Tamaşaçı qəlbinə yol 

 

“Space” telekanalında yayımlanan “Həzrət Yusif” filminin 34-cü seriyası da arxada qaldı. 45 seriyadan ibarət olan film İran kinematoqrafçıları tərəfindən 8 il müddətində istehsal olunub

 

Hazırda film təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində böyük tamaşaçı marağına səbəb olub. Ölkəmizdə də filmin hər bir seriyası maraqla izlənilir. Ekranı  Hollivudun dəhşət və zorakı filmlərinin başına götürdüyü, MeksikaBraziliya ölkələrinin “sabun köpüyü” seriallarının insanların başını qatdığı bir vaxtda bu filmin nümayişi ilə efirdə sanki birdən dönüş, ürəklərdə isə “nə yaxşı ki, belə bir  ibrətamiz film çəkilib” rahatlığı yaranıb. İnsanlar filmin hər seriyasının başlayacağı vaxtı səbirsizliklə gözləyir və hər bir  seriyanın müzakirəsinə vaxt ayırırlar. Qeyd edim ki, publikanın hər hansı filmə belə  kütləvi marağı uzun illər qabaq olub. Bu baxımdan özündə yüksək tərbiyəvi əhəmiyyət və bəşəri dəyərləri əks etdirən filmi təkcə bir ölkənin və ya millətin adı ilə adlandırmaq düzgün olmazdı.

Qeyd edim ki, 45 seriyadan ibarət olan film İran kinematoqrafçıları tərəfindən 8 il müddətində istehsal olunub.

 

Ən gözəl dərs

 

Filmin süjeti “Qurani-kərim”in “Yusif” ayəsi əsasında çəkilib. Filmdə Misir dövlətinin simasında ümumən hökmdarların xalqa münasibəti, qulların alınıb satıldığı məmləkətdə insan haqlarının yoxluğu, zalımın fağır üzərində ağalığı - onun malına hakim olması, insanlara edilən zülmlər və s. göstərilir.  Ancaq Yusif Peyğəmbərin (ə) zühur etməsi ilə insanların qarşısında yeni dünya yaranır. Yusif Peyğəmbər (ə) Allahın elçisidir. “Qurani Kərim”də də yazılıb ki, Peyğəmbərlər Allah-təala ilə insanlar arasında elçilərdir. Allah-taalanın təmiz ürəklərinə, səmimi etiqadına və mənəvi kamilliklərinə görə insanlar içərisindən Peyğəmbər seçdiyi kimsələrə vəhy  göndərilir. Allah-taala buya digər fikri peyğəmbərin ürəyinə salır, yaxud gizli bir səslə ona təlqin edir, yaxud həmin fikri ona çin olan yuxuda bildirir. Allah -təalanın  vəhy mələyi vasitəsilə peyğəmbərə göndərdiyi vəhy heç zaman unudulmur, onların hafizəsində həkk olunub qalır. Sonra peyğəmbərlər həmin əmrləri və hökmləri olduğu kimi öz ümmətlərinə çatdırır, təbliğ edirlər. “Misirin altını üstünə çevirmək lazımdır. Varlılar fəqirlər kimi, fəqirlər də varlılar kimi yaşamalıdır” deyən Yusif Peyğəmbər (ə) də Allahın elçisi olaraq Yer üzündə ədaləti bərqərar etməyə çalışır. Allah-taalanın sevimli bəndəsi kimi bu yolda zülmlər çəkir. Zindanlarda yatır, əzablara düçar olur, amma heç bir əziyyət onun insanlara olan sevgisi qarşısına sədd çəkə bilmir. Yusif təkcə yaşadığı məmləkətin deyil, Yer üzünün bütün insanlarının azad, sakitfiravan yaşamasını istəyir. Qardaşları tərəfindən quyuya salınan, sonra  karvan yolçuları tərəfindən çıxarılaraq Kənandan Misirə gətirilib qul kimi satılan Yusif həmişə mənsub olduğu zümrənin haqqını müdafiə edir. Sarayda yaşadığı illərdə də əhatə olunduğu rahatlıq və firavanlıq onun əqidəsini dəyişmir. Fəqirlərə, əzilənlərə, haqqı tapdananlara sevgi və mərhəmət hissləri onun qəlbində dəyişməzdir. Filmdə sevgi hissləri ana xətt kimi keçir. Misir məbədinin ilahəsi Züleyxa xanımın Yusifə olan məhəbbəti tamaşaçıda  həm həqiqi, həm  hisslərinin düzgün ünvanını bilməyən qadınların faciəsini, həm də xəyanət kimi dəyərləndirilir. Filmdə həm kişilərin, həm də qadınların  xəyanətinin yolverilməz olduğu qabardılır.  Yusifin ağasına xəyanət etməyərək hər cür zinadan çəkinməsi nəfsini boğa bilməyən insanlara ən gözəl dərsdir. Filmin dərin tərbiyəvi əhəmiyyəti var.  Çünki hikmət sahibi Yusifin   hər bir sözü insanların yaşaması, həyata bağlılığı, səhvlərini düzəltməsi, mərhəmətli olması, darda qalanlara kömək əlini uzatması və s. müsbət keyfiyyətlərlə tərbiyələnməsi üçün məxəzdir. Ona görə də filmə təkcə dini baxımdan yanaşmaq doğru deyil. Hər epizodu ibrətamiz olan film özündə yüksək bəşəri dəyərlər ehtiva edir. Filmi izlədikcə inanırsan ki, onun təsiri ilə bəzi insanlar pis vərdişlərdən əl çəkə, iman yoluna qayıda, islah oluna bilərlər. İtib-gedən dəyərlərin, mənəvi aşınmaların qarşısının alınmasında incəsənətin rolunun danılmaz olması şübhəsizdir.

Bir qədər də filmin dublyajı haqqında. FilmCineSalam prodakşnda tərcümə və dublyaj olunubfilmin bütün hüquqları bu şirkətə aiddir. 45 seriyalı film 1 qabda 12 DVD olmaqla film həvəskarlarına təqdim olunur. Filmin səsləndirmə prosesi 7 ay davam edib. Qeyd edim ki, dublyaj və tərcümə işi  peşəkar səviyyədədir. Dublyajda iştirak edən aktyorların seçimi kifayət qədər uğurludur. Belə ki, filmi Azərbaycanın xalq artistləri İlham Əsgərov, Həmidə Ömərova, Əməkdar artist Kazım Abdullayev, aktyorlar Elşən Rüstəmov, Məmməd Səfa, Şəfəq Əliyeva, Qədir Mirzə, Natəvan Qeybani, Pərviz Bağırov və digər 20-yə yaxın peşəkar aktyorlar səsləndiriblər.  Serialdakı  Yaqub Peyğəmbərin (ə) obrazını səsləndirən Xalq artisti,  Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərov bildirib ki, “Filmdəki əsas rollardan birini mən səsləndirirəm. Bu mənim həyatıma böyük təsir elədi. Hazırda film nümayiş olunur  mənə çoxlu zənglər gəlir.  Hamı filmi yüksək səviyyədə səsləndirməyə görə təşəkkür edir. Deyirlər ki,  elə bil poeziyaya qulaq asırıq. Bu film nəinki mənim, filmi seyr edən hər bir insanın həyatında böyük izlər buraxır”.

Məlumatlara görə, "Yusif peyğəmbər" serialı Türk, ərəb, ingilis, fransız, urdu, ispan, və italyan dilində də dublyaj edilərək, dünyanın bir çox telekanalında nümayiş etdirilib. Filmin rejissoru Fərəcullah Sələhşurun çəkdiyi “Həzrət Məryəm” və “Əshabi Kəhf” çoxseriyalı filmləri də dünya xalqlarının rəğbətini qazanıb. Rejissor hazırda “Həzrət Musa” serialının üzərində işləyir.

 

Yaxşı olar ki...

 

Azərbaycan kinematoqrafçıları hər il müxtəlif janrda filmlər çəkirlər. Kino tariximizə nəzər salıb indiyə qədər çəkilən filmlər arasında islamı dəyərləri bu cür qabarıq əks etdirən filmlərə isə rast gəlinmir. Vaxtilə sovet donəminin basqısına məruz qalan milli kinomuz senzuradan yaxa qurtarıb müstəqillik qazanandan sonra da bu cür mövzulara müraciət olunmur. Düzdür ayrı-ayrı filmlərdə müəyyən epizodlara rast gəlinir.  Amma tamaşaçıların əsrlərdən bəri gələn inamını, etiqadını dəyərləndirib, hər şeydən əvvəl kütləvi marağı nəzərə alıb dini, tarixi və bəşəri mövzulara müraciət olunmur. Özlərini dahi rejissor adlandıranlar, bir-birinin yaradıcılığına yuxarıdan aşağı baxanlar bir qədər eqoizimdən uzaqlaşıb tamaşaçıların qəlbinə gedən yolları axtarmağa vaxt sərf eləsələr daha yaxşı olmazmı?

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2010.- 23 sentyabr.- S.8.