"Ölkəmizdə Avropa standartlarına uyğun seçkilər keçirilib" 

 

Gültəkin Hacıbəyli: "Bu seçkilərə ciddi irad olmamalıdır"

 

Məlum olduğu kimi, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı ictimai müzakirələr davam edir. Mərkəzi Seçki Komissiyası (MSK) seçki ilə bağlı hələ yekun qərar qəbul etməsə də, ilkin nəticələr demokratik seçkilərin keçirildiyini təsdiqləyir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli də seçkilərin demokratik standartlara uyğun keçirilməsi qənaətindədir:

- Azərbaycanda bələdiyyə seçkiləri normal keçirildi. Bu seçkiləri həm yerli, həm də beynəlxalq müşahidəçilər izlədilər. Mən təbliğat kampaniyasında da iştirak etdim. Kampaniyada yalnız deputat seçildiyim Naftalan-Goranboy ərazisində yox, Saatlı, Sabirabad, Beyləqan, Horadiz və digər yerlərdə oldum. Müşahidələrim belə idi ki, insanlar bələdiyyə seçkilərinə hazırlıqlı gedirdilər. Əhali öz yerlərinin qayğısına qalan insanlara səs verirdi. Bu seçki seçiciyə daha yaxın olan seçki idi. Bu baxımdan, bələdiyyə üzvləri seçicilərə millət vəkillərindən də yaxındırlar. Cəmiyyətin bu məsələyə dair mövqeyi də məlumdur. Mən səsvermə günü Sumqayıtda 4 seçki dairəsi üzrə 42 məntəqədə müşahidələr apardım. Bu məntəqələrin heç birində qanun pozuntusu qeydə almadıq. Eyni zamanda, məntəqələrdə müxtəlif partiyaları, təşkilatları təmsil edən müşahidəçilərdən vəziyyətlə bağlı məlumatlar aldıq. Onlar da seçkidə hər hansı qanun pozuntusunun olmadığını bildirdilər. Doğrudur, prezident və parlament seçkiləri ilə müqayisədə bələdiyyə seçkilərində seçici fəallığı az oldu. Amma bunun da müəyyən səbəbləri ola bilər. İlk növbədə, bələdiyyələr lazımi səviyyədə cəmiyyətdə özlərini təsdiq edə bilməyiblər. İnsanlar onların fəaliyyətindən o qədər də razı deyil. Buna görə də yeni formalaşan bələdiyyələr bu məqama diqqət yetirməlidirlər. Onlar elə etməlidirlər ki, vətəndaşların bələdiyyə seçkilərinə diqqəti daha da artsın. Bu da ilk növbədə yerli özünüidarəetmə orqanlarının əhali üçün faydalı işləməsindən asılıdır.

Bir sözlə, hesab edirəm ki, bələdiyyə seçkiləri demokratik standartlara uyğun keçirilib. Bu seçkilərdə hər hansı qanun pozuntusuna, insidentə rast gəlinməyib. Seçkilərdə qələbə qazanan şəxsləri təbrik edirəm və onlara məhsuldar fəaliyyət arzulayıram. Onlar elə fəaliyyət göstərməlidirlər ki, növbəti bələdiyyə seçkilərində əhali daha mütəşəkkil şəkildə iştirak etsin.

- Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyasının ilkin rəyində seçki ilə bağlı bir sıra tənqidlər olub. Bu tənqidlərə münasibətiniz necədir?

- Mən təşkilatın ilkin rəyi ilə yaxından tanış deyiləm. Amma bu tənqidlər məni təəccübləndirir. Bələdiyyə seçkiləri çox sakit keçdi. Belə olan halda tənqidlərin olması mənim üçün anlaşılmazdı. Əgər hansısa məntəqədə problem olubsa, yəqin ki, Mərkəzi Seçki Komisiyası müvafiq tədbir görəcək.

- AŞ PA-nın qış sessiyasında Azərbaycandakı bələdiyyə seçkiləri müzakirə oluna bilərmi?

- Düşünmürəm ki, belə vəziyyət baş versin. AŞ PA qanunverici orqanların üzvlərindən ibarət olan qurumdur. Bələdiyyələrin fəaliyyəti ilə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi məşğul olur. Bildiyiniz kimi, seçkiləri də məhz bu konqresin müşahidə missiyası izləyib. Bələdiyyə seçkilərinə yekun rəyi də bu qurum verəcək. Digər tərəfdən, ölkəmizdə normal, Avropa standartlarına uyğun seçkilər keçirilib. Hesab edirəm ki, bu seçkilərə dair AŞ PA-nın ciddi iradı olmamalıdır.

- Gültəkin xanım, növbəti il ölkədə parlament seçkiləri keçiriləcək. Artıq bəzi müxalifət partiyaları bu seçkilərdə xarici ölkələrin heç də məqbul olmayan təcrübələrindən istifadə etməyə cəhd göstərəcəklərini iddia edirlər. Bu iddialara münasibətiniz necədir?

- Dünyanın heç bir ölkəsi belə müdaxilələrdən sığortalanmayıb. Azərbaycanın yerləşdiyi coğrafiya elə həssas ərazidir ki, belə cəhdlər ola bilər. Eyni zamanda, Azərbaycana qonşu olan bəzi dövlətlərdə nə qədər ki, demokratiya, insan haqları tam bərqərar olmayıb, hansısa təhdidlərin olması mümkündür. Əsas məsələ odur ki, Azərbaycan bu təhdidlərə nə dərəcədə müqavimət göstərəcək. Bilirsiniz ki, bir sıra xarici qüvvələrin Azərbaycanda maraqları var. Azərbaycan dünya geosiyasətinin episentrində yerləşən ölkədir. Bu baxımdan, Azərbaycanın inkişaf perspektivləri Cənubi Qafqazın inkişaf perspektivini təyin edir. Ona görə də hər hansı təhdidlərin qarşısını almaq üçün millətimiz monolit, dövlətimiz güclü olmalıdır. Şükürlər olsun ki, bu monolitlik var. Xalqımız prezident İlham Əliyevin ətrafında sıx birləşib və onun həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Hesab edirəm ki, bu amilin qarşısında hər hansı təhdid puç olmağa məhkumdur.

 

 

Quliyev  İlham

 

Kaspi. -2010. – 7 yanvar. – S.5.