“İlk ayaq basdığım
andan Bakı məni özünə heyran etdi”
Fethi Gedikli: “Dünyagörüşüm Əli bəy
Hüseynzadənin, Hüseyn Cavidin fikirlərindən
qidalandı”
Fethi Gedikli… Yəqin ki, bu ad əksəriyyətinizə yaxşı tanışdır. Üç ildən artıq bir müddətdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri kimi fəaliyyət göstərən Fethi bəy bu müddətdə sözün əsl mənasında iki dövlət arasındakı mədəni əlaqələrin inkişafına böyük töhfələr verdi. İşgüzarlığı, fəaliyyəti, gördüyü işlər onu bütün Azərbaycana sevdirdi desəm, yəqin ki, yanılmaram. İstanbul Universitetinin professoru, hüquq elmləri doktoru Fethi Gediklinin «Kaspi» qəzetinə eksklüziv müsahibəsini təqdim edirik.
- Azərbaycanda sizi çox yaxşı tanıyır və sevirlər desəm, səhv etmərəm. «Kaspi» qəzetinin oxucuları sizi bir qədər də yaxından tanısınlar deyə, özünüz, ailəniz haqqında bir qədər ətraflı danışmağınızı xahiş edirəm.
- Mən 1959-cu ilin payızında Türkiyənin Doğu Qaradəniz deyilən bölgəsində – məşhur Trabzon şəhərində anadan olmuşam. Akçaabat rayonunun Kuruçam kəndindənəm. Əkinçiliklə məşğul olan ailəmiz böyük idi. Mən yeddi uşağın dördüncüsüyəm. İbtidai məktəbi yaşadığım kənddə, orta məktəbi qonşu kənddə, liseyi isə Trabzon Müəllim Məktəbində bitirmişəm. Bir il Ankarada Hacıtəpə Universitetində hazırlıq sinfində ingilis dilini öyrəndim. Sonra İstanbul Universitetinin hüquq fakültəsinə daxil oldum və 1984-cü ildə oranı bitirdim. 1985-ci ildə Mərmərə Universitetinin hüquq fakültəsində belə demək mümkünsə, akademik həyata addım atdım. Ümumiyyətlə, ixtisas sahəm türk hüquq tarixinin araşdırılması və tədrisidir. Ancaq onu da qeyd edim ki, mən bir oxucu kimi ədəbiyyatı da yaxından izləməyi çox sevirəm. Hələ tələbə ikən, böyük qardaşım Yusif Gedikli ilə birlikdə «Çağdaş Azərbaycan Şeir Antologiyası» adlı bir kitab çap etdirdik. Onu da bildirim ki, o zaman 1983-cü il idi və Sovetlər Birliyi bütün «hegemonluğu» ilə ayaqda olduğu kimi, Türkiyədə də geniş auditoriya Azərbaycan haqqında o qədər də məlumatlı deyildi. Bir ildən artıqdır ki, İstanbul Universitetinin Hüquq fakültəsində çalışıram. Ailəliyəm. İki qızım, bir oğlum var. Oğlum sizlər demişkən, «Bakılı balası»dır.
- Fethi bəy, Azərbaycanda fəaliyyət göstərdiyiniz müddətdə Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri kimi elə böyük işlərə imza atdınız ki… Sizi tanıyanlar bilir ki, lazım olandan da iki, üç dəfə, bəlkə də daha artıq çalışırdınız. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin Türkiyədə yaxından tanıdılması üçün belə deyək, əsl fədakarlıq göstərirdiniz. Nə idi bunun səbəbi? Daha doğrusu, bu gün də həmin fəaliyyəti davam etdirirsiniz? Elə isə səbəbi nədir?
- Çox sağ olun, verdiyiniz qiymətə görə, ancaq bir az qabardırsınız. Mən Bakıda olduğum müddətdə öz işimi görməyə cəhd göstərdim və çalışdım. Amma iş deyəndə, onu sadəcə, bir vəzifə kimi görmədim. Dünyada bir-birinə heç olmayacaq qədər doğma olan iki eli, belə deyək, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyəni bir-birinə bir az da daha yaxından tanıtmaq istədim, onsuz da qırılmaz olan əlaqələri də bir az daha qırılmaz, bir daha möhkəmlətməyə cəhd etdim. İşimi çox sevdim və onu böyük sevgi ilə yerinə yetirməyə çalışdım. Mən özümü Kaşğardan Bosniyaya qədər uzanan geniş ərazidə yaşayan və dilimizdə danışan böyük insan kütləsinə mənsub bir şəxs sayıram. Bütün bunlar gəlişi gözəl sözlər deyil. Mən içimdən gələnləri söyləyirəm. Onların uğurlarına sevinirəm, ağrılarına üzülürəm. Bu səbəblə onların mədəniyyətlərinə və ədəbiyyatlarına da xüsusi bir maraq bəsləyirəm. İmkan tapdıqca, olanı-bitəni daha yaxından təqib etməyə çalışıram. Əlbəttə, bu böyük dünya içində Azərbaycanın xüsusi yeri var. Hər şeydən əvvəl coğrafi yaxınlığın gətirdiyi mədəni münasibətlər, əlaqələr var. Bilirsiniz, Trabzon Dədə Qorqud coğrafiyasının bir parçasıdır. Bizim danışıq dilimiz İstanbul ilə Bakı arasında bir yerdə durur. Bakının dilini başa düşmək bizim üçün çox asandır. Ona görə də həmişə Azərbaycanda nə baş verdiyini diqqətdə saxlamağa çalışırıq. Mən nə qədər Türkiyə Cümhuriyyəti vətəndaşı olsam da, özümü heç zaman bir siyasi dövlət hüdudu ilə məhdud çərçivədə görmədim. Mən eyni zamanda özümü Azərbaycan vətəndaşı kimi hiss edirəm. Dünyagörüşüm Əli bəy Hüseynzadənin, Hüseyn Cavidin fikirlərindən qidalandı. Mən də onların yolunu getməyi özümə borc bildim.
- Hətta Azərbaycanda ədəbi fəaliyyətlə məşğul olan gənclər vardı ki, onların belə demək mümkünsə, Türkiyə ədəbiyyatına yolunu açdınız. İş rejiminizin çox sıx olmasına baxmayaraq, həmin gəncləri daima Sizin yanınızda görmək olardı. İş otağınız hər zaman, bilmirəm düz ifadə edirəm, ya yox, hər baxımdan qonaqlı-qaralı olurdu. Bu qələbəliyin bir səbəbi də saysız-hesabsız kitablar, qəzetlər, jurnallar idi. Hətta sizi küçədə görəndə belə kitabsız olmurdunuz? Bu suala yuxarıda bir qədər aydınlıq gətirsəniz də, bir hüquqşünasın ədəbiyyata belə sonsuz marağı haradan gəlir? - Açığını deyim, ədəbiyyata yaxınlıq bir az insanın yaradılışı, xarakteri ilə də əlaqəlidir. Mən hekayə, roman, şeir oxumağı çox sevirəm. Bunların hamısı əslində, bir insanı və insanları anladır, tanımağa çalışır, tanıyır və tanıdır. Ədəbiyyat adama faydalı vaxt keçirməklə yanaşı, eyni zamanda, yuxarıda qeyd etdiyim kimi insanları da tanıdır. Belə deyək, ədəbiyyat, əslində, sizə özünüzü tanıdır, çünki siz də o insanlardan birisiniz. Beləcə, insanların günlük həyatlarında nə kimi davranışlar göstərəcəyini vaxt təxmin etmək olar və sonra da insandan gələn heç bir şey sizin üçün təəccüblü olmaz. İnsanlara qarşı daha anlaqlı və xoşməramlı, xeyirxah olursunuz. Çünki bilirsiniz ki, niyə görə elə edirlər… Bu, işin bir cəhəti! Digər cəhət isə mən belə düşünürəm ki, mədəniyyət ən əvvəl kitab deməkdir. Kitab yoxdursa, demək mədəniyyətdə yoxdur. Müqəddəs kitablar “əvvəl söz vardı” - deyə başlayır. Doğrudur. Amma söz uçar, qalan və yenidən, yenidən istehsal edilən, daha doğrusu, yazılan yazıdır. O üzdən mən yazıya fövqəladə önəm verirəm. O mənim üçün hər şeydən qiymətlidir. Gəncləri daima yazmağa və yazdıqlarını çap etməyə sövq edirəm, çağırıram. Belə deyim, bizdə keçmiş nəsilə mənsub olan adamlar yazını elə bil öz inhisarlarında saxlamaq istəyirdilər və gənclərin yazmasını pisləyirdilər, yazmaq onu tələb edir, bunu tələb edir deyərək. Qarşılarına dürlü-dürlü, müxtəlif maneələr çəkirdilər… Mən də əksinə, hər kəs yazmalıdır prinsipinə bağlıyam. Hər kəs yazsın ki, mədəniyyətimiz zənginləşsin, inkişaf etsin. Hər kəs şah əsər yazacaq deyə, bir şey yox, amma hər kəsin öz şah əsəri ola bilər. Hər kəsin yazdığı o və ya bu baxımdan önəmli ola bilər. Bəzisi ədəbi yöndən, bəzisi tarixi yöndən, bəzisi xalqın düşündüyünü və görüşünü əks etdirdiyi üçün…
- İndi
İstanbul Universitetinin professoru, öyrətmən kimi
çalışırsınız. Təbii ki, biz
tanıdığımız Fethi bəyin fəaliyyətini tək
universitetlə bitmiş hesab etmirik. Hazırda
hansı işlərlə məşğul olursunuz?
- Doğrusunu deyim ki, mən
hər şeydən əvvəl elm adamıyam. Öz
peşəmi də çox sevirəm. Təkcə
İstanbul universitetində yox, bir neçə universitetdə
dərs deyirəm, elmi məqalələr yazıram.
Bakıda buraxdığımız «YOM Türk Dünyası Mədəniyyət
Dərgisi»ni indi çətin şəraitdə
olsa da, İstanbulda davam etdirməyə
çalışırıq. Böyük
qardaşım Yusif Gedikli ilə birlikdə. Azərbaycanla bağlı kitabların redaktəsi
üçün tez-tez mənə müraciət edirlər.
Mən də əlimdən gəldiyi qədər
onlara müsbət yanaşıram. Demək olar ki, həmişə
olduğu kimi məşğulam, yaxşı şeylər
ortaya çıxar, ya yox… Bunu sonra görəcəyik…
- Səhv etmirəmsə, Azərbaycanda
fəaliyyətiniz başa çatdıqdan sonra bir dəfə
beynəlxalq konfransda iştirak etmək üçün
Bakıda olmusunuz. Yenidən çalışmaq
üçün Bakıya göndərsələr, gələrsinizmi?
Ümumiyyətlə, Bakıda, Azərbaycanda olduğunuz illəri
necə dəyərləndirirsiniz?
- Qədim yunan
filosoflarından biri bir çaya iki kərə girmək olmaz
demiş. Yeni bir vəzifədə mənə ehtiyac hiss edilsə,
əlbəttə, yenə gələrəm. Azərbaycan mənim
ikinci vətənim… Bakıdan, onun
insanlarından, dostlarımdan ötrü çox darıxsam
da, eyni vəzifədə Bakıya gəlmək artıq
mümkün olan şey deyil. Bakı
getdikcə gözəlləşir, daha baxımlı, insanlara
huzur və xoşbəxtlik verən bir şəhər olur.
Bu şəhərə ilk ayaq
basdığım andan Bakı məni çəkdi,
özünə heyran etdi. Röyalarımın şəhəri
Bakını gördüyümdə mən imkan olsa burada
ömrümün sonuna qədər yaşayaram dedim,
İstanbulu çox sevsəm də… Bakı mənə
və düşünürəm ki, bütün türkiyəlilərə
o qədər doğmadır. Xarici ölkədə
insanı ən çox «əcnəbi» edən orada
danışılan dilə və mədəniyyətə yad
olmaqdır. Bakıda isə öz
dünyanı belə demək mümkündürsə, yenidən
kəşf edirsən, dilinin sərhədlərini və sərhədsizliyini
idrak edirsən. Məsələn, orada sənin
«kapalı» dediyinə «bağlı» deyirlər, sənin
«Küçük Prens» dediyinə «Balaca Şahzadə» deyirlər…
Bütün bunlar kimi daha yüzlərcə başqa deyimlər
insanı qanadlandırır, uçurur,
çaşdırır, sevindirir…
Bakıda gərgin iş
şəraitində üç ildən bir az
artıq vaxt keçirdim. Həm özüm, həm də ailəm
üçün bu müddət ömrümüzün ən
gözəl, ən yaşamalı, ən xoş üç ili oldu. Biz evimizdə tez-tez
Bakını və Azərbaycanı həsrətlə yad
edirik, dostlarımızdan, orada keçirdiymiz günlərdən
söhbət açırıq.
- Türkiyədən,
İstanbuldan baxanda, necə bir Azərbaycan
görürsünüz?
- Təbii ki, bu mənim
öz fikirlərimdir. Azərbaycanla Türkiyənin
əlaqələri məncə, kifayət qədər sıx
deyil. Bakı ilə İstanbulun arası
gerçək desəm, bir qədər uzaq görünür.
Məncə, dövlətlərimiz ciddi surətdə
münasibətlərimizin daha da inkişaf etməsinə daha
böyük cəhd göstərməlidirlər. Bugünki dünyada heç bir dövlət
özbaşına ayaqda durmaq və istədiyi siyasəti
yeritmək iqtidarında deyil. Hər bir
dövlət öz varlığını inkişaf etdirmək,
qorumaq və dövlət maraqlarını gerçəkləşdirmək
üçün ittifaqlara qoşulur, qonşu dövlətlərlə
də, ölkəsindən çox uzaq məsafədə yerləşən
digər dövlətlərlə də anlaşmalar, sazişlər
bağlayır, siyasi, iqtisadi, mədəni və digər
münasibətlər qurur. Mən bu
baxımdan iki ölkə arasındakı münasibətləri
«olması gərəkən»dən aşağıda hesab edirəm.
O üzdən hər birimiz iki qardaş ölkənin bir-biri
ilə əlaqələrini daha da sıxlaşdırmaq
üçün əlimizdən gələni etməliyik. Bir müddətdir ki, erməni məsələsi ilə
bağlı Türkiyə bir sıra istiqamətlərdən
sıxışdırılır. Ermənilərin
arxasında sadəcə Rusiya yox, həm də Avropanın
nüfuzlu dövlətləri və ABŞ var. Əslində,
saydığım bu dövlətlər arasında seyrək
bir uzlaşma yaranır. Ermənistan məsələsində
belə bir ortaq təzyiq altındayıq.
- Azərbaycanda, Bakıda ən
çox nələrdən ötrü
darıxmısınız?
- Bakı bizim rahat
yaşadığımız, özümüzü xoşbəxt
hiss etdiymiz bir şəhər idi. Yaşadığımız
yerdən Bakının bütün mədəniyyət mərkəzləri,
tarixi, görməli yerlərinə əksər vaxtlar piyada
gedərdik, ya da taksi ilə beş-on dəqiqəlik bir məsafədə
idi. Demək istəyirəm ki,
yaşadığımız illərdə Bakı heç
zaman bizi yoran bir şəhər olmadı. Ailəlikcə tez-tez getdiyimiz və çox
sevdiyimiz Milli parkı, İçərişəhəri, Fəvvarələr
meydanını, Səməd Vurğun bağını, hədsiz
dərəcədə hörmət və mehribanlıq, qonaqpərvərlik
gördüyümüz insanları, dostlarımızı
unutmaq mümkündürmü? Azərbaycanla
bağlı hər şey diqqətimdədir,
marağımı çəkir. Azərbaycan
haqqında bir kitab, bir məqalə, bir xəbər, bir köşə
yazarının yozumu belə, məni özəlliklə
maraqlandırır. Eyni zamanda, əksər
vətəndaşlarımız kimi məndə Azərbaycan
Televiziyasını maraqla izləyirəm. Az.TV
Azərbaycan tarixini, onun zəngin mədəniyyətini,
musiqisini, təkrarsız muğamlarını, dilini,
ab-havasını, Azərbaycanın özünü olduğu
kimi Türkiyəyə gətirir. Azərbaycanda
nə baş verdiyini, hadisələrin necə inkişaf
etdiyini məhz Azərbaycan Televiziyasına baxaraq anlamağa
çalışıram. Bəzən
bunlar haqqında Azərbaycan mətbuatında kiçik
yazılar yazıram. İstərdim ki, bu yazıları
getdikcə bir az da çoxaldım,
çünki Azərbaycanla bağlı yazılacaq çoxlu
sayda hadisəylə qarşılaşıram.
Ağanisə Sultanova
Kaspi.- 2010.- 9 sentyabr.- S. 12