Sovet təbliğatının qəhrəmanı

 

 Polad necə bərkidi" romanı işıq üzü görəndə sovet xalqı sanki müjdə əldə etdi. İnqilabi mahiyyət daşıyan roman, həmçinin müəllifinin şəxsiyyətini ifadə edirdi. Nikolay Ostrovski ağır xəstəliyinə, gözünün görmə qabiliyyətini tamam itirməsinə baxmayaraq aftobioqrafik əsərinə görə əsl populyarlıq və oxucu ordusu qazandı. O, sonralar tərcümeyi- halında yazırdı ki, polad kimi bərkiməsində uşaqlıq və yeniyetməlik illərinin böyük təsiri olub.

N.Ostrovski Ukraynanın Bolnski quberniyasında fəhlə ailəsində doğulub. 9 yaşı olanda ailələri Şepetovkaya köçüb. Orada gələcək yazıçı vağzal restoranının mətbəxində, müxtəlif anbarlarda fəhlə, elektrik stansiyasına ocaqçı işləyib. Eyni zamanda, orta məktəbin yuxarı siniflərində təhsil alıb. O, yerli bolşeviklərə yaxınlaşaraq gizli hərəkatda iştirak edirdi. 1919-cu ildə N.Ostrovski komsomol sıralarına daxil oldu və könüllü olaraq müharibəyə yollandı. "Komsomol bileti ilə birgə bizə silah və 200 patron verdilər" - deyə Ostrovski xatırlayırdı. O, Q.İ.Kotovskinin birinci suvari ordusunda xidmət edirdi. 1920-ci ildə N.Ostrovski Lvov yaxınlığında başından ağır yaralanaraq ordudan azad edildi. O, inqilabi mübarizələr fanatı idi. Rayon komsomol komitələrinin yığıncaqlarında fəal iştirak edirdi. Ancaq yarası da get-gedə ağırlaşırdı. 1927-ci ildə o, avtobioqrafik roman olan "Kotoviskiçilər haqqında povest" romanını yazdı. Ancaq bir il keçməmiş onun əlyazması itdi. Ostrovski 1928-ci ildə görmə qabiliyyətini həmişəlik itirərək yatağa düşdü. O, özünün əzablı xəstəliyi ilə mətinliklə mübarizə aparırdı.

Ostrovski gecə-gündüz sovet hakimiyyətinin əsasları, qəhrəman komsomolçu Pavel Korçaqin haqqında roman yazmağı düşünürdü. 1930-cu ildə o, trafaretin köməyi ilə "Polad necə bərkidi" romanını yazmağa başlayır. Əsərin əlyazmasını "Gənc qvardiya" jurnalına göndərir. Ancaq "Əsərdəki qəhrəmanlar real deyil" resenziyasını alır. Ona eyni zamanda, ikinci resenziyanı partiya orqanları verir. Bundan sonra jurnalın baş redaktoru Mark Kolosov əlyazmanı dərhal redaktə etməyə başlayır. Sonradan isə romanın mətninin yığılması kollektiv xarakter daşıyır. 1932-ci ildə "Gənc qvardiya" jurnalı romanı çap etməyə başlayır. Noyabrda romanın birinci, ardınca ikinci hissəsi çap olunur. Roman dərhal böyük məşhurluq qazanır. "Polad necə bərkidi" avtobioqrafik romanı sosialist realizminin ən yaxşı əsəri kimi tanınır. 1935-ci ildə Ostrovski Lenin Ordeninə layiq görülür. Ona Soçidə ev, Moskvada mənzil verilir. Lenin ordeni ilə təltif olunandan sonra o, cavab məktubunda yazırdı: "Sevimli yoldaş Stalin! Mən ölkənin görkəmli rəhbəri və müəlliminə, mənim üçün əziz olan adama bir neçə ürək sözümü demək istəyirəm: mən düşmənə başqa silahla zərbə vuracağam. Hansı ki, o silahla məni Lenin-Stalin partiyası silahlandırıb".

1980-ci illərdə Ostrovskinin romanı məktəb proqramlarında əsas yer tuturdu. Şagirdlər onun qəhrəmanı haqqında inşalar yazırdılar. Korçagin onların idealı olmuşdu. 1987-ci ildə müxtəlif səbəblər   üzündən   həmin   əsər proqramdan itdi və indi demək olar ki, unudulub.

Ostrovski özünü yazıçı hesab etmirdi, daha çox partiya üzvü sayırdı. 1936-cı ildə o, qızıl orduda briqada komissarı seçilir. "Mən indi öz cərgəmə qayıtdım. Bu, mənim üçün çox vacibdir"-deyə yazıçı sevincini gizlətmirdi.

N.Ostrovski üç hissədən ibarət "Fırtınadan doğulmuşlar" romanını yazmağı qarşısına məqsəd qoyur. "Bu kitabda gənclərə   Ukrayna proletariatının  qəhrəmanlıq mübarizəsindən danışmaq istəyirəm. Zəhmətkeş xalqın mübarizəsini göstərmək istəyirəm".  Yazıçı  birinci  hissəni yazmağa müvəffəq olur. Romanın əlyazması rekord müddətə yığılır, çap olunur. Yazıçının ölümündən sonra Qərbi Ukraynada vətəndaş müharibəsindən bəhs edən "Fırtınadan doğulmuşlar" romanı yarıda qalır. Roman dünyanın bir çox dillərində dərc olunur. Kitabın nüsxələri yaxınlarına və yazıçının məzarına hədiyyə olunur.

Ostrovski dostlarına məktublarında Kommunist Partiyasına sədaqətindən yazırdı: "Partiya bileti olmadan yaşamaq darıxdırıcıdır. Partiyadan kənar belə böyük, sonu görünməyən dönəmdə necə yaşamaq olar?" Onun sözlərinə görə, Kommunist Partiyası olmadan ailə və məhəbbətin də heç bir əhəmiyyəti yoxdur. "Ailə bir neçə adamdır. Sevgi - bir nəfərdir, partiya isə bir milyon 600 min. Hərəkət hücum etmək lazımdır".

Partiyaya xidmət etmək Ostrovskinin yeganə amalı idi. O deyirdi: "Həyat insana bir dəfə verilir". Ostrovski bu ideya xətrinə əsərlərini yazırdı. O, ömrünün sonuna qədər bu ideya ilə yaşadı. Ədəbiyyat onun üçün düşmənlərlə mübarizədə silah idi. O, bundan başqa silah tanımırdı. Ostrovski öz əsərlərində xalqı azadlıq uğrunda mübarizəyə səsləyirdi. Ölümündən sonra da onun adı sovet insanlarının yaddaşında yazıçı-komissar kimi qaldı.

 

 

Təranə

 

Kaspi.- 2010.- 29 sentyabr.- S.15.