Haqqını gözləyən insan 

 

Aydın Kazımzadə həyatın ona verdiyi dərslərdən bir nəticə də çıxarıb: insan özünü yada salmalıdır

 

Təqvimdəki tarixi günləri, dünyasını dəyişən və ya yaşayan tanınmış insanların doğum tarixlərini qeyd etmək ənənəsi həmişə yaşayır. Yanvarın 15-də Azərbaycan kinosunun canlı ensiklopediyası sayılan kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 70 yaşı tamam oldu. Yalnız jurnalistlərin qeyd etdiyi yubiley nədənsə əlaqədar dairələrdə unuduldu.

Kimsənin yadına düşmədi ki, milli kinomuzun tarixini, mərhələlərini, ayrı-ayrı kinematoqrafların həyat və yaradıcılığını onun qədər dəqiq və mükəmməl bilən və bunları ortaya çıxaran, cild-cild kitablar yazan bu insanın yubileyini heç olmasa çəkdiyi zəhmətə layiq qeyd etsinlər, mükafatlandırsınlar. Təkcə ayrı-ayrı telekanallar onun haqqında müxtəlif süjet və verilişlər yayımladı, qəzetlər öz səhifələrində Aydın müəllimə səxavətlə yer ayırdılar. Ömrünün bu yaşında da bu həvəsindən yorulmayan, araşdıran, yazıb-yaradan Aydın müəllimi belə çıxır ki, KİV nümayəndələrindən başqa heç kim yada salmalı deyilmiş.

Aydın müəllimin milli kinomuzun tədqiqatlarına həsr etdiyi fəaliyyətinin müxtəlif səhifələrinə güzgü tutandan sonra bu barədə danışacağıq. O səhifələrə ki, bir qəzet məqaləsində onun yalnız çox cüzi hissəsindən söhbət açmaq olar.

 

Görüləsi işlər çox qalıb hələ

 

"Düz 47 ildir ki, taleyimi sərasər bu işə həsr etmişəm. Özüm ixtisasca jurnalistəm. İnstitutu qurtaranda "Kino" qəzetində işləyirdim. Nə məlumat tapırdımsa, evimdə də saxlayırdım. Beləcə, 400 qovluq yığıldı. O qovluqların hər biri bir adama, kino müəssisələrinin işinə, ayrı-ayrı kino janrlarına və s. həsr olunub. 1966-cı ildən "Kino" jurnalının baş redaktoru kimi çalışmışam. SSRİ-də keçiriləcək kino günlərinin təşkilatçılığı da mənə tapşırılmışdı. Hətta o zaman məni BAM-a göndərdilər. Demək olar ki, bütün sənətkarlarla yollarda olmuşam. Bütün həyatım belə keçib" - deyə Aydın müəllim müqəddəs peşəsinə həsr etdiyi ilkin vaxtları xatırlayır. Deyir ki, kino tariximizin daha qədim olmasını araşdırmaq üçün sanki ona vəhy gəlib. Belə ki, uzun illər Azərbaycan kinosunun tarixi 1916-cı ildən hesablanırdı. Ancaq A.Kazımzadə tədqiqatlar apararaq kino tariximizin 1898-ci ildən başladığını üzə çıxarıb və prezident Heydər Əliyev 2000-ci ildə bu tarixi təsdiq edib. Elə həmin vaxtdan avqustun 2-si Kino Günü kimi qeyd olunur. "Əslində, bu tarix yanvarın 8-dən başlayır. Bakıda həmin tarixdə filmlər göstərildiyini üzə çıxarmışam. Bütün dünyada kinonun tarixi çəkildiyi vaxtdan yox, ekranda göstərildiyi tarixdən hesablanır. Ancaq biz o tarixi götürmədik. Rüstəm İbrahimbəyov dedi ki, bizə xarici filmlərin göstərildiyi tarixdən başlamaq lazım deyil. Ruslar öz kino tarixlərini belə müəyyənləşdiriblər. Hətta iyunun 21-də bizim proqram artıq Bakıda göstərilirdi. Biz o tarixi də götürmədik. Avqustun 2-də göstərilən "Bibiheybətdə neft yanğını" və "Balaxanıda neft fontanı" filmlərinin tarixindən başladıq. Bu iki film Parisin kino arxivinin Qızıl fondunda saxlanılır. Həmin filmləri Bakıya gətirmişik. Biz kino tariximizi avqustun 2-dən ona görə başlayırıq ki, Fransada olan kinonun yaranması tarixində göstərilən filmlərlə bizdə göstərilən filmlər arasında bir uyğunluq var".

Aydın müəllim kinomuzun "Qızıl dövrü"ndən söhbət açaraq məlumat verir ki, bu dövr 1969-cu ildən sonra başlayır. "Bir cənub şəhərində", "Bizim Cəbiş müəllim", "Şərikli çörək" Qızıl Fonda daxil olan filmlərdir. "O dövrə qədər Azərbaycanda çəkilən filmlər köhnə, sxematik formalara cavab verir və sovet ideologiyasının sənət adamları qarşısında qoyduğu vəzifələri yerinə yetirirdi. 1969-cu ildən sonra - İbrahimbəyov qardaşları, Anar, Yusif Səmədoğlu, Əkrəm Əylisli, Alla Axundova, Fərman Kərimzadə kinoya gəlişləri ilə yeni düşüncə tərzi gətirdilər. Onlar sovet hökumətinin qarşıya qoyduğu vəzifələrin əksinə gedirdilər. Ancaq onların qarşısı kəskin şəkildə alınırdı. Heydər Əliyev olmasaydı, onlar öz fikirlərini inkişaf etdirə bilməyəcəkdilər. Onların gəlişindən sonra Azərbaycan kinosu inkişaf etməyə başladı. Yaşlı nəsil də bu cavanlara baxıb dəyişdi. Kinomuzun "Qızıl dövrü" 70-80-ci illərin yarısına qədər davam etdi. Ondan sonra yenə də çətinliklər baş verdi. SSRİ dağılandan sonra mədəniyyətimizdə, o cümlədən də kinematoqrafiyada bir tənəzzül yarandı. Bu tənəzzül xeyli müddət davam elədi". 1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra respublikanın inkişafında gördüyü ümumi işlərlə bərabər, kinematoqrafiya sahəsində də tənəzzülün qarşısını alıb. Amma bundan sonra da bir müddət kinematoqrafiyada inkişaf nəzərə çarpmayıb. Heydər Əliyev kinonun tənəzzülünü görərək 2001-ci ildə "Azərkinovideo"nu ləğv edib və onun bütün funksiyalarını Mədəniyyət Nazirliyinə verib. Ondan sonra kinomuzda bir dönüş yaranıb.

Aydın müəllim bildirir ki, bu gün artıq Azərbaycan kinosunun əvvəlki templə işləməyə çalışmasından danışmaq olar. Çünki artıq dövlət filmlərin çəkilişinə pul ayırır. Belə ki, indi artıq ildə 2 yox, 5-6 film çəkilir. Artıq bu filmləri çəkən təşkilatlar, ayrıca prodüser mərkəzləri var ki, filmlər çəkirlər və onların şərtlərindən biri də həmin filmlərin beynəlxalq kino bazarına çıxmasıdır. Artıq kinonun istiqamətləri dəyişir. Kinoya ayrılan vəsait də get-gedə artır və bu fərq artıq özünü göstərir.

 

Yorulmayan insan

 

Aydın müəllimin əsaslı tədqiqatlarından biri də Azərbaycan Kino Ensiklopediyası üzərində işləməsi ilə bağlıdır. 15 ilə yaxındır ki, ensiklopediyanın üzərində çalışır. Onun deməsincə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan bu nəşr fundamental bir iş olacaq. Təbii ki, o, bu işdə böyük çətinliklərlə qarşılaşır: "2 cildlik bir kitabı dərc etmək üçün bütöv idarə olmalıdır. Biz isə 3 nəfərlə işə başladıq. Azərbaycan kinosu ilə bağlı materialları mən yazırdım. İmran Xəlilov və Rəhman Bədəlov isə dünya kinosu ilə məşğul idilər. Tale elə gətirdi ki, İmran Xəlilov avtomobil qəzasında həlak oldu. Rəhman Bədəlov da gördüyü işlərlə kifayətlənib daha məşğul olmaq istəmədi. İndi mən təkbaşına materialları yığıram. Film Fondunun direktoru Cəmil Quliyev ensiklopediya üzərində işləməyim üçün mənə şərait yaratdı. İnşallah, ensiklopediya gələn il çap olunar".

A.Kazımzadə 90-cı ilin əvvəllərində filmlərimiz haqqında kataloq hazırlayıb. 1898-ci ildən 2000-ci ilə qədər çəkilən bütün filmlərimiz həmin kataloqda yer alıb. Həmin kataloqa əsasən məlum olub ki, bizdə həmin illəri əhatə edən 2000-nə yaxın film çəkilib. Beləliklə, kinoşünasın gərgin əməyi sayəsində "Azərbaycan kinosunun salnaməsi" 2 cildlik kitabı işıq üzü görüb. Ümumiyyətlə, indiyə qədər Aydın Kazımzadənin 13 kitabı işıq üzü görüb. "Azərbaycan kinosu və müharibə", "Üzeyir Hacıbəyov və kino", "Azərbaycanfilm", "Azərbaycan kinematoqrafları", "Heydər Əliyev və kinematoqraf" kitabları təkcə kino ictimaiyyətinin deyil, geniş oxucu kütləsinin marağına səbəb olub. Həmçinin bu kitabların hər biri kinomuzun tarixinə bələd olmaq baxımından tutarlı vasitələrdir. "Azərbaycan kinematoqrafları" kitabının bir neçə cildini çap etmək fikrindəyəm. Hazırda "Cəfər Cabbarlının kino fəaliyyəti" adlı kitab üzərində işləyirəm. Eləcə də tanınmış operator Kənan Məmmədovun haqqında kitab yazıram".

Aydın müəllim, həmçinin pedaqoji fəaliyyətlə məşğul olaraq 1987-ci ildən Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan kino tarixini tədris edir. Bu gün böyük auditoriya qarşısına çıxmasına görə özünü kinematoqrafiyada işləməsinə borclu bilir.

Aydın Kazımzadə gördüyü işlərdən qürur duyur. Deyir ki, həyatında üç şey onu daha çox sevindirir - kinomuzun tarixinin dəyişilməsinə nail olması, "Azərbaycan kinosu salnaməsi" 2 cildliyinin nəşri və bu il nəşrini gölədiyi ensiklopediyanın başa çatması. "Elə bilirəm ki, dünyaya gəlməyimin, yaşamağımın mənası bunlardır"- deyə uşaq kimi sevinir Aydın müəllim.

 

Giley

 

Ancaq başı bu işlərə necə qarışıbsa, bir də ayılanda görüb ki, 70 yaş qapını haqlayıb. Bu illər ona heç də sürprizlər bəxş etməyib. Nəyə nail olubsa, gecəli-gündüzlü zəhməti sayəsində qazanıb. Həyatın daşlı-kəsəkli yollarına uşaqlıqdan alışıb. "Çətin tale uşaqlıqdan alnıma yazılıb. Atam müharibəyə gedib. Anam iki uşaqla tək qalıb. Mən yeddinci sinifdən çıxmağa məcbur oldum. Gündüz işləyib gecə məktəbində oxumaq istəyirdim ki, ailəyə kömək edim. 15 yaşım vardı. Teatr Cəmiyyətinin istehsalat şöbəsində işə düzəldim. Elə o vaxtdan istirahət nə olduğunu bilməmişəm. Kino ilə məşğul olmağa başladığım ilk gündən axşama qədər arxivlərdə köhnə qəzetlərlə, sənədlərlə işləyirdim. Hətta bu kağızların tozu gözlərimi elə tutdu ki, əməliyyat olundum".

Bu illər ərzində həyatın ona verdiyi dərslərdən bir nəticə də çıxarıb: insan özü üçün çalışmalı, özünü yada salmalıdır. Aydın müəllim kino sahəsində apardığı fundamental tədqiqatlardan söhbət açarkən şəxsi həyatında yaranan problemlərdən də danışır. Deyir ki, ömrünü kinonun tədqiqatlarına həsr edib, amma öz ailəsi üçün heç nə edə bilməyib. Birotaqlı mənzildə yaşayır, 140 manat əmək haqqı və 100 manat təqaüdlə dolanır. Ümid edir ki, bəlkə onun da adı nə vaxtsa Prezident təqaüdçülərinin siyahısına salınar. "Mən heç vaxt kiməsə ağız açmamışam. Amma indi danışmağa başlamışam. 2000-ci ildə fəxri adlarla bağlı Kinematoqrafiya İttifaqında siyahı tutuldu. Mənim adımın da həmin siyahıya daxil edilməsi ilə bağlı Cəmil Fərəcovdan soruşanda, "yaddan çıxıb" - dedi. Sonra mənə Əməkdar mədəniyyət işçisi fəxri adını verdilər. Beş il keçdi. Polad Bülbüloğlu mənim özümün və işçilərin xəbəri olmadan adımı növbəti fəxri adlar siyahısına daxil etdi və Əməkdar incəsənət xadimi fəxri adını aldım".

Aydın müəllim keçən il mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qəbuluna düşüb. Əbülfəs müəllim onu hörmətlə qarşılayaraq "səni yaxşı tanıyıram" deyib və ərizəsinin üstünü yazaraq sənədlərinin hazırlanması barədə müvafiq şöbəyə tapşırıq verib. Onu da deyib ki, "bu dəfə də olmasa, gələn dəfə kömək edərəm..."

İndi Aydın müəllim gözləyir. Haqqı olan bu insan haqqın yerini tapacağı günü gözləyir. Ömrünün axırıncı stansiyası adlandırdığı 70 yaşının tamamında uzun illər çəkdiyi zəhmətinin haqqını gözləyir...

 

 

Məhərrəmova Təranə

 

Kaspi. -2010. – 22 yanvar. – S.11.