Bəşəriyyətin imanı güclənir 

 

İnsanlıq artıq öz ağlına güvənməklə kifayətlənmir

 

Ötən əsr müharibələr, kütləvi qətllər, irqçi zorakılıqlar, soyqırımılarının yaşandığı bir yüzillik kimi tarixə düşdü. Bəzi tədqiqatçılar bu bəlaların səbəblərinin on doqquzuncu əsrdən başladığını iddia edirlər. Belə ki, onların fikrincə, bəşər tarixinin ilk dövrlərindən bəri maddənin mütləq varlıq olduğunu iddia edən materialist düşüncə, Darvinin on doqquzuncu əsrdə ortaya atdığı təkamül nəzəriyyəsi möhkəmləndikcə, dinsiz ideologiyalar sürətli bir şəkildə yayılmağa başladılar. Bu ideologiyalar müəyyən dövr ərzində bir çox cəmiyyətin həyat fəlsəfəsinə çevrildi.

Materialist ideologiyaların cəmiyyətlərdə tətbiqi zəifi əzən, dövlət qurumuna qarşı olan, ailəni nəzərə almayan, sülh, sevgi, vəfa, hörmət kimi mənəvi dəyərlərlərdən uzaq nəsillər yetişdirdi. Əxlaqi dəyərləri heç sayan, yalnız maddiyyata önəm verən bu yanaşmanın hakim olması ilə insanlar bir növ mənəviyyatsızlaşdırıldı. Materialist yanaşma insanlara heç kimin heç nəyin qarşısında cavabdehliyi olmadan və heç kimsənin haqqını nəzərə almadan istədikləri kimi yaşaya biləcəklərini təlqin edirdi.

Sirr deyil ki, bu istiqamətdə materializm hələ bir xeyli "nailiyyət" də qazandı və ortaya ruhən kasıb və insani hisslərdən uzaqlaşmış bir nəsil çıxdı. Darvinist əsaslara söykənən təhsillə qidalanmış bu nəsil ali məktəblərdə həyat fəlsəfəsi kimi Darvinizmin "həyat mübarizədir, güclü olan yaşamağa davam edər, zəif isə həyata vida edər", "inkişaf etmək üçün mübarizə aparmaq, döyüşmək lazımdır" kimi prinsiplərlə yetişmişdilər. Bununla da getdikcə cəmiyyətdə Allahsızların sayı durmadan artmağa başlamışdı. Ali məktəblərdə müəllimlər, incəsənət adamları, idmançılar, ziyalılır, elm adamları fəlsəfə olaraq materializmdən qidalandıqları üçün fikirləri, ortaya qoyduqları əsərlər bir növ Allahsızlıq nümunələri idi. Elm adamlarının kəşfləri, yaradılış reallığı yerinə təkamül prinsipinə müncər edilirdi. Ədəbiyyatda, incəsənətdə ortaya çıxan hər bir əsərin ana xətti materializmə söykənirdi.

Beləliklə, on doqquzuncu əsrdə formalaşmağa başlayan dinsiz ideologiyaların dünya cəmiyyətlərinə hakim olmasının nəticəsində iyirminci əsr bəlaların, ficiələrin əsri olaraq tarixə düşdü.

Ancaq bu gün iyirminci əsr geridə qalıb. Bəşəriyyət iyirmi birinci əsri yaşayır. Yola saldığımız əsrdə, yəni materialist fəlsəfənin çiçəkləndiyi bir dövrdə insanlığın iki Dünya müharibəsi yaşaması, nüvə silahı kimi bəşəriyyəti təhdid edən silahların meydana çıxması insanlığı ciddi tərəddüd keçirməyə sövq etdi. Həmçinin bəşəriyyətin problemlərinin materialist yanaşma üsulu ilə insanın öz gücünə arxalanaraq həll edə biləcəyinə olan ümidlərini itirməsi insanlığı fövqəlbəşəri qüvvəyə yenidən üz tutmağa vadar etdi. Belə ki, Avropada maarifçilik dövründə mütərəqqi dünya ictimaiyyəti insan ağlını hər şeydən üstün və insanlığı xoşbəxtliyə apara biləcək, bütün bəlalardan xilas edəcək yeganə faktor elan etsə də, sonrakı tarix heç də bunun belə olmadığını isbatladı. Belə ki, insan ağlının məhsulu olan faşizm, kommunizm kimi ifrat radikal ideologiyaların meydana gəlməsi, atom, neytron bombaları, kimyəvi silahlar kimi kütləvi qırğın silahlarının "kəşfi" və s. bəşəriyyəti düşünməyə və nicatı insan ağlının fövqündə duran qüvvədə axtarmağa sövq etdi.

Bütün bu amillərin təsiri ilə iyirminci əsrin sonlarından başlayaraq dinə, mənəviyyata sürətli bir dönüş baş verdi. Demək olar ki, bütün dünyada başlanan bu hərəkat bir çox elm sahəsində də özünü göstərdi və Allahın iradəsi etiraf edilməyə başlandı. Cəmiyyətlərdə Allaha inam gücləndi. Dua edən, Yaradılış sübutlarını dərk edən, ailə, dövlət, millət, əxlaq kimi anlayışlara layiq olduqları həqiqi dəyəri verə bilən cəmiyyətlər formalaşmağa başladı.

Bir çox dünya liderləri, siyasətçilər, hərbçilər, incəsənət adamları, idmançılar, elm nümayəndələri, ziyalılar Allaha inamlarını açıq şəkildə ortaya qoymağa başladılar. İyirminci əsrin Lenin, Stalin, Hitler, Mussolini kimi ateist, qəddar liderlərinin, Marks, Engels kimi filosoflarının əksinə, iyirminci əsrin sonlarından başlayaraq müasir dünyanın bir çox liderləri Allaha inanmağın, mənəviyyatın və sülhün önəmini dərk etdilər.

Qərb dünyasında dinin yenidən çiçəklənməsində sənət adamlarının, idmançıların və b.-nın da rolu böyük oldu. Belə ki, onların bu və ya digər sahələrdə əldə etdikləri uğurları Allahın bəxşişi kimi dəyərləndirmələri cəmiyyətdə onları kumir hesab edənlərin düşüncəsinə, həyata baxışlarına təsir etməyə bilməzdi.

Bütün bunların təsiri ilə iyirmi birinci əsrdə materializmin çöküşü və idealizmin inkişafı müşahidə edilməkdədir.

Son dövrlər dünya mediasında "Allaha inanıram", "hər gecə dua edirəm", "Allaha şükr eləmədiyim bir gecə belə olmur", "Allah sizi və ölkənizi qorusun" kimi başlıqlı yazılara tez-tez rast gəlinir. Ancaq bu ifadələrdə diqqət çəkən əsas məqam bu sözləri kimlərin söyləməsidir. Diqqət edərkən görmək mümkündür ki, bir çox halda bu sözlərin sahibləri dünya miqyasında milyonlarca insanın tanıdığı və pərəstiş etdiyi incəsənət adamları, gənclərin mahnılarını əzbər bildiyi müğənnilər, insanların böyük həvəslə yarışlarını izlədiyi idmançılar və ya dünya siyasətini yönləndirən siyasətçi və liderlərdir. Cəmiyyətlərin bu və ya digər sahələrdə öndə gələn şəxsləri bu tip ifadələri ilə dünyada Allaha yönəlmənin əsas ilham qaynaqlarından və hərəkətverici qüvvələrindən biri rolunu oynayırlar.

İngiltərə və ABŞ kimi dünyanın inkişaf etmiş ölkələrinin başında duranların da bir çox açıqlamasında Allaha yönəlmənin, mənəvi dəyərlərin insanlığın mənafeyi baxımından önəmini dəfələrlə vurğulamaları faktları vardır.

Məsələn, keçmiş ingilis baş nazir toni Bleyer beynəlxalq tədbirlərin birində etdiyi nitqində İslamdakı sosial ədalət anlayışından çox ciddi təsirləndiyini bildirmişdi. O, Quranda yer alan zəkatı misal çəkərək insanların bir-birinə əl tutmasının bütün cəmiyyətlər üçün örnək ola biləcəyini qeyd etmişdi.

Bundan başqa, ABŞ-ın keçmiş prezidenti Bill Klinton da prezident kimi çıxışlarında dəfələrlə Quran ayələrindən misallar gətirməklə insanları dinə yönəldəcək yestlər etmişdir. Klintonun nitqlərində yer alan aşağıdakı cümlələr də onun ilahi qüvvəyə inamına və insanları da buna inanmağa dəvət etməsinə misal ola bilər: "Allahın həyatı yaratdığı dili öyrənirik"; "Allahın ən müqəddəs ərmağanının nə qədər möcüzəvi, gözəl və kompleks olduğunu daha yaxından anlıyırıq", "Allah sizi qorusun, Allah Amerikanı qorusun" və s.

Dünya liderlərilə yanaşı, incəsənət dünyasında da Allaha dönüşün əlamətləri açıq şəkildə görünməkdədir. Məşhur kino ulduzlarından, Oskar mükafatı laureatı Denzel Vaşinqton müsahibələrinin birində başına gələn hadisələri şərh edərkən "bu, Allahın planı idi, mənim yox", "bu an olduğum yerə Allahın köməyilə gəldim" kimi ifadələrlə Allaha və qədərə olan inamını ifadə etmiş və uşaqlarını da bu ruhda tərbiyə etdiyini bildirmişdi.

Bundan başqa, Arnold Şvarstneggerin, Mel Gibsonun, Şeron Stounun, Yan Kloud Van Dammın da imanlı insanlar olduğu bildirilir.

Ayrı-ayrı aktyorların Allaha inanmağa başlamaları ilə yanaşı, bir müddətdir ki, Hollivudda çəkilən filmlərdə də Allah, dünyanın yaranması, qiyamət günü, mələk, şeytan, qədər və s. kimi dini mövzulara diqqət arırılır. Məsələn, buna misal olaraq Hollivud istehsalı olan "Armageddon", "End of Days" (Şeytanın günü), "Ressurection" (Dirilmə), "Devil s Advocate" (Şeytanın vəkili), "Stigmata" və s. göstərmək olar.

Sənət dünyasında da son dövrlər Allahın varlığına yönəlik mesajlar diqqət çəkir. Bunu müşahidə etmək üçün mükafatlandırma mərasimlərini izləmək kifayətdir. Məsələn, belə mükafatlandırma mərasimlərinin birində Şakiranın mükafatı aldıqdan sonra "mənə bu hədiyyəni verdiyi üçün Allaha təşəkkür edirəm" deməsi diqqət çəkmişdi. Digər tanınmış müğənni Sarah Connor "Allah mənə yardım etdi, mənə səsimi... verdi" kimi ifadə işlədərək sahib olduğu istedadın ona Allah tərəfindən verildiyini deməklə ilahi qüvvəyə inandığını etiraf etmişdi. Məşhur gitaraçı Karlos Santana da mükafatlandırma mərasimlərinin birində musiqiçilərə xitabən etdiyi çıxışında musiqi qabiliyyətinin Allah vergisi olduğunu bildirmişdi.

Dünyada dinə meyillənmə tendensiyası çərçivəsində digər bir diqqətçəkici məqam televiziyalarda hər gün dəfələrlə yayımlanan mahnıların mətnləri ilə bağlıdır. Bu mətnlərin bir çoxunda Allaha sığınma, Allaha yalvarma, dua şəklində ifadələr yer alıb. Əslində, bu, önəmli bir məsələdir. Belə mahnıların sözlərini əzbərləyən, tez-tez təkrarlayan hər gənc mahnını dərk etdikcə, onun mənasını öyrəndikcə, əslində, Allaha yalvardığının, Allahın adını andığının fərqinə varmağa başlayır.

Məsələn, gənclərdən ibarət məşhur musiqi qrupu olan Boyz II Men bir çox mahnısında Allaha yalvararaq dua edir. İstisna deyil ki, bu qrupun mahnılarını sevənlərin də onların təsiri altında Allaha yaxınlaşmasına müəyyən təsiri ola bilər. Adı çəkilən qrupun albomlarının üz qabığında da Allaha yönəlik müəyyən mesajlar yer almaqdadır. Milyonlarca gəncin pərəstişkarı olduğu NSYNC qrupunun üzvü olan Chris Kirkpatrick Allaha olan inamını belə ifadə etmişdi: "Məni qoruduğu və mənə verdiyi hədiyyə ilə insanlara yaxınlaşma imkanı verdiyi üçün Allaha təşəkkür edirəm. Bütün bunları mənə verən Sənsən və Sənə sonsuz şükürlər olsun".

Düzdür, bütün bunlar qətiyyətlə onu söyləməyə imkan vermir ki, artıq bütün dünyada həqiqətən də səmimi bir şəkildə Yaradana dönüş, onun əmrlərinə riayət edilməsi istiqamətində ciddi hərəkat başlamışdır. Bu günün özündə də dində şeytani əməllər kimi adlandırılan fəaliyyətlər bütün dünyada öz hegemonluğunu saxlamaqdadır. Müharibələr, qətliamlar, zəifi əzmə, güclüyə baş əymə bu gün də var və bu kimi şər işlərin yaxın gələcəkdə aradan qalxacağına ümid də yoxdur. Lakin bütün bunlarla yanaşı, bu da faktdır ki, əvvəlki dövrlə müqayisədə qatı ateizm, antidin əhval-ruhiyyəsi xeyli dərəcədə zəifləmişdir. Elmin, fəlsəfənin materialist yanaşma metodu əvvəlki hegemonluğunu idealist metodla bölüşməyə başlamışdır. Həmçinin müşahidələr göstərir ki, dünyada möminlərin sayı da durmadan artmaqdadır. Bu yaxınlarda İsveçrədə minarələrlə bağlı keçirilən referendum, Fransada hicabla bağlı qəbul edilməsinə cəhd göstərilən qanun və s. də yuxarıdakı dinə meyillənmə ilə bağlı fikri təsdiq edir və özlüyündə müqavimət xarakteri daşıyır. 

 

 

Dadaşov  T.

 

Kaspi. -2010. – 13 yanvar. – S.8.