də ictimai xadimə məxsus çoxlu əşyalar olub. Babalarından yadigar qalan qədim sandıq isə oğurlanıb. «Həmin küçədə tikinti işləri aparan şirkətə sandığın şəklini ünvanlamışıq. Mən şirkətin nümayəndəsi ilə görüşdüm, səfirliyə də ərizə yazdım. Bu antik sandıq hansısa bir muzeyi bəzəyə bilər. Bizim ailəyə, nəslə mənsub olan bir əşya niyə bu muzeyi bəzəməsin?”

Yataq otağında qiymətli əşya kimi köhnə Bakının portreti divarı bəzəyir. Kamilə xanımın sözlərinə görə, xaricdən muzeyi ziyarətə gələnləri bu şəkil də çox maraqlandırır. Otağın divarlarından həmçinin görkəmli şəxsiyyətin Xalq rəssamı Oqtay Sadıqzadə tərəfindən çəkilən portretioğlu Nəcəfin portreti asılıb. Nakam taleli Nəcəfin portretini görüncə yadıma Nəriman Nərimanovun ona yazdığı bitməmiş məktubu düşür: "Əziz oğlum Nəcəf! Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa çalışacağam ki, sən bəşəriyyət üçün daha çox görəsən. Lakin əgər mən əbədi məzara tez köçməli olsam, təvəqqe edirəm, başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir görəsən..."

 

Muzeyin içində qonşu

 

Vaxtilə otaq funksiyası daşıyan dəhlizdə isə evin alman millətindən olan qulluqçusu yaşayıb. Qulluqçu həmçinin uşaqların tərbiyəsi ilə məşğul olub. Dəhliz  ekspozisiya otaqları kimi  təmirdən çıxsa da, divarların çatı və nəmişlikdən qopan sökükləri gözdən yayınmır. Kamilə xanım deyir ki, mənzilin üstü qonşunun açıq balkonu olduğundan yağışlı havada damır. Ona görə də divarlar yararsız vəziyyətə düşüb.  Divarların çatı da qonşunun məsuliyyətsizliyi üzündən baş verib. Belə ki, aşağı mərtəbədə yaşayan qonşunun sütunları sökməsi üzündən yuxarıda çatlar yaranıb. «İri qalın divarları da sökdülər. Həmin divarları sökəndə muzeyin divarları çat verdi. Bizburada silkələnirdik».

Ən acınacaqlısı budur ki, muzeyin rəhbərliyi  problemlə bağlı əlaqədar orqanların hamısına rəsmi müraciət etsə də nəticəsi olmayıb. Muzey əməkdaşları yüz yaşı olan bu qədim binanın tarixiliyinə xələl gətirənlər haqqında ölçü götürülməsini istəyiblər. Ancaq əlaqədar təşkilatlardan problemlə maraqlansalar da, heç bir tədbir görülməyib. Onlar vəzifələrini yalnız muzeyə baş çəkməklə bitmiş hesab ediblər.  Divarların çatı isə get-gedə dərinləşməkdədir...

Muzeydə digər problem isə qonşunun qapısının da muzeyin içərisinə açılmasıdır. Belə ki, orada yaşayan qonşu da get-gəlini muzeyin içindən edir. «O dövrdə kommunal mənzillər paylananda bu mənzil də bir neftçi ailəsinə verilib. O vaxtdan da həmin qonşu burada yaşayır. Onlar maneçilik yaratmasalar da muzeyin içərisindən yol edirlər”.

Xatırladım ki, mənzil muzeyə  tez-tez ziyarətçilər gəlir. Tələbələr, şagirdlər, tədqiqatçsılar, əcnəbi qonaqlar muzeyin qapısını tez-tez  döyür, görkəmli şəxsiyyətin həyat yolu, ictimai-siyasi fəaliyyəti ilə yaxından maraqlanırlar. Təbii ki, zəngin və maraqlı ekspozisiyala yanaşı, mənim qarşılaşdığım problemlər onların da gözündən yayınmır.    

Bu məsuliyyətsizliyi və laqeydliyi görüncə, yadıma Kamilə xanımın  Həştərxanda Nərimanovun adına olan hörmətlə baglı danışdıqları düşür: “Həştərxanda  onun adını daşıyan şəhər, park var. Həmin parkda heykəli ucaldılıb. Parkda yubileyi ilə bağlı bərpa işləri aparılıb. Onun adına olan hörmət gün-gündən dərinləşir. Həştərxanlılar Nəriman Nərimanovu hədsiz dərəcədə sevir və xatırlayırlar. Orada doğulan əksər uşaqların adı da Nərimandır. Nərimanovun şəxsiyyətinin tanıdılması üçün məktəblərdə də təbliğat işləri aparılır”.

Biz isə... bircə muzeyi də düz-əməlli qorumağı bacarmırıq!

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2010.- 14 sentyabr.- S. 9