Dəbə çevrilən
yarışma
Bu ilin oktyabr ayında Azərbaycanda
“Best Model of Azerbaijan-2010” müsabiqəsi keçiriləcək
“Best model of Azerbaijan 2010” müsabiqəsinin rəhbərləri
Validə Abbasova və stilist Anar Ağakişiyev model müsabiqəsinin keçiriləcək
məkanını və
dəqiq vaxtını
müəyyənləşdirərək yarışmanın
22 oktyabr tarixdə,
“HEZZ Club Restaurant”da baş
tutacağını bildiriblər.
Artıq müsabiqə
ilə bağlı seçim turu da başa çatıb. Belə
ki, müsabiqənin münsiflər heyəti, eləcə də
“Fashion model school” model agentliyinin rəhbəri Lyubov
Qutorovanın iştirakı ilə qız və oğlanlardan
ibarət modellər qapalı şəraitdə seçilib.
60-dan artıq modelin qatıldığı seçimlərdə
10 qız və 10 oğlan “Best model of Azerbaijan-2010” müsabiqəsində
iştirak etmək hüququ qazanıb. Son mərhələdə
bu modellərdən 2-si (biri oğlan, biri qız) Azərbaycanı
“Best model of the world-2010” yarışmasında təmsil etmək
hüququ əldə edəcək. Onlar qələbə
uğrunda 90 ölkənin modelləri ilə mübarizə
aparacaqlar. Qeyd edək ki, Azərbaycan 10 illik təcrübəsi
dövründə bu model müsabiqəsində iki dəfə
birincilik, bir dəfə isə üçüncülük
qazanıb.
Təşkilatçılar
bildiriblər ki, builki milli seçimlərdə əsas fərq
ondan ibarətdir ki, seçilən 20 modeli “Best model of
Azerbaijan-2010”un final konsertinə kimi heç kim görməyəcək.
Finalçılar yalnız finalda
ictimaiyyət qarşısına çıxacaqlar.
Arxa plandan ön plana
Qeyd edim ki, ölkəmizdə bu tip yarışmaların – gözəllik və ya model müsabiqələrinin keçirilməsi artıq dəbə çevrilib. Müsabiqənin hər il keçirilməsi baş tutmasa da, hər halda iki və ya üç ildən bir təşkil olunur. “Best Model of Azerbaijan” yarışmasının ilk təşkilatçısı tanınmış türk iş adamı Nahit Kabakçı olub. O, uzun illər Azərbaycanda çalışıb və burada da vəfat edib. İş adamı ilk yarışmanı 2001-ci ildə «Bakı-Tbilisi-Ceyhan» neft kəmərinə həsr edib. Sonrakı illərdə isə müsahibələrinin birində: “Azərbaycanda münsiflərin hər hansı bir təsirə məruz qalmadığı, iştirakçılara həqiqi qiymət verən yeganə yarışma «Best Model» dir. Azərbaycanda keçirilən bəzi başqa yarışlarda pul həmişə ön plana çıxır, yaxud arxa plandan ön plana təsir göstərir”- deyə bildirib. «Best Model»in Azərbaycan üzrə koordinatoru Nəzakət Hacıyeva deyib ki, Azərbaycanda 2001-ci ildən başlayan bu yarışmada arada qısa fasilələr olsa da yarışın hansı illərdə təşkil edilməsindən asılı olmayaraq yüksək səviyyədə keçib”.
Sözügedən yarışma 2006-cı ildə Xalq artisti Aygün Kazımovanın prezidentliyi ilə təşkil edilib. 2008-ci ildə isə yarışmaya müğənni Ruhi və Erkan Özərman rəhbərlik ediblər. Ruhi növbəti ildə yarımaya rəhbərlik etməkdən imtina edib. “Bu müsabiqəni keçirmək çox məsuliyyətli və çətindir. Baxmayaraq ki, müsabiqə üçün mən can qoydum, bütün gücümü sərf etdim, amma işimdən 100% razı qalmadım. İstədiyimin 70%-i əldə edə bildim. Məncə, heç bir işdə tam razı qalmaq mümkün deyil. Bundan sonra müsabiqəni təşkil etmək istəyənlərə, sadəcə uğurlar arzulayıram və əlimdən gələn köməyi etməyə hazıram” deyə müğənni bildirib.
Builki yarışmaya da Aygün Kazımovanın prezidentlik
etməsi haqqında söhbətlər vardı.
“Yarışmanın dünya üzrə prezidenti Erkan Özərman
qarşısında bəzi şərtlərim var. Qəbul edəcəyi təqdirdə
yarışmanın prezidenti mən olaram"- deyə müğənni
açıqlama vermişdi. Görünür ki, şərtlərinin
qəbul olunmaması üzündən yarışmanın rəhbər
kürsüsündə oturmaq müğənniyə
qismət olmayıb. Amma Aygün
xanım bildirib ki,
qarşıdakı bir sıra layihələrinin
həllini düşünərək öz
tərəfindən layihədən imtina edib: "Məndə belə bir
ideya yaranmışdı ki,
builki yarışmanın təşkilatçılığını
öz üzərimə götürüm
və bunu yaxın dostum
olmuş, artıq haqq
dünyasına qovuşan Nahid
Kabakçıya həsr edim. Amma sonradan gördüm
ki, qarşıda
planlaşdırdığım layihələrlə həmin
yarışma üst-üstə düşür.
Mən təşkilatçı olmaq yox, oxumaq istəyirəm. Ona görə də model
yarışmasının prezidentliyi
fikrindən daşındım. Amma mənim "Best Model of Azerbaiyan-2010"la əlaqələrim tamamilə
kəsilmir. Mən sözügedən model yarışmasının münsiflər
heyətindən biri olaraq seçilmişəm”.
Qazanılmayan məşhurluq
Qeyd edək
ki,
Azərbaycanda keçirilən
bu tip yarışmaların
heç biri söz-söhbətsiz ötüşməyib. Kiminsə nəzərində bu, zövqlərin haçalanması, kiminsə
nəzərində mənəviyyatsızlıq,
qeyrilərinin düşüncəsində
isə Qərbi yamsılamaq kimi assosiasiya olunur. Xüsusən istədikləri qalibiyyəti qazana bilməyən iştirakçılar
sonradan yarışmaların
ədalətsizliyindən və
bir çox pərdə arxası məqamlardan danışıblar.
Məsələn, bu ilin may ayında “Nur production”ın təşkilatçılığı ilə keçirilən “Miss Azərbaycan -2010” müsabiqəsini
yada salmaq kifayətdir. Seçim turu ərəfəsində
baş verən rüsvayçılıqlar mətbuatdan
da gizli qalmadı. Təşkilatçılar “müsabiqəni heç də gəlir əldə etmək üçün etmirik, sırf Azərbaycan naminə təşkil edirik” adı ilə pərdələməyə
çalışsalar da
yarışmanın ənənəvi
iyrənclikləri ortaya
çıxdı.
«Miss Bakı»
yarışmasının qalibi
olmuş Natella Kərimova da mətbuata açıqlamasında
Azərbaycanda keçirilən
müsabiqələrin aşağı
səviyyədə təşkil
olunduğunu deyib: “Təşkilatçılıq çox aşağı səviyyədə olduğundan
bu müsabiqələr
haqqında ictimaiyyət
arasında ətraflı
məlumat yayılmır”.
Hər yarışma öncəsi
yaranan bu cür söz-söhbətlərə
baxmayaraq, müsabiqələr
yenə də təşkil olunur. “Bu cür yarışmalar bizim adət ənənəyə uyğun
deyil” deyən ictimaiyyətin qınağını
isə ümumiyyətlə
məhəl qoyan yoxdur. Yəqin ona görə ki,
bu gün şou-biznesin bu qolu az qala
sivil dünyanın yaşam atributları səviyyəsinə yüksəlib.
Müxtəlif ölkələrdən
başlayan bu müsabiqələr öz
əhatə dairəsini
pillə-pillə genişləndirərək
az qala
bütün il boyu planeti dolaşır.
Biri qurtarmamış digəri başlayan bu müsabiqələr ən qalmaqallı siyasi olayları belə az
qala arxa plana sıxışdırır.
Ancaq maraqlıdır ki, yerli-yersiz keçirilən
bu müsabiqələrin
qalibləri cəmiyyətə
hansı yeni stereotipləri gətirəcəklər? Bu gün dünyada Naumi Kempbel, Klaudiya Şiffer, Lind Evanqelist, Culiz Steqner kimi məşhyr
modellərin qazandığı
uğurun hansı qismini qazana biliblər? Bizim müsabiqələrin qaliblərinin şəkilləri
dünyanın hansı
məşhur dərgilərinin
üz qabığını
bəzəyib? Bizim
modelləri Biləcəridən
o tərəfdə kim tanıyır? Dünyanın hansı məşhur
şirkətləri ilə
müqavilələri yaranıb,
hansı tanınmış
rejissorların kliplərinə
və ya filmlərinə dəvət
alıblar? Azərbaycanın adını harada tanıdıblar? Təəssüf
ki, heç harda... Onların qalibiyyəti, heç
yarışmanın keçirildiyi
məkanın pillələrini
aşmayıb. Müsabiqə başa çatan kimi onların adı da unudulub.
Əgər şəxsi
həyatlarında hansısa
“nailiyyətləri” qazanıblarsa,
bunun nə ölkənin adına
aidiyyatı var, nə də müsabiqənin nüfuzuna.
Elə təkcə dilimizdə bir cümləni quraşdırıb
danışa bilməyən «Miss millenium»un
qalibi, hazırkı yarışmanın prezidenti Validə Abbasovanı misal çəkmək kifayətdir.
Növbəti qaliblərin
də seçimi ondan uzağa getməyəcək ki...
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 24 sentyabr.- S. 9.