"Yazılan əsərlərin
auditoriyaya çatdırılması
problemi var"
Cəmil Həsənli: "Dissertasiyaların
səviyyəsi birmənalı
şəkildə aşağı
düşüb"
Azərbaycanda kitaba marağın azalması ciddi bir problemə çevrilib. İnsanların kitab oxumaqdan
imtina etməsi bir sıra obyektiv
səbəblərlə əlaqələndirilir.
Bəziləri bunu yeni texnologiyaların inkişafı,
bəziləri isə
kitab satışı
üçün lazımi
şəraitin olmaması
ilə izah edirlər. Millət vəkili, professor Cəmil Həsənli Azərbaycanda kitaba marağın azalmasının
əsaslı səbəblərlə
bağlı olduğunu
düşünür. Onun fikrincə,
dövlət təcili
olaraq bu problemin həlli üçün addımlar
atmalıdır.
- Cəmil
müəllim, Azərbaycan
tarix elminin, bu sahə ilə
bağlı elmi işlərin bugünkü
durumu sizi qane edirmi? Çünki
dəfələrlə elmin
bu sahəsi ilə bağlı cəmiyyətin müxtəlif
təbəqələri tərəfindən
müxtəlif iradlar,
etirazlar səslənib...
- Əvvəla qeyd edim ki, bizdə
elmi işlərin səviyyəsi aşağı
düşüb. Bizim elmi işlərin böyük bir hissəsi daxili auditoriyaya hesablanıb. İkincisi, ortada güclü, obyektiv beynəlxalq tənqidə
dözümlülük məsələsi
var. İndi deyə bilmərəm ki, bizim elmi işlərin
böyük bir hissəsi bu dözümlülüyə hazırdır.
Dissertasiyaların səviyyəsi
birmənalı şəkildə
aşağı düşüb.
Elmi araşdırmaların
səviyyəsi təəssüf
ki, çox aşağıdır. Amma
bununla yanaşı, ədalət naminə demək lazımdır ki, bu dövr
ərzində çox
güclü əsərlər
də yaranıb və bu güclü
əsərləri də
qiymətləndirmək lazımdır...
- Söhbət
konkret olaraq hansı əsərlərdən
gedir?
- Mən
indi istəmirəm konkret ad çəkim - kimsə razı qalsın, kimsə narazı. Elmi ictimaiyyət də, rəhbərlik də çox yaxşı bilir ki, hansı
əsərlər yaxşı,
hansı əsərlər
pisdir. Bu gün böyük bəla ondan ibarət deyil ki, yaxşı
əsər yazılır,
ya yazılmır. Böyük bəla ondan ibarətdir ki, yazılan əsərlərin auditoriyaya
çatdırılması problemi var. Bu, ciddi problemdir...
- Siz daxili auditoriyanı nəzərdə tutursunuz,
yoxsa?
- Mən
ümumilikdə hamısını
nəzərdə tuturam.
Birincisi, xaricə çıxmaq üçün
dövlətin əli
mütləq bu işin arxasında olmalıdır. İstər
o əl görünsün,
istər görünməsin.
Bu, məsələnin birinci
tərəfi. Məsələnin
ikinci tərəfinə
- daxili auditoriyaya gəlincə, bu gün hətta məhdud sayda dərc edilən kitablar belə ancaq Bakı şəhərində var. Azərbaycanın
regionlarında bir dənə olsun belə təzə çıxan kitab və yaxud onun
haqqında məlumat yoxdur. Yeri gəlmişkən,
əvvəllər ölkədə
geniş kitabxana şəbəkəsi, satış
yerləri var idi. Bu yerlər müxtəlif adamlar tərəfindən alınanda
bilinməli idi ki, vəziyyət gəlib bu yerə
çatacaq. Mən həmişə deyirəm
ki, kitaba münasibət psixoloji münasibətdir. Məsələn,
cavan oğlan "Torqovı" ilə gedəndə və görəndə ki, Bakının kitab tarixi olan kitab
passajı cır-cındır
mağazasına çevrilib,
ani olaraq o zaman beynində fikirləşir ki, bu kitab yaxşı
şey olsaydı, onun dükanını bağlamazdılar. Bax, psixoloji münasibət dedikdə, bunu nəzərdə tuturam. Bir də ki,
tez-tez deyirlər, indi dövlət bu işin altına
girməməlidir, biznes
strukturları bu işi aparmalıdır. Axı, kitab kartof, soğan, nə bilim yağ-ət
deyil, burdan alırsan, burdan satırsan və təzədən alırsan...
Kitab hələ ki, bu gün
Azərbaycanda çox
ciddi gəlir gətirən sahə deyil. Amma onun
gətirdiyi o az gəlir ki var,
o, bu millətin mövcudluğuna və gələcəyinə xidmət
edir. Kitabı kartof-soğan alveri ilə eyni biznes
qrafasına daxil etmək olmaz. Kitab millətin mövcudluq formasıdır.
Ona görə də dövlətin əli bu işin
arxasında olmalıdır.
- Sizcə
dövlət bu işə necə yardım etməlidir?
- Hesab edirəm ki, ilk növbədə dövlətin
bu məsələ ilə bağlı bir yayım şirkəti olmalıdır.
Ola bilməz ki, bu gün
Naxçıvanda, Lənkəranda,
Gəncədə, Qubada,
Şəkidə və
b. yerlərdə beş
nəfər kitab oxuyan qalmasın. İndi müəllif kitabını qoltuğunamı
vurub bölgələrə
aparmalıdır? Deyirlər
kitabın qiyməti bahadır. Niyə bahadır? Çünki tiraj azdır. Vaxtilə bizim kitablarımız 40-50 min tirajla
çıxardı... Nümunə
olaraq deyim ki, mənim "Ağ ləkələrin qara kölgəsi" adlı kitabım vaxtilə 40 min tirajla çıxmışdı. İndi
ondan 4 dənə də tapa bilməzsən.
Özü də nəinki indi, elə çıxandan iki il sonra
ondan 4 dənə də tapmaq mümkün olmazdı. Bu
40 minin də deyək ki, 5-6 mini getdi dövlət kitabxanalarına. Axı bunun 35 mini 35 min evə, 35
min ailəyə çatdı...
Demək istəyirəm
ki, kitabın qiyməti o vaxt aşağı olacaq ki, onun tirajı
çox olsun. Eyni zamanda, ölkənin
bütün regionlarında
kənd, qəsəbə
kitabxanaları mövcuddur,
məktəblərdə məktəb
kitabxanası var. İndi
bu kitabxanaları kim kitabla təmin
etməlidir? Bunların
hərəsinə nəşr
edilən az-çox
normal kitablardan bir nüsxə çatmalıdır,
ya yox?
- Ümumiyyətlə,
Azərbaycan, Qarabağ
həqiqətlərinin beynəlxalq
aləmə çatdırılmasında
tarix elminin, tarixçilərinin oynadığı
rol, tutduğu mövqe qənaətbəxşdirmi?
- Bilirsiniz,
bütövlükdə götürəndə
nə qədər ki, işğal altında olan ərazilər qaytarılmayıb,
nə Azərbaycan siyasətçilərinin, nə
Azərbaycan tarixçilərinin
və alimlərinin, nə də Azərbaycan ordusunun fəaliyyəti qənaətbəxş
sayıla bilər. O zaman bu fəaliyyət
qənaətbəxş olacaq
ki, işğal altında olan torpaqlarımızı azad
edəcəyik. Tarixçi
bunu mənəvi cəhətdən azad etməlidir, dövlət rəhbərliyi bunu siyasi cəhətdən azad etməlidir, ordu bunu əməli
cəhətdən həyata
keçirməlidir... Bu məsələdə
biz qənaətbəxş sözünü hələlik
istifadə edə bilmərik. Məqamı düşmüşkən, bir
məsələyə də
münasibət bildirmək
istəyirəm. Bəzən
bizim insanlarda belə bir səhv
təsəvvür yaranır
ki, çox maraqlandığımız bir
problemlə bağlı
kitabı nə qədər yaxşı kağızda və qalın üzdə çap etdirsək, bir o qədər yaxşıdır. Bu, yanlış
yanaşmadır. Kitabı
götürüb şəkil
kağızında çap
edirlər... Axı adamlar başa düşmürlər ki,
bu kitab oxumaq üçündür
və heç kəs bağa gedəndə, bir səfərə yola düşəndə sənin
5 kiloqramlıq kitabını
götürüb çantasına
qoyub özüylə
aparmayacaq. İndi Qərbdə hətta bizim bu gün
A3 formatlı kağız
ki var, ondan
da imtina edirlər. Onlar sarı, yüngül kağızlara keçirlər
ki, kitab çəki etibarilə ağır olmasın. Kitab məna etibarilə ağır olmalıdır. Bu bəs etmir, hələ ona üstəlik bir qutu düzəltdirirlər,
kitabı onun içərisinə qoyurlar...
Biz özümüz üçün
aydınlaşdırmalıyıq ki, Qarabağ haqqında suvenir əşya hazırlayırıq,
yoxsa o materialların ictimaiyyətə çatmasını
arzulayırıq? Elə
bilirəm ki, bu məsələ barədə ciddi düşünülməlidir. Heç yadımdan çıxmır, bir dəfə "Azərbaycan
gündəliyi" əsərinin
müəllifi Tomas Qolts
yarızarafat-yarıgerçək dedi ki, sizin
kitablar oxumaq üçün deyil, qarşında oturanın başına vurub onu öldürmək üçündür... Çünki
həqiqətən də
bu kitablar o qədər ağırdır
ki, onları daşımaq mümkün
deyil.
- Son olaraq,
tez-tez belə fikirlər, təkliflər
də səslənir ki, vaxtilə Azərbaycana məxsus olmuş və indiki Ermənistan adlanan dövlətin ərazisinə qatılmış,
zorla birləşdirilmiş
tarixi ərazilərimiz
- Göyçə, Zəngəzurla
bağlı məlum qərarlar Milli Məclis tərəfindən
ləğv edilməlidir...
- Bilirsiniz,
strateji baxımdan bizim qarşımızda duran ən ciddi
vəzifə işğal
altında olan torpaqlarımızın geri
qaytarılmasıdır. Eyni
zamanda, tarix kimi biz o məsələlərə
də qayıtmalıyıq,
yazmalıyıq, deməliyik.
Amma millətimizin bütün elmi, siyasi, intellektual, mənəvi, hərbi potensialı işğal altında olan torpaqlarımızın azad
edilməsinə yönəlməlidir.
Quliyev İ.
Kaspi. -2010. – 13 yanvar. –S.5.