"Ötən
il Azərbaycan diplomatiyası üçün
uğurlu sayılmalıdır"
Tahir Rzayevin
fikrincə, ölkəmizin
beynəlxalq aləmdə
nüfuzu iqtisadi yüksəlişlə sıx
əlaqədardır
Artıq 2010-cu ilin ilk iş həftəsi başa çatır. Amma 2009-cu ilin yekunları ilə bağlı dəyərləndirmələr davam edir. Əksəriyyət bu fikirdədir ki, keçən il ölkəmiz üçün uğurlu oldu. Azərbaycan həm daxili məsələlərdə, həm də xarici siyasətdə uğurlu nəticələr əldə etdi. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili Tahir Rzayev də bu fikirdədir. Onun fikrincə, 2010-cu il də Azərbaycan üçün uğurlu olacaq:
- 2009-cu il ölkəmizin həyatında sosial-iqtisadi, ictimai-siyasi, mədəni hadisələrlə zəngin oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi əsaslı və əhəmiyyətli tədbirlər iqtisadiyyatın daha da inkişaf etdirilməsinə, sosial həyatın yeniləşməsinə, yaxşılaşmasına, demokratiyanın genişlənməsinə, əhalinin siyasi fəallığının yüksəlməsinə, dövlətimizin beynəlxalq aləmdə böyük nüfuz qazanmasına zəmin yaradıb. 2009-cu ilin martında Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ümumxalq müzakirəsinə çıxarılaraq yüksək siyasi fəallıqla qəbul edilməsi demokratik inkişafın əyani nümunəsinə çevrilməklə xalqımızın yekdilliyini, öz rəhbərinə, dövlətinə və Konstitusiya hüquq və vəzifələrinə ehtiramını, inamını əks etdirib. Çünki bu əlavə və dəyişikliklər bilavasitə xalqın öz təklif, arzu və istəklərinin ifadəsi, ölkədə baş verən mühüm dəyişikliklərin, insanların hüquq və azadlıqlarının qorunması, demokratik prinsiplərin həyata keçirilməsi, gələcək nəsillərin daha xoşbəxt, azad yaşaması, dövlətimizin qüdrətlənməsi yolunda atılan uğurlu addımların nəticəsi idi. Demokratik prinsiplərə sadiqlik, insanların seçim hüququnun dəyərləndirilməsi ölkədə yerli özünüidarəetmənin bilavasitə daşıyıcısı və təşkilatçısı olan bələdiyyə seçkilərində də özünü bariz şəkildə əks etdirdi və bir daha Azərbaycanın beynəlxalq hüquq və normalara hörmətlə yanaşdığını, əməl etdiyini sübuta yetirdi...
- Sizcə hər iki seçim - referendum və 23 dekabr bələdiyyə seçkiləri azad, şəffaf oldumu? Hər halda bununla bağlı müəyyən birmənalı olmayan fikirlər səslənməkdədir...
- Birmənalı olaraq deyə bilərəm ki, hər iki seçim azad, şəffaf və insanların yüksək siyasi fəallığı şəraitində keçdi. Deyərdim ki, bu addımlar vətəndaş həmrəyliyinin yaradılması, seçim mədəniyyətinin yüksəldilməsi və formalaşması, dövlətin mənafeyinin daha yüksək qiymətləndirilməsi, həm də dünyada Azərbaycanın demokratik bir ölkə kimi nüfuzunun möhkəmlənməsi baxımından əhəmiyyətli oldu... Ümumiyyətlə, Azərbaycanın beynəlxalq aləmdə şöhrətlənməsi diplomatik, siyasi amillərlə bərabər, iqtisadi yüksəlişlə də sıx əlaqədardır. Son illər iqtisadiyyatımızda baş verən sürətli inkişaf ötən ilin dünya maliyyə böhranının yaratdığı çətinlikləri dəf etməyə, ölkədə durğunluğun yaranmasının qarşısını almağa kömək edib, ciddi işsizlik, ərzaq, iqtisadi problemlər yaratmayıb. Maliyyə böhranı bəzi sahələrə müəyyən təsirini göstərsə də, ölkədə həyata keçirilən əsaslı tədbirlərin, sosial-iqtisadi vəzifələrin qarşısını ala bilməyib, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına maneçilik törətməyib. Bu, iqtisadiyyatımızın düşünülmüş qaydada inkişaf etdirilməsinin, elmi əsaslarla idarə olunmasının göstəricisidir. Regionların dinamik sosial-iqtisadi inkişafı da bunu sübut edir. 2009-cu ildə regionlarda baş verən əsaslı dəyişikliklər, tikinti-abadlıq, yenidənqurma işləri, bir çox istehsal müəssisələrinin istifadəyə verilməsi, sosial obyektlərin tikintisi, yolların çəkilməsi, körpülərin salınması, iş yerlərinin açılması davamlı iqtisadiyyatın təmin edilməsinin nəticəsi kimi qiymətləndirilməlidir...
- Necə hesab edirsiniz, 2009-cu ili də Azərbaycan diplomatiyası üçün uğurlu il saymaq olarmı?
- Bəli,
2009-cu il Azərbaycan diplomatiyası
üçün də
uğurlu sayılmalıdır.
Ölkə başçısı İlham Əliyevin bir
çox xarici ölkəyə səfərləri,
balanslaşdırılmış siyasət yeritməsi,
dünyada sülhün, əmin-amanlığın bərqərar
edilməsi sahəsində göstərdiyi cəhdlər,
uğurlu diplomatik gedişlər sülhsevər insanlar,
görkəmli dövlət xadimləri və siyasətçilər
tərəfindən dəyərləndirilib, Azərbaycanın
ərazi bütövlüyünün təmin olunmasında
göstərilən səylərə bir stimul verib. Bu,
xalqımızın ən ağrılı və çətin
problemi olan Dağlıq Qarabağ probleminin həllində, Ermənistan-Azərbaycan
münaqişəsinin aradan qaldırılması gedişində
aparılan danışıqlarda aydın ifadəsini göstərir.
Bu yerdə onu da qeyd edim ki, Türkiyə ilə
Ermənistan arasında imzalanmış protokolların
doğurduğu əks-səda Azərbaycan xalqı
üçün 2009-cu ilin ən narahatçılıq
doğuran, həm də diqqətlə izlənilən
düşündürücü hadisələrindən
biridir. Təcavüzkar Ermənistanla münasibətlərin
yaxşılaşdırılması, sərhədlərin
açılması Azərbaycanın mənafeyinə zərbə
olmaqla yanaşı, həm də Türkiyənin dövlətçiliyinə,
gələcək inkişafına, Azərbaycan-Türkiyə əlaqələrinə,
qardaşlığına xələl gətirdiyinə, bir
milyondan artıq qaçqın və köçkünü
olan, 20 faizdən çox ərazisi işğal olunan bir
respublikanın ərazi bütövlüyünün təmin
edilməsinə zidd olduğuna görə, türklərin və
azərbaycanlıların kəskin etirazına səbəb
oldu. Hər iki ölkə xalqları etiraz etməkdə
haqlıdırlar. Azərbaycanın işğal olunmuş əraziləri
azad edilmədən, ölkənin ərazi
bütövlüyü təcavüzkar tərəfindən
tanınmadan, Qarabağ problemi beynəlxalq hüquq
normaları əsasında həll olunmadan Ermənistanla
münasibətlərin normallaşdırılmasının, əməkdaşlığın
təmin olunmasının mümkünsüzlüyü barədə
Türkiyə və Azərbaycan rəhbərlərinin səsləndirdiyi
bəyanatlar xalqlarımızın ürəyindəndir və
elə bilirəm ki, qarşıdan gələn ildə də
bu bəyanatlar müdafiə olunacaq. Bir sözlə, 2009-cu ildə
ölkəmizdə baş verən hadisələrin müsbət
irəliləyişlərin, müəyyən
çatışmazlıqların tam xronologiyasını vermək
çox çətindir. Ancaq başa çatmaqda olan 2009-cu
il hər birimizin həyatının bir parçası, necə
keçməsindən asılı olmayaraq silinməz
anlarıdır. Arzum budur ki, 2010-cu il - başda ölkə
prezidenti İlham Əliyev olmaqla - xalqımız
üçün daha xoşbəxt, firavan,
torpaqlarımızın azğın düşməndən
azad olunması, ölkəmizin tərəqqisi, sevincli,
bayramlı günləri ilə zəngin bir il olsun.
Quliyev İlham
Kaspi. - 2010. – 8 yanvar. – S.5.