Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair yeni vəsaitlər nəşr olunub 

 

Kitabçalar 5 istiqamət üzrə hazırlanıb

 

Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlərin nəşrinə həsr olunmuş mətbuat konfransı keçirilib. TQDK sədrinin müavini Namiq Babayevin sözlərinə görə, qurum 2010/-2011-ci tədris ili üçün ali orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində 5 istiqamət üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara aid vəsaitlər çap etdirib: "Bu vəsaitlər TQDK-nın əməkdaşları komissiyanın nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarların iştirakçıları ilə birlikdə hazırlanıb".

 Sədr müavini xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qiymətləndirmə meyarlarının yeni formada tərtib olunduğunu, hər istiqamət üzrə ali məktəblərin, orta (11 illlik) natamam orta (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinin qəbul proqramlarının metodiki tövsiyələrin təkmilləşdirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, vəsaitlərdə qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası onların hansı ali məktəblərdə, orta natamam orta təhsil bazasından orta ixtisas məktəblərində mövcud olması haqqında məlumatlar, seçmə turun şərtləri yer alıb: "Bundan başqa, orada qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, normativlər yerləşdirilib. Bir sözlə, vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb".

TQDK-nın Qabiliyyət imtahanları üzrə sektorunun müdiri Elmira Hüseynova isə vəsaitlərin nəşr olunduğu istiqamətlər barədə məlumat verib. Belə ki, 5 kitabçada təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idman istiqamətləri yerləşdirilib. Sektor müdiri ali məktəblərin pedaqoji, idman və dizayn (texnoloji) ixtisasları, orta və əsas təhsil bazasından orta ixtisas məktəblərinin ixtisasları üzrə qabiliyyət imtahanlarının nəticələrinin məqbulla, ali məktəblərin digər ixtisasları üzrə isə balla qiymətləndiriləcəyini də qeyd edib.

 

 

Həqiqət

 

Kaspi. -2010. – 29 yanvar. – S.8.