Əgər rəqabət
olsaydı...
Televiziyalar eyni filmlər bəzən
paralel göstərirlər. Bu isə filmləri gözdən
salır. Ekspertlər təzə çəkilən filmlərin
ekrana yol tapmamasının səbəbini telekanalların
öz funksiyalarını yerinə yetirə bilməməsində
görürlər
Ramazan bayramı ilə əlaqədar
tətildə olduğumuz günlərdə telekanallarda
yayımlanan verilişlərin məzmunsuzluğu ilə bir
daha üzləşdik. Bayağı, duzsuz verilişlərdən
əlavə, xüsusən eyni filmlərin ayrı-ayrı
kanallarda nümayişi və təkrar-təkrar göstərilməsi
tamaşaçıları az qala bezdirdi. Təsadüfən
televizorun qarşısında oturanda "Qayınana",
"Bəyin oğurlanması" və "Məşədi
İbad" filmlərinə 2-3 dəfə baxmalı oldum. Azərbaycan
Televiziyası isə az qala milli kino arxivini ortaya
çıxarmışdı. Ekranda sovet dövrünün milli filmləri
- “Qaynana”, “Arşın mal alan”, “Əhməd
haradadır?” “Məşədi İbad” və s. filmlər
dalbadal nümayiş olunurdu. Yadımdadır, əvvəllər
televizorda sovet dövrünün milli filmləri göstəriləndə
hamımız ekran başına yığışar və
maraqla izləyərdik. Film başa
çatanda da təəssüf hissi ilə "görən
bu filmi bir də nə vaxt göstərərlər" - deyə
həsrətlə gözləyərdik. Amma
efiri mütəmadi izləsək də həmin filmlərə
bəlkə də bir ildən sonra baxa bilərdik. O vaxt
telekanal da yeganə olduğundan filmləri
tamaşaçını bezdirənə və filmi gözdən
salana qədər nümayiş etdirmirdilər. Proqramı
elə tərtib edərdilər ki, tamaşaçılar hər
dəfə filmlərə ilk dəfə
görürmüş kimi baxa bilsin.
Sovet
dövrünün həmin məşhur filmlərini bu gün
də sayı çoxalan telekanallarımızda nümayiş
etdirirlər.
Özü də tez-tez. Daha
həmin filmləri həsrətlə gözləməyə
ehtiyac da yoxdur. Təqvimin tarixi günlərində
isə telekanallar sanki yarışa girirlər - bəzən
eyni filmə bir gündə iki dəfə və ya həftə
ərzində ayrı-ayrı televiziya kanallarında baxmaq olur.
Məhz bu üzdən tamaşaçılarda
artıq elə bir rəy formalaşıb ki, Azərbaycan
kinosu elə təkcə "Arşın mal alan",
"Qayınana", "Bəyin oğurlanması", "Əhməd
haradadır?", "O olmasın, bu olsun",
"Arşın mal alan", "Görüş",
"Ulduz", "Papaq" və s. filmlərdən ibarətdir.
Böyük kinematoqrafiya tarixi olan bir ölkənin
kinosunu yalnız bu filmlərlə məhdudlaşdırmaq isə
ən azı qəbahətdir. Ən azı gənc
rejissorların hər il çəkdikləri
və festivallardan uğurla dönən filmlər haqqında
da düşünmək lazımdır. Çünki həmin
filmlər yalnız rəflər üçün çəkilmir...
Hanı təzə filmlər?
Tamaşaçılar
ümumiyyətlə, ölkəmizdə yeni filmlərin
çəkilməsindən xəbərsizdir. Əgər
jurnalist kimi yeni çəkilən filmlər haqqında məlumatlı
olmasaq, biz də elə bilərik ki, bu ölkədə daha
film çəkilmir. Bilirik ki, gənc rejissorlar hər il yeni filmlər çəkirlər. Ümumiyyətlə,
ölkədə hər il 4-5 film çəkilir.
Dövlət kinematoqrafiyaya yönəlik siyasətində
korrektələr edərək özəl prodüser mərkəzlərinə
vəsait ayırır. Ancaq həmin mərkəzlərdə
istehsal olunan filmləri heç kəs görmür. Tamaşaçı xəbərsizdir ki, həmin
filmlərin yalnız kino ictimaiyyəti və media
işçiləri üçün bir dəfə təqdimatı
keçiriləndən sonra
yığışdırılıb rəflərə qoyulur.
Tamaşaçı xəbərsizdir ki,
telekanallar həmin filmlərin təqdimatına yer ayırmaqda
maraqlı deyillər.
Nəticədə
onlar da gecə-gündüz efirdə "əttökən"
dublyajda zorakı filmlərə, "sabun
köpüyü" adlandırılan seriallara və milli
kinomuzun ənənəvi filmlərinə təkrar-təkrar
baxmaq məcburiyyətində qalırlar. Dindirəndə də
"daha kino çəkilmir ki", "nə yaxşı əvvəllər
3-5 film çəkilib", "yaxşı ki baş
qatmağa bu seriallar var" kimi fikirlərlə kifayətlənirlər.
Qeyd edək ki,
efir təbliğatdan əlavə, tamaşaçının bədii
və estetik zövqünü formalaşdıran bir vasitədir. Kino isə
müasir dövrümüzün ən populyar və ən
maraqlı incəsənət növüdür. Telekanallarda müxtəlif janrlarda çəkilən
əcnəbi filmlərin göstərilməsi, milli kinomuzun
keçmişi ilə yanaşı çağdaş
dövrünə də yer ayrılmalıdır. Amma televiziya kanallarının rəhbərləri
buna barmaqarası münasibət göstərirlər.
Qeyri normal bazar
Tanınmış
kinoşünas Aydın Kazımzadə bu cür hərcmərcliyi
telekanallar arasında qarşılıqlı əməkdaşlığın
olmaması ilə əlaqələndirir: "Hər bir
televiziya müstəqil olduğu üçün öz fəaliyyətini
də müstəqil qurur. Onların arasında
qarşılıqlı əməkdaşlıq yoxdur. Olsaydı, filmləri bölüşdürərdilər.
Hamısı birinci olmaq istəyir. Proqram siyasəti düzgün həyata
keçirilmir. Əgər bayramdırsa, mütləq
"Məşədi İbad" və ya "Arşın
mal alan", Xocalı soyqırımı
günüdürsə "Fəryad" filmləri göstərilməlidir.
Nə qədər ah-uf göstərərlər?
Telekanalların çoxu filmlərimizdən xəbərsizdir".
A.Kazımzadə bildirir ki, tərtib
etdiyi kataloqda 2000-ə qədər filmin adı var. Həmin
filmlərin çoxu ekrana çıxmayıb: "Bu sahə
ilə məşğul olan adamlar işi sevməlidir. Sevgi olmayanda da belə pərakəndəlik
yaranır. Axı ənənəvi
göstərilən filmlərdən başqa ekran əsərlərimiz
də var".
Xalq artisti Rasim Balayev Azərbaycan
filmlərinin efirdə təkrar-təkrar yayılmasından
narazılığını gizlətmir: "Bizim efirə əlimiz
çatmır, ancaq hər hansı bir film çəkiləndə
onun təqdimatını Kinoittifaqda keçiririk. Sonra da "Azərbaycan" kinoteatrının rəhbərliyindən
xahiş edirik ki, filmin premyerasını keçirsin. Efirə müraciət etsək də, onlar bizi
eşitməzlər. Bu vəziyyəti tənzimləyən
bir qurum olmalıdır. Proqramı tərtib
edəndə gərək filmlər ayrı-ayrı kanallarda
toqquşmasın. Amma eyni filmlər bəzən
paralel göstərilir. Bir də həddən
artıq tez-tez yayımlanır. Bu isə
filmləri gözdən salır. Əvvəllər
bir televiziya olduğu üçün filmlər də az-az
göstərilirdi və biz də hansısa bir filmi həsrətlə
gözləyirdik. Amma indi belə
deyil".
R.Balayev dublyajın səviyyəsinin
də çox aşağı olduğunu bildirdi: "Filmlər
çox pis tərcümə olunur. Əvvəllər
gözəl səslər vardı, indi o səslər yoxdur.
Şahmar Ələkbərov, Həsən Əbluc,
Səməndər Rzayev vardı. Bir
sözü tərcümə edəndə onun sinonimini tapmaq
üçün baş sındırırdılar. İndi tərcümələr bir günə və
primitiv səviyyədə edilir".
Kinorejissorlar
Gildiyasının rəhbəri Hüseyn Mehdiyev televiziya
kanallarının kino siyasətindən ümumiyyətlə,
razı olmadığını dilə gətirib: "Azərbaycan
Televiziyası və ANS kanallarını çıxmaq şərti
ilə digər kanalların heç bir kino siyasəti yoxdur.
Bu kanalların isə kinoproqram siyasəti nisbətən hiss
olunur. Hər halda orijinal, təkrar olmayan filmləri
göstərməyə çalışırlar. O biri
televiziya kanallarının bəziləri isə xüsusən
bayram günlərində efiri doldurmaq xətrinə eyni filmləri
təkrar göstərirlər. Bəzi kanalların rəhbərliyi
də bilir ki, 1-2 film var ki, tamaşaçılar onları
xoşlayır. Ona görə də efirdə
tez-tez həmin filmləri nümayiş etdirirlər. Normal bazarda bir filmin hüququ eksklüziv olaraq bir
televiziya kanalına verilir. Məsələn, şərti
olaraq hər hansı Azərbaycan filminin müstəsna
hüququ bir kanala verilir və onu bir il
müddətinə heç bir kanal göstərə bilməz.
Ancaq bizdə kino nümayişi siyasəti əcaib
formada həyata keçirilir. Televiziya
kanalları müstəsna hüququ almağı özlərinə
rəva bilmirlər. Bilirlər ki, bu filmi
alsalar, qiyməti qat-qat yüksək olacaq. Bu da televiziya kanalları arasında rəqabətin
olmaması ilə bağlıdır. Əgər
rəqabət olsaydı, yaxşı filmlərin hüququnu
alar və özləri göstərməyə
çalışardılar. Burada xüsusi
bir bacarıq lazım deyil. İstənilən
kanal bu hüququ əldə edə bilər. Amma bizdə efir rəhbərləri qeyri-normal bazar
yaradıblar".
H.Mehdiyev təzə çəkilən
filmlərin ekrana yol tapmamasının səbəbini
telekanalların öz funksiyalarını yerinə yetirə
bilməməsi kimi izah edib: "Bütün dünyada
olduğu kimi televiziya kanalları kinoteatrlardan sonra audiovizual
filmlərin bir bazarıdır. Bizim kanallar
özlərini bazarın elementi kimi aparmırlar. Öz ambisiyaları ilə film çəkmək
iddiasına düşürlər. Elə
filmlər var ki, heç indiyə qədər ekrana
çıxmayıb. Tamaşaçının
onlardan xəbəri yoxdur. Televiziya
kanalları həmin filmləri almaqla kinonun inkişafına da
təkan verə bilərlər. İndi elə
bir vəziyyət yaranıb ki, hətta bəzi
istehsalçılar öz filmlərinin nümayişindən
ötrü pul verirlər. Amma bu proses əksinə
olmalıdır. Belə davam etsə, audiovizual mədəniyyətin
inkişafına daha da maneçilik olacaq".
Efirdə dublyajın səviyyəsinə
də toxunan H.Mehdiyev bu sahədə vəziyyətin daha bərbad
olduğunu vurğulayıb: "Bəzi televiziya kanalları məsuliyyətsizlik
və redaktorlarının səviyyəsizliyi üzündən
dublyaj zamanı filmlərin tərcüməsinə kobud
müdaxilələr edirlər. Bu müdaxilələr
ləhcəni, fikri dəyişir. Ambisiyalı
redaktorun bir dialoqdan xoşu gəlmirsə, onu istədiyi kimi
edə bilir - bu, bizdə mümkündür. Ancaq bu, peşəkarlığın
aşağı düşməsi ilə yanaşı, müəllif
hüquqlarının kobudcasına pozulmasıdır. Dublyaj sənətdir, ancaq bizdə buna sənət səviyyəsində
baxmırlar".
Rejissor Əlisa Cabbarov da efirin
kino siyasətinin çox aşağı səviyyədə
olmasından narazıdır: "Bəzən əyləncəli
bir kanal məzmunu başa düşmədən elitar bir filmi
təqdim edir. Ənənəvi 20-30 film var ki,
bayramdan-bayrama nümayiş etdirilir. Azərbaycan
kinosuna stereotip münasibət var ki, guya kinomuz ancaq "Babək",
"Nəsimi", "Qatır Məmməd" və ya
"Məşədi İbad"dan ibarətdir. Ancaq o qədər naməlum film olsa da,
axtarılıb üzə çıxarılmır.
Rasim Ocaqovun, Həsən Seyidbəylinin, Hüseyn Seyidzadənin
elə filmləri var ki, tamaşaçılar onları indiyə
qədər görməyib. Eləcə də sənədli
filmlər var ki, efir üzü görməyib. Filmlər telekanallar üçün təqvimin
müəyyən günlərində efiri doldurmaq
üçün bir vasitədir. Xocalı
faciəsi günündə, 20 Yanvarda və ya bayram günlərində
eyni filmlər göstərilir. Ancaq kanallar
bizim çəkdiyimiz filmləri almırlar. Prodüser mərkəzlərinin çəkdiyi
filmlərlə bağlı bizdə hələ təcrübə
yaranmayıb ki, filmi alıb nümayiş etdirsinlər”.
Bəzi telekanallar isə
sovet dövründə çəkilən milli filmlərin
nümayişini yeni filmlər üçün Professional
Kinorejissorlar Gildiyası və «Azərbaycanfilm» kinostudiyası
tərəfindən kifayət qədər böyük məbləğ
- bir saat üçün 60-70 manat vəsaitin tələb
olunması ilə əlaqələndirir və problemin
çarəsini az sayda milli kino nümunələrinin
nümayişində görürlər.
AzTV-nin
İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Xatirə Qasımova isə filmlərin nümayişi ilə
bağlı Gildiya ilə telekanal arasında müqavilə
olduğunu bildirdi. Köhnə filmlərin təkrar-təkrar
nümayişinin isə milli kinematoqrafiya sahəsində “Məşəd
İbad” kimi filmlərin daha çəkilməməsi ilə əlaqələndirdi:
“Televiziya cəmiyyətin güzgüsüdür. Yaxşı filmlər çəkilsə təbii
ki, Azərbaycan Televiziyasında da göstərilər. Hansı telekanal yaxşı məhsulu cəmiyyətə
təqdim etmək istəməz?”
Tövsiyə
Milli Televiziya və Radio
Yayımı Şurasının sədr köməkçisi
Toğrul Məmmədovun məsələyə münasibəti
isə bir qədər fərqli səsləndi: “Biz
telekanalların peşə yaradıcılığına
qarışa bilmərik. Ancaq tövsiyə
edirik ki, təkrarçılığa yol verməsinlər”.
Göründüyü kimi,
efirin kino siyasəti ilə bağlı kino mütəxəssislərinin
fikirləri ilə telekanal və MTRŞ nümayəndəsinin
mövqeyi fərqlidir. Ancaq bu mövqelərin
heç biri tamaşaçının yaxşı filmlərə
olan marağını və istəyini azaltmır. Yetər ki, proqram siyasəti düzgün tənzimlənsin
və “tövsiyələr” tamaşaçıların xətrinə
nəyisə dəyişmək iqtidarında olsun. Amma
sizi bilmirəm, mən tövsiyələrlə nəyinsə
dəyişəcəyinə inanmıram...
Təranə Məhərrəmova
Kaspi.-2010.-15 sentyabr.- S.8.