Milli Qəhrəmanlarla bağlı saytın təqdimatı keçiriləcək 

 

Qənirə Paşayeva: "Gənclərimiz öyrənməlidir ki, Vətən, torpaq hər şeydən üstün olmalıdır"

 

Ötən həftənin şənbə günü Hökumət evində mərhum Milli Qəhrəman Naiq Yusifova həsr olunmuş sənədli filmin təqdimat mərasimi keçirilib. Qeyd edək ki, ssenari müəllifi tanınmış telejurnalist olan Etibar Məmmədovun çəkdiyi bu film millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə araya-ərsəyə gətirilib. Onu da qeyd edək ki, bu filmdən təxminən ayyarım öncə mərhum Milli Qəhrəman Samir Xasıyevə həsr olunmuş "Samirin vəsiyyəti" adlı filmin də təqdimatı olub. Təqdimat mərasimindən sonra isə millət vəkili Q.Paşayeva media mənsublarının sözügedən filmlə və bu yöndə digər məsələlərlə bağlı suallarını cavablandırıb:

- Bir müddət öncə elə bu məkanda Azərbaycanın Milli Qəhrəmanı mərhum Samir Xasıyev haqqında filmin təqdimatı olmuşdu. Bu gün isə Azərbaycanın digər Milli Qəhrəmanı və çox böyük qəhrəmanlıqlar göstərmiş, ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımız ermənilərin işğalına məruz qalan zaman bu işğala qarşı vuruşaraq çox böyük igidliklər nümayiş etdirmiş, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş Milli Qəhrəmanımız Naiq Yusifovla bağlı filmin təqdimatı oldu. Qeyd edim ki, Naiq Yusifov Ermənistanla ön cəbhədə yerləşən Tovuzun Ağdam kəndində doğulub. Vaxtilə - müharibənin ən qızğın dövründə orada çox ağır döyüşlər gedib və ermənilər bir çox yüksəkliyi ələ keçirmək istəyiblər. Çünki bu yüksəklikləri ələ keçirmək o demək idi ki, böyük bir regionda - təkcə Tovuzdan söhbət getmir - insanların həyatı cəhənnəmə çevrilə bilərdi. Tovuzun bir qarış torpağının verilməməsi, o yüksəkliklərin ələ keçirilməməsi üçün çox ağır, ölüm-qalım döyüşləri gedib və Naiq Yusifov da bu döyüşlərdə çox böyük fədakarlıqlar göstərib. Ona görə Naiq Yusifov bu gün bizim böyüməkdə olan gənc nəslimiz üçün bir örnək olmalıdır...

- Əslində, bu filmin təqdimatının keçirilməsində də əsas məqsəd odur ki, gənclərimiz bu qəhrəmanlarımızın igidliklərini görməli, bilməli, onları yaxından tanımalıdır...

- Bizim böyüyən gəncliyimiz var ki, onlar əsasən müharibənin ilk dövründən sonra doğulublar. Onlar bilməli, öyrənməli, görməlidirlər ki, Azərbaycanın məhz belə oğulları, Milli qəhrəmanları var. Bu insanlar örnəkdir. Siz onların yaşına baxın. Bu gənclərimiz istər Samir Xasıyev, istər Naiq Yusifov olsun, cəmi 21-22 yaşlarında döyüşə atılıblar. Bu insanlar yaşlarının azlığına baxmayaraq, nə qədər böyük qəhrəmanlıq, igidlik məktəbi qoyub gediblər. Gənclərimiz eyni zamanda onu öyrənməlidir ki, vətən, torpaq, ölkə, millət hər şeydən üstün olmalıdır. Adlarını çəkdiyim və çəkmədiyim qəhrəmanlarımızın özlərinin də çox arzuları olub - şəxsi arzuları, idealları, amma onların hamısını bir qırağa qoyublar və nümunə göstəriblər ki, əgər vətən, torpaq, millət dardadırsa, insan heç vaxt gələcəyi, sağlamlığı haqqında düşünməməlidir. Döyüşə, irəliyə getməli və lazım gələndə canını da qurban verməlidir. Naiq Yusifovun qəhrəmanlığı həm də onunla bağlıdır ki, bu insan sağlığında qəhrəmanlaşmışdı, ölümündən sonra yox. O, hələ sağlığında - döyüşən zaman o qədər qəhrəmanlıqlar göstərmişdi ki, insanlar ondan danışırdı. Bizim belə oğullarımız varsa, bu o deməkdir ki, vətən qorunur və qorunacaq. Naiq Yusifov o zaman o qədər gənclərə nümunə oldu ki, onlar məhz elə ona oxşamaq istəyirdilər. Hamı onun haqqında danışırdı ki, insanları belə mühasirədən xilas edib, düşmən gülləsi üstünə gedib, onları məhv edib və sair. Yəni Naiq Yusifov sağlığında çox böyük qəhrəmanlıqlar göstərib, amma onun ölümü də bir qəhrəmanlıq nümunəsidir. Naiq Yusifov Tovuzun Koxanəbi kəndi mühasirəyə düşən zaman insanların mühasirədən çıxarılması, kəndin faciəli durumdan qurtulmasında çox böyük rol oynamışdı. Düşünün ki, hətta ağır yaralı halda olanda belə avtomatını - insan bir yeri ağrıyanda, bir yeri yaralı olanda hər şeyi düşünüb kənara qoyur - əlindən yerə qoymayıb. O, son anında da ətrafındakı düşmənləri məhv etmək üçün üstündəki qumbaranın fitilini çəkib və çox sayda ermənini məhv edib. Bu, böyük bir qəhrəmanlıqdır. Bax, Naiq belə bir qəhrəmanlıq məktəbi qoyub gedib. Bu yöndə təqdimatlar da ona görə keçirilir ki, gənclərimiz milli qəhrəmanlarını tanısın, unutmasın. Ən vacibi isə bugünkü gənclərimizin bu qəhrəmanlıq məktəbini öyrənməsinə çox böyük ehtiyacları var...

- Sizcə indiki gənclik bu məktəbi öyrənməkdə maraqlıdırmı?

- Hər halda buna çalışmaq, cəhd etmək, sözdən konkret əməli işə keçmək lazımdır. Torpaqlarımızın 20 faizi hələ də işğal altındadır və ali baş komandanın dediyi kimi, Azərbaycan öz torpaqlarının bir qarışını da işğal altında buraxmayacaq, onu işğaldan azad edəcək. Bizim gənclərimiz isə buna istər ideoloji, istər psixoloji baxımlardan tam hazır olmalıdırlar. Bunun üçün də onlar bu qəhrəmanları öyrənməlidirlər ki, 21-22 yaşlarında bu qəhrəmanlar nə qədər böyük işlər görüblər, onlar hansı düşüncə ilə yaşayıblar. Elə hesab edirəm ki, televiziyalarımızda bu yöndə təqdimatlar mütəmadi olaraq getməli, nümayiş etdirilməlidir. İnsanlarımız, gənclərimiz televiziya, o cümlədən mətbuat, agentliklər, saytlar vasitəsilə bu qəhrəmanlarımız haqqında daha çox məlumat əldə etsinlər. İndi bu film də bizim qurumlara - həm Müdafiə Nazirliyinə, həm Təhsil Nazirliyinə, həm də digər qurumlarımıza veriləcək. Veriləcək ki, bu film onlar vasitəsilə də yayılsın, təbliğ olunsun. Bir müddət öncə Samir Xasıyev haqqında film televiziya ilə nümayiş olundu, ümid edirəm ki, yenə də nümayiş olunacaq. Konkret olaraq, həm "Xəzər" telekanalı, həm regional telekanallar, həm də Tovuz telekanalı bu filmin yayımlanmasına dəstək veriblər. Digər telekanallar da bu işə dəstək versələr, biz çox sevinərik. Sevinərik ki, daha çox telekanalda bu filmlər nümayiş olunur. Eyni zamanda istərdim ki, bizim daha çox imkanlı insanlarımız bu məsələyə dəstək versinlər. Dəstək versinlər ki, bu cür filmlərimizin sayı çoxalsın. Çünki bu, ailələrimiz üçün də çox önəmlidir. Bu qəhrəmanları yetişdirən ailələr var. Biz o ailələri də təbliğ etməliyik. Həmçinin bu cür təqdimatlarda da o ailələri cəmiyyətimizə elə şəkildə təqdim etməliyik ki, hər bir ata, ana, valideyn məhz övladını onlar kimi tərbiyə etsin.

- Qənirə xanım, növbəti təqdimatlar kimlə bağlı olacaq? Ötən təqdimat zamanı bildirmişdiniz ki, Samir Xasıyevdən sonra digər şəhid Milli qəhrəmanlar - Əlif Hacıyev, Gültəkin Əsgərova, Salatın Əsgərova ilə bağlı filmlərin təqdimatları olacaq...

- Gələcəkdə nəinki bu insanlarımızla, eləcə də digər qəhrəmanlarımızla bağlı filmlərin təqdimatları nəzərdə tutulur. Tanınmış telejurnalist Etibar Məmmədov bu filmlərin hazırlanmasında fəal iştirak edir. Biz də həmin filmlərin hazırlanması üçün, istər maddi dəstək olsun, istər mənəvi dəstək olsun, hər bir dəstəyi göstərmişik və bundan sonra gücümüz çatan qədər bu işi davam etdirəcəyik. Həm də bu bir platformadır. Samir Xasıyevlə bağlı filmin təqdimatında "Milli Qəhrəmanlar" qəzetinin baş redaktoru bildirdi ki, milli qəhrəmanlarımız haqqında ayrıca bir sayt yoxdur. O zaman İnformasiya Texnologiyaları İnstitutunun rəhbəri Rasim Əliquliyev də orada idi. Belə bir təklif irəli sürdüm ki, Rasim müəllimin rəhbəri olduğu təşkilatın dəstəyi ilə Milli qəhrəmanlarımızla bağlı sayt hazırlayaq...

- Yeri gəlmişkən, bu məsələ ilə bağlı işlər nə yerdədir?

- Sevindirici haldır ki, qısa vaxt keçməsinə baxmayaraq, artıq bu yöndə işlər gedir və fevral ayının əvvəllərində "Milli Qəhrəmanlar" saytının təqdimatı keçiriləcək. Həmin saytda Azərbaycanın bütün Milli qəhrəmanları haqqında həm geniş məlumatlar, həm fotolar, həm də digər materiallar yerləşdiriləcək. Bu, həm Milli qəhrəmanlarımızı öyrənmək istəyənlər, həm də bütövlükdə gələcəyimiz, gələcək nəslimiz üçün önəmli bir məsələ olacaq. Eyni zamanda hesab edirəm ki, bu filmləri həmin saytda da yerləşdirmək lazımdır. Mənim bir xahişim də var, istərdim ki, Azərbaycandan kənardakı bütün diaspor təşkilatlarımız öz saytlarında bu filmləri nümayiş etdirsinlər. Təbii ki, təbliğat baxımından da bu çox önəmlidir. Ona görə mən onları çağırıram ki, kimin imkanı var, hazır filmlərin yerləşdirilməsinə öz dəstəklərini versinlər.

 

 

Quliyev  İ.

 

Kaspi. - 2010. – 12 yanvar. – S.5.