“Sözümü hələ deyə bilməmişəm”
Akademik Milli Dram Teatrın aktyoru,
Xalq artisti İlham Əsgərov yeni mövsümdə teatr aləmində
yeniliklərin baş verəcəyinə əmindir
Milli teatrımızın 138-ci mövsümü başlayıb. Ayrı-ayrı teatrlarda repertuarlar təzələnir, yeni tamaşaların məşqləri gedir... Bir sözlə teatr kollektivləri tamaşaçıları yeni tamaşalarla sevindirmək istəyirlər. Artıq şoudan, bayağı verilişlərdən yorulan tamaşaçı da yeni mövsümdən sanballı tamaşalar gözləyir.
Akademik Milli Dram Teatrın aktyoru, Xalq artisti İlham Əsgərov ümumən teatr aləmində yeniliklərin baş verəcəyinə əminliyini gizlətmir:
Yeni islahatlar ümidi ilə
- Yeni teatr
mövsümü sizə hansı yenilikləri vəd edir?
-
Yaxşılığa doğru çox işlər olacaq. Ona
görə də yeni mövsümdən çox şeylər
gözləyirəm. Teatrın yeni direktoru İsrafil müəllimin
gözəl ideyaları və planları var. Hətta
eşitmişəm ki, teatrımızda dublyaj studiyası
açılacaq. Teatrın məşqlərindən,
tamaşalarından əlavə, orada da məşğul
olacağıq. Biz də direktorun ideyalarının həyata
keçməsini ümidlə gözləyirik. Biz yeni
binamızda tamaşaları 2011-ci ildə göstərəcəyik. Ancaq bunun hansı ayda baş verəcəyini
dəqiq bilmirəm. Həmin binada çoxlu islahatlar həyata
keçəcək. Hər halda biz yalnız yaxşı
işlərə ümid edirik.
- Yaxşı işlər
deyəndə yalnız yaxşı tamaşaları nəzərə
tutursunuz?
- Əlbəttə,
bizim işimiz tamaşaçıya yaxşı tamaşa təqdim
etmək, onu maarifləndirməkdir. Böyük teatr sənətinin
böyük məqsədi gözəl tamaşalarla
tamaşaçını maarifləndirmək,
zövqünü təkmilləşdirməkdir.
- Hazırda teatrda
hansı tamaşaların məşqləri gedir və sizə
hansı əsərlərdə rol həvalə olunub?
- Hal-hazırda teatrda
İlyas Əfəndiyevin «Qarabağnamə» («Hökmdar və
qızı») əsərinin məşqləri davam edir. Bu əsər
14 il teatrımızın repertuarında oynanılıb. Ancaq
indi yeni quruluşda təqdim olunacaq. Mənə də həmin
tamaşada İbrahim xan rolu verilib. Hazırda tamaşanın
stolarxası oxu mərhələsidir.
Hər dövrün
öz tələbi
- Nə
üçün bu gün bizim tamaşaçılar
«Teatrlarda heç bir yaxşı tamaşa yoxdur» fikrində
israrlıdırlar?
- Bu sözü çox
vaxt teatra gəlməyən adamlar deyir. Yaxşı
tamaşalarımız çoxdur. Hər bir işin zəifi də,
ortababı da, güclüsü də olur. Eləcə də
bu bizim işimizə aiddir. Sadəcə, bunları təyin
etmək üçün teatra gəlmək lazımdır. Zəif
tamaşaları biz də görürük. Amma, o səhvləri
aradan qaldırmaq lazımdır.
- Zəif
tamaşaların səhnəyə yol tapmasının səbəbini
necə izah edərdiniz?
- Səbəblər
çoxdur. Ya əsər, ya rejissor, ya aktyor oyunu zəif olur.
Düzdür, elə zəif əsərlər də var ki,
aktyorların ifası və ya rejissor işi onu yüksəldir.
Bizim gözəl aktyorlarımız və rejissorlarımız
var. Onlara yaxşı şərait yaradıb, yaxşı da məhsul
tələb etmək olar.
- Bu gün həm teatr
mütəxəssisləri, həm də sıravi
tamaşaçılar tərəfindən «Bu gün səhnəmizin
Sidqi Ruhullası, Ələsgər Ələkbərovu,
Hökümə Qurbanovası, Leyla Bədirbəylisi yoxdur»
kimi fikirlər səslənir. Bu təəssüf dolu
fikirlərə siz də qatılırsınız?
- Hər dövrün
öz gözəl sənətkarı olub və olacaq. Hər
dövrün də öz tələbi var. Əgər bu dəqiqə
Sidqi Ruhulla və ya Ələsgər Ələkbərov
dirilib gəlsə onlara yaxşı rejissor və ya əsər
lazımdır. Hər bir əsərə müraciət etmək
olmaz. Tamaşaçılara tərbiyəvi əhəmiyyəti
olan əsərlər əsasında hazırlanan tamaşalar təqdim
etmək lazımdır. Görün o vaxt aktyorlar hansı
tamaşaları oynayıblar? Onlar klassik əsərlərdə
yetişiblər. Bu gün bizə klassik əsərlər hər
şeydən vacibdir. Düzdür, müasir əsər də
lazımdır. Ancaq müasir əsəri oynamaq
üçün gərək klassik əsərdə bişəsən.
Bu yolu məktəb kimi keçmək lazımdır. Gərək
klassik əsərlərin məktəbini keçəsən
ki, müasir əsərləri də yaxşı oynaya biləsən.
Müasir əsərlər də şou deyil. Çünki
şoular səviyyəsiz şeylərdir. Gərək
müasir əsərə klassik gözlə baxasan. Nə
vaxtsa bugünkü müasir əsər də klassik əsərə
çevrilə bilər.
- Səhnəni
yalnız klassik əsərlərlə bəzəmək
mümkündürmü?
- Klassika məktəb
deməkdir. Klassika böyük aktyor və rejissor, rəssam, bəstəkar
nəsli yetişdirmək deməkdir. Klassika ağacın
köküdür. Bu cür əsərlər
hər bir səhnənin bəzəyi olmalıdır.
- Siz bu gün ümumi
teatr atmosferində nədən razı və nədən
narazısınız?
- Teatr elə bir sənət
növüdür ki, nə qədər texniki inkişaf olsa
da, o yenə öz yerindədir. Görürsünüz,
nə qədər telekanallar açılır, nə qədər
insanların zövqü pozulur və nə qədər
informasiya bolluğu var. Amma zaman vardı insanları yalnız
tərbiyələndirən, maarifləndirən teatr idi. O
vaxtkı tamaşaçılar bütün əsərləri
əzbər bilirdi. Müasir dövrün ayrı tələbləri
var. Müasir teatrın da öz tamaşaçıları
var. Teatr elmdir, ocaqdır. Ona əyləncə kimi baxmaq olmaz.
Bu sənət ocağına gəlmək də hər yoldan
ötənin işi deyil.
- Aktyorlarla həmişə
söhbət edəndə şikayətlənirlər ki,
başqa teatrların aktyorları onların oynadıqları
tamaşalara baxmağa gəlmirlər. Sizcə bu
yaradıcılıq qısqanclığıdır, yoxsa sadəcə
laqeydlik?
- Mən vaxt və imkan tapdıqca başqa tamaşalara gedirəm. Təbii ki, başqa teatrların repertuarları ilə də maraqlanmalıyıq.
Yaxşını
pisdən ayırmaq üçün bu, çox vacibdir.
Bölgü düz
olmayanda
- Uzun illər səhnədə
olan bir aktyor kimi öz yerinizi teatr sənətində necə
müəyyənləşdirirsiniz?
- Mən bu sənətə
böyük arzularla gəlmişəm. Elə rejissorlar
görmüşəm ki, fikirləşirdim, onlar dünya
durduqca yaşayacaqlar. Təəssüf ki, onların həyatdan
köçməsi bəzi arzularımızı ürəyimizdə
qoydu. Amma bu gün də hələ nəsə gözləyirəm.
Demək olar ki, sözümü hələ deyə bilməmişəm.
Elə obrazlar olub ki, onları oynamaq mənə qismət
olmayıb. Necə deyərlər, taleyimiz rejissorlardan
asılıdır. Rejissorların tez-tez dəyişməsi,
onların gah zəif, gah güclü olması bizim də
taleyimizdə rol oynayır. Məni instituta yüksək qiymətlərlə
qəbul edən Adil İsgəndərovun, eləcə də
Tofiq Kazımovun, Mehdi Məmmədovun yeri görünür. Məni
teatra da onlar dəvət elədilər. İlk dəfə Mərahim
Fərzəlibəyov «Közərən ocaqlar»
tamaşasında mənə rol verdi. Sonradan onun başqa tamaşalarında
da oynadım. Ağakişi Kazımovun da tamaşalarında
oynamışam. Bu gün də ümidverici
rejissorlarımız var. Onlara şərait yaratmaq
lazımdır ki, istədiyimiz əsərləri səhnədə
görə, ürəyimiz istəyən rolları oynaya bilək.
Mən də bu arzularla yaşayan aktyorlardan biriyəm.
- Məsələn, tələbəlik
illərində hansı rolu oynamaq arzusu ilə
yaşayırdınız ki, bu günə qədər sizə
qismət olmayıb?
- Teatra gəldiyim vaxtlarda – 25-26 yaşlarımda Hamleti oynaya bilərdim. Təəssüf ki, bu olmadı! «Ölülər»də İsgəndəri oynaya bilərdim. Bu da olmadı! Mən komediyalarda oynamaq istəyirdim. Orta məktəbdə və institutda oxuduğum illərdə komediyalarda oynayırdım. Ancaq kurs rəhbərim Böyükağa Kazımov məni ciddi planda kəşf etdi. Sonra da Adil İsgəndərov kursumuzun oynadığı kiçik səhnələrə baxıb məni yaxşı qiymətləndirdi. Sonra isə teatr aləminə düşdüm. Burada rejissorların rol bölgüsündən çox şey asılıdır. Rol bölgüsü tamaşanın yarı müvəffəqiyyəti deməkdir. Bu bölgü düz olmayanda tamaşada zəiflik olur. Tamaşaçı da «bu rolu filankəs oynasaydı daha yaxşı olardı» - deyə düşünür.
- İlham
müəllim, niyə efirdə az-az
görünürsünüz? Bunun səbəbi yaxşı
teletamaşaların çəkilməməsi ilə
bağlıdır?
- Sovet dövründə
müxtəlif mövzularda yaxşı tamaşalar çəkilirdi.
Mən də o tamaşalara dəvət alırdım.
İndi isə tamaşalar çəkilmir. Bəzi eybəcər
mövzulara toxunulur, camaatın zövqünü
korlayırlar. Çox istərdik ki, klassik əsərlər
ekranlaşdırılsın. Mən də həmin
tamaşalarda oynamaq arzusu ilə yaşayıram.
- Siz həm də bədii
qiraət ustası kimi tanınırsınız. Bu iş səhnə
fəaliyyətinizin davamıdırmı?
- Qiraət işi mənə
çox kömək edir. Sənət aləminə gələndə
bizi qiraətlə imtahan edirlər. Hər bir aktyor bunu bacarsa
çox yaxşı olar. Onlara kiçik bir şeir
parçası və hekayə kimi baxmaq lazım deyil. Bu,
böyük bir monoloqdur. İstənilən qiraət hər
bir aktyora yalnız kömək edə bilər. Çünki
istənilən yerdə aktyorun söz ehtiyatı
olmalıdır. Bu, aktyorun hər bir zaman və hər yerdə
öz fikrini ifadə etməsinə yalnız kömək edər.
- Nə
üçün rejissorlar sizi kinoda çox görmürlər?
- Mən
vaxtilə filmlərə çəkilmişəm. Elxan
Qasımovun «Biz qayıdacağıq», Ənvər Əblucun
«Tərsinə çevrilmiş dünya», Tofiq
İsmayılovun 1985-ci ildə çəkdiyi iki seriyalı «Əlahiddə
vəziyyət» filmlərində oynamışam. Bəzən
elə olub ki, dəvət aldığım filmdə bir
saatın içində yerimi dəyişiblər. 2-ci kursda
oxuyanda Həsən Seyidbəyli mənim efirdə şeir deməyimi
eşidib Nizami roluna dəvət etmək istəyirdi. Ancaq iki aydan sonra o dünyasını dəyişdi.
Daha sonra «Babək» filmində Bəbəkin oğlunu oynamaq
üçün seçilmişdim. Ancaq sonra eşitdim ki,
filmin çəkilişi artıq qurtarıb. Məndən
soruşdular ki, sənin adamın yoxdur gəlsin? Dedim axı,
adamım yox, özüm çəkilirəm. Başqa filmlərdə
də bu cür hadisələr oldu. Son vaxtlar isə yenə də
dəvətlər almağa başlamışam. Mən kinoda
klassik bir şair rolunu oynamaq istəyirəm. Ancaq hələ
mənə belə bir obraz təklif olunmayıb.
- Bir az əvvəl “hələ
səhnədə sözümü deməmişəm” deyə
bildirdiniz. Sizə elə gəlmirmi,
aktyor sözünü deyəndən sonra onun
üçün hər şey qurtarır?
- Bu sual mənə nə
vaxt verilsə, yenə deyəcəyəm ki, «Hələ
sözümü deyə bilməmişəm». Çünki sənətdə
zirvə yoxdur.
- Hazırda «Space»
kanalında yayımlanan və hamının həvəslə
baxdığı «Həzrəti Yusif» filminin dublyajında siz
də iştirak edirsiniz. Filmin özü qədər
dublyajı da tamaşaçıların rəğbətini
qazanıb. Başqa filmlərdəki dublyajlardan o filmi sizin
üçün fərqləndirən nəsə varmı?
- Mən hələ bu filmi görməmişdim və dublyajında iştirak etmək təklifi aldım. Fikirləşirdim ki, bunu elə tərzdə oxumaq lazımdır ki, insanlar bunu sevsin, rəğbət qazansın. Ancaq səraitsizliyimiz bəzən bizi narahat edir. Texnika zəif olur, müəyyən çətinliklər yaranır. Həm də işimin çoxluğu ilə əlaqədar razılaşmaq istəmirdim. Amma studiyanın rəhbərliyi məni çətinliklə də olsa razı sala bildi. İndi deyirəm ki, nə yaxşı razılaşdım! Hazırda film nümayiş olunur və mənə çoxlu zənglər gəlir. Hamı filmi yüksək səviyyədə səsləndirməyə görə təşəkkür edir. Deyirlər ki, elə bil poeziyaya qulaq asırıq.
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 17 sentyabr.- S.12.