İtaliyanın simvolu

 

Fellininin "Müsahibə" filmində belə bir epizod var: "Mastroyanninin villasında amerikalı jurnalist aktyora sual verir: "Sinyor Mastroyanni nə vaxt hiss elədiniz ki, qadınlar sizə dəlicəsinə aşiqdirlər?" Aktyor gülümsəyərək: "Qadınların xoşuma gəldiyini hiss edəndən sonra" deyə cavab verir.

O zaman Marçello Mastroyanni yorulmadan kinolara çəkilirdi. O, 140 filmə çəkilmişdi. Bir çox aktyorlardan fərqli olaraq, o, uzun zaman italyan Avropa kinosuna sadiq qalmış, Amerikaya getmək istəməmişdi. Hərçənd okeanın o tayındakı Amerika Kino Akademiyası 30 ildən artıqdır ki, onun o yan- bu yanına keçir, aktyoru razı salmağa çalışırdı. Günlərin birində o, nəhayət təslim olur. "Çox illər öncə - "Şirin həyat", "İtalyansayağı boşanma" "İtalyansayağı evlənmə" filmindən dərhal sonra mən Hollivuddan şirnikləndirici təklif aldım. Bir amerikalı prodüserə cavab verdim ki, lap şerif roluna çəkilə bilərəm. Beləcə ilk Amerika filmində çəkilmək dəvətini qəbul etdim. Dili dinc durmayanlar danışırdılar ki, Mastroyanni okeanın o tayına Avropada artıq heç kəsin onu kinoya çəkmək istəməməsi səbəbindən gedib .

Aktyorun bir çox ölkələrdəki kimi, ABŞ-da da eyni dərəcədə populyar olduğundan istifadə edərək tez-tələsik onun bütün çılpaqlığı ilə əks edildiyi bir kitab hazırlayıb buraxdılar. Kitabın müəllifi Donald Devyü deyirdi: "Fiat" avtomaşınları, "Kyanti" şərabı Mastroyanni son onilliklərdə amerikalılar üçün İtaliyanın simvolları olublar".

Amerikaya gələn Marçello həmvətənlərini söyürdü: "Nyu-York tayms" qəzetinə müsahibəsində o, italyan mətbuatını yamanlamışdı: "Onlar "Mən fahişə oğluna ərə getmişəm" başlığı altında məqalə dərc edib, altından arvadımın imzasını qoyublar. Orda yazılıb ki, mən qorxumdan müharibəyə getməmişəm, valideynlərim faşist olub, homoseksual əlaqələrim olub və qızım öz yaşıdları içərisində buna son qoymağımı xahiş edib".

Mətbuat yazırdı ki, Marçello pulunu havaya sovurmağı sevir. İdman maşınlarına, şəraba, arağa, siqaretlərə çoxlu pul xərcləyir. Müntəzəm olaraq ildə iki dəfə öz sağlığını yaxşılaşdırmaq, çoxlu siqaret və içki qəbulunun nəticələrini aradan qaldırmaqdan ötrü klinikada yatır. Adətən bu cür sanatoriya dövrlərini o, növbəti film üzərində işə başlaması ərəfəsində həyata keçirirdi. Onunla işləyən rejissorlardan hansısa "Piril" həftəliyinin səhifələrində demişdi: "Marçello qocalmış ana uşağıdır. O, düzgün bir qərar qəbul etməyi belə bacarmır. Çox asanlıqla arvad təpiyinin altına düşür. Bu azmış kimi, onu özünə tabe edə biləcək, güclü xarakterə malik qadınlan sevir və həmişə belələrini arayıb-axtarır. Bu qadınlar onu yaxından tanıdıqda isə onun özləri üçün çox darıxdırıcı olduğunu görürlər". Ancaq qadınlar onu, o da qadınları sevirdi. Janna Moro, Pey Danauey, Ursula Andres, Anri Mariya Toto, Katrin Denöv - bu, yalnız bəziləridir. O, kamera qarşısında məhəbbət əhvalatlarını oynamış və bu macəraları elə həmin aktrisalarla təkrarlamışdı. "Amerikalı aşnalar" filmində çəkildiyi Fey Danaueylə və "Məhəbbət çağı" filmində tərəf müqabili Katrin Denövlə məhəbbət macəraları xüsusilə dillərdə dastana çevrilmişdi. Onun Katrinlə əlaqəsindən Kyara adlı qızı da doğulmuşdu.

"Qadınlar  mənim  həyatımda? Onların  hamısı  anamdan başlayaraq həyatımda eyni dərəcədə əhəmiyyət kəsb edir" -deyə o söyləyirdi: "Ümumiyyətlə isə həmişə mənə itaət edəcək zərif qadınlar haqqında düşünmüşəm. Lakin beləsinə rast gəlməmişəm. Yəqin buna görə ki, onlar ümumiyyətlə,   kişilərdən güclüdürlər.  Danışırlar ki, mən şəxsən həmişə feminist qadınların diqqət mərkəzində olmuşam. Bəli, bu belədir. Lakin sizə onu da deyim ki, mən əsl kavalerəm".

Amma qadınlar sonradan onu atıb gedirdilər. Məsələn, Katrin Denöv onu atan yeganə qadın deyildi. "Katrin məni atanda ..." - deyə Marçello xatırlayırdı:"... təskinləşdirci sözlər eşitməkdən ötrü Fellininin yanına getdim. İstəyirdim ki, mənim halımı duysun. Lakin mən inildəmirdim. Məni iki dəfə atıb getmişdilər. Bu sayaq korriziyalar da məhəbbətin hadisələridir".

Başı daşdan-daşa dəyən Marçello illər keçəndən sonra "ideal qadın kimdir?" sualını belə cavablandırırdı: "Bilmirəm o necə olmalıdır? Güman edirəm ki, ideal qadın hazırkı məqamda sevməkdə olduğumuzdur. Hərçənd belə də olur ki, ehtiras qurtaranda qəfildən aşkar edirsiniz ki, rəfiqəniz ideal deyilmiş. Lakin axı bizlər, kişilər də özümüzü ideal alandıra bilmərik. Bəs nə etməli? Yalnız müqəddəslər qüsursuzdur. Odur ki, mən də italiyanın hüdudlarından çəkilməyə onun naminə razılıq verdim ki, dolaşıq məhəbbət vəziyyətlərindən çıxa bilim". O, qocalanda da qadınları gözdən keçirməkdə davam edirdi: "Fikirləşmək, işləmək və yaşamaqdan ötrü onlar mənə sadəcə gərəkdirlər. Bazar günləri çimərliyə gələndə çimərlik kostyumlarında sütül qızları görəndə ağlım başımdan çıxır. Fantaziyalar bir-birini əvəz edir. Bütün bunlardan imtina edə bilmərəm, lap yüzü haqlasam belə".

 

 

Təranə

 

Kaspi.- 2010.- 28 sentyabr.- S.15.