Separatçılar Azərbaycan
tarixini xarici yardımlarla məhv edirlər
ABŞ-ın ayırdığı maliyyənin hansı
təyinat üzrə xərcləndiyi göz
qarşısındadır
Xankəndində fəaliyyət göstərən "Vətəndaş Təşəbbüsləri Mərkəzi"nin son 2-3 ayda keçirdiyi anket sorğu bölgədə vəziyyətlə bağlı ümumi anlayış yaratmaq üçün əvəzsiz sənəddir. Dağlıq Qarabağda fəaliyyət göstərən QHT-lərin problemləri, əməkdaşlıq imkanları, beynəlxalq və regional tədbirlərdə iştirakda maraqlarını bəlli edir.
Sorğu 27 təşkilatın
nümayəndələri arasında aparılıb (onlardan
24-ü QHT, 3-ü birlikdir). Sorğunun cavablarına gəldikdə,
bəlli olur ki, QHT təmsilçiləri son 18 il ərzində
vur-tut 694 seminar, kurs və treninqdə iştirak ediblər. O təşkilatlardan
tək bir təşkilat 480 tədbirə qatılıb. Bu isə
bir təşkilatın bütün təşkilatların beynəlxalq
tədbirlərdə iştirak payının 70%-ni zəbt etmək
anlamındadır. Belə bəlli olur ki, hazırda fəaliyyət
göstərən 6 təşkilat isə ümumiyyətlə,
heç bir tədbirdə iştirak etməyib. Yalnız Cənubi
Qafqaz miqyasında keçirilən tədbirlərdə Qarabağ
ermənilərinin QHT-ləri 186 dəfə iştirak ediblər.
Bu tədbirlərin 164-ü elə işğalçı
dövlətin ərazisində, qalanı isə Tbilisidə
keçirilib. MDB formatında tədbirlərə gəldikdə
isə bu tədbirlərin sayı 37 olub ki, onlar da postsovet məkanında
separatçı qurumların əldəqayırma təşkilatları
ilə birgə tədbirlərdir.
Sorğuda Azərbaycan QHT-ləri ilə əməkdaşlıq sualına da aydınlıq gətirilir. Bəlli olur ki, Qarabağ erməniləri yenidən Azərbaycanla əlaqələrin bərpasında çox maraqlıdırlar. Düzdür, bu təşkilatlardan yalnız birinin Azərbaycanla əlaqələri 100% uğurlu alınıb. Daha dörd təşkilat Azərbaycan QHT-ləri ilə əməkdaşlıqdan razı qaldığını gizlətməyib. Səkkiz təşkilat bu əməkdaşlıqdan tam əliboş qayıdıb. Və sorğunun ən maraqlı məqamı: "Azərbaycan QHT-ləri ilə əməkdaşlıq etmək istərdinizmi" sualına 14 təşkilat "bəli", 13 təşkilat isə "xeyr" deyib. "Azərbaycan QHT-ləri ilə uğurlu əməkdaşlıq etmək üçün nə mane olur" sualına 12 təşkilat maliyyə çatışmazlığını, 11-i siyasi vəziyyəti, 6 təşkilat marağın olmamasını səbəb gətirir. Ən əsası isə dörd təşkilat hərbi xuntanın qadağasını etiraf edib. Digər altı təşkilat təmsilçisi isə ümumiyyətlə, bu suala cavab verməyə qorxub. Sonuncu rəy ümumi vəziyyəti əks etdirir. Bu haqda hələlik kifayətdir. Keçək ABŞ yardımının son ünvanına.
ABŞ maliyyəsindən yararlanıb fəaliyyətini genişləndirən tək separatizmi dəstəkləyənlər deyillər. ABŞ səfirliyinin açıqlamasında qeyd olunurdu ki, bu maliyyə infrastrukturun bərpasına xərclənəcək. Gəlin görək, söhbət hansı yenilənmədən gedir.
Başlayaq qədim Azərbaycan şəhəri olan Şuşanın yenilənməsindən, daha doğrusu, 200 illik Azərbaycan tarixini özündə əks etdirən Şuşanın erməniləşməsindən. Orada aparılan yenidənqurma işləri bir daha onu deməyə əsas verir ki, Ermənistanın, erməni diasporunun, rəhbəri erməni olan xarici şirkətlərin birgə fəaliyyəti nəticəsində Şuşanın infrasturukturu yenilənmir, sadəcə, 200 illik Azərbaycan tarixi silinir. Ermənilər nə edirlər? Ermənilər özləri də etiraf edirlər ki, şəhər meri Georgi Ayriyanın çiyinlərinə şəhəri nəinki müharibənin vurduğu zədələrdən, eləcə də Azərbaycan timsalında(!) sovet durğunluğundan təmizləmək kimi "böyük məsuliyyət" düşür. Bu məqsədlə Şuşa böyük tikinti düşərgəsinə çevrilib. Azərbaycana aid nə varsa dağıdılıb, sökülüb, məhv edilib. Əvəzində uydurma erməni tarixi Şuşaya yamaq vurulur. Artıq memarlığı, füsunkarlığı ilə diqqət cəlb edən Qızlar gimnaziyası görkəmini tam itirib və təmir olunandan sonra burada qondarma qurumun Mədəniyyət Nazirliyi yerləşdirilib. Şəhərdə tarixi binaları söküb, əvəzində Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin yerləşməsi prosesi sürətlə həyata keçirilir. Ermənilər deyirlər ki, bu prosesi başa çatdırmaq üçün 3 milyon dollara ehtiyacları var. Haradan alsınlar? Və yaxud tarixi saxtalaşdırmaq üçün belə şansı kim verər? Təbii ki, ABŞ Konqresi.
"Şuşanın yenidənqurulması" kimi vandalizmin əsasını isə İrəvanın keçmiş meri Ervand Zaharyanın "Şuşanın yenidənqurulması" fondu qoyub. Artıq iki kilsə qədim binaların yerində tikilib. Köhnə Bazarın yerində tikilən ermənisifətli yeni bazarın maliyyəsini isə ABŞ-da qeydiyyatdan keçmiş QTSC "Avan" ödəyib.
Şuşanın su təchizatına gəldikdə, adıçəkilən fondun sifarişi ilə "İrəvanLayihə" institutu Şuşanın su ilə təchizatını təmin etmək üçün layihə hazırlayıb. Həmin layihəyə görə şəhərə 14 km. uzunluğunda müxtəlif diametrli borular çəkilməlidir. Artıq "ArşAnd" şirkəti bu işə başlayıb və xərclərin 10%-ni öz üzərinə götürüb.
Onu qeyd edək ki, təkcə Şuşanın erməniləşməsi üçün "İrəvan Fondu", "SEMA Assosiasiyası" Memarlıq Şirkəti, bütün beynəlxalq norma və sənədlərə etinasız yanaşan "VİVA Cell" rouminq şirkəti, separatizmin memarı sayılan "Qarabağ telekom", "Ermənistan razılığı" Rusiya-Ermənistan birgə müəssisəsi, "Seleks Qrup", "Ovanyan İnternational" ciddi cəhdlə çalışırlar. Bu siyahıya ABŞ Konresinin də düşməsi acı təəssüf doğurur.
Hər halda Dağlıq Qarabağın infrastrukturunun bərpası deyiləndə Şuşanın və digər rayonların kommunal problemlərinin həlli, nəqliyyat xətlərinin yenilənməsindən söhbət gedirdi. ABŞ səfirliyi buna işarə vurmuşdu. Gəlin görək, Şuşanın buna ehtiyacı var idimi?
27 noyabr 2009-cu ildə saat 08-00-da "Hayastan" Ümumerməni Fondu Los-Ancelesdən 12 saat ərzində yayımlanan 12-ci teletona yekun vurdu. Bu teleton "Bizim Şuşa" adlanırdı. Panarmenian.net məlumat verirdi ki, Fond bu müddət ərzində 15 milyon 875 min dollar vəsait toplaya bilib. Məlumatı olduğu kimi veririk: "Yığılan pullar Şuşanın sosial və iqtisadi infrastrukturunun bərpasına xərclənəcək. Bura su sisteminin təmiri, məktəblərin, yolların, evlərin damlarının yenilənməsi daxildir. Beləliklə, Şuşanın yenilənməsinin əsası qoyulacaq". Yenə də ABŞ, yenə də Qarabağa yardım. Bəlkə də bu telemarafonu başa düşmək olar. ABŞ-da xeyriyyəçilik məqsədilə belə aksiyalar keçirilməsi normaldır. Amma baxır kimə? Əgər biz Nyu-Yorkda Əfqanıstanda koalisiya qüvvələrinə qarşı vuruşan əfqan terrorçularının övladlarına maliyyə yardımı edilməsi məqsədilə belə bir telemarafon keçirsək, bu, ABŞ hökumətində hansı qıcığı yaradar? Onsuz da əfqan terrorçularına bin Laden maliyyəsi yetərlidir. Elə isə ermənilər marafonda özləri 15 milyon dollar topladıqları halda, üstəlik, ABŞ Konqresinin 8 milyon dollar əlavə yardım etməsi hansı məntiqə sığır? Hələ müstəqil dövlətin daxili işinə qarışmaq, terrorçu yetişdirmək, separatizmi dəstəkləmək arqumentlərini bir kənara qoyuruq. Sırf məntiqlə izah istərdik.
Xatırladaq ki, teletonun sponsorları kifayət qədər imkanlı erməni təşkilatları sayılan "VivaCell-MTS", "Akba-Kredit", "Aqrikol Bank", "Ameriabank" "Ardşininvestbank" şirkətləri olublar. Teletonda iştirak edənlərin siyahısına diqqət yetirmək də maraqlı olardı. "Hayastan" Ümumerməni Fondunun İcraçı direktoru Ara Vardanyan, "Dağlıq Qarabağ Respublikasının" "baş naziri" Arak Arutunyan, Erməni Apostol Kilsəsinin Artsax eparxiyasının arxiepiskopu Parqev Martirosyan, "DQR" "prezidenti"nin mətbuat katibi David Babayan və nəhayət, "DQR"-in ABŞ "rəsmi nümayəndəliyi"nin rəhbəri Robert Avetisyan iştirak ediblər. Bu qədər kifayətdirmi? Müstəqil dövlətin ərazisində qurulan, hərbi rejim tərəfindən idarə olunan, qondarma, separatçı qurumu bundan artıq nə qədər reklam etmək olar?
Məsələ tək Şuşa ilə bitmir. Bəlli olur ki, ermənilər Qarabağın dəyişilməsi üçün əllərindən gələni edirlər. Necə deyərlər, Azərbaycanın qədim torpağının altı üstünə çevrilir ki, burada əsl tarixdən heç nə qalmasın.
Diqqət yetirək: Əsgəran qalası yaxınlığında 2002-ci ildə tikilmiş Surb Məryəm kilsəsini misal çəkmək olar. Bu, xarici maliyyənin hesabına tarix saxtalaşdırmağın növbəti sübutudur. Bu saxtakarlıq üçün 1 milyon dollar vəsait xərclənib. Haradan? Təkrar etməyə ehtiyac varmı? Azərbaycan dilbər guşələrindən biri olan Ağdam şəhəri haqda qeydimiz var. Bu şəhər müharibənin vurduğu dəhşətli zədəni hələ də özündə əks etdirən müasir dünyanın nadir eksponantıdır. İkinci Dünya müharibəsinin Stalinqradını, İkinci Dünya müharibəsindən sonra Drezdeni, Balkan müharibəsindən sonra Sarayevonu filmlərdə necə görmüşüksə, qədim Azərbaycan şəhərini indiki vəziyyətdə elə görə bilərik. Bu şəhər sadəcə, tarixdən silinib. Onun sonuncu tikinti materiallarını isə artıq 8-9 il əvvəl söküb aparıblar. İkiminarəli müsəlman məscidi isə darmadağındır. İndi soruşmaq lazımdır, hanı infrastrukturun gücləndirilməsi? Niyə Ağdam ermənilərin yadına düşmür? Çünki onlara Ağdamda yenilik etmək, tikinti aparmaq sərf etmir. Əmindirlər ki, bu torpağı qaytaracaqlar. Bunun üçün yalnız dağıtmaq lazımdır ki, əsl sahiblərinə heç nə qalmasın.
Adı və siması tam dəyişdirlmiş Laçın şəhərində isə vəziyyət tam başqadır. Ermənilər indi onu Berdzor (Dərədə qala), rayonu isə Kaşataq adlandırırlar. 31 may 1998-ci ildən Ambarsum məbədi tikilib. Laçın nəinki yaxın tarix, heç uzaq keçmişdə belə erməni ayağı görməyib. Hazırda Azərbaycana aid bütün tarix silinib. Şəhər dəyişilib və orada 6-7 min erməni yaşayır. Həmin məbədin 1998-ci ildən başlayan ABŞ yardımlarının hesabına tikildiyi haqda əlimizdə faktlar var. Bu rayonun ərazisində Zabuxçayın sahilində qədim alban kilsəsinin Çiçrinvəng adı ilə erməniləşdirilməsi tarix üçün iyrənc ləkələrdəndir.
Erməni uydurmaları haqda eşitmək istəyirsinizsə, Azərbaycanın işğal altında olan Xocavənd rayonundan danışaq. Erməni nağıllarına görə, burada tut ağaclarının, üzüm tənəklərinin, taxıl zəmilərinin arasında gəzərkən ilhama gələn Mesrop Maştoç erməni əlifbasının son 3 hərfini icad edib.
Artıq beş ildir ki, ermənilər tarixi saxtalaşdırmaqda "Ginnessin Rekordlar kitabı"na düşmək üçün çalışırlar. Onlar qədim erməni çarı Tiqranın saldığı mifik "Tiqranakert" şəhərinin qalıqlarını Qarabağda axtarırlar. Erməni nağıllarına görə, erməni çarı(?) Böyük Tiqran(?) məhz Qarabağ ərazisində belə bri şəhər salıb(??). Bu ekspedisiyanı xaricdən alınan pul hesabına həyata keçirirlər.
Ermənilər Qarabağda gəlmələrin sayını artırmaq, onları yaşatmaq üçün nələrə əl atmırlar? Məlumat üçün deyək ki, Qarabağa aldadılaraq gətirilən hər erməniyə 300 dollar pul vəd olunur. Sonra mal-qara, torpaq sahəsi almaq üçün ailəyə 600 dollar yardım edilir. Ermənistan Miqrasiya və Qaçqınlar İdarəsi məhz bu məqsəd üçün hər il 850 min dollar pul ayırır. Belə gedərsə gələcək 10 ildə 67 min nəfəri "qarabağlı" etmək mümkün olacaq. 2005-ci ildə ABŞ dövlət yardımı 3 milyon dollara qalxdığı ilk ildə Dağlıq Qarabağ "rəhbərliyi" yeni gələnlərə 1, 971 mln dollar vəsait ayırdı. Təsadüfdürmü?
Bizim
üçün gün kimi aydın olan bir məsələyə
beynəlxalq donorların sadəlövh yanaşması
başa düşülən deyil. Bunu anlamaq bu qədər
çətindirmi, ermənilər Qarabağın
işğalını yekunlaşdırmaq üçün
sonuncu gedişləri edirlər. ABŞ Konqresinin, beynəlxalq
humanitar təşkilatların ayırdığı pullar
havaya sovrulur, təyinatı üzrə xərclənmir,
korrupsiyanı gücləndirir və ən nəhayət,
separatizmin daha da çiçəklənməsində rol
oynayır. Bu sırada hərbi rejimin rəhbərliyinin korrupsiyaya
qurşanması halları daha qabarıq yer tutur. Yuxarıda da
qeyd etdik, bir daha təkrarlayırıq. Dağlıq
Qarabağın maliyyəyə ehtiyacı yoxdur. Onlara
ayrılan pullar Qusakyan, Saakyan mafiyası tərəfindən həzm-rabedən
keçirilir. Bunu yoxlamaq elə də çətin deyil. Xankəndində
köhnə sovet arxitekturası fonunda ucalan villalara baxmaq kifayətdir.
Biri prokurorun, digər polis rəisinin, başqa biri
Qukasyanın qohumlarının, o biri hərbçi polkovnikin.
Elə buna görədir ki, sıravi ermənilər
Qarabağ polisinə və məhkəməsinə
inanmırlar. "Crisis Group"-un apardığı rəy
sorğusuna görə, sakinlərin 61,6%-i polis və məhkəməni
korrupsiyaya ən çox bulaşmış orqan sayırlar.
2000-ci ilə qədər isə Qarabağ mafiasına
"müdafiə naziri" Samvel Babayan rəhbərlik edirdi.
İşğal olunmuş ərazilərdə
soyğunçuluq, adam oğurluğu, narkotik ticarəti, silah
alveri kimi cinayətlərin başında Babayan mafiyası
dururdu. İndi onu Qukasyanın yaxınları əvəzləyib.
Əzilən isə ermənilərdir.
Nəcəfov S.
Kaspi. -2010. – 12 yanvar. – S.4.