Bütün zamanların dahi bəstəkarı
Üzeyir Hacıbəyli xalqımızın musiqi mədəniyyətinin
inkişafında yeni mərhələ açan dahi sənətkardır.
O, Azərbaycan milli operasının banisi olmaqla, dünya mədəniyyəti
xəzinəsini parlaq incilərlə zənginləşdirib
Sentyabrın 18-i dahi bəstəkarın
125 illik yubileyi
qeyd olunur. Bu ümumilikdə Azərbaycanda
maarif və mədəniyyət məşəli yandıran,
çox sevdiyi doğma vətənində musiqi təhsili,
maarifi və təbliğatı işində öndər olan,
böyük milli kadrlar ordusu yaradan, musiqi incəsənətimizin
dünya səviyyəsinə çıxmasına nail olan bir
insanın doğum günüdür.
Qori illəri
Üzeyir
Hacıbəyli kənd mirzəsi ailəsində doğulub. Valideynləri
Ağcabədidən Şuşaya köçdükdən
sonra ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində
alıb. Şuşanın zəngin
musiqi-ifaçılıq ənənələri Hacıbəyovun
musiqi tərbiyəsinə müstəsna təsir göstərib.
Onun ilk müəllimi Azərbaycan musiqisinin
gözəl bilicisi, dayısı A.Əliverdibəyov olub.
Gənc Üzeyir ilk təhsilini Şuşada, H.Vəzirovun
müdir olduğu
ikiillik rus-tatar məktəbində alıb. Sonra o, Şuşadakı mədrəsədə ərəb-fars
dillərini öyrənib. 1899-cu ildə isə
o, rus-tatar məktəbini əla qiymətlərlə bitirib və
elə həmin ildə də təhsilini davam etdirmək
üçün Qori Müəllimlər Seminariyasının
aşağı hazırlıq sinfinə daxil olub. Burada dini mənsubiyyətinə görə müsəlman
uşaqlarının oxuduğu "Tatar şöbəsi"ndə
müstəsna hal olaraq iki hazırlıq sinfi yaradılıb.
Üzeyir Hacıbəyli aşağı
hazırlıq sinfinə qəbul edilib. Bu
sinfi müvəffəqiyyətlə bitirən Ü.Hacıbəyli
və digər tələbə yoldaşları Ə.Terequlov,
M.Maqomayev, Z.Hacıbəyov və b. 1900-cu ilin sentyabrından
yuxarı hazırlıq sinfində oxumağa
başlayıblar.
Qori
Sminariyasında oxuduğu illər gənc Üzeyirin yalnız
bədii təfəkkürünün inkişafında, maarif
və elm yolunda ciddi addım atmasında deyil, həm də dünyagörüşünün
formalaşmasında mühüm rol oynayıb.
Seminariyadakı təhsil illərində
o, səylə oxuyub, dünya ədəbiyyatı klassiklərinin
əsərləri ilə tanış olub.
Burada başqa dərslərlə yanaşı
solo və xor mahnıları, musiqi nəzəriyyəsi tədris
edilir, tələbələrdən ibarət simli orkestr də
fəaliyyət göstərirdi. Seminariyada
oxuduğu illər ərzində təhsil ocağının
ictimai işlərində və musiqi həyatında
yaxından iştirak edən Üzeyir bəy tələbə
yoldaşları-M.Maqomayev, Ə.Terequlov, İ.Suxarev,
P.Maliçevski və b. ilə birgə bu orkestrdə
çalışıb, xorda oxuyub. Ümumiyyətlə,
o, dərsdən sonra bütün musiqi məşğələlərinə
gəlir və rus klassik musiqisinin ən gözəl nümunələri
ilə tanış olurdu. Müəllimlərin,
tələbə yoldaşlarının məhəbbətini
qazanan Üzeyir bəy seminariyada hamının sevimlisinə
çevrilərək ən yaxşı tələbələrdən
biri kimi hörmət qazanıb. Musiqi fənnlərinə
- xora, solfecioya, musiqi ədəbiyyatına böyük həvəs
göstərən Üzeyir, təhsil illərində tətil
vaxtı tez-tez Tiflisə gedir, orada simfonik orkestrin konsertlərini
dinləyir, opera tamaşalarına baxırdı. Boş vaxtlarında rus və Qərbi Avropa klassik
musiqi əsərlərini mənimsəməklə,
üç musiqi alətində - skripkada, violençeldə və
baritonda çalmağı öyrənib.
“Tatar şairi”
Üzeyir bəy
1903-cü ildə Tiflisdə nəşr edilən "Şərqi-rus"
qəzetində dərc etdirdiyi "Dəllək" adlı
ilk felyetonunu məhz seminariyada oxuyarkən yazıb. Bundan başqa rus ədəbiyyatını
əsaslı surətdə öyrənən Üzeyir bəy
Krılov, Puşkin, Turgenev, Qoqol, Çexov kimi dünya
şöhrəti qazanmış klassik
yazıçıların, Russo, Uşinski, Flober kimi məşhur
pedaqoqların əsərləri ilə tanış
olub. Xüsusilə, Qoqolun dahiyanə
yazılmış əsərlərini sevə-sevə oxuyub,
onun satirasını və yumorunu yüksək qiymətləndirib.
Hətta seminariyanı bitirib publisistik fəaliyyətinə
başladığı dövrlərdə də yenidən
Qoqolun yaradıcılığına müraciət edərək,
onun "Şinel" povestini tərcümə edib və
1909-cu ildə "Tərəqqi" qəzetində dərc
etdirib. Ü.Hacıbəyovlinin şəxsiyyətinə
böyük hörmət bəsləyən, onun elmi-ədəbi
fəaliyyətinə yüksək qiymət verən C.Məmmədquluzadə
tərcüməni çox bəyənib, N.V.Qoqolu Azərbaycan
oxucularına tanıtdırmaqda Üzeyir bəyin zəhmətinin
böyük faydası olacağını bildirib.
Üzeyir bəy Qori
Seminariyasında oxuduğu illəri xatırlayaraq
yazırdı: "Mən seminariyanın ikinci klasında idim
ki, il yarımdan sonra müəllim olacaqdım. Yazı
imtahanı olmaq üzrə "Mən gələcəkdə
nə iş görəcəyəm" sərlövhəsi təhtində
bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım ki, məktəblərimiz
üçün ana dilində tədris olunmaqdan ötrü dərs
kitabları tərtib edəcəyəm. Bunun
üçün osmanlı və rus
kitablarından istifadə edib, hesab, coğrafiya və sair elmləri
öz dilimizə tərcümə edəcəyəm. Mənim bu fikrim direktorun xoşuna gəlməmişdi.
Məni çağırıb dedi: "Müəllimlər sənin
yazdığına üç nömrəsi qoyubdular, amma mən
2 qoyuram. Çünki qanmıram ki, sən nə
deyirsən".
Gələcəkdə
ana dilində dərslik dərc etdirmək istəyən
Üzeyirin bu arzusu müəllimlərə xoş təsir
bağışlaya bilməzdi. Buna görə də
onun yazısına "üç" qiymət vermişdilər.
Hətta "Ana dilində
danışdığı üçün..." ona töhmət
də elan etmişdilər.
Seminariyada təhsil alan Ü.Hacıbəyliyə aid 1422 saylı
şəxsi qovluqda bir çox xasiyyətnamə mühafizə
edilir. Bu xasiyyətnamələrdə onun kitab
oxumağa, şəkil çəkməyə böyük
maraq göstərdiyi, şer yazdığı, Azərbaycan
dilində yazılmış məqalələri rus dilinə
və əksinə bacarıqla tərcümə etdiyi
haqqında qeydlər edilib, çox çalışqan, daha səmimi
və qabiliyyətli olduğu yazılıb. Üzeyir bəy seminariyanın 25 illiyinə həsr
edilmiş şer də yazıb. Hətta
sinifdə "Tatar şairi" adı ilə
tanınırdı.
5 iyun
1904-cü ildə - Üzeyir bəyin seminariyadakı son təhsil
ilində - verilmiş xasiyyətnamədə onun gələcəkdə
dahi bir şəxsiyyət olacağı haqqında
yazılıb: "...Ü.Hacıbəylidən mükəmməl
müəllim, gözəl musiqiçi çıxacaq". Xasiyyətnamədə
yazılmış sözlər özünü doğrultdu.
Seminariyadan müəllimliyə
Seminariyaya qəbul olunanlar
dövlət hesabına oxumaqla yanaşı, beş
il təhsil almalı və bir o qədər müddət də
xalq məktəblərində müəllimlik etməli idilər.
Buranı bitirən hər kəsə, o cümlədən,
Üzeyir bəyə seminariyanın beşillik təhsilini
müvəffəqiyyətlə başa vurmasını təsdiqləyən
şəhadətnamə (əsli Leninqrad Dövlət Tarix
Arxivindədir) təqdim edilib və ibtidai kənd məktəbi
müəllimi adı verilib.
Bundan sonra da
Üzeyir bəy Hadrut kənd məktəbinə müəllim
təyin olunub.
Bir il burada uşaqlara rus dilini, hesabı,
musiqini və digər fənnləri tədris edən
Üzeyir Hacıbəyli, 1905-ci ildə erməni-müsəlman
münaqişəsi başladığı üçün
Bakıya gəlir. Əvvəlcə o,
Bayılın Bibi-heybət qəsəbəsində fəhlə
uşaqlarına, sonra isə "Səadət" xeyriyyə
cəmiyyətinin "Səadət" məktəbində
rus dili, hesab və təbiət fənlərindən dərs
deməyə başlayır.
1907-ci ildə Bakıda Azərbaycan
türkcəsində "Hesab məsələləri" və
"Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və
əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"ni
nəşr etdirib.
Xalq
mahnılarının nümunələrini nota
köçürən Üzeyir bəy, özünün də
həmin səpgidə ilk orijinal əsərlərini bəstələməyə
başlayıb. Hətta Ü.Hacıbəyovlinin ev
muzeyinin mərhum direktoru R.Xəliliov xatirələrində
deyirdi ki, seminariyanın rəhbərliyi Üzeyir bəyin bu
nadir istedadını nəzərə alaraq, onun 1903-cü ildə
Qoridə bəstələdiyi musiqi parçalarının not
dəftərini Parisin beynəlxalq sərgisinə təqdim
etmiş və bu musiqi parçaları orada layiqincə dəyənləndirilib.
Şərqdə ilk opera
Üzeyir bəy
bədii yaradıcılığa publisistika ilə
başlayıb. O, "Kaspi", "Həyat",
"İrşad", "Tərəqqi", "Həqiqət",
"İqbal", "Yeni İqbal" qəzetlərində
və "Molla Nəsrəddin" jurnalında
"Ordan-burdan", "O yan-bu yan" və s.
başlıqlar altında "Ü", "Filankəs",
"Behmankəs" və s. gizli imzalarla dövrün
mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə
dair çoxlu məqalə, felyeton və satirik miniatürlər
dərc etdirib.
Dahi bəstəkarın
1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda
Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən
"Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda
deyil, bütün müsəlman Şərqində opera sənətinin
əsası qoyulub. Hacıbəyli operanın
librettosunu Füzulinin eyni adlı poeması əsasında
yazıb.
Üzeyir bəy 1909-1915-ci
illərdə bir-birinin ardınca "Şeyx Sənan" ,
"Rüstəm və Söhrab" , "Şah Abbas və
Xurşudbanu" , "Əsli və Kərəm",
"Harun və Leyla" (1915) muğam operalarının
librettosunu xalq dastanları və rəvayətlər,
Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında
yazıb. O, "Leyli və Məcnun"dakı üslub
xüsusiyyətlərini və estetik sənət prinsiplərini
sonrakı operalarında da davam etdirib.
Xalq dastanı əsasında
bəstələdiyi "Əsli və Kərəm"
operasında Ü.Hacıbəyli muğamatla bərabər
aşıq musiqisindən də istifadə edib.
Üzeyir bəy
Azərbaycanda musiqili komediya janrının
yaradıcısıdır (komediyalarının mətnini də
özü yazıb). Onun "Ər və arvad", "O olmasın, bu olsun",
"Arşın mal alan” musiqili komediyalarında inqilabdan əvvəlki
Azərbaycan məişəti, xalq adət və ənənələri
dolğun əksini tapıb. Ü.Hacıbəyli 1911-ci ildə
musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin
il burada filarmonik cəmiyyətin musiqi
kurslarında, 1913-cü ildə isə Peterburq
konservatoriyasında oxuyub. Peterburq dövrü Hacıbəylinin
yaradıcılığında mühüm rol oynayıb, o,
"Arşın mal alan" musiqili
komediyasını məhz burada yazıb. Dahi bəstəkarın
"Arşın mal alan" musiqili
komediyası ingilis, alman, Çin, ərəb, fars, polyak,
Ukrayna, belorus, gürcü və s. dillərə tərcümə
edilib.
Ü.Hacıbəyli
1921-ci ildə Bakıda azərbaycanlı tələbələr
üçün ilk musiqi məktəbini - Azərbaycan
Dövlət Türk Musiqi Məktəbini təşkil edib. 1926-cı ildən
Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət
göstərən Üzeyir bəy burada nəzəriyyə,
harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən
dərs deyib, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan
xor kollektivini yaradıb.
Dahi bəstəkar
1927-ci ildə Müslüm Maqomayev ilə birgə ilk "Azərbaycan
Türk el nəğmələri" məcmuəsini nəşr
etdirib. 1931-ci ildə isə Azərbaycan Radio Komitəsi
yanında ilk notlu xalq çalğı alətləri orkestri
təşkil edib.
1937-ci il
aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə
tamaşaya qoyulan "Koroğlu" operası (librettosu
H.İsmayılov və M.S.Ordubadinindir) Ü. Hacıbəyli
yaradıcılığının zirvəsini təşkil
edir. Azərbacan opera sənətinin incilərindən
sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik
opera formasına riayət edərək bitkin ariyalar, kütləvi
xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri
yaradıb.
O, "Koroğlu"
operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq
musiqi alətlərini daxil edərək orkestrin rəngarəng
səslənməsinə nail olub.
Ü.Hacıbəyli
həm də böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi
musiqişunaslığının əsasını qoyub,
musiqiyə dair çoxlu məqalələr yazıb, tədqiqatlar
aparıb. Bu gün 125 illik yubileyini təntənə
ilə qeyd etdiyimiz Üzeyir bəy Azərbaycan musiqisində
köklü dönüş yaradan dahi bəstəkardır.
Böyük bəstəkarın tələbələri
“Üzeyir müəllim olmasaydı, biz də olmazdıq"-
deyə həmişə etiraf ediblər. Onlar
bu sözləri bütün həyatları boyu özlərinin
yaradıcılıq epiqrafına çevirərək Azərbaycan
musiqi sənətinə sanballı töhfələr veriblər. Üzeyir bəyin dəyərli
irsi təkcə bu gün deyil, bütün zamanlar
üçün Azərbaycan xalqının mənəvi xəzinəsi,
milli-mənəvi dəyəri rolunu qoruyub saxlayacaq.
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 18-20 sentyabr.- S. 8.