"Bakı şəhərinin təhsil sistemində ciddi irəliləyiş mövcuddur" 

 

Nailə Rzaquliyeva: "Ötən il məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində konkret addımlar atılıb"

 

Təhsil istənilən cəmiyyətin inkişafında aparıcı rol oynayır ki, bu da bizdən ona xüsusi diqqət ayırmağımızı tələb edir. Müstəqil Azərbaycan Respublikasının rəhbərliyi təhsil sferasına hər zaman diqqətlə yanaşıb. Məhz bu qayğının nəticəsində bir sıra mühüm strukturlar yaradılıb. Onlardan biri də paytaxtda təhsilin inkişafı və yaxşılaşdırılması üçün çalışan Bakı Şəhəri üzrə Təhsil İdarəsidir. Ötən 2009-cu il ərzində idarənin əldə etdiyi uğur və nailiyyətlər barədə qəzetimizin əməkdaşlarına adıçəkilən strukturun müdiri Nailə Rzaquliyeva müsahibə verib.

- Rəhbərlik etdiyiniz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2009-cu ildə seçilən fəaliyyət istiqamətləri hansılar idi?

- Məlum olduğu kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi prezident İlham Əliyevin 31 mart 2006-cı il tarixli sərəncamına müvafiq olaraq, Nazirlər Kabinetinin 28 iyul 2006-cı il tarixli 189 saylı qərarı əsasında yaradılıb. İdarəmiz fəaliyyətinin ilk dövründən paytaxtda təhsilin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də demokratik idarəetmənin təkmilləşdirilməsi istiqamətində konkret tədbirlər həyata keçirir. Məhz bunun nəticəsində həm dövlətin, həm də Azərbaycan cəmiyyətinin dəstəyini qazanıb. Təhsil sistemində şagirdlərin bilik səviyyələrinin qiymətləndirilməsində yeni mexanizmin tətbiqi, mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi təhsilin ümumi keyfiyyətinə müsbət təsir göstərib və təhsil alanların bilik səviyyələrinin qiymətləndirilməsində subyektivliyin aradan qaldırılmasına səbəb olub.

Bununla yanaşı, ötən il Bakı şəhərinin təhsil müəssisələrində İKT-nin inkişafına xüsusi yer verilib. Məlum olduğu kimi, prezident İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" qəbul edilib. Bu proqram çərçivəsində təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr həyata keçirilir.

2009-cu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilmiş islahatlar çərçivəsində təhsilin məzmununun yeniləşdirilməsi, yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, tabeçiliyimizdə olan təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, tədrisdə müasir informasiya texnologiyalarının tətbiqi, ictimaiyyətlə əlaqənin genişləndirilməsi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi kimi istiqamətlərə və digər bu kimi prioritet sahələrə üstünlük verilib.

- Paytaxtda məktəbəqədər təhsil haqqında nə deyə bilərsiniz?

- Məktəbəqədər təhsil ölkəmizdəki təhsil sisteminin birinci pilləsidir və uşaqların intellektual, fiziki və psixoloji inkişafı, onların şəxsiyyət kimi formalaşması və ibtidai təhsilə hazırlanması nöqteyi-nəzərindən çox böyük əhəmiyyət kəsb edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində 309 məktəbəqədər tərbiyə müəssisəsi, o cümlədən 303 uşaq bağçası, 1 körpələr evi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 2 məktəbəqədər xüsusi təhsil müəssisəsi, 3 sanator tipli məktəbəqədər təhsil müəssisəsi var. 1394 qrupun fəaliyyət göstərdiyi həmin müəssisələrdə uşaqların sayı 31037 nəfərdir və 3572 pedaqoji işçi çalışır.

Qeyd etmək lazımdır ki, bizim idarə məktəbəqədər təhsil sahəsindəki fəaliyyətini 2007-2010-cu illəri əhatə edən "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi üzrə Proqram" əsasında qurur. 2009-cu ildə biz bu sahədə fəaliyyətimizi davam etdirdik. Bununla yanaşı, 2009-cu ildə daha 2 yeni uşaq bağçası - Binəqədi rayonundakı 327 saylı uşaq bağçası və Qaradağ rayonundakı 333 saylı körpələr evi istifadəyə verilib.

Ötən il məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində də konkret işlər görülüb. Misal üçün, 19 məktəbəqədər müəssisədə əsaslı təmir işləri aparılıb, onların maddi-texniki bazası yeniləşdirilib, binaları müasir avadanlıqlarla təchiz olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tədbirlər planına əsasən, daha 14 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri görülüb, istilik sistemləri, dam örtükləri, sanitar qovşaqları təzələnib. Bundan əlavə, bizim idarə ötən il bütün rayonların məktəbəqədər müəssisələrini 24 adda uşaq ədəbiyyatı və əyani vəsaitlərlə təchiz edib. Eyni zamanda, həmin müəssisələrdə çalışan pedaqoji kadrlara kömək məqsədi ilə metodiki ədəbiyyat və stolüstü kitablar da hazırlanıb.

- 2009-2010-cu dərs ilində abituriyentlərin uğurlarını necə qiymətləndirirsiniz? İstedadlı şagirdlərin üzə çıxarılması istiqamətində hansı işlər həyata keçirilir?

- Ötən illərdə olduğu kimi, 2009-2010-cu dərs ilində də ali təhsil müəssisələrinə daxil olmuş tələbələrin əksəriyyətini məhz paytaxt orta məktəblərinin məzunları təşkil edib. Belə ki, 2009-cu ildə məzunlarımızın 42,17%-i tələbə adını qazanıb. Qeyd etmək lazımdır ki, ötən illə müqayisədə bu rəqəm artıb, belə ki, 2008-ci ildə o, 39,50% təşkil edirdi.

İstedadlı şagirdlərə gəlincə, onların üzə çıxarılması və inkişafı hər zaman fəaliyyətimizin prioritet istiqamətlərindən biri olub, çünki istedad milli sərvətdir. İstedadın gücünü doğru yönə yönəltmək hər bir təhsil işçisinin borcudur. Bununla yanaşı, "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" çərçivəsində idarə ümumtəhsil məktəblərində təhsil alan və xüsusi istedadı ilə fərqlənən şagirdlərin fəaliyyəti və inkişafının təşkili ilə bağlı tədbirlər planı hazırlayıb. Bu nöqteyi-nəzərdən müxtəlif fənlər üzrə olimpiadalar böyük rol oynayır. Ötən il olimpiadalar çox yüksək səviyyədə keçdi. Bunu şagirdlərimizin əldə etdikləri nəticələr də təsdiqləyir. Belə ki, əgər 2006-cı ildə paytaxtdan olan olimpiada qaliblərinin sayı 48-ə, 2007-ci ildə 69-a, 2008-ci ildə 92-ə bərabər idisə, 2009-cu ildə onların sayı 105-ə çatıb. Bu cür inkişaf göstərir ki, qeyd olunan istiqamətdə məqsədəuyğun və məhsuldar fəaliyyət həyata keçirilir.

Bununla belə, paytaxt məktəblərinin "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrindəki uğurlarını da yada salmaq istərdim. Dövlət başçısının sərəncamı ilə ötən il Bakı şəhərində 24 məktəb "Ən yaxşı ümumtəhsil məktəbi", 41 müəllim isə "Ən yaxşı müəllim" adına layiq görülüb. Keçən il bu göstəricilər müvafiq olaraq, 41 və 14-ə bərabər olub. Bu nailiyyətlər bir daha sübut edir ki, Bakı şəhərinin təhsil sistemində ciddi irəliləyiş mövcuddur.

- Məzunlara attestatların verilməsi ilə bağlı hansısa çətinliklərlə qarşılaşmısınızmı? Ümumiyyətlə, ümumtəhsil məktəblərinin rəhbərliyi ilə problemlər olubmu?

- İlk növbədə qeyd etmək lazımdır ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsil sənədlərinin məktəblərə və məzunlara çatdırılmasının təşkili barədə" əmrinə uyğun olaraq, məzunlara verilən bütün orta təhsil haqqında attestatlar məktəblərdə doldurulduqdan sonra bizim idarədə sinif jurnalları, imtahan protokolları, uçot kitabları ilə tutuşdurularaq yoxlanıb. Daha sonra XI sinfi bitirən şagirdlərin siyahısı hazırlanıb, hər bir məktəblə əlaqədar akt tərtib olunub. Yoxlama nəticəsində məlum olub ki, attestatların doldurulmasında, eləcə də yekun qiymətlərin çıxarılmasında ciddi nöqsanlara yol verilib. Bəzi hallarda isə texniki qüsurlar nəticəsində qiymətlərdə uyğunsuzluqlar aşkar edilib. Nəticədə 125 ədəd attestat korlanmış kimi qəbul edilərək yenisi ilə əvəz edilib və bütün nöqsanlar aradan qaldırılıb. Bundan əlavə, bizim idarə bu nöqsanların səbəblərini araşdırıb, attestatları korlayanlar barədə intizam tənbehləri görülüb.

Orta məktəblərin rəhbərliklərinə gəlincə, ötən il fəaliyyət planına müvafiq olaraq 38, 110, 141, 208 321 saylı məktəblərdə rəhbərlik nəzarətin təşkili vəziyyəti öyrənilib ümumiləşdirilərək müzakirəyə təqdim edilib. Məsələ orta məktəblərin direktorlarının iştirakı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində geniş müzakirə olunub. Müzakirələr nəticəsində 110 208 saylı məktəblərin direktorları tutduqları vəzifədən azad olunub, 38 saylı məktəbin direktoruna töhmət verilib, 192 321 saylı məktəblərin direktorlarının məsuliyyət məsələlərinə sonra baxılması nəzərdə tutulub. Bütün ümumtəhsil məktəblərinin direktorlarından məktəbdaxili nəzarətin təşkili məsələsində mövcud olan nöqsanları aradan qaldırmaq tələb olunur bununla əlaqədar olaraq, bizim idarə onlara lazımi köməklik göstərməyə hazırdır.

Bununla yanaşı, 2009-cu ilin yanvar-fevral aylarında 60-dan çox məktəbdə məktəbdaxili nəzarətin təşkilinə dair reydlər keçirilib. Reydlərin məqsədi şagirdlərin dərsə davamiyyəti, məktəbli formasına keçid, sinif jurnallarının aparılması, müəllimlərin fəaliyyətinə nəzarətin təşkili kimi məsələlər olub. Bütövlükdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2009-cu il ərzində fəaliyyətini məhsuldar kimi qiymətləndirmək olar gələcəkdə biz öz fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik.

 

 

Quliyev İsgəndər

 

Kaspi. -2010. – 28 yanvar. – S.8.