Mətbuat Şurası hesabat
verib
Əflatun Amaşovun fikrincə, mətbuatın maliyyə
çətinlikləri aradan qaldırılarsa, digər
problemlər də tezliklə həllini tapacaq
Dünən Mətbuat
Şurasının 2009-cu ildə gördüyü işlərlə
bağlı hesabatı təqdim olunub. Hesabatda şuranın
komissiyalarının və İdarə Heyətinin il ərzində
fəaliyyətini əks etdirən statistik göstəricilər,
şikayət və müraciətlər haqda məlumatlar, həmçinin
onların araşdırılması məsələləri
yer alıb. Hesabata görə, şuraya 2009-cu ildə
ümimilikdə 489 müraciət daxil olub. Onlardan 276-sı
ayrı-ayrı vətəndaşlardan, 167-i dövlət idarələri,
müəssisə və təşkilatlardan, 61-i özəl
müəssisələrdən, 45-i ictimai qurumlardan, 29-u
özünüidarəetmə orqanlarından, 11-i siyasi
partiyalardandır. Daxil olan müraciətlərdən 267-i
şuranın Katibliyində həllini tapıb. 222 müraciət
Şikayətlər üzrə Komissiyada
araşdırılıb. 31 şikayətə İdarə Heyətində
baxılaraq müvafiq qərar çıxarılıb. 3-4 il əvvəl
dövlət idarələrindən şikayət və
müraciətlərin daha çox olduğunu bildirən
şura sədri Əflatun Amaşov qeyd edib ki, keçən
illər ərzində ayrı-ayrı vətəndaşlardan
gələn şikayətlər artıb. Sədr şikayətlərin
daha çox təhsil və səhiyyə sahələri ilə
bağlı olduğunu da diqqətə çatdırıb.
Ə.Amaşov ümumilikdə
55 rayondan şikayətlərin daxil olduğunu deyib:
"2005-ci ildə cəmi 7 şəhər və rayondan
şikayətlər almışdıq. İndi isə bu rəqəm
55-dir. Gözlənildiyi kimi, ən çox şikayət
Bakı şəhərindəndir - 195 şikayət".
"Reket" nəşrlərə
qarşı ictimai qınağın artırılması
üçün şuranın fəaliyyətinin daha da
genişləndiyini deyən sədr vurğulayıb ki, bununla
bağlı dövlət idarələri ilə
danışıqlar aparılır: "Tərtib etdiyimiz
"qara siyahı"nı dövlət idarələrinə
təqdim edirik ki, onlar da həmin nəşrləri
tanısın və əməkdaşlıq etdiyi mətbuat
orqanlarının seçimində yanılmasınlar. Bu
siyahıda 94 dövri nəşrin adı var. 2009-cu ildə 4
dəfə "reket nəşr"lərin siyahısı
açıqlanıb".
2009-cu ildə həbsdə
olan jurnalistlərin
azadlığa çıxması, "Diffamasiya
haqqında" qanunun qəbulu, KİV-in İnkişafına
Dövlər Dəstəyi Fondunun formalaşmasının Mətbuat
Şurasının diqqət yetirdiyi əsas məsələlər
olduğunu vurğulayan Ə.Amaşov söyləyib ki, 2010-cu
ildə bütün bu istiqamətlərdə səyləri
davam etdirəcəklər: "Mətbuat Şurası ölkədə
diffamasiya ilə bağlı qanunun qəbuluna dəstək
vermək üçün ötən ilin oktyabrında Avropa
Şurasının Azərbaycandakı nümayəndəliyi
ilə birgə tədbir keçirib. Tədbirdə
diffamasiyanın Azərbaycan cəmiyyətinə, xüsusən
də jurnalistlərin fəaliyyətinə
təsirinə dair fikir mübadiləsi aparılıb".
Həbsdə olan jurnalistlərin azadlığa
çıxması üçün müvafiq qurumlarla
danışıqlar aparıldığını qeyd edən
sədr bildirib ki, mətbuatın maliyyə vəziyyəti ilə
bağlı yaranan çətinliklər aradan
qaldırılarsa, digər problemlər də tezliklə həllini
tapar.
Tədbirdə
çıxış edən "Səs" qəzetinin
baş redaktoru Bəhruz Quliyev mətbuatla dövlət
orqanları arasında olan münasibətlərə toxunub:
"Hesab edirəm ki, ciddi dövri nəşrlər dövlət
orqanlarından informasiyanı asanlıqla ala bilir. O nəşrlər
informasiyanı almaqda çətinlik çəkir ki, dövlət
idarələri, konkret olaraq sual ünvanlanan məmur həmin jurnalisti və nəşri ciddi hesab
etmir. Digər tərəfdən, təbii ki, fikirləri təhrif
olunan məmur jurnalistlərlə əməkdaşlıqdan
yayınacaqlar. Problemlərin aradan qaldırılması
üçün mətbuat kommersiya siyasətini düzgün
qurmalıdır".
"Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Babaoğlu Mətbuat
Şurasının sadalanan istiqamətlər, xüsusən də
"reket jurnalistika"ya qarşı
mübarizə sahəsində işini gücləndirməsinin
vacibliyini vurğulayıb. O, həbsdə olan jurnalistlərlə bağlı fikirlərə
də münasibət bildirib: "Həbsdə olan jurnalistlərin törətdiyi cinayət
əməlinə, yoxsa peşə fəaliyyətinə
görə azadlıqdan məhrum edilməsi məsələsi
ilə bağlı ciddi fikir ayrılıqları var. Jurnalistlər konkret cinayət maddələri
ilə mühakimə olunsalar da, bəziləri hesab edir ki,
onlar peşə fəaliyyətinə görə həbs
olunublar. Bu məsələnin müzakirə olunmasına
ehtiyac var".
Mətbuat
Şurasının üzvü, millət vəkili Aqil Abbas da
mətbuatla dövlət idarələri arasındakı
problemləri qeyri-ciddi mətbu orqanlarının
yaratdığını bildirib. O, "Diffamasiya
haqqında" qanunun qəbulunun əleyhinə olduğunu bəyan
edib. Millət vəkilinin fikrincə, belə bir qanunun qəbulu
ölkədə vətəndaş müharibəsinə səbəb
ola bilər: "Avropada mətbuatın azadlığı Azərbaycandakından
aşağı səviyyədədir. Bizi də Türkiyənin
gününə salmaq istəyirlər. Bəzi məsələlər
isə mətbuatın günahı deyil".
"İki sahil" qəzetinin
baş redaktoru, Mətbuat Şurasının Şikayətlər
üzrə Komissiyasının sədri Vüqar Rəhimzadə
deyib ki, şuraya daxil olan şikayətlər maksimum şəkildə
obyektiv araşdırılır: "Şikayətlər
üzrə Komissiya 19 iclasda ayrı-ayrı məsələlər
əsasında ümimilikdə 147 məsələni
araşdırıb ki, onların əsasında 116 rəy
çıxarılıb. Həmin rəylərin 27-ə dair məsələ
şuranın yekun qərarının motivini təşkil
edib".
V.Rəhimzadə qeyd edib ki,
mətbuatdakı problemlərin aradan qaldırılması
üçün jurnalistlər də peşə
etikası qaydalarına əməl etməlidirlər. Onun
sözlərinə görə, dövri nəşrlərin
bir çoxu etik qaydaları pozaraq, bir çox halda
insanların şərəf və ləyaqətini toxunan
yazılara yer verir.
Fuad
Kaspi. -2010. – 28 yanvar. – S.4.