Təzə tapılan felyeton Hacıbəyovun
deyilmiş...
Ötən əsrin əvvəllərində
satirik şeirləri, məqalə, felyeton, dram əsərləri,
publisistik yazıları ilə mətbuata gələn Məmmədəli
Nasirin "Seçilmiş əsərləri"ni nəşrə
hazırladığım arada internet saytlarının birində
"Üzeyir Hacıbəyovun felyetonu tapılıb"
başlığı altında bir xəbər diqqətimi cəlb
etdi. Yazıda Üzeyirşünas S.Oarabağlı iddia edirdi
ki, bu, "Molla Nəsrəddin" jurnalının 7 noyabr
1927-ci il 45-ci sayında dərc olunmuş "On il"
felyetonudur. Bəs həqiqət necədir?
Əslində
haqqında bəhs olunan felyetonun müəllifi 1912-ci ildən
mətbuata gələn, irəvanlı müxbir,
yazıçı-publisist, "Molla Nəsrəddin" ədəbi
məktəbinin nümäyəndələrindən biri olan
Məmmədəli Nasir Hacı Məhəmmədzadə
İrəvanidir. Və burada onu da qeyd etməyi vacib bilirik ki,
M.Nasir adı çəkilən jurnalda dərc olunmuş
"Səmərələşdirmə" (J927,
N35),"Bibiheybət məktubları" (1927, N38), "On
il" (1927, N45), "8 Mart, yaxud arvad bayramı" (1928, N9)
felyetonlarını məhz Mirzə Cəlilin sifarişi ilə
yazıb.
Təvazökarlıqdan
kənar səslənməsin, bu sətirlərin müəllifi
uzun illər XX əsrin əvvəllərində Bakıda,
İrəvanda və Tiflisdə dərc olunmuş bir sıra
dövri mətbuatda Məmmədəli Nasirin ədəbi
mühiti, həyat və yaradıcılığı ətrafında
ciddi araşdırmalar aparmışdır. Nəticədə
bir çox gizli imzaları ("Qarınqulu bəy",
"Şeytan", "Zaqatalalı", "Fil-fil",
"Azərbaycanlı", "Görən" və s.) ilə
yanaşı onun "Bir nəfər" imzası ilə qələmə
aldığı yazılarını da aşkara
çıxartmışdır. Araşdırmalar zamanı məlum
olmuşdur ki, "Molla Nəsrəddin" jurnalında 1923-cü
ildən nəşrin sonunadək "Bir nəfər"
imzası ilə dərc olunmuş felyeton, məzhəki xəbər,
elanların müəllifi Məmmədəli Nasirdir. Biz bu
araşdırmaların nəticəsi olaraq
vaxtaşırı elmi-publisistik məqalələrlə
çıxışlar etmişik.
Hörmətli
S.Qarabağlıya da məlumdur ki, o dövrdə bir gizli imza
ilə bir neçə müəllif, bir müəllif isə
bir neçə gizli imza ilə mətbuatda
çıxışlar etmişdir. Bu halların ikisi də
M.Nasirin jurnalistika yaradıcılığında öz əksini
tapmışdır. Apardığımız
araşdırmalardan aydın olmuşdur ki, o zaman dövri mətbuatda
"Bir nəfər" imzası ilə Üzeyir Hacıbəyov,
Əkbər Əliyev və Məmmədəli Nasirin (hələ
şəxsiyyəti araşdırılmamış neçə
müəllifin) məqalə və felyetonları dərc
olunmuşdur. Bu baxımdan biz 1912-ci ildən başlayaraq
"İqbal", "Yeni İqbal", "Səda-yi-həqq",
"Azərbaycan" və başqa mətbuat orqanlarında
"Bir nəfər"lə dərc olunmuş
yazıları M.Nasirə aid etməmişik. Çünki bu
yazıların əksəriyyətində publisist
Ü.Hacıbəyovun ruhu, dəst-xətti aydın
görünür.
Ömrünün 60 ildən
çoxunu Azərbaycan mətbuatının yaranması və
inkişafına həsr edən yazıçı-publisist,
dramaturq M.Nasirin gizli imzalarını tədqiq edərkən həmin
yazıları dil və üslub cəhətdən öyrənilmiş,
həyatından bizə məlum olan faktların açıq
imzası ilə dərc etdirdiyi məqalələrində
aşkar olunmuş, nəhayət, vaxtilə müəllifin
özü ilə söhbətlərimizdən bütün bunlara aydınlıq gətirilmişdir.
Son olaraq qeyd etmək istərdik ki, Məmmədəli Nasirin həyat
və yaradıcılığı ilə bağlı
monoqrafiya və yazıçının "Seçilmiş əsərləri"
çapa hazırlanır. Bir çox əsərləri kimi
M.Nasirin "On il" felyetonu da monoqrafiyada təhlil
olunmuş, "Seçilmiş əsərləri"nə
daxil edilmişdir.
Dahi bəstəkar,
yazıçı-publisist Üzeyir Hacıbəyovu heç kəslə
səhv salmaq mümkün deyil. Eləcə də Azərbaycan
mətbuatının yaranması və inkişaf etdirilməsində
az və ya çox dərəcədə xidməti olan sənətkarların
da haqqını, zəhmətini kölgədə qoymaq ən
azından insafsızlıqdır.
Səadət
Qarabağlıdan fərqli olaraq nə üçün iddia
edirik ki, "On il" felyetonu məhz Məmmədəli
Nasirin qələmindən çıxıb.
1. "Felyetonda adı
çəkilən Azərbaycanın ilk aktrisalarından
Göyərçin xanım (Gövhərxanım Əliyeva,
aktrisa - Ş.N) Ü.Hacıbəylinin əsərlərinin
qadın qəhrəmanlarından Leyli, Əsli, Gülnaz
rollarını oynamışdır. Ona görə də
Göyərçin xanımın taleyinə Üzeyir bəy
biganə qala bilməmiş, aktrisaya olan təzyiqlər, təhlükələr
böyük sənətkarı hər zaman narahat etmişdir.
Heç təsadüfi deyildir ki, Göyərçin
xanımın başına gələn əhvalatları
Üzeyir bəy Hacıbəyli özünün "On
il" felyetonuna da gətirmişdir."
Felyetonda Göyərçin
xanımla bağlı olan abzasa diqqət edək:
"Əgər
xatirinizdə qalmışdırsa, on il bundan qabaq bir Göyərçin
xanım var idi. Rəvayətə görə bu xanım
türk idi. Ancaq özü türk ola-ola nə Fatimeyi-Zəhradan
utanmayıb, düşərdi şəhərbəşəhər
bığıburma kişilər ilə bu teatroların
canına. Nədir-nədir, mən oyun çıxaracam. Hətta
bu xanım bir dəfə də irəvana gəlib
çıxmışdı. Burada onun türk xanımı
olduğunu bilən qeyrətli cavanlarımız cuşə gəlib,
onu səhnədə oynadığı zaman öldürmək
istəmişdir. Ancaq arzularına çata bilməmişdilər.
O zaman eşitdiyimizə görə Bakı qoçuları da
bu fikirdə imiş".
Felyetonda "Göyərçin
xanımın başına gələn əhvalatlar"
bunlardı. Yuxarıdakı parçada
qaraladığımız cümlə onu deməyə əsas
verir ki, həmin dövrdə İrəvanda yaşayan M.Nasirdi
və şəhərin ictimai-siyasi həyatında iştirak
edən 18 yaşlı cavan qələm sahibi gözü ilə
gördüyü, şahidi olduğu hadisəni yada salaraq, qələmə
aldığı mövzu ilə səsləşdiyindən
felyetona daxil edib. "O zaman eşitdiyimizə görə
Bakı qoçuları da bu fikirdə imiş." Yəni
dindarların,"arvad- uşaq qeyrəti çəkən"
qoçuların Göyərçin xanımı qətlə
yetirmək istəmələri xəbəri bütün
Qafqaza, o cümlədən İrəvana da gəlib
çatmışdı. Bir sözlə, Göyərçin
xanımla bağlı əhvalat 1917-ci ildə İrəvanda
baş vermiş, 1927-ci ildə Bakıda, "Kommunist" qəzetində
çalışan Məmmədəli Nasirin qələmə
aldığı felyetonda yerinə düşmüşdü.
2. Tədqiqatçı
xanım M.F.Axundov adına Milli Kitabxananın məsul əməkdaşı
Səidə xanım Abdullayevanın "yazının
Üzeyir bəyə məxsus olduğunu o da təsdiqlədi",
fikrinə söykəndiyini qeyd edir. Burdaca qeyd edək ki, ərəb
qrafikasına bələd olmadığımız vaxtlarda Səidə
xanımın köməyindən biz də bəhrələnmişik.
O zaman mətbuat səhifələrində bəzi gizli
imzalarla dərc olunmuş yazıları araşdıranda,
görəsən, bu M.Nasirin yazısıdırmı, deyə
tərəddüd etdiyimiz vaxtlarda Səidə xanım deyirdi
ki, bunu hər kəsdən yaxşı siz bilərsiniz.
İndi çətin ki, S.Allahverdiyeva "On il" felyetonunun
Üzeyir bəyə məxsus olması hökmünün məsuliyyətini
dərk etməmiş olsun. Və bundan sonra israrla "burada
Üzeyir bəy üslubu, Üzeyir bəy baməzəliyi,
Üzeyir bəy istehzası, Üzeyir bəy satirası
aydın surətdə özünü göstərir",
deyirsiniz. Hörmətli tədqiqatçı, bu jurnalda
çıxış edən müəlliflər "Molla Nəsrəddin"
ədəbi məktəbinə məxsus olan qələm
sahibləri kimi onun təbinə, məcazına, dilinə
uyğun yazıblar. Elə uzun illər tədqiqatçıların
araşdırmalarında çətinlik yaradan və səhvə,
yanılışlığa gətirib çıxaran səbəblərdən
başlıcası eyni gizli imzadan bir neçə nəfərin
istifadə etməsi və qeyri səbəblərlə
yanaşı həm də qeyd etdiyimiz kimi, bu bənzərliyin,
oxşar yazı manerasının, üslubun olmasıdır.
Lakin bu heç birimizə əsas vermir ki, dəst-xəttinə
"bələd olduğumuz" gizli imza ilə
yazılmış əsərləri istədiyimiz müəllifə
aid edək.
M.Nasir ötən əsrin
yetmişinci illərində bir sıra dövri mətbuatla, ən
çox da "Molla Nəsrəddin"lə əməkdaşlığından,
qələmə aldığı yazılarının məzmunundan,
onların yaratdığı əks-sədadan bizimlə xeyli
söhbətlər edirdi. Çox sonralar, doxsanıncı illərdən
başlayaraq apardığımız araşdırmalarda həmin
yazılarla rastlaşarkən onun sağlığında
adını çəkib-çəkmədiyi gizli
imzalarını da bu nöqteyi-nəzərdən aşkara
çıxartmışdıq. Onun müşahidəsi,
baş verən hadisələrə şahidliyi
düşüncələrimizə sarılaraq bizi doğru
yola istiqamətləndirib. Bu çətin və məsuliyyətli
işdə ən etibarlı bələdçimiz də
M.Nasirin özü olub. Bundan sonra da əsas və vacib element
kimi müəllifin yaradıcılığını
dövri mətbuatda xronoloji ardıcıllıqla izləməklə
yaşadığı məkanı, yazıların yaranma
şəraiti və tarixini araşdırmışıq. Bu
yazıların içərisindən M.Nasirin özü
görünüb.
3. S.Qarabağlı
yazısında göstərir ki, Qulam Məmmədlinin
1984-cü ildə "Yazıçı" nəşriyyatında
çap etdirdiyi "Üzeyir Hacıbəyov. 1885-1948 həyat
və yaradıcılığının salnaməsi"
kitabına müraciət etdim. Salnamənin 1927-ci ilə aid
olan səhifəsində göstərmişdir: "7 noyabr
"Molla Nəsrəddin" N45. Bir nəfər- "On
M"(səh 339)
Əgər biz tədqiqatlarımızda
özümüzdən əvvəlki araşdırmaları
qeyd-şərtsiz qəbul etsək, yəni yeni və fərqli
bir aspektdən araşdırmalarımıza rəvac verməsək
bəs bizim vəzifəmiz nədən ibarət olur?
Vaxtilə dövri mətbuatın,
eləcə də gizli
imzaların araşdırılmasının ilk qaranquşlarından olan Novruz
Ağayev, Nazim Axundov, Qulam Məmmədli də öz tədqiqatlarında
bəzən yanılışlığa yol veriblər. Və
sonralar özləri də yeni axtarışlarında səhvlərini
görüncə bunları etiraf ediblər. Təbii ki, yeni
faktlar ortaya çıxınca yanılışlıqlar da
aradan qaldırılır. Biz də öz növbəmizdə
bu işlərin ilk təşəbbüskarları olan
yuxarıda adlarını çəkdiyimiz müqtədir tədqiqatçılarımızın
araşdırmalarına hər zaman qədirdanlıqla
yanaşmışıq. Bəzi səhvləri,
yanılışlıqları görsək də elə ilkin
istiqaməti onlardan almışıq. Bu tədqiqatlar bir
çox araşdırmalarımızda bizə yol göstərib.
Nəticədə rastlaşdığımız səhvlərin
özü həqiqətin üzə
çıxarılmasında yardımçımız olub.
4. S.Qarabağlı israr
edir ki, "Bir nəfər" Üzeyir bəyin mətbu əsərlərində
istifadə etdiyi 67 imzadan biridir. Əcəb. Məgər, biz
bunu inkar etmişik? Axı, söhbət ondan gedir ki, bu imza ilə
şəxsiyyətləri bəlli olan və olmayan "Bir nəfər"in
sahibləri kifayət qədərdi. Elə özünün
"İmzalar" kitabında gizli imzaları
araşdırmağın çətinliyindən bəhs edən
Q.Məmmədli də yazırdı ki, "Hərdəmxəyal"
əsasən M.S.Ordubadinin satirik jurallarda işlətdiyi gizli
imzadır. Lakin M.S.Ordubadinin Culfada yaşadığı illərdə
"Molla Nəsrəddin" jurnalında Bakı, Vladiqafqaz, Həştərxan,
Aşqabad şəhərlərindən və başqa yerlərdən
gələn yazıların altında da biz bəzən "Hərdəmxəyal"
imzasına rast gəlirik. Görünür, Əli Nəzminin
dediyi kimi, "Hərdəmxəyal" imzasından başqa
mollanəsrəddinçilər də istifadə etmişlər.
5. "Ü.Hacıbəyli
heç vaxt heç kəsin imzalarını mənimsəməmişdir.
Bu 67 təxəllüs yalnız Üzeyir bəyin özünə
məxsus olmuşdur. "Tədqiqatçı xanım bunun
ardınca milli mətbuatımızın yorulmaz, cəfakeş
tədqiqatçısı, professor Şirməmməd
Hüseynovun bir sıra qəzetlərdə ("Açıq
söz", "Doğru söz", "Sovqat") "Bir
nəfər" imzası ilə dərc etdirdiyi
yazılarını "Üzeyir Hacıbəyli. Nəşrlərdə
kənara qoyulmuş ixtisar və "redaktə edilmiş əsərləri"
kitabının 2-ci hissəsinə daxil etdiyini yazır.
Şirməmməd müəllimin bu xeyirxah, nəcib işindən,
zəhmətindən bütün Azərbaycan ədəbi
mühiti xəbərdardı, o cümlədən də biz.
Bunun "On il" felyetonu ilə nə əlaqəsi? Məgər,
bütün "Bir nəfər"ləri Ü.Hacıbəylinin
adı ilə bağlamaq düzgündürmü? Görəsən,
S.Qarabağlı 1927-ci ildə və nəşrin sonunadək
"Bir nəfər"lə yazılmış başqa
yazıları, xəbərləri, məktubları kimə
aid edir? Onda gərək biz də 1920-ci ilin ilk onilliyində
İrəvandan "Bir nəfər"lə yazan müxbirlərin
də haqqını danıb deyəydik ki, bu yazıların
müəllifi 3, 5, 6, 8, 9 yaşlı Məmmədəli
Nasirdi, eləmi?
Bu gün Azərbaycan ədəbiyyatı
və mətbuatına ədəbi-ictimai fəaliyyəti yetərincə
məlum olan dahi Üzeyir Hacıbəyovun həyat və
yaradıcılığında çətin ki,
araşdırılmamış mühüm bir səhifə
olsun. Yəqin elə bu səbəbdən də "Molla Nəsrəddin"i
tədqiq edən alimlərimiz və
onlarla digər tədqiqatçılar jurnalın ətrafında
ən səbatlı mollanəsrəddinçilərin -
Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Nəzmi, M.Sidqi, Ə.Qəmküsar,
Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Şəmsizadə, C.Əsgərzadə
və başqalarının adını çəkiblər.
Görünür, Ü. Hacıbəyov burada
çıxışlar etməsə də "Molla Nəsrəddin"lə
əqidə, amal yoldaşı olub. Bununla belə
sözügedən jurnalın qaldırdığı bir
sıra problemləri bir çox qəzetlərdə
publisistikanın müxtəlif janrlarında qələmə
aldığı yazılarında işıqlandırıb.
Xətmikəlam, bu məsələdə
gətirdiyimiz dəlillərin başlıcası kimi, bir daha
qeyd edirik ki, sağlığında Məmmədəli Nasirin
öz xatirələrindən eşitdiyimiz faktların
inkarı mümkün deyil. Eləcə də bu sahədə
apardığımız tədqiqatlar metodoloji əsaslarla,
elmi-nəzəri ümumiləşdirmələrlə, ədəbi
tənqidin tətbiqi prinsipləri aspektində tədqiq
olunduğundan bizə bu istiqamətdə
açılmış polemikaya son qoymağımıza əsas
verir.
Kaspi.- 2010.- 25-27 sentyabr.- S. 23.