Hər daşında tarix yaşadan
Ağstafa
Keşikçidağ mağaralar
kompleksindən ibarət “Keşikçidağ” Dövlət
Tarix və Mədəniyyət Qoruğunda 70-ə qədər
mağara, 1 qala, 1 məbəd, 1 inanc yeri yerləşir
Böyük
və Kiçik Qafqaz dağlarının arasında, Gəncə-Qazax
maili düzənliyində yerləşən Ağstafa təkcə
Azərbaycanda deyil, həm də Cənubi Qafqazda ən qədim
insan məskənlərindən biri kimi tanınır.
Ağstafa rayonunun adının Kürün sağ qolu olan
Ağstafa çayının adından
götürüldüyü iddia olunur və bu ada ilk dəfə
XIV əsr tarixçisi və coğrafiyaşünası Həmdulla
Qəzvininin "Nüzhət əl-qulub" əsərində
rast gəlinir. İsgəndər bəy Münşi isə bu
sözü Axtasabad kimi qeyd edir.
O yazır ki, Şəmsəddilli,
Qazax və s. tayfaların əmirləri Tiflis, Zəyəm,
Axtasabad (Ağstafa ) və Laridə yaşayır. Ağstafanın
1881-ci ildə Bakı-Tiflis dəmiryolu çəkilişindən
sonra poçt dayanacağı və karvansara əsasında
yarandığı göstərilsə də, bu, o qədər
də inandırıcı deyil. Çünki ərazidə
tapılmış arxeoloji abidələr də ta qədimdən
yaşayış məntəqəsinin olduğunu sübut
edir. Eyni zamanda, Mirzə Yusif Qarabağinin Tarixi-Safi" və
A.Bakıxanovun "Gülüstani-İrəm" əsərlərində
XIX əsrə aid hadisələrlə bağlı
Ağstafanın adı yaşayış məntəqəsi
kimi çəkilir. 1728-ci ildə tərtib olunmuş Tiflis əyalətinin müfəssəl dəftərfində Qazax sancağına aid olan dörd nahiyədən birinin adı Ağstafadır.
Ağstafa XIX əsrin sonundan dəmir yolunun çəkilməsilə bağlı inkişaf edərək böyük yaşayış məntəqəsinə çevrilib. Xalq arasında Ağstafa adı "oğuz tayfası", "oğuz təpəsi" kimi mənalandırılır. Alimlərin araşdırmalarına görə, Azərbaycan tarixinin əksər dövrlərində İrandan, Gürcüstandan və digər bölgələrdən ticarət karvanları bu yerlərdən keçərmiş. Xalq bu ticarət yolunu "Dəvə yolu" adlandırarmış. Bu yol indi də mövcuddur. Azərbaycanın "Qərb qapısı" adlandırılan rayona gələrkən də məni ən çox maraqlandıran məhz bu ərazinin tarixi, onun ərazisində tapılan qədim arxeoloji tapıntılar idi. Əksər tədqiqatçıların fikrincə, Azərbaycanın təbii-coğrafi mühiti, relyefi ən azı üç milyon il bundan əvvəl formalaşıb və burada ən qədim insanın yaranması, formalaşması üçün əlverişli şərait olub. Ərazidən tapılan qədim paleolit abidələri də bunu təsdiqləyir. Bu səbəbdən də yolumu Ağstafa Tarix-Diyarşünaslıq Muzeyindən saldım. Muzeyin direktoru Yeganə Əhmədova söhbəti Ağstafanın ən qədim insanın yaşadığı region olması ilə başladı.1993-cü ildən fəaliyyətə başlayan Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyində nə az, nə çox, 1142 müxtəfif səpgili əşya mühafizə olunur. Bu əşyalar II-IV minilliyi, XVII-XIX əsrləri və müasir dövrü əhatə edir. Muzeydə çox gözəl formada qorunub saxlanılmış çoxsaylı gildən hazırlanmış saxsı məmulatlar - bardaq, küp, cam, kuzə və s. əşyalar adamı heyran qoyur. Muzey rəhbəri maraqlı bir fakta da toxundu. Belə ki, rayonun ərazisində iki dünya əhəmiyyətli - Aşağı Göyçəli kəndində yerləşən və neolit dövrünə aid Töyrətəpə yaşayış yeri və Dağ Kəsəmən kəndində yerləşən Tunc dövrünün sonu, dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən mövcuddur. Ümumiyyətlə, Ağstafa ərazisində 35 ölkə və 27 yerli əhəmiyyətli tarixi abidə mövcuddur. Muzeydə beş və altıncı minillikləri əhatə edən dövrə aid əkinçilik və maldarlıq əşyaları, döymə üsulla hazırlanan müxtəlif əşyalar da çoxluq təşkil edir. Töyrətəpə, Şomutəpə, Qarğalar təpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar e.ə. Vl-V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin düzəldiyini aşkar edib. Muzey direktoru onu da vurğuladı ki, yer azlığından əşyaları lazımi qaydada nümayiş etdirmək mümkün olmur. Qeyd olunanlarla yanaşı, rayon ərazisində Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş dövrü), tunc və dəmir dövrlərinə aid Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haça Dağ Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtəpə qədim yaşayış yerləri də var. Arxeoloji qazıntılar zamanı bu ərazidə tapılmış küpələr, boyunbağılar, kasalar, vazalar, müxtəlif məişət əşyaları yerli diyarşünaslıq muzeyində saxlanır. Memarlıq abidələri də xüsusi maraq doğurur: XVII əsrə aid qüllə, Qıraq Kəsəmən kəndində XIX əsrə aid məscidlər, Kolxəlfəli, Qarahəsən, Dağ Kəsəmən və başqa kəndlərdə XIX əsrdə tikilmiş məscidiər və s. Orta əsrlərə aid olan abidələr isə bunlardır: Tatlı Alban məbədi (ilk orta əsrlər). Bu abidə Yuxarı Göyçəli və Tatlı kəndləri arasında yerləşir. Dağ Kəsəmən kəndində yerləşən və IV-VII əsrlərə aid yaşayış yeri və Kolxələfli kəndi XIX əsrə aid kəhriz də bu sıradandır. Ağstafanı maraqlı edən onun ərazisində yerləşən Keşikçi dağı kompleksidir. Məlumat üçün deyək ki, 2007-ci ildə Ağstafa rayonunun ərazisində yerləşən Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi "Keşikçidağ" Dövlət Tarix və Mədəniyyət Qoruğu elan edilib. Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən qoruğun fəaliyyət göstərməsi üçün Ağstafa şəhərinin mərkəzində Mənzil İstismar Sahəsinin balansında olan binada 3 otaq ayrılıb. Ötən ilin yay və payız aylarında aparılan araşdırmalar zamanı məlum olub ki, ilkin orta əsrlərə aid olan keşikli qala müdafiə məqsədilə tikilməklə yanaşı, bura qədim alban yaşayış məskəni olub. Eyni zamanda, təbii mağaraların iki min illik yaşı olduğu və sözügedən ərazilərdə yerləşən süni mağaraların isə 8-15-ci əsrlərə təsadüf etdiyi məlum olub. Keşikçidağ mağaralar kompleksindən
ibarət "Keşikçidağ" Dövlət Tarix və Mədəniyyət Qoruğunda 70-ə qədər mağara, 1 qala, 1 məbəd, 1 inanc yeri yerləşir. Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə, rayonunun sonuncu yaşayış məntəqəsındən Böyük-Kəsik kəndindən 28 kilometr uzaqda yerləşən qoruqdakı abidələr uzun müddət araşdırılmamış qalıb. Dəniz səviyyəsindən 850 metrlik hündürlükdə Gürcüstanla sərhəddə yerləşən bu abidələr kompleksində qoruq yarandıqdan sonra Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası iki dəfə burada araşdırma aparıb. "Keşikçidağ" Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev deyir ki, burada əldə edilən nəticələr böyük maraq doğurub. Belə ki, onun sözlərinə görə, ötən ilin yay və payız aylarında təşkil olunan ekspedisiyalar
zamanı
mağaraların birində üç ədəd qəbirin olduğu aşkarlanıb. Qoruğun direktoru yaxın gələcəkdə qoruq ərazisindəki abidələrdə təmir və bərpa işlərinin aparılmasının nəzərdə tutulduğunu dedi: "Qoruqda tapılan nadir ilkin yaşayış məskəninin izləri, ocaq yerləri, məişət əşyaları, küp qırıqları, saxsı qablar oradakı mağaraların birində saxlanır. indi bizim fikrimiz var ki, mağaranı qoruqda bir muzey kimi yaradaq və gələcək nəsillərə, turistlərə təqdim edək". Qoruq rəhbərliyi tərəfindən yerli icra hakimiyyətinə məktəblilərin bu abidələr kompleksinə ekskursiyasının təşkil olunması barədə müraciət də olunub. Bundan başqa, yaxın zamanda "Keşikçidağ" qoruğunun rəsmi internet saytının yaradılması, onun haqqında bukletlərin hazırlanıb digər rayonların mədəniyyət və turizm şöbələrinə paylanması da planlaşdırılıb. Məlumat üçün deyək ki, 1948-ci ildə kompleksin yerləşdiyi və Gürcüstanla Azərbaycan sərhədinin keçdiyi ərazidə poliqon yaradılmışdı. Həmin vaxtdan buralar yerli əhali üçün bağlı olub. 1989-cu ildə Tbilisidə monastır kompleksinin yerləşdiyi ərazidə hərbi təlimlərin dayandırılması tələbi ilə tələbə və ziyalıların aksiyası keçirilmişdi. Üstündən iki il sonra təlimlərin dayandırılması barədə qərar qəbul edildi.
Beləliklə, Ağstafa rayonuna qısa, lakin uzun müddət yaddaşında həkk olacaq səfərini başa vurub geri qayıdıram. Burada indiyə qədər olmadığımdan sözün əsl mənasında təəssüf etdim. Əminəm ki, hər biriniz burada olarkən onun təbiəti, tarixi abidələri, insanlarının qonaqpərvərliyinə heyran qalıb, eyni təəssüratla buraları tərk edəcəksiniz.
Azər Nuriyev
Kaspi.- 2010.- 29 sentyabr.- S. 8.