"Məşədi
İbad"ın İran səfəri
Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının İranda
keçiriləcək 27-ci Beynəlxalq Fəcr Festivalına
göndərdiyi video materiallar və sənədlər
festivalın Təşkilat Komitəsi tərəfindən qəbul
edilib.
Bununla da teatr bu mötəbər
festivalda iştirak etmək şansı qazanıb. Teatrın mətbuat xidmətindən qəzetimizə
verilən məlumata görə, dahi bəstəkar
Ü.Hacıbəylinin "Məşədi İbad"
operettası ilə festivala qatılacaq teatrın kollektivi
yanvar ayının 22-si və 23-ü Tehranın ən
böyük teatr-konsert salonu, möhtəşəm Talari Vəhdət
Sarayında çıxış edəcək. Tamaşada
əsas rolları Əməkdar artist Ramiz Məmmədov (Məşədi
İbad), Ramil Qasımov (Sərvər), Nadir Xasıyev
(Rüstəm bəy), Nərgiz Kərimova (Gülnaz), Xalq
artisti Arif Quliyev (Hambal), Əməkdar artist Elçin Həmidov
(Qəzetçi Rza), Əməkdar artist Əkbər Əlizadə
(İntiligent Həsən), Səmədzadə Xasiyev (Həsənqulu
bəy), Əzizağa Əzizov (Qoçu Əsgər), Novruz
Qartal (Məşədi Qəzənfər) ifa edirlər. Xalq artisti Afaq Bəşirqızı isə Sənəm
rolunda çıxış edəcək. Kollektiv
festivala 45 nəfərlik heyətlə qatılacaq.
Qeyd edək ki, Musiqili
Komediya Teatrı İran, İraq, Niderland, Kanada, Polşa,
Ukrayna, Gürcüstan, Tacikistan, Almanya, Fransa, Macarıstan,
Sudan, Pakistan kimi ölkələrin teatr kollektivlərinin
qatıldığı bu festivalda ilk dəfədir ki,
iştirak edir. Bu, Musiqili Komediya Teatrının son 20 ildə
ilk mötəbər sənət yarışmasıdır.
Təranə
Kaspi. -2010. – 7 yanvar. – S.15.