Pensiyanızın miqdarına
özünüz təsir edə bilərsiniz
Amma əksəriyyət bundan xəbərsizdir
Dövlət Sosial Müdafiə
Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə
əlaqələri daha da inkişaf etdirmək məqsədi
ilə keçirilən növbəti interaktiv sorğu
yekunlaşıb. Bu barədə qəzetimizə DSMF-nin
İctimaiyyətlə əlaqələr sektorundan məlumat
verilib. Qurumdan bildirilib ki, aparılan sorğular əhalinin
sığorta-pensiya islahatları barədə nə dərəcədə
məlumatlı olmasını öyrənmək və vətəndaşların
daha az informasiyaya malik olduğu sahələr istiqamətində
təbliğat işlərini gücləndirmək
üçün həyata keçirilir. Bu dəfəki
sorğuya gəlincə, respondentlərə "Fərdi
uçot sisteminin tətbiqindən sonra pensiyanızın
miqdarının ödənilmiş məcburi dövlət
sosial sığorta haqlarının miqdarından asılı
olduğunu bilirsinizmi" sualı ünvanlanıb.
Sorğunun yekun nəticələrinə
əsasən, respondentlərin 33,6 faizi suala "xeyr", 31,5
faizi isə "bu haqda məlumatım yoxdur"
cavabını veriblər. Sorğuya qatılanların 34,9
faizi isə fərdi uçot sisteminin tətbiqindən sonra
pensiyanın miqdarının ödənilmiş məcburi
dövlət sosial sığorta haqlarının miqdarından
asılı olduğunu bildiyini vurğulayıb. Sorğunun nəticələri
göstərir ki, respondentlərin ümumilikdə 65,1 faizi
pensiyanın miqdarının ödənilmiş məcburi
dövlət sosial sığorta haqlarının miqdarından
asılı olduğundan məlumatsızdır.
Fonddan qeyd edilib ki, 2006-cı
ilin 1 yanvarından qüvvəyə minən "Əmək
pensiyaları haqqında" qanuna əsasən, pensiyalar fərdi
uçot sisteminin məlumatları əsasında təyin
olunur. Fərdi uçot sistemi tətbiq edildikdən sonra təyin
olunan pensiyanın miqdarı sığorta stayından və
ödənilmiş məcburi dövlət sosial sığorta
haqlarının miqdarından asılıdır: "Ona
görə də hər bir vətəndaş yaşlı
dövrünün maddi təminatının məsuliyyətini
əmək fəaliyyəti göstərdiyi vaxtdan
düşünməli, harada çalışmasından
asılı olmayaraq, işləməyə başlayarkən
ilk növbədə əmək müqaviləsini
imzalamalıdır. Bundan başqa, aldığı əmək
haqqının tam məbləğdə əmək haqqı cədvəlində
göstərilməsinə çalışmalı, işlədiyi
dövrlər üçün işəgötürən tərəfindən
məcburi dövlət sosial sığorta haqlarının tam
miqdarda ödənilməsinə şəxsən maraqlı
olmalıdır. Yeni sığorta-pensiya sistemində hər
bir şəxs hələ əmək fəaliyyəti
dövründə özünün gələcək pensiya məbləğinə
təsir edə bilər".
Fonddan o da bildirilib ki,
sığorta-pensiya sistemində davam etdirilən
islahatların mühüm həlqəsi kimi yaxın gələcəkdə
hər bir vətəndaşın fərdi hesabı ilə
bağlı məlumatlandırılması da nəzərdə
tutulur. Hazırda bu məqsədlə ümumi məlumat
bazasının yaradılması istiqamətində iş aparılır.
Baza formalaşdıqdan sonra isə Dövlət Sosial
Müdafiə Fondunda qeydiyyatda olan bütün
sığortaolunanlar özlərinə aid istənilən məlumatı
internet sistemi vasitəsilə əldə edə biləcəklər.
Həqiqət
Kaspi. - 2010. – 7 yanvar. – S.3.