"Bizdə insanların yaşamaq zövqü yoxdur" 

 

İlqar Əliyev, memar: "Bütün tikintilərdə şəhərsalma mütəxəssislərinə müraciət olunsa, çox gözəl effekt verə bilər"

 

İlqar Əliyev Azərbaycanda yeganə memardır ki, 2007-ci ildə Amerikanın Tikinti Dizaynı İnstitutunun "Professional" kateqoriyası səviyyəsinə yüksəlib. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirərək memarlıq ixtisasına yiyələnən İ.Əliyev Azərbaycan Memarlar İttifaqının və Amerikanın Tikinti Dizaynı İnstitutunun üzvüdür. Ayrı-ayrı vaxtlarda həmin institutun illik təşkil etdiyi müsabiqədə "Ən yaxşı layihə" nominasiyası üzrə 1-ci və 2-ci yerlərin qalibi olub. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq, layihələndirmə və şəhərsalma kafedrasında müəllim kimi çalışır. İ.Əliyev keçən il ABŞ Konqresi kitabxanasının "World Oren" proqramı ilə ABŞ-da şəhərsalma mövzusu ilə bağlı seminar və məşğələlərdə iştirak edib. Hazırda azmərtəbəli evlərin layihələrini hazırlayır.

 İ.Əliyevin Bakıda şəhərsalma ilə bağlı fikirləri oxucular üçün də maraq doğurar.

- Bu gün Bakıda şəhərsalma ilə bağlı ikili fikirlər var. Bəziləri deyir ki, qədim Bakının nə üzü, nə də izi qalıb, yəni şəhər simasını itirib. Bəziləri də deyir ki, Bakı durmadan inkişaf edir. Sizcə, bu fikirlərin hansı həqiqətə uyğundur?

- Hazırda ölkə rəhbərliyi Bakını gözəlləşdirməyə çalışır. Neftdən qazanılan pulları xərcləməklə şəhəri bəzəyirlər. Bu bilirsiniz nəyə oxşayır? İnsan var ki, əlinə bir qədər pul düşəndə özünə maşın, ev və s. alır, ailə də var ki, həmin pulu övladının gələcəyi üçün xərcləyir, onun yaxşı təhsil almasına çalışır. Bu gün şəhərin gözəlləşməsinə xərclənən pullar gələcək üçün bəlkə də strateji məqsəddir. Bütün Qafqazda ən baxımlı, ən gözəl şəhəri burada yaratmaq istəyirlər. Körpülər, rayonlara gedən yollar, kommunikasiyalar, tikilən binalarla bu şəhərin fərqli olmasına çalışırlar. Bu, gələcək üçün gözəl plandır. Ancaq tarixə də toxunmaq olmaz. Bu gün sovet dövrünün memarlığından əsər-əlamət qalmayıb. Qız qalasını, İçərişəhəri saxlayırıq, bəs sovet dövrünün memarlığı hardadır?

- Uzağa getməyək, İstanbulun mərkəzi küçələrində elə binalar var ki, adama az qala müharibədən zərər çəkmiş təəssüratı bağışlayır. Ancaq o binaların bir daşına da toxunmağa icazə yoxdur. Çünki o bina tarixilik baxımından qorunur. Bizdə qədim binaların üzünü qaşıyır, restavrasiya edirlər...

- Sovet dövründən qalan binaların çoxunun üstünə daş, müxtəlif örtüklər, alkopon vuruldu. Məsələn, Almaniyada faşizm dövrü ilə bağlı heç nə qalmayıb. Onlar həmin dövrün tarixi ilə fəxr edə bilməzlər. Eləcə də onlarda 1945-ci ilə qədərki tarixlə bağlı heç nə yoxdur. Bizdə də ona oxşayacaq. Sanki sovet dövründə burada heç nə tikilməyib. Bizdə sadəcə, "olmaz" sözü yoxdur. Məsələn, xaricdə "bu ərazidə filan tikintiyə icazə yoxdur, bunun üçün cəza var" sözləri işlənir. Bizdə isə bu yoxdur. Hansısa bələdiyyədən və ya məmurdan icazə alaraq, istədiklərini tikirlər. Mən Amerikada olanda şahidi oldum ki, kimsə "olmaz" qadağasını pozursa, o, həbs olunur. Onun tikdiyi məhkəmə qərarı ilə sökülür, ya da özü 2-3 il azadlıqdan məhrum edilir. Məsələn, İçərişəhərdə tikilənlərin heç biri icazəsiz inşa olunmayıb. Bizdə "olmaz" sözü yoxdur, "icazə almaq" ifadəsi var. Bürokratiya da ondan başlayır.

- 20-ci əsrin utopist memarı Karbuzye özünün "İşıqlar şəhəri" layihəsinə istinadən deyib: "Dilənçi yaşamından və şöhrət düşkünlüyündən törəyən savaşlar bizdən ötrü mənasızdır. Çağdaş toplum öz gücünü ölüm-dirim məsələlərinə - yaşayış evlərinin tikintisinin gerçəkləşməsinə həsr etsə, heç bir savaş özünə tərəfdaş toplaya bilməz". Bu gün də həmin proses Bakıda gedir. Çoxmərtəbəli yaşayış evləri, sizcə, şəhərsalmaya xələl gətirir, yoxsa gözəllik?

- Əlbəttə, xələl gətirir. Çünki şəhərsalmanın öz qanunları ilə işləmirlər. Dünyanın hər yerində şəhərsalma haqqında qanun var. Bizdə şəhərsalmanı gözəlliklə ölçürlər. Şəhərsalma elmdir. Bizdə bu işlə heç kim məşğul olmur. Çalışdığım Memarlıq və İnşaat Universitetinin Memarlıq layihələndirmə və şəhərsalma kafedrasının müdiri Fikrət Hüseynov keçmiş SSRİ-də yeganə alimlərdən biridir ki, 30 yaşı olanda şəhərsalma üzrə elmlər doktoru dərəcəsini alıb. Amma bu gün heç kəs şəhərsalmada onunla məsləhətləşmir. Şəhərsalmada şəhərin hansı hissəsində nə qədər əhalinin yaşayacağı və insanların hansı evlərdə yaşaya biləcəyi nəzərə alınmalıdır. Onda qanun qoyulur və əlavə bir şey tikmək olmaz. Bizdə isə icazə alaraq doqquzmərtəbə və ya başqa cür tikililər inşa edirlər. Bəs bunun kanalizasiya sistemi? Heç kim hesablamır ki, 20 ildən sonra nə baş verəcək. Əvvəlcə kommunikasiya xətləri çəkilməli, sonra onun kənarında şəhər tikilməlidir. Bizdə isə əks prosesdir: əvvəlcə şəhəri tikirlər, sonra kommunikasiya çəkirlər. Sonra da ətrafda başqa evlər tikilir. Bu da düzgün hesablanmır və nəticədə kanalizasiya, su çatmır. Yeni kommunikasiya xətləri çəkmək üçün təzədən ətrafda qazıntı işləri görülür. Hətta binaların altında mağaza, ofis tikmək olmaz. Bütün tikintilərdə şəhərsalma mütəxəssislərinə müraciət etsələr, ölkəmiz üçün çox gözəl effekt verə bilər.

- Sizə elə gəlmirmi ki, müraciət olunsa belə, artıq gecdir?

- Məncə, hələ gec deyil, nəyisə düzəltmək olar. Düzdür, hərdən mənim özümə də qəribə gəlir. Biz universitetdə şəhərsalma ilə bağlı dərslər keçirik. Amma bu gün bu peşəyə Azərbaycanda müraciət yoxdur və hərdən mənə elə gəlir ki, keçdiyimiz dərslər mənasızdır. Hərdən fikirləşirəm ki, universitetdə bu kafedra, fakültə nəyə lazımdır?

- Belə fikirlər də səslənir ki, Bakının Baş Planı yenidən işlənməlidir. Amma bəzi mütəxəssislər deyir ki, Baş Plan dərman preparatı deyil ki, yararlıq müddəti bitsin. Sadəcə, onun son illər bir çox tələbi yerinə yetirilməyib.

- Baş Plan yoxdur. Bu sənədi çoxdan hazırlamaq lazım idi. Mən ABŞ Konqresinin "Açıq dünya" proqramı çərçivəsində şəhərsalma mövzusu ilə bağlı seminarda və məşğələlərdə iştirak edərkən şəhərsalmanın necə olduğunu gördüm. Avropa ölkələrində çoxmərtəbəli evlərdə subay və kasıb insanlar yaşayır. İnsanlar varlandıqca şəhərin kənarına üz tutur. Hamı çoxmərtəbəli evlərə yox, rahat evlərdə yaşamağa üstünlük verir. Bizdə əhalinin özü də dərk eləmir ki, şəhər nə deməkdir. Hamı mərkəzdə yaşamağa can atır. İnkişaf etmiş ölkələrin hamısında şəhərin böyümə qrafiki qurulur. Bizdə insanların yaşamaq zövqü yoxdur. Şəhərin mərkəzində yaşamaq psixologiyası gərək insanların beynini tərk etsin. İnsanlar özlərinə rahatlıq yaratmaq üçün hər şeyə göz yumurlar, yaşadıqları evləri pərakəndə, qeyri-qanuni tikirlər. Eləcə də zavodları, fabrikləri harda gəldi tikirlər. Kimsə torpaq alıb orada fabrik tikir. Ancaq fikirləşmir ki, onun zərərli maddələri ətrafda yaşayanlar üçün nə qədər ziyandır. Küləyin hansı istiqamətə əsdiyini hesablayıb zavodu və ya fabriki də ona əks istiqamətdə tikmək lazımdır ki, onun tüstüsü əhaliyə tərəf gəlməsin. Şəhərsalmada bu prinsiplər gözlənilməlidir. Çünki onun icazə aldığı bələdiyyə və ya icra nümayəndəsinin memarlıqdan başı çıxmır.

- Sizin Amerikada seminarlarına qatıldığınız "World Oren" proqramının mahiyyəti nədən ibarət idi?

- Həmin proqramda müxtəlif sahələr üzrə 40-a yaxın adam iştirak edirdi. Müxtəlif dövlət idarələrində, seminarda, görüşlərdə olduq. Arzulayardım ki, orda gördüklərimizin heç olmasa yarısını burada həyata keçirə bilək.

Məsələn, Amerikanın Cekson şəhəri Bakıya oxşayır. Şəhərdə ictimai nəqliyyat yoxdur. Ancaq hər kəsin avtomobili var. Şəhərdə tıxac da yoxdur. Çünki şəhər zonalara bölünüb. Cekson şəhərində insanların yaşadığı yerdə nə restoran, nə mağaza, nə də ofis var. Bütün bunlar tamam ayrı zonada yerləşir. Bu ərazidə isə yaşamağa icazə yoxdur. Düzdür, Azərbaycanın şəhərləri köhnə olduğu üçün onun zonalara bölünməsi mümkün deyil. Sadəcə, parlament tərəfindən qanun qəbul oluna bilər ki, hər rayonun icra hakimiyyəti bütün mağazaları, restoranları zonalara bölsünlər. Məsələn, Azadlıq prospektində ancaq paltar mağazaları, hansısa küçədə ərzaq və ya parfümeriya, tikinti materialları mağazaları və s. yerləşsin. Mağazaya gələn üçün də ünvan bəlli olduğundan maşınını hər mağazanın qarşısında saxlamayacaq. Bu, həmçinin tıxacların da qarşısını alar. Adamlara şəhəri gəzmədən istədiyi əşyanı harada tapa biləcəklərini bildikləri üçün rahatlıq olacaq. Dünyanın hər yerində şəhərdə yaşayan insanların çoxu velosipedlə hərəkət edir. Bizdə isə velosiped alsan, onu qoymağa yer yoxdur. Onlar bu velosipedləri yaşadıqları binanın altında yerləşdirirlər. Bizdə isə belə yerlər yoxdur. Eləcə də hər bir tikilinin inşasında əlillərin vəziyyəti nəzərə alınmalıdır. Təzə yollar çəkilərkən əlillər üçün yol kənarlarında panduslar və sfetoforlar olmalıdır. Bunu memar layihələşdirən zaman nəzərə almalıdır.

- Azərbaycanda "Memarlıq haqqında" və "İnşaat fəaliyyəti haqqında" qanunlar qəbul olunub. Sizcə, onları tamamlaya bilən əlavə bir sənədə ehtiyac varmı?

- Əlavə sənəd şəhərsalma üzrə xüsusi qanun ola bilər. Mənə elə gəlir ki, yaşamaq diaqnostikası ilə məşğul olan bir institut yaranmalıdır. Hər kənddə, qəsəbədə, küçədə 20 ildən sonra nə qədər əhalinin yaşayacağı hesablanmalı və bu, qanunla tənzimlənməlidir.

- Necə bilirsiniz, tikilən və tikilməkdə olan körpülər, çəkilən yeni yollar tıxac problemini aradan qaldıra biləcəkmi?

- Tikilən körpülərin layihəsi olmalıdır ki, onlar 20 ildən sonra bizə nə verəcək. Bəlkə, bu körpünü ikimərtəbə tikmək lazım idi. Çünki şəhərin digər tərəfinin necə bölündüyünü, orada nə qədər əhalinin yaşayacağını hesablamaq lazımdır. Bu hesab yoxdur. Hər şey xaotik gedir. Ona görə də yaxşı heç nə görmürəm.

- Bu yaxınlarda Avropanın məşhur nəşrlərindən biri dünyanın xoşbəxt şəhərlərinin adlarını açıqlayıb. Barselona, Rio-de Janeyro, Paris kimi şəhərlərin yer aldığı siyahı, sizcə, daha çox bu şəhərlərin görkəmi ilə müəyyənləşib, yoxsa insanların həyat tərzi ilə?

- Bu, insanların rifahı ilə də bağlı ola bilər. Orda münasibətlər elə qurulub ki, insanlar düşmənlərini də görəndə bir-birlərinə gülümsəyirlər. Bunun gündəlik aurası da gözəl olur. Əfsuslar olsun ki, bizdə insanlar özlərini başqasının yerinə qoymurlar. Hamı bir-birini fikirləşsə, onda hər şey gözəl olacaq. Memar da hazırladığı layihədə elə çalışmalıdır ki, həmin bina da insanın üzünə gülsün. Memarla söhbət edəndə onun dünyagörüşündən binaya da bələd olacaqsınız. Əks halda orda çoxlu narahatçılıq yaşanacaq. Ona görə də hər hansı bir evi alan zaman onun memarı ilə görüşmək məsləhətdir.

 

 

Məhərrəmova Təranə

 

Kaspi. -2010. -27 yanvar. – S.8.