Xocalı - sağalması
mümkünsüz yara
O gecə
sanki qara rəngə boyanmışdı
dünya. Elə bil bir
günahsız körpənin köksünə vurulan yaradan
qan sıçrayıb kor etmişdi gözlərini, ərşə
qalxan nalə səslərindən qulaqları tutulmuşdu.
Gecənin zülmət baxışlarından
utanaraq sanki ulduzlar da, ay da gizlənmişdi. Təkcə Xocalı oyaq idi o gecə. Özü səhərədək oyaq olsa da, bəxti
yatan Xocalı.
O gecə bir şəhərin
adını tarixdən silmək üçün hücuma
keçmişdi ermənilər. Yaradanın haqq
mizanı əyilmişdi o gecə. Zaman-zaman
türk millətinə qarşı nifrətinə "torpaq
davası" donu geydirən namərd
qonşularımızın o gün bütün qəzəbi,
kin-küdurəti üzə çıxmışdı.
Bəşər tarixində ən amansız müharibələrin
də aman verən qanunları olduğu halda o gecə bu ali hisslər vəhşicəsinə
tapdandı. Qundaqdakı körpələrə,
qocalara, hamilə qadınlara, silahsız və şikəst
adamlara amansızcasına divan tutuldu. Yüzlərlə
insan al qanına qəltan edildi. Ermənilər
insanlıq adına yazılmayan bütün vəhşilikləri
köməksiz insanların taleyinə qanlı güllələrlə
həkk etdilər. Sanki o gecə körpə
naləsindən, ağbirçək ana
yalvarışlarından xoşhallanırdı ermənilər.
Biçarə adamlar gecənin
qaranlığında, güllə, mərmi
yağışının dəhşətində
ayaqyalın, başıaçıq dağlara, meşələrə
qaçırdı. Şəhər
alovlanıb yanırdı. Bu
qaçaqaç alovunda ana baladan, qardaş bacıdan ayrı
düşürdü. Dəhşət və
qorxu içində baş götürüb artıq
xarabalığa çevrilən doğma yurdlarından üz
döndərib gedirdi xocalılar. Vətən
dedikləri o müqəddəs torpaq isə erməni qəsbkarlarının
ayağı altında tapdanırdı. Yazıq
xocalılar əsl faciələrinin qabaqda olduğunu bilmirdilər
hələ. Düşmən əlindən
qaçmaqla sağ qalmaq, faciədən uzaqlaşmaq istəyirdilər.
Sanki nicat yolunu bunda görürdülər.
O gecə Xocalının
salnaməsinə bunlar yazıldı: "1992-ci il fevralın
25-dən 26-na keçən gecə erməni
işğalçıları SSRİ adlı imperiyanın
şovinist rəhbərlərinin tabeliyindəki 4-cü ordunun
23-cü diviziyasının 366-cı alayının köməyi
ilə Xocalıya hücuma keçdilər. Şəhər
yerlə-yeksan edildi. Xocalının
yüzlərlə sakini güllələndi. Əsir götürülən qız-gəlinlər,
azyaşlı uşaqlar, qocalar, düşmənə
qarşı son anadək qəhrəmanlıqla
döyüşən oğullar amansız işgəncələrə
məruz qaldılar. Faciədə 840 nəfər
şəhid oldu. Onlardan 106 nəfəri qadın, 59 nəfəri
1 yaşından 18 yaşına qədər olan uşaqlar və
yeniyetmələr, 70 nəfəri qocalardır. 8
ailə tamamilə məhv edildi, 25 uşaq hər iki
valideynini, 230 uşaq isə valideynlərindən birini itirdi.
487 nəfər əlil oldu. 1275
nəfər əsir götürüldü. İtkin düşmüş 150 nəfərin
taleyindən isə indiyədək heç bir xəbər
yoxdur".
Cavabsız haray...
Bu müdhiş
tarixdən - Xocalı
soyqırımından 18 il ötür. Əsr
qədər uzun, an qədər qısa
olan bu illərin qərib həsrəti ürəkləri
göynədir. Zaman qəm karvanını
ağır-ağır çəkib gedir, Xocalı yarası
isə köz bağlamır. Tarixin
qaranlıqlarından işığa çıxmamış
çox sual cavabsız qalır hələ. Qəlbini
Xocalı yarası göynədən insanlar 18 ildir ki, bu
suallara cavab axtarırlar: "Yer üzündə misli
görünməmiş bu faciənin qarşısını
almaq mümkün idimi? Qırğının
qarşısını almaq üçün dövlət səviyyəsində
tədbirlər görülməməsinə səbəb nə
idi? Faciənin günahkarları niyə cəzalandırılmadı?"
Axı Xocalı 4 ay idi ki, düşmən həmlələrinə
igidliklə dözür, özü öz yaralarını
bağlayırdı. Mühasirə şəraitində
yaşayan xocalılılar nə bu torpağı tərk etməyi
düşünür, nə də aramsız hücumlardan
qorxub geri çəkilirdilər. Ümidli
gözlər isə aylardan bəri yollara dikilmişdi. Xocalılar Bakıdan kömək umur, imdad diləyirdilər.
Ölkə rəhbərliyi isə bu harayı qulaqardına
vurur: "Darıxmayın, kömək gələcək",
"Vertolyot göndərmişik" deyə insanları
yalançı vədlərlə aldadırdılar. Xocalılar hər gün aeroporta üz tutur, kömək
gözləyir, naümid geri dönürdülər. Bütün Qarabağ torpaqları kimi Xocalı da
başlı-başına buraxılmışdı. Bu şəhəri işğaldan qorumaq,
insanlarını xilas etmək vacib idi. Təkcə ona
görə yox ki, Xocalı 2500-3000 il tarixi
olan qədim türk yaşayış məskənidir. Həm də onun üçün ki, şəhər
strateji cəhətdən
böyük əhəmiyyətə malik idi. Ağdam, Əsgəran, Xankəndi və
Şuşanı birləşdirirdi. Bu
vacib amil də ölkə rəhbərliyinin
mürgüsünü dağıtmırdı. Xocalı döyüşən igidlərin ümidinə
qalmışdı.
Xocalı aeroportunun
komendantı Əlif Hacıyev, "Xocalı" batalyonunun
komandiri, "Mixaylo" təxəllüsü ilə
tanınan Tofiq Hüseynov, Bakıdan gələn
könüllülər dəstəsinin komandiri Aqil Quliyev və
Hikmət Nəzərli kimi oğullar isə son damla
qanlarını da ondan əsirgəməyərək şəhid
oldular. Onların qanına boyanmış
torpaqlarımızı ayaqlayıb Xocalıya daxil olan
rusların ardınca gələn erməni cəlladları
xocalılılara amansız divan tutdular.
Azərbaycan
xalqı faciədən yalnız iki gün sonra xəbər
tutdu. Ölkə
rəhbəri Ayaz Mütəllibov soyuqqanlıqla: "Panika
yaradıb camaatı çaşdırmayın. Xocalıda cəmi
iki adam həlak olub"-deyə bildirdi. Bir neçə gündən sonra Xocalı faciəsi
bütün təfsilatı ilə açıqlananda isə hər
kəs özünü təmiz çıxarmağa
çalışdı. Bəzi rəsmi mənbələr
cinayəti gizlətməyə çalışmaqla əslində
öz xalqına qarşı daha dəhşətli cinayət
etdiklərini fərqinə varmırdılar.
Tanrı da eşitmədi bu fəryadı
O gecə
Xocalının və
xocalıların fəryadı
ölkənin rəhbərinə
yetişmədiyi kimi,
Tanrıya da çatmadı. Çünki o
gecə Tanrı çox uzaqdaydı. Sanki
o, bu vəhşilikləri görməmək üçün
çox-çox uzaqlara çəkilmişdi. Tanrının bu dəhşətlərdən xəbəri
yox idi.
Xocalıda vəhşicəsinə
divan tutulmuş insanların ağrılı söhbətlərini
çox dinləmişəm. O insanların göyə bülənd
olan, indisə gözyaşlarına bükülüb ürəklərinə
axan fəryadlarını çox eşitmişəm. Faciədən sonra valideynsiz qalmış
uşaqlarla, doğmalarını itirmiş adamlarla
görüşüb çox dərdləşmişəm.
Həmişə də ürək
ağrısı ilə təkrar-təkrar əzizlərini
tez-tez yuxuda gördüklərini, onların diri olması, yenə
bir gün yanlarına qayıdacaqları haqqında əfsus
ki, heç zaman gerçəkləşməyəcək
arzularını çox eşitmişəm. Ən dəhşətlisi budur ki, o insanlara heç
bir sözlə təsəlli vermək mümkün deyil.
...Bakıda
Xocalı müsibətinin şahidlərindən Xədicə
adlı gözəl-göyçək bir xanım yaşayır. O gecə təsadüf nəticəsində
sağ qalmış, don, şaxta vurduğundan iki ayağı
da kəsilmiş Xədicənin faciəsi insanı
sarsıdır: "Məni ermənilərə əsir
düşməkdən anamın qızılları xilas etdi. Xocalı mühasirəyə alınanda hamı
yatmışdı. Atəş səslərinə
oyanıb ayaqyalın, başıaçıq meşəyə
üz tutduq. Lakin burada da erməni faşistlərindən
xilas ola bilmədik. Bizi əvvəllər
Şuşada və Bakıda yaşamış 2 erməni əsir
götürdü. Üç gün
meşədə qarın üstündə qaldıq. Anamın bir düyünçə
qızılını verib azad olduq, amma anamı xilas edə bilmədik.
Onun meyitini meşədə qoyub yola düzəldik.
Aclıq, susuzluq, şaxta, qorxu... 16 yaşlı
bacım da öldü. Onu da dəfn etməyə
macal tapmadıq. Bir gün qəbiristanlıqda
gecələdik. Ertəsi gün atam da
öldü. Mənim ayaqlarımı isə don
vurmuşdu. Min bir əzabla Ağdama
çatdıq. Sonra da ayaqlarımı kəsdilər".
İradə Ələsgərova
fevralın 25-i gecəsi ermənilərin əlinə
düşməmək üçün anası, bacısı
və dörd uşaqla evin zirzəmisində gizlənib. Amma evlərinin
lap yaxınlığında erməni dilində
danışıq eşitdikləri üçün qorxudan
qaçıb qonşudakı zirzəmiyə doluşublar.
Az keçməmiş zirzəmiyə əli
avtomatlı 2 erməni daxil olur. Ermənilər
onların bütün pullarını və
qızıllarını tutub alırlar. Sonra
onları mağazanın yanına gətiriblər. Mağazanın yanında əsir tutulmuş
çoxlu adamla birlikdə Xankəndinə aparıblar. 4 gün internat məktəbin binasında
saxladıqdan sonra onları Əsgəran rayon milis idarəsinə
gətiriblər. Martın 1-də
onları ermənilərlə dəyişib Ağdama
buraxıblar. İradə məhz
Ağdamda başlarına gətirilən faciələrin,
gözü qarşısında qırılan qohumlarının
dərdini, həmyerlilərinin çəkilməz
ağrısının böyüklüyünü başa
düşdüyündən acı-acı danışır.
Öyrənib ki, qardaşı Murad iki
uşağı ilə meşədə donub. Uşaqlardan birinin 4, digərinin 2 yaşı
vardı. Hər üçünün
meyitini gətirib Ağdamda basdırıblar. Eşidib ki, Muradın bütün qızıl
dişlərini ermənilər yarıb
çıxarıbmış. Onunçün
dəhşətlidir ki, bacısı ərindən -
Çingiz Hüseynovdan hələ də bir xəbər
yoxdur. Bəziləri onun girovda
qaldığını söyləyirlər.
Bax, budur erməni vəhşiliyi...
Xədicələrin kəsilən
ayaqlarıdır, heç zaman dayanmayan göz
yaşlarıdır, qaysaq bağlamayan yaralarıdır.
İradələrin əzizləri ilə
bağlı gerçəkləşməyəcək
ümidləridir, daim ağrıyla, nigarançılıqla
çırpınan qəlbləridir.
Bu gün
şahid xocalılar sağ qalıb yaşasalar da, "bu,
ömür, dolanışıq deyil, cəhənnəm əzabıdır"
deyirlər. Xocalılar o dəhşətli günlərdən
nifrətlə söz açırlar. Çoxu da qeyzlənərək
o faciəli günləri yada salmaq istəmir, söhbətdən
qaçır, dərdli-dərdli: "Nə olsun axı, lap
danışdım, nə fayda? Bunlar nəyi dəyişəcək?!"
- deyirlər. Onları
başa düşmək çətin deyil. Çünki Xocalı faciəsi bu insanlara
ömürlük dərd, fəlakət gətirib, ürəklərində
sağalmaz yaraya dönüb.
Bu faciəni
dünya bildimi?
Türkün tarixində faciələrlə
dolu səhifələr
çoxdur. Ancaq inanmıram ki,
onların hansısa biri bizi Xocalı soyqırımı qədər
yandıra bilər. Çünki bizim hətta
məğlubiyyətimizdə də bir igidlik örnəyi
olub.
Bu faciənin
iştirakçısı olub-olmamağımızdan
asılı olmayaraq hamımızın ürəyində
Xocalı yarası var. Bu, təkcə torpaq, yurddaş itkisi
deyil. Xocalı soyqırımı hər birimizin
alınmamış qisasımızdır. Xocalı
Xatın, Moabit, Buhenvald, Sonqmi faciəsi kimi dəhşətlidir.
Ancaq onlar öz faciələrini dünyaya
çatdıra bildilər. Bizim faciəmizdən
isə dünya hələ indi xəbər tutur. İndi-indi bir çox ölkədə Xocalı
soyqırımı faciəmiz kimi anılır. Faciədən isə 18 il ötür...
Məhərrəmova Təranə
Kaspi. -2010. – 12 yanvar. – S.11.