Süleyman Sani mülkü
O, Nəriman Nərimanovun təklifi ilə Qarabağ
vilayətinə maarif naziri təyin olunur. Bu bölgədə milli məktəblərimizin
açılımasına, milliyyətçilik
duyğularının yayılmasına cəhd göstərir
Metronun Nizami stansiyasının yaxınlığında yerləşən Zivər Əhməbdəyova küçəsini köhnə bakılılar daha çox "Qubanov" küçəsi kimi tanıyırlar. Bu məşhur küçə həmçinin görkəmli yazıçı və ictimai xadim Süleyman Sani Axundovun mülkü ilə də tanınır. Hətta nabələd adamlara "Süleyman Sani mülkünün yaxınlığında..." - deyə bələdçilik də edirlər. Mülk Zivər Əhməbdəyova 10 ünvanda yerləşir. Təəssüf ki, dildən-dilə, nəsildən-nəsilə keçən ünvanın sahibinin kimliyindən indiki nəsil o qədər də xəbərdar deyil. Heç olmasa vaxtilə yaşadığı küçə yazıçının adını daşısaydı, bəlkə də bu onun şəxsiyyəti haqqında müəyyən bilgilərə kömək edə bilərdi. Üstəlik, bir tərəfdən də hər il dəyişən ədəbiyyat dərsliklərinin ədəbi irsimizi tanıtmaqda yetişən nəslə maneçiliyi...
Sovet dövrünün məzunları isə Süleyman Sani Axundovun şəxsiyyəti haqqında az-çox məlumatlıdırlar. Ən azı "Qaraca qız" filminə baxan və ya bu novellanı, həmçinin "Qorxulu nağıllar"ı oxuyanlar müəllifinin Süleyman Sani Axundov olduğunu bilirlər. Bilməyənlər üçünsə yazıçının şəxsiyyəti və yaradıcılığı haqqında qısaca məlumat verdikdən sonra mətləbə keçək.
Qarabağın maarif
naziri
Süleyman Sani Axundov
1875-ci il oktyabrın 3-də Şuşada doğulub. Yoxsullaşmış
bəy olan babası Rzaqulunu çox erkən itirən
Süleyman anasının himayəsində böyüyüb.
1885-ci ildə Qori müəllimlər seminariyasında müəllim
işləyən dayısı Səfərəlibəy Vəlibəyov
tərəfindən bu məktəbə götürülərək
təhsil alıb. Bu dövrdə baş verən bir olay 15-16
yaşlı yeniyetmənin şəxsiyyətini
açıqlamaq baxımından önəmlidir: məktəbdəki
rus müəllimlərindən biri həmin gün mətbəxdə
növbətçi olan Süleymandan şübhələnərək,
verilən pula görə onun az çörək
aldığı fikrini irəli sürmüşdü. Bu
iftiranın qarşısını almağa gücü
çatmayan və rus məmurlarına
günahsızlığını isbat edə bilməyən
dəliqanlı intihara qərar verərək özünü
tapança ilə vurmuşdu. Gəncin həyatını
zorla xilas etdikdən sonra onun günahsızlığına da
inanmışdılar. Bu hadisə azərbaycanlı gəncin
öz inaclığını zorla qəbul etdirmək istəyən
ruslara, həmçinin haqsızlığa qarşı ilk
üsyanı idi.
1894-cü ildə
seminariyanı bitirən Süleyman Bakıdakı 3-cü
Rus-Azərbaycan məktəbində çalışır. Azərbaycanlı
uşaqların təhsilə cəlb olunması
üçün fədakarlıq göstərən
Süleyman Sani 1899-cu ildə ilk dram əsərini
"Tamahkar" pyesini yazır. Əsər həmin il səhnəyə
də qoyulur. Yazıçılıq fəaliyyətinə
dramaturq kimi başladığından soyadı Mirzə Fətəli
Axundovun soyadı ilə eyni olduğundan və ədəbiyyatda
onun amalını davam etdirdiyinə diqqət qazanmaq
üçün özünə "Sani", yəni
"İkinci" təxəllüsünü seçir.
1905-ci ildə rus inqilabından sonra Azərbaycanda da azəri türkcəsi ilə bir sıra qəzetlər yayımlanmağa başlayır. S.S.Axundov Əhməd Ağaoğlunun baş yazıları ilə yayımlanan "İrşad" və "Tərəqqi" qəzetlərinə yazmaqla bərabər, "Nicat" maarif cəmiyyətinin fəaliyyətinə qatılır. Həmin illərdə Azərbaycan mədəniyyəti və maarifi sahəsində önəmli yer tutan həmfikirləri ilə birlikdə "İkinci il" – Azərbaycan dili dərs kitabını hazırlayır. "Məktəb", "Dəbistan", "Rəhbər" kimi uşaq dərgiləri yayımlanmağa başlayanda S.S.Axundov uşaqlar üçün əsərlər qələmə alır. Uzun illər müəllim kimi çalışması, daim uşaqlar arasında olması və onların iç dünyasını, problemlərini yaxşı bilməsi nəticəsində həm bədii, həm də tərbiyəvi dəyəri yüksək olan əsərlər yaradır. "Qorxulu nağıllar" adı altında birləşdirilən və beş hissədən ibarət olan bu nağıllar uşaq ədəbiyyatı aləmində böyük şöhrət qazanır. Xüsusən yetim bir qızın qorxunc və kədərli macəralarını anladan "Qaraca qız" əsəri daha çox diqqət çəkir. Sonradan bu əsərə film çəkilir, teatr səhnəsində oynanılır və balet yazılır.
1920-ci ildən sonra yazılan əsərlərdə Süleyman Sani Axundov qəddarlığı, köhnə mühafizəkar ənənələri və geriliyi tənqid etməyi davam etdirir.
1919-1920-ci illərdə S.S.Axundov müxtəlif rus-Azərbaycan məktəblərinin müdiri kimi çalışmağa başlayır. O, bütün gücünü azərbaycanlılar arasında yeni tipli təhsilin yaranmasına sərf edir. 1920-ci ilin aprelində Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlməsindən sonra da xalq təhsili sahəsindəki çalışmalarına davam edən yazıçı həmin ilin avqust ayında mücadilə dostu, yeni Azərbaycan hökumətinin başçısı Nəriman Nərimanovun təklifi ilə Qarabağ vilayətinə maarif naziri təyin olunur. Bu bölgədə milli məktəblərimizin açılımasına, milliyyətçilik duyğularının yayılmasına cəhd göstərir. Coşqun və inadcıl əsərlərinin yazıldığı dövr də inqilab illərinə təsadüf edir. 1921-ci ildə yenidən Bakıya dönən S.S.Axundov yaradıcılıqla bərabər müəllimlik fəaliyyətini də davam etdirir. Yeni yaranan Azərbaycan Yazıçılar İttifaqının ilk üzvlərindən biri olan yazıçı qəzet və dərgilərdə hekayələrini, tərcümələrini, ədəbi tənqidi məqalələrini çap etdirir. 1920-ci ildə Bakıda açılan Tənqid-Təbliğ Teatrında tamaşaya qoyulan "Çərxi-fələk" pyesinin müəllifi də S.S.Axundov idi.
S.S.Axundov 1930-cü ildə müəllimlik fəaliyyətindən ayrılaraq daha çox yaradıcılıqla məşğul olmağa başlayır. Yarımçıq əsərlərini başa vurur, xatirələrini yazır.
Sahibsiz mülk
Süleyman Sani mülkü indi sahibsiz və bərbad vəziyyətdədir. Yazıçının vaxtilə yaşadığı mülkün divarına köhnə bir barelyef vurulub. Barelyefdən görkəmli yazıçının bu mülkdə 1933-39-cu illərdə yaşadığını öyrənmək olur. Mülkün barelyef vurulan həmin hissəsi hazırda şirniyyat dükanına çevrilib. İki ildən artıq bu dükanda çalışan qızlardan biri indiyədək barelyefi görmədiyini söylədi. Digər bir satıcı isə barelyefi görsə də, ümumiyyətlə, belə bir yazıçının adını eşitmədiyini, şəxsiyyətindən etiraf etdi.
Üçmərtəbəli mülkün daha böyük hissəsi isə baxımsızlıqdan uçulub-sökülmək təhlükəsi ilə üz-üzədir. Daha doğrusu, mülk sabah-birigün onu yerlə-yeksan edəcək şirkət sahibinin yolunu gözləyir. Mülkün ətrafı isə onunla çiyin-çiyinə ucaldılan göydələnin zir-zibili, tör-töküntüsü ilə doludur. Burada lap yazıçının "Qorxulu nağıllar"ını andıran bir mənzərə ilə üzləşdirmək mümkündür. Bununla belə, bu təhlükəli binada adamlar yenə yaşayır. Lap köhnə qonşular isə yaddaşlarını çözələyib yazıçının vaxtilə onlarla bir binada yaşayan, indi isə başlarını götürüb gedən qohum-əqrəbasını da yaxşı xatırlayırlar. Qonşular S.S.Axundovu sağlığında görməsələr belə, heç olmasa onun kimliyindən, ən azı yazıçı olmasından xəbərdardırlar. Qonşuların bildirdiyinə görə, həmin mülk vaxtilə Bakının ən sayılıb-seçilən binalarından olub. "10-15 il bundan əvvəl bu mülk çox nüfuzlu sayılırdı. Yazıçının nəvəsi də, yaxın qohum-əqrəbası da burada yaşayırdı. Bu mülkün hamısı onlara məxsus idi. Sonra hissə-hissə başqalarına satdılar. Ətrafda baş verən özbaşınalıqları görüncə və binanın sökülmək təhlükəsi ilə üzləşdiyini eşidib evlərini sataraq çıxıb getdilər. İndi harada yaşadıqları da məlum deyil. Sonra yaxınlıqdakı ofis burada bina ucaltdı. Bu evin həyətindəki zibillikləri, natəmizlikləri də onlar törətdilər" - deyə söhbətləşdiyimiz qonşulardan biri narazılıqla bildirdi. Yazıçının qohum-əqrəbası ilə maraqlanmaq üçün döydüyümüz digər qapılarda da eyni cavabı eşitdik. "Bu mülk Süleyman Sani Axundova məxsusdur. Ancaq indi çöldə divara vurulmuş barelyefdən başqa yazıçıdan heç bir əsər-əlamət qalmayıb. Barelyefi də nəvəsi vurdurmuşdu" - deyə qoca rus qadın binanın ətrafında baş verənləri lənətlədi.
Qeyd edək ki, görkəmli yazıçının həmin mülkə qonşu küçədə - Zərgərpalan küçəsində müəyyən müddət yaşadığı, təəssüf ki, eyni taleli digər bir ünvanı da var. Həmin ünvanda yazıçının divardakı barelyefi saxlansa da, bina əsasən Respublika Sanitar Karantin Müfəttişliyinə məxsusdur. Xatırladaq ki, vaxtilə bu binada görkəmli tarzən Əhməd Bakıxanov da yaşayıb. Tarzənin yaşadığı mənzil ev muzeyi kimi Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Görkəmli tarzənin oğlu Tofiq Bakıxanovun dediyinə görə, Süleyman Sani yaşadığı bu evdə həmçinin dərs deyirmiş: "Mən də, qardaşım da həmin məktəbi bitirmişik. Süleyman Sani özü də həmin evdə yaşayırdı. İndi isə o evdə heç kəs yaşamır". Təəssüf ki, həmin binada barelyefdən başqa, S.S.Axundovun şəxsiyyətini xatırladan heç bir nəsnəyə rast gəlməzsən. Görünür, vaxtında yazıçının yaşadığı evi mənzil-muzeyə çevirə biləcək arxalı bir qohum-əqrabası olmayıb. Olanların da gücü yalnız divara barelyef vurmaqdan başqa heç nəyə çatmayıb. Üstəlik, Yazıçılar Birliyi də ilk üzvlərindən olan yazıçıya sayğısızlıq göstərib. Heç şübhəsiz, bu bina da yaxınlarda sökülüb tar-mar olacaq. Köhnəliyinə və ya şəhərin gözəlliyinə xələl gətirdiyinə görə yox, sadəcə, yerində çoxmərtəbəli yaşayış kompleksi tikiləcəyinə görə.
Ədəbiyyat və İcəsənət Arxivinin direktoru Maarif Teymur bizimlə söhbətində Süleyman Sani Axundovun irsinin Əlyazmalar İnstitunda saxlanması barədə məlumat verdi: "Mən vaxtilə yazıçının yaşadığı mülkün həyətində hündür mərtəbəli binanın tikildiyini görüb təklif etmişdim ki, barelyefi Ədəbiyyat Muzeyinə versinlər. Qoy sabah it-bata düşməsin. Süleyman Saninin qohum-əqrabası barədə isə heç bir məlumatım yoxdur".
Görkəmli yazıçının arxivi AMEA Əlyazmalar İnstitutunda qorunub saxlanır. İnstitutun arxiv şöbəsinin əməkdaşı Mehri xanım "Biz Süleyman Sani Axundovun irsini qoruyub saxlayırıq. Oxucu zalında onun arxivi ilə tanış olmaq mümkündür"- deyə bildirdi.
Göründüyü kimi, Azərbaycan dövlətçiliyinin inkişafında böyük xidmətləri olan, görkəmli pedaqoq və dramaturq Süleyman Sani Axundovun çox şaxəli fəaliyyətindən təkcə əldə olan və tam olmayan arxivi qalıb. Nə adına bir muzey var, nə də xatirə gecələri yada düşür. Belə getsə, uşaqların sevimli yazıçısının adı da zamanla silinib gedəcək.
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 28 sentyabr.- S. 8.