DSMF-də uçota alınan əcnəbilərin sayı 8 mini ötüb 

 

Əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir

 

2009-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 21,5 faiz artıb. Belə ki, ötən il əlavə olaraq 1425 nəfər əcnəbi vətəndaş uçota alınıb. Beləliklə, 2010-cu ilin 1 yanvar tarixə olan statistikaya əsasən, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 8063 nəfərə çatıb. Bu barədə qəzetimizə Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Mənbədən bildirilib ki, ümumilikdə 87 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Belə ki, fondun fərdi uçot sistemində uçota alınan Türkiyə vətəndaşları 4654 nəfər təşkil edir. Qurumdan qeyd edilib ki, il ərzində digər ölkələrdən olan əcnəbilərin sayında da artım müşahidə edilib. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1225 nəfərə yüksəlib. Üçüncü yerdə gələn ölkə isə Rusiyadır. Federasiyanın qeydiyyata alınan vətəndaşlarının sayı hazırda 545 nəfər təşkil edir. Sonrakı yerləri 255 nəfərlə İran, 202 nəfərlə Hindistan, 97 nəfərlə Çin tutur. Fondun sistemində 75 Ukrayna, 70 Pakistan, 85 Böyük Britaniya və Şimali İrlandiya Krallığı vətəndaşı da qeydiyyata alınıb. Bundan başqa, uçota alınan əcnəbilərin 63-ü Malayziyanın, 63-ü Qazaxıstanın, 59-u Özbəkistanın, 53-ü isə Almaniyanın payına düşür. Siyahıda digər yerlərdə 48 nəfərlə Türkmənistan, 42 nəfərlə İtaliya, 33 nəfərlə ABŞ və b. ölkələr gəlir.

Fonddan qeyd edilib ki, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq DSMF tərəfindən dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin istiqamətlərindən biri də Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunmasıdır: "Hazırda bu proses davam etdirilməkdədir. Bununla yanaşı, xarici ölkələrdə əmək miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının gələcək pensiya hüquqlarının qorunmasını təmin etmək və sosial müdafiəsinin gücləndirmək məqsədilə əlavə olaraq bir sıra digər ölkələrlə də beynəlxalq müqavilələrin bağlanılması üzrə təkliflər hazırlanır. Bu ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlığın inkişafı məqsədilə sistemlərin qarşılıqlı öyrənilməsi istiqamətində işlər görülür".

 

 

Həqiqət

 

Kaspi. -2010. – 12 yanvar. – S.8.