"Məşədi İbad"ın Fəcr uğuru 

 

Musiqili Komediya Teatrı İrana qastrol səfərinə dəvət olunub

 

Musiqili Komediya Teatrı İranda keçirilən 28-ci Beynəlxalq Fəcr Festivalından qələbə ilə qayıdıb. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, Üzeyir Hacıbəylinin "Məşədi İbad" operettası ilə festivala qatılan teatrın kollektivi yanvar ayının 22-i və 23-ü Tehranın ən böyük teatr-konsert salonu, möhtəşəm Talari Vəhdət Sarayında çıxış edib.

Tamaşada əsas rolları Əməkdar artist Ramiz Məmmədov (Məşədi İbad), Fərid Əliyev (Sərvər), Nadir Xasıyev (Rüstəm bəy), Nərgiz Kərimova (Gülnaz), Xalq artisti Arif Quliyev (Hambal), Əməkdar artist Elçin Həmidov (Qəzetçi Rza), Əməkdar artist Əkbər Əlizadə (İntiligent Həsən), Novruz Əliyev (Məşədi Qəzənfər) və b. ifa ediblər. Xalq artisti Afaq Bəşirqızı isə Sənəm rolunda çıxış edib.

Dünyanın 50-yə yaxın ölkəsinin qatıldığı Fəcr festivalında Musiqili Komediya Teatrının ilk dəfə iştirak etməsinə baxmayaraq, kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, "Məşədi İbad" festivalın ən çox tamaşaçı toplayan əsəri hesab edilib. Festivalın təşkilatçılığını öz üzərinə götürən EKO (İqtisadi Əməkdaşlıq Təşkilatı) Mədəniyyət İnstitutunun xüsusi mükafatına layiq görülən kollektivin çıxış etdiyi hər iki gün anşlaqla keçərək yerli əhalinin böyük marağına səbəb olub. Təşkilatçılar EKO-ya üzv olan dövlətlərin diplomatik nümayəndələrinin iştirakı ilə festival qaliblərinin şərəfinə ziyafət veriblər. Ziyafətdə İranın mədəniyyət və islamı təbliğat naziri Məhəmməd Hüseyni və Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov iştirak ediblər.

Teatrın məlumatına görə, bu, Musiqili Komediya Teatrının son 20 ildə iştirak etdiyi ilk mötəbər sənət yarışmasıdır. Uğurlu çıxışlardan sonra kollektivə may ayında İrana 10 günlük qastrol səfəri təklif olunub.

 

 

Təranə

 

Kaspi. -2010. – 28 yanvar. – S.11.