Jurnalistlərin orta aylıq gəlirləri 300-350
manatı keçmir
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondu bu il daha çox fərdi jurnalist müsabiqələrinin
təşkilinə üstünlük verəcək
Prezident yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu 2010-cu il üçün müsabiqə
elan etməyə hazırlaşır. Fondun icraçı
direktoru Vüqar Səfərli "Media forum" saytına
bildirib ki, bu həftə ərzində yeni müsabiqənin
prioritet istiqamətləri müəyyənləşdiriləcək:
"Konsepsiyada 18 istiqamət var və müsabiqə də onların
əsasında elan ediləcək".
2010-cu il üçün
dövlət büdcəsindən fonda ayrılan vəsaitdə
artım olmadığını qeyd edən V.Səfərli bu
ilin mətbuat üçün çox önəmli
olduğunu da vurğulayıb: "Bu il mətbuatın
yubileyidir - milli mətbuatımızın 135 illiyini qeyd edəcəyik.
Bununla bağlı fonda ayrılan vəsaitdə müəyyən
dəyişiklik ediləcəyini gözləyirik, əlavə
vəsait ayrılmalıdır. Fond 135 illiklə bağlı
tədbirlər planı da hazırlayır. Müəyyən
müsabiqələr keçirməyi, mətbuat gününə
- iyulun 22-nə qədər ayrıca yazı müsabiqəsi
təşkil etməyi də planlaşdırırıq".
2010-cu ildə daha çox fərdi
jurnalist müsabiqələrinin təşkil olunmasına
üstünlük verəcəklərini deyən
icraçı direktor qeyd edib ki, konkret istiqamətlər
üzrə elan olunan layihə müsabiqələrindən əksər
halda ayrı-ayrı jurnalistlər bəhrələnə
bilmirlər: "Mən çalışacam ki, jurnalistlər
üçün fərdi yarışları daha çox
keçirək. Fikrimcə, bu zaman həm onlar öz üzərilərində
daha məsuliyyətlə işləməyə həvəslənəcəklər,
həm də fərdi qələbələri onların sosial
vəziyyətinin yaxşılaşmasına yardım göstərəcək".
V.Səfərli 2009-cu ilin
altı ayı ərzində xeyli iş
görüldüyünü söyləyib: "Qısa
zamanda təşkilatlanmağa, müsabiqələr
keçirməyə nail olduq. Əlbəttə, iş olan
yerdə nöqsan da olacaq. Ola bilsin, hansısa
nöqsanlarımız olub. Nəzərdə tutulub ki, 2009-cu
ilin yekunlarına dair mətbuat konfransı keçirilsin. Kimin
nöqsanlarımız haqda deyəcəkləri varsa desin, biz
də onları aradan qaldıraq".
Fondun hazırda dörd nəfər
ştatlı, dörd nəfər isə ştatdankənar
işçisi var. İcraçı direktor bildirib ki, qurumun fəaliyyəti
genişləndikcə işçilərin artmasına da
ehtiyac olacaq.
Fondun ofis probleminə gəlincə,
V.Səfərli deyib ki, hələlik Nazirlər Kabineti fonda
normal yer təklif etməyib: "Amma bizim bir sürprizimiz var.
Biz təzə ofisə köçəndə bunu siz də
biləcəksiniz".
Sonda V.Səfərli onu da
qeyd edib ki, fondun fəaliyyəti ilə bağlı illik
hesabatı bir ay ərzində Prezident Administrasiyasına verəcəklər.
Bu arada jurnalistlərin Həmkarlar
İttifaqı (YuHİ) Azərbaycan jurnalistlərinin 2009-cu
ildə sosial durumunu öyrənmək üçün
keçirdiyi sorğunun nəticələrini
açıqlayıb. YuHİ sədri Müşfiq Ələsgərli
bildirib ki, sorğuya ölkənin son beş ildə fasiləsiz
və gündəlik nəşr olunan 40-a qədər qəzet
və informasiya agentliyinin, həmçinin 20-yə qədər
həftəlik nəşrin əməkdaşları cəlb
edilib. 60 redaksiyanı təmsil edən sorğu
iştirakçıları çalışdıqları
redaksiyalarda əmək münasibətlərinin rəsmiləşdirilməsi
(əmək müqavilələrinin bağlanması),
aylıq gəlirlərinin miqdarı, jurnalistləri daha
çox narahat edən digər məsələlərlə
bağlı sualları cavablandırıblar.
Aydınlaşıb ki,
gündəlik nəşr edilən qəzetlərin və
informasiya agentliklərinin 10 faizində əmək münasibətlərinin
rəsmiləşdirilməsi ilə bağlı problemlər
var (yəni bu tip redaksiyalarda əmək müqavilələri
ya bağlanmayıb, ya da əməkdaşlardan yalnız baş
redaktorla şəxsi bağlılığı olan əməkdaşlarla
müqavilələr bağlanıb).
Bağlanmış
müqavilələrin işlək olması problemi isə yenə
də qalmaqdadır. Sorğunun nəticələrinə
görə, işçilərlə əmək müqaviləsi
bağlamış redaksiyaların 78 faizində bu müqavilələr
simvolik xarakter daşıyır (ya müqavilələr
reallığı əks etdirmir, ya da onların şərtlərinə
əməl olunmur).
Sorğuya daxil olan 40-a
yaxın gündəlik qəzet və informasiya agentliyinin 73
faizində jurnalistlərin aylıq gəlirlərinin 300-350
manat civarında olduğu aydınlaşıb. Redaksiyaların
18 faizində aylıq gəlirlər 400 manatdan yuxarı, 9
faizində isə 250 manat civarındadır.
Həftəlik və ayda iki
dəfə nəşr olunan qəzetlərdə (sorğu 20
redaksiyanın əməkdaşları arasında
keçirilib) vəziyyət fərqlidir. Bu tip redaksiyalarda jurnalistlərin
orta aylıq gəlirləri 100-150 manat civarındadır
(yalnız üç redaksiyada fərqli göstərici olub -
200 manat, 250 manat, 275 manat). Bu tip redaksiyaların yalnız 5
faizində işçilərlə əmək müqavilələri
bağlanıb. Qalan redaksiyalarda əmək münasibətlərinin
rəsmiləşdirilməsi istiqamətində heç bir
addım atılmayıb.
Rəyi soruşulanların
önə çəkdikləri ən ciddi problem evsizlikdir.
Şəxsi mənzili olmayan və ya aldığı əmək
haqqı ilə bu problemi həll edə bilməyən
jurnalistlərin sayı ötən illərdə olduğu
kimi, 80 faizlə ifadə olunur.
Fuad
Kaspi. -2010. -12 yanvar. – S.9.