"Mən işləyən adamam" 

 

Qurban Məlikov, Əməkdar rəssam: "Təbiətimdə təvazökarlıq çoxdur"

 

Bu ayın əvvəlində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda Əməkdar rəssam Qurban Məlikovun 80 illik yubileyinə həsr olunmuş sərgi keçirildi. Tədbirdə çıxış edənlər rəssamın yaradıcılığından və onun Azərbaycan rəssamlıq sənətində xüsusi yerindən danışdılar. Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, 80 yaşında əlinə qələm götürüb rəsm çəkən insana çox az halda rast gəlmək olar. Heç şübhəsiz, bu, qocaman rəssam Qurban Məlikovun işinə olan böyük sevgisindən irəli gəlir.

Rəssam bu gün də yorulmadan çalışır. Təbiətindəki həyatsevərliyə, insanlara olan məhəbbətinə və qocalmaq bilməyən ruhuna rəng qataraq tablolara köçürür.

- Yubiley sərgisində qeyd olundu ki, bu sizin ilk sərginizdir. Sözün düzü, eşidincə mənə bir qədər qəribə gəldi: 80 yaşında ilk sərgi...

- İlk sərgini keçirmək üçün xeyli həyəcan keçirdim. İnanın ki, gecələr də yuxum ərşə çəkilmişdi. Bu, həm də məsuliyyət hissi idi. 80 yaşımda ilk dəfə olaraq əsərlərimdən ibarət kataloq hazırlandı. Nə qədər qəribə səslənsə də bu mənim ilk sərgim idi. 80 yaşımda ilk sərgi...

Mən 16 yaşından rəssamlıqla məşğulam. O zaman evdəkilərin xəbəri olmadan şagird kimi "Reklam büro"ya daxil oldum. Orada kino afişalarının reklamı ilə məşğul idim. İki il orada çalışdım. 1948-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum. Məktəbdə oxumaqla bərabər, "Vətən" kinoteatrında rəssam kimi işləməyə başladım. Müharibə dövrü idi. Mən də ailəmizə kömək etməyə çalışırdım. İkinci kursda oxuyanda məni hərbi xidmətə apardılar. Brest şəhərində xidmət edirdim. Müharibə təzə qurtarmışdı. Hər tərəfdə müharibənin ağır izləri hiss olunurdu. Mən hərbi hissədə rəssam kimi işləyirdim. İş həddən artıq çox idi. Klubun tərtibatını hazırlayıb, şüarlar yazır və s. işlərlə məşğul olurdum. Yaxşı işimə görə polkun komandiri məni iki dəfə Bakıya məzuniyyətə göndərdi. Hərbi xidmətdən sonra təhsilimi davam etdirməklə bərabər, "Dəmiryolu" klubunda işlədim. Bir gün televiziyanın tanınmış rəssamı Faiq Əhmədov evə gələrək məni televiziyada işləməyə dəvət etdi. 1959-cu ildən televiziyada işləməyə başladım. İşə başladığım 10-cu gün mənə tamaşa verildi ki, onun tərtibatını hazırlayım. İş xoşlarına gəldi və o gündən tamaşaların tərtibatını verməyə başladım. O dövr tamaşalar dövrü idi. "Xəbərlər", digər verilişlər yayımlanırdı, ancaq o dövr üçün əsas tamaşa idi. Hər gün sədrin yanında keçirilən iclaslarda həftənin uğurlu verilişi kimi tamaşaları qeyd edirdilər. Bir ayda 6 tamaşa təhvil verilirdi. İndi iki tamaşa təhvil verənlər özlərindən razılıqla danışırlar.

Televiziyada çalışdığım müddətdə 200-ə yaxın tamaşanın tərtibatını hazırladım. 21 rejissorla işləmişəm. Rus Azərbaycan klassiklərinin, o cümlədən bir çox müasir yazıçıların əsərlərinin rəssamı olmuşam. Təəssüf ki, həmin tamaşalar hamısı canlı göstərilir lentə alınmırdı. Yaxşı ki, quruluşçu rəssamı olduğum tamaşalardan Ənvər Məmmədxanlının "Şərqin səhəri", Nazim Hikmətin "Bayramın birinci günü", Rəsul Rzanın "Son gecə", R.Roydenskinin "Rekviyem", M.F.Axundovun "Aldanmış kəvakib" s. lentə alınıb. Həmin tamaşalar bu gün göstərilir.

- Bəs teatrlarda necə, hansısa tamaşanın quruluşçu-rəssamı kimi iştirak etdinizmi?

- Cəmi iki teatrın səhnəsində - Lənkəran Dövlət Teatrında Yusif Əzimzadənin "Silahdaş" Gənc Tamaşaçılar Teatrında Nazim Hikmətin "Bayramın birinci günü" tamaşalarının quruluşçu rəssamı kimi çıxış etmişəm. Sözün düzü, mən getmək istəmirdim. Çünki səhnə ilə televiziya mətbəxi fərqlidir. Ancaq mən yaxşı dekorasiya qurmuşdum. Heyifslənirəm ki, həmin tamaşalar da lentə alınmayıb.

- Televiziya rəssamlığının fərqi nədədir ki?

- Mən Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyanda orada bölgü yox idi. Məktəbin tələb etdiyi bütün şərtlərlə işləyirdik. İndisə artıq həmin məktəbdə televiziya, teatr, kino rəssamlığı üzrə şöbələr var. Mən kino ilə çox bağlı idim. Ona görə "Reklam büro"da işləməyə başlamışdım. Qardaşım arxitektura üzrə qurtaran kimi onu Sumqayıta baş memar göndərdilər. Məndə rəssamlığa meyil çox idi. Televiziya mənə kömək etdi. İnanmırdım ki, mənim işlərim bir balaca təriflənəcək. İndi deyirsiniz ki, 80 yaşında ilk sərgi... Bu günə kimi mən inanmırdım, vaxtsa belə bir sərgim olacaq. 1992-ci ildə televiziyada təqaüdə çıxdım. 16 il orada baş rəssam kimi çalışdım. İndi oğlum mənim yerimdə işləyir. Təqaüdə çıxdığım ərəfədə rəssamlara emalatxana verdilər. 6-cı mikrorayonda yerləşən rəssamların emalatxanasında mənə bir otaq ayırdılar. Özüm yeddinci mikrorayonda yaşayıram. 15 il emalatxanaya piyada gedib gəlmişəm.

- Bəs o vaxta qədər əsərləri harada saxlayırdınız?

- İşdə, 21 kvadratmetrlik otaqda. Hər divardan bir neçə əsər asırdım. Rəssam üçün emalatxananın olmaması çox çətindir. Ancaq mən işləyirdim, həvəsdən düşmürdüm.

- Yubileyinizdə Xalq rəssamı Mais Ağabəyov dedi ki, ona fırça tutmağı siz öyrətmisiniz.

- Bu, uzun məsələdir. Onlar bizim məhəllədə, birmərtəbəli binada yaşayırdılar. Çox ziyalı ailədirlər. Onun böyük qardaşı ilə dostluq edirdim. Onlar bizə qohum deyildilər, ancaq qohumdan da yaxın idilər. Qardaşı Nazim deyə bilərəm ki, ikinci Tahir Salahov idi - təbiətən rəssam. Mais qardaşının da adını çəkə bilərdi, amma bir yerdə olduğumuz üçün mənim adımı çəkir.

- Deyirsiniz ki, siz kinoya çox bağlı olmusunuz. Mais Ağabəyov çox filmin quruluşçu rəssamı kimi tanınıb. Bəs siz necə, heç kinoda işlədinizmi?

- Kinoda işləmədim. Əgər orada olsaydım, bəlkə Elbəy Rzaquliyev, Nadir Zeynalov, Kamil Nəcəfzadə kimi olardım. Mən işləyən adamam. Bir yerdə otura bilmirəm. Ancaq mən başqa sahəni seçdim. Televiziyada çalışdığım illərdə mənə Əməkdar rəssam fəxri adı verildi. Yaxşı işimə görə bir neçə dəfə Fəxri fərmana layiq görüldüm. Bəziləri mənə deyir ki, sənə Xalq rəssamı adı verilməlidir. Cavab verirəm ki, mən tox adamam. Təbiətimdə təvazökarlıq çoxdur.

- Əsərlərinizi sata bilirsinizmi?

- Sərgidə əsərlərimlə maraqlananlar oldu. Elə vaxt olub ki, portret işləmişəm, ancaq onu alan müştəriyə qiymətini deyə bilməmişəm. Başa düşürəm, bir qədər həyatla ayaqlaşmaq lazımdır. Ancaq mənim təbiətim belədir. Heç kəsə qiymət deyə bilmirəm. Rəssam üçün bütün əsərləri doğmadır. Hamısını ürəyimlə işləmişəm. Ona görə bir-birindən ayırmağı bacarmıram hamısını sevirəm.

- Rəssamlar Günəşin doğmasını qürubunu çəkməyi çox sevirlər. Yəqin bu hadisədə insan ömrü ilə əlaqə axtarırlar.

- Ömrü verən Tanrıdır. İnsanın qədər yaşaya biləcəyi ondan asılıdır. Yubileyimdə hamı mənə 90 illik doğum günümü qeyd etməyi arzuladı. Ancaq bu məndən asılı deyil. Gücüm çatan işləri görmüşəm. Ürəyimdən keçibsə, işləmişəm. Bundan sonra qədər yaşayacağamsa, Allahın qismətidir.

 

 

Məhərrəmova Təranə

 

Kaspi. -2010. – 28 yanvar. – S.11.