QHT-lərə Dövlət Dəstəyi
Şurası hesabat verdi
Bu il özəl sektorla birgə layihələrin həyata
keçirilməsi üzərində ciddi iş aparılacaq
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası 2009-cu ilin
yekunlarına həsr olunmuş tədbir keçirdi. Tədbirdə
2009-cu ildə Şuranın fəaliyyəti, layihələrin
icra vəziyyəti haqqında hesabat verildi və maliyyələşdirilən
layihələrlə bağlı nəşr edilmiş
kitabın təqdimatı oldu.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev açaraq, tədbirin mahiyyəti haqda ətraflı məlumat verdi. Şura sədri ötən ili bütövlükdə ölkə QHT-ləri üçün uğurlu bir il kimi səciyyələndirdi. A.Quliyev bildirdi ki, QHT-lər, dövlət qurumlarının əsas iş prinsipi fəaliyyətlərində maksimum dərəcədə şəffaflığın təmin olunması, gördükləri işlər haqda ictimaiyyəti məlumatlandırmaq, vətəndaş cəmiyyətinin hüquqlarının qorunması naminə QHT-lərlə məsləhətləşmələrdir: "Mən çox məmnunam ki, ötən illər rəzində biz bu prinsipə nail olmağa çalışmışıq. Hətta ilin əvvəlində QHT-lərin gələcək fəaliyyətini planlaşdırmaq üçün məsləhətləşmələr aparmışıq". A.Quliyev Şura fəaliyyət göstərəndən bəri ölkə QHT-lərinin fəaliyyətində ciddi canlanma yarandığını qeyd etdi. O bildirdi ki, Şura tərəfindən maliyyələşdirilmiş layihələr ən müxtəlif fəaliyyət sahələrini əhatə etmiş və ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə öz töhfəsini vermişlər. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 5 istiqamət üzrə QHT-lərə dövlət dəstəyini həyata keçirir. Bunlar maliyyə, metodiki, konsultativ və təşkilati-texniki dəstəkdir. Şura sədrinin sözlərinə görə, bu dəstəyin hər biri QHT-lərin fəaliyyətlərinin düzgün qurulması, QHT sektorunun inkişafı təmin etmək, QHT-hökumət münasibətlərini yaxşılaşdırılması və bu münasibətləri yeni bir müstəviyə keçirilməsi, ən nəhayət, ictimai əhəmiyyətli problemlərinin həllinə QHT-lərin potensialının yaxından cəlb edilməsi məqsədi daşıyır. Şura sədri bildirdi ki, bütün bunlarla yanaşı Şuranın iki ali məqsədi olub: "Bunlardan biri QHT-lərin gördüyü işlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqla yanaşı, QHT-lərin müsbət təcrübəsini yaymaqdır. İkincisi, QHT-lərin dövlət, cəmiyyət üçün nə qədər əhəmiyyətli qurum olduqları, vətəndaşların problemlərinin hansı səviyyədə və necə çevik mexanizmlər tədbiq etməklə həll etmək iqtidarında olduqlarını göstərmək olub". Bu məqsədə çatmaq üçün Şura imkanları daxilində dəstəyini əsirgəməyib. Şuranın rəsmi saytı, qhtxeber.az saytı və "Vətəndaş Cəmiyyəti" jurnalı iş prinsipini məhz QHT-lərin fəaliyyətini işıqlandırmaq, onların gördükləri işləri geniş auditoriyaya çatdırmaq olub. Təkcə "Vətəndaş Cəmiyyəti" jurnalı işıq üzü gördüyü 12 sayında 250-dən çox QHT-nin fəaliyyətini işıqlanıdırıb, onları ictimaiyyətə tanıdıb.
A.Quliyev bildirib ki, Şura 2009-cu ildə təxminən 613 layihə təklifi qəbul edib: "Bunlardan 248-i tərəfimizdən maliyyələşdirilib. 248 layihəyə 2 milyon 68 min manat vəsait ayrılıb. Bundan başqa, 2009-cu ildə beynəlxalq təşkilatlarla birgə qrant layihələri həyata keçirmişik. Beynəlxalq partnyorlardan Dünya Bankı və Açıq Cəmiyyət İnstitunu qeyd edə bilərəm. Birgə layihələrdə 20-yə qədər QHT-nin təşəbbüsü dəstəklənib"-deyən Şura sədri əlavə edib ki, 2009-cu ildə regionlara xüsusi diqqət yönəldilib. Region QHT-lərinin bilik və bacarığının artırılması üçün BMT-nin İnkişaf Proqramı ilə birgə əməkdaşlıq memorandum imzalanıb. Bu memorandumun icrası nəticəsində 400-dən çox QHT fəalına təlimlər keçirilib. Ötən ilin dekabr ayında isə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə memorandum imzalandı və bu razılaşma 2010-cu ildə reallaşacaq. Memorandumun tələblərindən irəli gələrək biz birgə müsabiqələrin keçirilməsi, QHT-lərin fəaliyyəti üçün mövcud şəraitin yaxşılaşdırılması, QHT problemlərinin daha effektiv şəkildə həlli ilə bağlı birgə fəaliyyəti həyata keçirəcəyik".
Şura sədri beynəlxalq təcrübə baxımından ötən ili uğurlu il kimi dəyərləndirdi. Beynəlxalq təcrübənin öyrənilməsi baxımından 2009-cu ildə Şura üzvlərinin Xorvatiyaya səfəri xüsusən əhəmiyyətli olub, Şərqi Avropa təcrübəsi öyrənilib. 2010-cu ildən Şura layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsində Şərqi Avropa təcrübəsindən istifadə ediləcək. Millət vəkili çıxışında 2010-cu ildə özəl sektorla birgə layihələrin həyata keçirilməsi üzərində ciddi iş aparıldığını da əlavə etdi.
A.Quliyev təqdimatı keçirilən kitab haqda da öz fikirlərini bölüşüb. Şura sədri bildirib ki, bu, Şuradan maliyyə yardımı alan təşkilatlar və onların reallaşdırdıqları layihələr haqda ensiklopedik nəşr olmaqla yanaşı, Dövlət Dəstəyi Şurasının fəaliyyətinin əyani sübutu, dövlətin QHT-lərə dəstəyinin bariz nümunəsi və QHT-lərin cəmiyyətə tanıdılmasının bir metodudur. Şura sədri qeyd etdi ki, bu, Şuranın QHT-lərin tanıdılması üçün sonuncu addım deyil. Hazırda QHT məlumat bazasının yaradılması və QHT məlumat kitabçasının nəşri yekunlaşmaq üzrədir. Yaxın zamanlarda həm elektron baza, həm də məlumat kitabçası ictimaiyyətə təqdim olunacaq.
Şura sədrinin sözlərinə görə, ümumilikdə, bu ilin araşdırmaları, nəticələri onu göstərir ki, 2009-cu ildə QHT-lər xeyli fəallıq nümayiş etdiriblər. QHT-lərin böyük əksəriyyəti onlara ayrılan vəsaitləri qanunvericiliyə uyğun şəkildə istifadə və icra ediblər. Lakin bu sözləri heç də bütün QHT-lərə aid etmək olmur. "Bizim razı qalmadığımız QHT-lər də var. Bu narazılıq hesabatların vaxtında verilməməsi, Şuranın monitorinqi üçün lazımı şəraitin yaradılmaması, Şuranın QHT-lərlə imzaladığı müqavilənin öhdəliklərinə tam şəkildə cavab verməməsi, nəhayət, layihənin icrası ilə bağlı effektiv mexanizm tədbiq etməməsi ilə bağlıdır. Məlumunuz olduğu kimi, 1 təşkilata ayırdığımız qrantın ikinci tranşını ödəməkdən imtina etdik. Müqavilə yerinə yetirilmədiyinə görə layihənin icrasını dayandırdıq"-deyən Şura sədri bu il şərtlərin daha da sərtləşəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Hesabat məruzəsi ilə Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək, layihələrin yerinə yetirilməsi və hesabatların Şuraya təqdim olunması ilə bağlı müfəssəl məlumatlar verdi. İcraçı direktorun məruzəsindən sonra müzakirələr başladı.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni həmkarlarına sənədləşmədə diqqətli olmağa çağırdı. "Kiçik bir nüans vacib bir layihəni müsabiqədən kənar qoya bilər"-deyən R.Zeyni Şuradan bu məsələdə köməklik edilməsini istədi. Yenidən söz alan A.Quliyev bu fikri humanist addım kimi dəyərləndirsə də, bir daha öz fikrində qaldığını diqqətə çatdırdı: "Artıq iki ildir ki, biz güzəşt edirik. Əgər QHT iki ildə öz səhvini başa düşmürsə, məsuliyyətini dərk etmirsə, bu, artıq qüsurdur". A.Quliyev məlumat verdi ki, artıq vahid beynəlxalq QHT standrtlarına keçid mərhələsindəyik. Bu standartlar tətbiq olunandan sonra güzəştlər minimuma enəcək.
QHT təmsilçisi
Məhərrəm Zülfüqarlı regionlarda keçirilən
tədbirlər zamanı icra strukturları tərəfindən
bürokratik əngəllər yaradıldığını
dilə gətirdi. Şura sədri öz növbəsində
məlumat verdi ki, qeyd edilən məsələ ilə
bağlı icra strukturları üçün müşavirələr
keçirilib. "Bir halda ki, layihəni Şura maliyyələşdirir,
burada hər hansı narazılıq yaratmaq, layihələri əngəlləməyi
anlamaq olmur. Belə hal olarsa, bizə müraciət edə bilərsiniz.
Milli təhlükəsizliyimizə, dövlətçiliyimizə
qarşı çıxan hər hansı bir təhlükənin
qarşısında biz də varıq. Hesab edirəm ki, Azərbaycanda
fəaliyyət göstərən QHT-lərin əksəriyyəti
bu amalda, bu fikirdədir".
Nəcəfov S.
Kaspi. -2010. – 29 yanvar. – S.5.