TQDK ilk zona müşavirəsini keçirib 

 

Sumqayıt, Abşeron, Dəvəçi, Qobustan, Quba, Qubadlı, Qusar, Şamaxı, Siyəzən, Xaçmaz, Xızı rayonları üzrə qəbul göstəriciləri müzakirə edilib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən Sumqayıtda 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş ilk zona müşavirəsini keçirib.

 Zona müşavirəsində TQDK-nın əməkdaşları, ekspertləri, eləcə də Sumqayıt, Abşeron, Dəvəçi, Qobustan, Quba, Qubadlı, Qusar, Şamaxı, Siyəzən, Xaçmaz, Xızı rayonlarının Təhsil şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak edib. Bu barədə qəzetimizə komissiyanın mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, tədbirdə TQDK sədri Məleykə Abbaszadə, Komissiyanın Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov qəbul imtahanlarının elmi-statistik təhlilinə dair məruzələrlə çıxış ediblər.

Belə ki, Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərini 2009-cu ildə 4077 şagird bitirib və onların 3826 nəfəri attestat alıb. Attestat alanların 94,01 faizi (3597 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 1407 məzunu (imtahanda iştirak edənlərin 39,12 faizi) tələbə adını qazanıb. Onların 48,97 faizi (689 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 41,93 faizi (590 nəfəri) ödənişli ixtisaslarına, 9,10 faizi (128 nəfəri) isə özəl ali məktəblərə qəbul olub. Şəhərin məzunlarının 337 nəfəri 500-dən, o cümlədən 97 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Şəhərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 240.134-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 13,3 faiz yuxarıdır. Abituriyentlərin göstəriciləri isə bal intervalları üzrə belə paylanıb: 0-100 intervalında 25,52 faiz (918 nəfər), 100-200 intervalında 21,77 faiz (783 nəfər), 200-300 intervalında 18,79 faiz (676 nəfər), 300-500 intervalında 24,55 faiz (883 nəfər). 500-dən yuxarı bal toplayanlar isə 9,37 faiz olmaqla 337 nəfər təşkil edib. Beləliklə, rayonun abituriyentlərinin yalnız 33,92 faizi 300-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 49 məktəbin məzunları iştirak edib. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin Texniki və təbiət elmləri liseyi, Təbiət elmləri təmayüllü gimnaziya, "İstedad" liseyi, "Təfəkkür" liseyi, 1, 10, 11, 15, 21, 23, 26, 35, 38 və 39 saylı orta məktəbləri daxil olub.

 

Attestatdakı əla qiymətləri təsdiqləyənlər 40 faizdir

 

Abşeron rayonunda isə attestat alanların 85,78 faizi (1152 nəfəri) qəbul imtahanlarında iştirak edib və 333 məzun tələbə adını qazanıb. Onların 33,03 faizi dövlət ali məktəblərinin ödənişsiz, 52,25 faizi ödənişli ixtisaslarına, 14,71 faizi isə özəl ali məktəblərə qəbul olub. Məzunların 48 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Rayonun abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 189.536-ya bərabərdir. Bu, respublika üzrə orta gostəricidən 8,4 faiz aşağıdır. Rayonun abituriyentlərinin yalnız 22,57 faizi 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər cəmi 40 faizdir. Qəbul imtahanlarında 31 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən S.Məmmədov adına Digah qəsəbə və A.Novruzov adına Caylı kənd orta məktəblərinin bir abituriyenti belə ali məktəbə qəbul olmayıb. S.Məmmədov adına Digah qəsəbə orta məktəbinin abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır.

Dəvəçi rayonunda isə orta ümumtəhsil məktəblərini bitirən 573 şagirddən 383 nəfəri attestat alıb. Attestat alanların 257 nəfəri qəbul imtahanlarında iştirak edib və 64 məzun tələbə adını qazanıb. Rayonun məzunlarının 6 nəfəri 500-dən, o cümlədən 2 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 167.008-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 19,3 faiz aşağıdır. Rayonun abituriyentlərinin yalnız 17.12 faizi 300-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 17 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən S.Musayev adına Uzunboyad kənd, H.Əliyev adına Dağbilici kənd, Ə.Quliyev adına Şahnəzərli kənd, Zeyvə kənd, Çölquşçu kənd və Padar kənd orta məktəblərinin bir abituriyenti belə ali məktəbə qəbul olmayıb.

Qobustan rayonunun isə orta ümumtəhsil məktəblərini bitirən 375 şagirddən 274 nəfəri attestat alıb. Attestat alanların 141 nəfəri imtahanlarında iştirak edib və 28 məzun tələbə adını qazanıb. Rayonun abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 151.672-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 26,7 faiz aşağıdır. Qəbul imtahanlarında 17 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən M.Əfəndiyev adına Təklə kənd, M.Sahibov adına Ərəbqədim kənd, Ə.İbrahimov adına Nabur kənd, M.Kərimov adına Poladlı kənd və Ərəbşalbaş kənd orta məktəblərinin bir abituriyenti belə ali məktəbə qəbul olmayıb.

 

Ölkə üzrə orta göstəricidən aşağı bal

 

Qubada isə orta məktəbi bitirən 1370 şagirddən 962 nəfəri attestat alıb. Attestat alanların 581 nəfəri qəbul imtahanlarında iştirak edib və 136 məzun tələbə olub. Rayonun məzunlarının 13 nəfəri 500-dən, o cümlədən 1 nəfəri 600-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 65 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 23-nün bir abituriyenti belə ali məktəbə qəbul olmayıb. Qırmızı qəsəbə 1 saylı, R.Cəbrayılov adına Təngəaltı kənd, A.Tahirov adına Qımıl kənd, D.İsmayılov adına Cici kənd və R.Əliyev adına Barlı kənd orta məktəblərinin abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır.

Qubadlının orta məktəblərini bitirən 492 şagirddən isə 463-ü attestat alıb. Onların 423 nəfəri imtahanlarda iştirak edib və 110 məzun tələbə adını qazanıb. Rayonun abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 181,236-ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 12,4 faiz aşağıdır. Qəbul imtahanlarında 31 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Ş.Kərimov adına Cərəli kənd, Ş.Haqverdiyev adına Sarıyataq kənd və Əliquluşağı kənd orta məktəblərinin bir abituriyenti belə ali məktəbə qəbul olmayıb.

Qusarda isə attestat alan 938 nəfərin 452-si qəbul imtahanlarında iştirak edib, 86 məzun tələbə adını qazanıb. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 158,58-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 25,2 faiz aşağıdır. Qəbul imtahanlarında 45 məktəbin məzunları iştirak edib. Məktəblərdən 25-nin bir abituriyenti belə ali məktəbə qəbul olmayıb.

Siyəzən məktəblərini bitirən 465 şagirddən isə 349-u attestat alıb. Onların 244-ü imtahanlarda iştirak edib və 68 məzun tələbə olub. Rayonun abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 191.848-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 7,3 faiz aşağıdır. Qəbul imtahanlarında 11 məktəbin məzunları iştirak edib. R.Abdulrəhimov adına Gil-Gilçay qəsəbə və 5 saylı şəhər orta məktəblərin bir abituriyenti belə ali məktəbə qəbul olmayıb. Şamaxıda isə attestat alan 515 nəfərdən 332-si imtahanlarda iştirak edib, 66 məzun tələbə olub. Rayonun abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal respublika üzrə orta göstəricidən 23,1 faiz aşağıdır. Attestat qiymətləri əla olan abituriyentlərdən qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər cəmi 50 faizdir. Məzunları qəbul imtahanlarında iştirak edən 46 məktəbdən 20-nin bir abituriyenti belə ali məktəbə qəbul olmayıb. Qızmeydan kənd, F.Şixəliyev adına Bağırlı kənd və A.Babaşov adına Şəhriyar qəsəbə orta məktəblərinin abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır.

 

Əlaçıların 25 faizi 200 baldan aşağı nəticə göstərib

 

Xaçmazda isə attestat alan 1298 nəfərdən 739-u imtahanlarda iştirak edib və 118 məzun tələbə adını qazanıb. Rayonun abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal respublika üzrə göstəricidən 31,5 faiz aşağıdır. Onların yalnız 11,10 faizi 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 25 faizi qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 50 faizdir. Qəbul imtahanlarında 53 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 23-ünün bir abituriyenti belə ali məktəbə qəbul olmayıb. 1 saylı şəhər, 5 saylı şəhər, M.Ədilov adına Yalama kənd, Z.Abdullayev adına Uzunoba kənd, E.Movlanov adına Əbilyataq kənd, Ş.Sədiyev adına Qımılqışlaq kənd, Ləcət kənd, Qalağan kənd, Gödəkli kənd, Aslanoba kənd, Köhnə Xaçmaz kənd, Gülalan kənd, Üçgünqışlaq kənd və Əhmədoba kənd orta məktəblərinin abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır.

Xızı rayonunun orta məktəblərini bitirən 170 şagirddən 157 nəfəri attestat alıb. Onların 122 nəfəri qəbul imtahanlarında iştirak edib və 29 məzun tələbə adını qazanıb. Rayonun məzunlarının 6 nəfəri 500-dən, o cümlədən 1 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Dovlət İqtisad Universiteti, Azərbaycan Dovlət Neft Akademiyası və Bakı Dovlət Universitetinə qəbul olub. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal isə 175.787-yə bərabərdir. Bu, respublika üzrə orta gostəricidən 15,1 faiz aşağıdır. Rayonun abituriyentlərinin yalnız 17,21 faizi 300-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 8 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Fındığan kənd orta məktəbinin bir abituriyenti belə ali məktəbə qəbul olmayıb.

 

 

Həqiqət

 

Kaspi. -2010. – 7 yanvar. – S.8.