Separatçıların QHT-ləri
nə işlə məşğuldur?
ABŞ-ın ayırdığı yardımlar
düşmənçilik siyasətinin aşılanmasına
yönəldilir
"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz və tərkib hissəsidir. Bu ərazi hazırda separatçı rejim tərəfindən idarə olunur. Dağlıq Qarabağ ətrafındakı Azərbaycan əraziləri isə ermənilərin işğalı altındadır". Bu fikirlər ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəsmi saytında yer alıb. Həmin saytda Dağlıq Qarabağın mərkəzi şəhəri erməni versiyasında olduğu təki "Stepanakert" yox, əsl adı ilə - Xankəndi kimi göstərilib.
MKİ qarabağlı ermənilərin separatçı olduğunu rəsmən etiraf etsə də, ABŞ Konqresi bu qondarma rejimə yardım etmək haqda qərar çıxardı.
ABŞ-ın
Azərbaycandakı səfirliyinin olaylarla bağlı
mövqeyi belə oldu: "ABŞ "Dağlıq Qarabağ
hökuməti"ni tanımır. Bu bizim siyasətimizdir və
o, dəyişməz qalır. Konqresin qərarına gəldikdə
isə Birləşmiş Ştatlar hökumətlərə
yox, insanlara yardım ayırır. Dağlıq Qarabağ
üçün nəzərdə tutulmuş məbləğ
də sırf humanitar yardım olaraq ərazilərin minalardan
təmizlənməsi üçün nəzərdə
tutulub. Həmin layihələri isə qeyri-hökumət təşkilatları
həyata keçirir".
Konqresin qərarı bəlli, Azərbaycandan səslənən etirazlar susmaq bilmir. Bu arada ABŞ səfirliyinin açıqlaması vəziyyəti daha da gərginləşdirdi. Onsuz da həmin vəsaitin hara xərclənəcəyini hamı bilir. Separatçı rejim peşkəş edilən pulu nəyə xərcləyər? Silah, hərbi texnika alınmasına, narkotik ticarətinə, hərbi xuntanı saxlamağa. Buna görə də bütün dünyada separatizm, terrorizm və narkoticarətlə mübarizə aparan Birləşmiş Ştatların Dağlıq Qarabağdakı belə elementləri maliyyələşdirməsi hiddət doğurur. Belə çıxır ki, amerikalı konqresmenlər kimə pul ayırdıqlarını bilmirlər. Əslində, belə deyil. ABŞ bu addımı erməni lobbisinin təsiri altında atır. Separatçı rejimin mahiyyətindən bizim sıravi vətəndaşımız da məlumatlıdır. Bəs niyə bu addım atılıb? ABŞ-ın ayırdığı pulların hara xərcləndiyini ayırd etmək üçün araşdırma aparmağa ehtiyac duyduq. Əlimizdə çox ciddi faktlar, mülahizələr var.
Əvvəlcə bu addım niyə narazılıq yaradır sualına aydınlıq gətirək.
Əvvəla, Vaşinqton hər il Qarabağa rəsmi şəkildə dövlət yardımı edən yeganə ölkədir. Bu, ABŞ-ın Cənubi Qafqazda yürütdüyü siyasətə daban-dabana zidd addımdır. Ərazi bütövlüyünü tanıdığı Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa müstəqil dövlət kimi yardım etmək heç bir norma və standartlara sığmır. Buna separatizmi dəstəkləməkdən başqa ad tapmaq mümkün deyil.
İkincisi, rəsmi Bakı terrorizmin yayılmasının qarşısını almaq üçün beynəlxalq əməkdaşlığın genişlənməsi təklifini irəli sürüb. Lakin beynəlxalq terrorizmdən zərər çəkən ölkə olan və buna görə də dünyanın ən müxtəlif yerlərində terrorçulara qarşı əməliyyatlar aparan Birləşmiş Ştatlar terrorizmi dəstəkləyən Dağlıq Qarabağdakı separatçı rejimə arxa durur. Unutmayaq ki, beynəlxalq hüquqda "erməni terrorizmi" ifadəsi ilk dəfə ABŞ Dövlət Departamentinin 1982-ci ilin avqust ayındakı bülletenində işlənib.
Üçüncüsü, bu ilin may ayında prezident Obama 2010-cu maliyyə ilində xarici hərbi maliyyə yardımı çərçivəsində Azərbaycana 4 milyon, Ermənistana 3 milyon dollar, beynəlxalq hərbi təhsil və təlim proqramı çərçivəsində Azərbaycana 900 min, Ermənistana 450 min dollar, eyni zamanda Ermənistana 30 milyon dollar yardım ayrılmasını təklif etmişdi. Bu təklifdə Dağlıq Qarabağa yardım nəzərdə tutulmamışdı. Amma ABŞ qanunvericilərinin 2010-cu il büdcəsinə dair indiki qərarı bu təklifləri nəzərə almır, Dağlıq Qarabağa yardım ayrılır, hərbi paritet saxlanılır və Ermənistana yardım 41 milyon dollara qaldırılır. Bu, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsinin qoyulmasıdır.
ABŞ Konqresindəki xüsusi maraq qruplarının təsiri altında qəbul edilmiş bu qərar ABŞ vergi ödəyicilərinin pulunun Ermənistanın Azərbaycan ərazisində yaratdığı tanınmamış qanunsuz quruma sərf edilməsidir. Yəni ağır iqtisadi böhran şəraitində və işsizliyin artdığı bir vaxtda ABŞ qanunvericilərinin kütləvi etnik təmizləmə aparan və evinə qayıda bilməyən 800 mindən çox azərbaycanlı məcburi köçkünün iztirablarını artıran bir rejimi mükafatlandırması anormal addımdır.
ABŞ-ın "səxavəti"
Əslində, ABŞ-ın Ermənistana maliyyə yardımının ötən ilə nisbətən 39% azaldılması Barak Obamanın seçkiqabağı ermənilərə verdiyi vədlərə uyğun gəlmir. Bununla belə, ermənilər təşəkkürlərini əskik etmirlər. Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Hipardyan layihənin reallaşmasında əməyi keçmiş "erməni dostları"na xanım Louya, Adam Şifə, Mark Kirkə, Stiv Rotmana, Ces Ceksona, Stiv İsraelə, Frenk Lobiondoya təşəkkürünü bildirib. Çünki ilk dəfədir ki, Qarabağa bu həə maliyyə dəstəyi verilir. O da bəllidir ki, hərbi xuntanın nəzarəti altında olan ərazidə formalaşdırılmış əldəqayırma qurumun illik xərclərinin (illik 60 milyon dollardır) yarısını Ermənistan, bir qismini erməni diasporu, bir hissəsini isə ABŞ maliyyəsi formalaşdırır. Hətta işğalçı dövləti açıq-aşkar dəstəkləyən Rusiya da bu qədər səxavətli deyil, belə açıq şəkildə Dağlıq Qarabağa heç bir yardım göstərmir.
1998-ci ildə
ABŞ Konqresinin qəbul etdiyi qərara əsasən, o vaxtdan
bəri hər il bu qondarma respublikaya iqtisadi və humanitar
yardım edilir. ABŞ tərəfindən hər il edilən
yardım 1998-2000-ci ildə 20-25 milyon dollar arası dəyişib.
Onun 3-5 milyon dolları
birbaşa, digər hissəsi isə humanitar qaydada həyata
keçirilib.
2001-2006-cı illərə gəlincə,
5 ildə Amerikanın separatçı bölgəyə
ayırdığı birbaşa yardımın həcmi cəmi
ilə 3 milyon dollar təşkil edib. 2007-2008-ci illərdə
isə yardımın həcmi 5 milyon dollara qədər
artıb. 2009-cu ildə isə 8 milyon dollar təşkil edib.
Son iki ildə ABŞ hökuməti yardımı
Dağlıq Qarabağda minaların təmizlənməsi
üçün Britaniyanın "Halo Trust" təşkilatına
ayırmağa üstünlük verib. Bu təşkilatın
fəaliyyəti haqda ətraflı məlumat verəcəyik.
Belə bəlli olur ki, gələn
il üçün nəzərdə tutulan bu yardım guya
Dağlıq Qarabağda sosial problemlərin həllinə, su
kəmərlərinin çəkilməsinə, tibb obyektlərinin
inşasına və digər məqsədlərə sərf
olunacaq. O da əlavə olunur ki, ayrılan vəsaitdən
Qarabağda fəaliyyət göstərən vətəndaş
cəmiyyəti institutlarının inkişafına da
yardım ayrılır. Əslində belədirmi? Və yaxud
maliyyə yardımı ayrılan təşkilatların fəaliyyəti
nədən ibarətdir? Buna cavab tapmaq üçün əvvəlcə
Qarabağda fəaliyyət göstərən "əldəqayırma"
təşkilatların mahiyyətini öyrənməli,
onların "fəaliyyəti" ilə
maraqlanmalıyıq.
Beləliklə,
Qarabağda QHT hoqqaları
Elə bir ermənipərəst
internet səhifəsi, erməni saytı yoxdur ki, orada qondarma
qurumun piarı olmasın. Qarabağ ermənilərinin
"Böyük yalan yuxuları" bitib tükənmək
bilmir. Əslində, separatçı qurumun yalandan
yaydığı məlumatlara inanmaq sadəlövhlükdür.
Bu haqda ətraflı danışmaq istərdik.
Saytların əksəriyyətində
beynəlxalq təşkilatlara müraciət edilərək
qeyd olunur ki, guya bu bölgədə QHT-lərin, KİV-in,
beynəlxalq təşkilatların sərbəst fəaliyyət
göstərməsi üçün hər cür şərait
yaradılıb. Heç kimə sirr deyil ki, bu cür
addımlar, yalan məlumatlar, faktların
saxtalaşdırılması, "əldəqayırma"
quruma siyasi don geyindirməkdir. Hərbi xuntanın nəzarəti
altında olan bölgədə demokratiyadan, azad KİV-dən,
insan haqlarından danışmaq gülüncdür.
Diqqət yetirək: ermənilər
deyirlər ki, "QHT-lərin və kommersiya
qurumlarının qeydiyyatı üçün heç bir əngəl
yoxdur". Bəli, separatçı rejimin maraqlarına cavab
verən, onun çaldığı mahnılara oynayan təşkilatları
qeydiyyata almaq əlbəttə ki, asandır. Amma nəticə
nədir? Vəziyyət olduqca ağırdır. Təkcə
ötən iki ildə bağlanan şirkət və QHT-lərin
sayı 50-ni keçib. Onların açıqlamalarına
görə, 107 təşkilat qeydiyyata alınıb. Amma
hazırda 27 təşkilatın fəaliyyət göstərdiyini
özləri etiraf edirlər. Bunlardan nisbətən aktivləri
"Helsinki təşəbbüsü-92", "Stepanakert
Press klubu", "Vətəndaş Təşəbbüsləri
Mərkəzi", "Xalq Diplomatiyası İnstitutu" və
s.-dir. Bəs niyə təşkilatların sayı sürətlə
azalır?
Bəllidir ki, QHT-lərin
aktiv fəaliyyəti III sektorun fərdləri seçdikləri
sahə üzrə motivasiya olmalıdır. Vətəndaş
cəmiyyəti atributları o vaxt fəal olurlar ki, vətəndaş
vətəndaş olduğunu dərk etsin. Qondarma, heç bir
dövlət tərəfindən tanınmayan, taleyi tükdən
asılı olan rejimdə nə vətəndaş, hansı vətəndaş
cəmiyyəti? İkincisi, getdikcə sayı sürətlə
azalan əhali, olmayan iqtisadiyyat, Ermənistan və diaspor təşkilatlarından
verilən yardımların kəskin azalması və hərbi
xuntanın özbaşına idarəçiliyi şəraitində
QHT və kommersiya vahidlərinin hansı inkişafından
söhbət gedə bilər?
Məlumat üçün
deyək ki, 2005-ci ildən etibarən separatçı rejim
QHT-ləri inkişaf etdirmək, onları dayanıqlı etmək
üçün maliyyə yardımı ayırmağı qərara
alıb. Əvvəlcə Qukasyana və onun komandasına, indi
isə Saakyana yaxın təşkilatlara maliyyə
yardımı edilməsi böyük narazılığa səbəb
olmuşdu. Təşkilat rəhbərləri korrupsiya,
rüşvət faktlarının hədsiz çox
olduğunu dilə gətirərək, etiraz etmişdilər.
Bu təşkilatlar arasında separatçı rejimlə
könüllü nikaha girmək istəməyənlər
çoxluq təşkil edirdi. Bu cür xətt götürən
təşkilatlar arasında Azərbaycan qanunlarına hörmətlə
yanaşan, separatizmə son verməyə çağıran təşkilatlar
da az deyil. Onların rəhbərlərinə qarşı
ciddi təzyiqlər, təqiblər, repressiyalar həyata
keçirilib.
Ötən il Qarabağda fəaliyyət
göstərən QHT-lərlə bağlı yayılan
hesabatda ermənilər özləri də etiraf edirdilər
ki, separatçı qurumlarda avtoritar nəzarət möhkəmdir.
Burada hər hansı tənqid cəmiyyətdə
parçalanma kimi anlaşıla bilər deyə, bu cür
çıxışlar, narazı mənbələr susdurulur
("Dağlıq Qarabağ QHT-lərinin bir illik fəaliyyəti
haqda hesabat", 2008, Xankəndi).
"QHT-lərin ən
böyük problemi maliyyə
çatışmazlığıdır" (yenə
orada-red.). İş o həddə çatıb ki, QHT-lərə
kommersiya fəaliyyəti göstərməyə və mənfəət
əldə etməyə də icazə verilib. Bu isə vətəndaş
cəmiyyətinin əsas atributu olan QHT-nin öz siyasətindən,
formatından kənara çıxmasıdır.
Qarabağda fəaliyyət
göstərən QHT rəhbərləri düşdükləri
durumdan çox narazıdırlar. Hətta yerli mətbuata
açıqlamlarında etiraf edirlər ki, Azərbaycanın
apardığı informasiya siyasəti və beynəlxalq
qurumların ehtiyatlı davranmasına görə Qarabağ
QHT-ləri çökürlər. Heç bir beynəlxalq təşkilat
qondarma qurumla əlaqə saxlamaq istəmir. Hətta humanitar təşkilatlar
belə qaçqınlara yardım etməkdən imtina edirlər.
Belə təsəvvür
yarana bilər ki, bu baxımdan acından ölən ermənilərə
ABŞ-ın yardımına göz yummaq olar. Elə deyil. Məsələnin
qaranlıq tərəfləri var. Biz demirik ki, ABŞ QHT-lərə
yardım etməsin. Bu yalnız Azərbaycanın
razılığı, bizim dövlətin xətti ilə edilə
bilər. İkincisi, kimə yardım edildiyini müəyyən
etmək lazımdır. Çünki ötən illərin
acı təcrübəsi ortadadır. Yardım alan təşkilatlar
verilən vəsaiti təyinatı üzrə xərcləməyiblər.
Misal üçün,
"Açıq Cəmiyyət" Gənclər Təşkilatını
qeyd etmək olar. Təşkilatın veb-səhifəsi anti-Azərbaycan,
anti-Türkiyə çağırışları,
ideyaları ilə doludur, uydurma faktlar, ağlasığmaz mənbələrə
istinad, saxta vətənpərvərlik, düşmənçilik
siyasətinin aşılanması, separatçı
çıxışlar "göz oxşayır". Bu,
qondarma qurumun gənclər siyasətidir. ABŞ-ın ötən
il ayırdığı maliyyə yardımından yararlanan
bu təşkilat fəaliyyətini bu cür qurub. Bizim
dediyimiz, narazılığımız da bundadır. Beyni
pozulmuş erməni gəncləri üçün vətəndaş
cəmiyyəti, tolerantlıq, insan haqları prinsipləri
yoxdur. Bu onlar üçün dərəcəsinə görə
sonuncu yerlərdə dayanan məsələlərdir. Əsas
erməni xəstəliyini yaymaq, yalançı, saxta ideyalarla
beyinləri korlamaqdır ki, separatçı reyim bunu gözəl
bacarıb və ən təəssüfedici hal odur ki, bu
cür fikirləşənləri maliyyələşdirənlər
tapılır.
Belələrindən biri
2004-cü ildə Xankəndində fəaliyyət göstərən,
4 Britaniya QHT-sini özündə cəmləşdirən
"Konsorsuim Təşəbbüsü" adlı təşkilat
olub. Bu təşkilat işini iki istiqamət üzrə qurub.
Birinci istiqamət: Xankəndində Resurs Mərkəzi vasitəsilə
kiçik qrantların elan olunması və bununla acından
ölməkdə olan ermənilərə nədəsə
yardımçı olmaq. İlk illərdə 7 təşkilat
9 layihədə birləşərək nəsə etməyə
çalışıb. Lakin yenə maliyyə
fırıldaqları, vəsaiti təyinatı üzrə xərcləməmək
işləri korlayıb. Təşkilat fəaliyyətini
dayandırıb. "Konsorsuim Təşəbbüsü"nün
diqqət ayırdığı ikinci istiqamət isə mətbuatla
iş olub. Bu məqsədlə 3 layihə həyata
keçirilib. "Demo" qəzeti sıravi ermənilərin
ağlasığmaz hekayələrini dərc edirdi. Bir ildən
sonra effektsizliyi bəlli oldu.
Yuxarıda adını
çəkdiyimiz hesabatda diqqətimizi "azərbaycanlı"
hüquq müdafiəçi Eldar Zeynalovun Xənkəndinə
səfəri və öz təcrübəsini erməni "həmkarları"
ilə bölüşməsinin böyük sevinclə qeyd
olunması cəlb etdi. (2003-cü il). Məsələ
bundadır ki, Eldar Zeynalovun hüquq müdafiəçiliyi,
Azərbaycan dövlətinə, onun dövlətin
apardığı siyasətə münasibəti bəllidir.
Amma ermənilərin bu addımı "Dağlıq
Qarabağ" və Azərbaycan QHT-lərinin uğurlu əməkdaşlığı
kimi qələmə verməsi özü Eldar Zeynalovun
atdığı adımın absurdluğunu bir daha sübut
edir və özünümüdafiə üçün
heç bir şans qoymur.
Nəcəfov S.
Kaspi. -2010. – 7 yanvar. – S.4.