"26-lar" soyqırımı
cəlladlarıdır"
Yaqub Mahmudov: "Şaumyan həm Şərqi Anadoluda, həm
də Azərbaycan ərazisində türk-müsəlman əhalisinin
qırılmasına bilavasitə göstəriş verən
canidir"
Dünən YAP-ın qərargahında
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru,
Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov "Erməni təcavüzkarlığı
yeni faktlarla" mövzusunda mətbuat konfransı
keçirdi. Tarixçi alim məlumat verdi ki, rəhbəri
olduğu institut dünyanın bir çox arxivlərindən
götürülmüş materiallar əsasında
çoxsaylı kitablar hazırlayıb ərsəyə gətirib:
"Tarixçilər
üçün son dərəcədə qiymətlidir ki, Azərbaycanın
dövlət başçısı mütəmadi olaraq tarixi
torpaqlarımız məsələsini qaldırır. Ölkə
prezidenti beynəlxalq tədbirlərdə, böyük
dövlətlərin rəhbərləri ilə
görüşlərdə açıq şəkildə
deyir ki, bugünkü qondarma Dağlıq Qarabağ problemi
deyilən problem əslində, Cənubi Qafqaza Rusiyanın
köçürüb gətirdiyi gəlmə ermənilər
tərəfindən ortalığa atılıb. İrəvan
da bizim ərazimizdir. Bizim keçmiş İrəvan
xanlığının ərazisi və İrəvan şəhərini
də 1918-ci ildə mayın 29-da böyük dövlətlərin
təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti xalqla
referendum keçirmədən ermənilərə
bağışlayıb. Özü də ətrafında 9,5
min kvadrat kilometr ərazi ilə. Ermənilər bundan sonra
özlərini Cənubi Qafqazın ən qədim əhalisi
kimi qələmə verdilər. Əslində isə 1918-ci
ildə Cənubi Qafqazda erməni dövləti
yaradılıb. Bundan qabaq Cənubi Qafqazın siyasi xəritəsində
ermənilərin adı yoxdur. Bütün tarix
saxtalaşdırılıb. Ona görə də bütün
bu məsələlərin hamısı gündəmdədir
və biz Tarix İnstitutunda itirilmiş
torpaqlarımızın tarixinin araşdırılmasına
xüsusi əhəmiyyət veririk".
Alim bildirdi ki, ölkə prezidentinin müvafiq tapşırığı ilə "Qarabağ tarixi" adlı əsər işlənib hazırlanıb. O, kitabın 6 dilə tərcümə edilib çap edildiyini və dünyanın bütün sərgilərində, beynəlxalq sərgilərdə birinci yerə layiq görüldüyünü vurğuladı: "Burada ancaq sənədlərin dili ilə danışmışıq. Kitabda tarix çox qısa - cəmi 100 səhifə həcmində verilib. Yerdə qalan hamısı sənədlərdir. Ona görə də bu günə kimi erməni mətbuatı, alimləri keçirdikləri beynəlxalq tədbirlərdə bu kitabın əleyhinə bir cümlə belə işlədə bilməyiblər. Çünki kitab aydın sübut edir ki, Qarabağ kimin torpağıdır, ermənilər bura nə vaxt köçürülüblər. Kitabda rus rəssamı Maşkovun 1828-ci ildə ermənilərin Qarabağa necə köçürülməsini əks etdirən tablosu da var. Onlar bu şəkilə nə deyəcəklər? Qarabağa ermənilərin köçürülməcinin 150 illiyi ilə bağlı abidəni ermənilərin özləri dağıdıblar. O abidənin də biz kitabda vermişik. Bundan sonra biz Naxçıvanla bağlı mükəmməl "Naxçıvan tarixi abidələri"ni buraxmışıq. Azərbaycan, rus və ingilis dillərində dərc edilən kitab beynəlxalq tədbirlərdə yer alıb". Y.Mahmudov Tarix İnstitutu tərəfindən "İtirilmiş torpaqlarımız - tarixi adlara qarşı soyqırımı" adlı möhtəşəm əsərin də hazırlanıb ortaya qoyulduğunu bildirdi: "Biz bunu ingilis dilində də buraxmışıq. Kitabın mahiyyəti nədir? Bu kitab heç kəimin fikri deyil və rəsmi sənədlərdir. 4 bölmədən ibarət kitabda indiki Ermənistan ərazisində İrəvan xanlığındakı bizim bütün türk yer adlarının siyahısı verilib. Onların hamısının adı dəyişdirilib, erməniləşdirilib. Biz həmin adların Ermənistan Ali Sovetinin hansı qərarı ilə dəyişdirilməsini də kitabda əks etdirmişik". Professor qeyd etdi ki, Azərbaycana ərazi iddiası sürməyən qonşusu yoxdur və qonşularımızın hamısı bizə qarşı ərazi iddiası irəli sürürlər: "Özləri isə bizim torpaqlarımızda oturublar. Biz bu gün heç kəsə qarşı ərazi iddiası irəli sürmürük".
Y.Mahmudov daha sonra Tarix İnstitutunun ən böyük nailiyyəti kimi "İrəvan xanlığı - Rusiya işğalı və ermənilərin Azərbaycana köçürülməsi" kitabını göstərdi. Onun sözlərinə görə, Tarix İnstitutu bu kitabın ərsəyə gəlməsi üzərində üç il iş aparıb. Kitabda erməni tarixçilərinin əsərləri, mənbələr, tarixlər, fotoşəkillər əks olunub. O qeyd etdi ki, kitabın dövlət səviyyəsində təqdimatı da keçiriləcək.
Y.Mahmudov bir il bundan öncə "26-lar" deyilən abidənin şəhər mərkəzindən köçürülməsi ilə yaşanan qalmaqala da toxundu. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza İnstitutunun direktorunun başçılığı ilə məhkəmənin bütün ekspertləri orada iştirak ediblər. "Oradan cəmi 23 cəsədin qalığı tapıldı. Bundan sonra Tarix İnstitutu dərhal tədqiqatlara başladı. Mən çox təəssüf edirəm bu işlər araşdırılmadan, arxivlər qaldırılmadan, ölkəmizdə bəziləri, hətta bəzi tarixçilər israr etməyə başladılar ki, Şaumyanın da qəbri ordadır. Axı orada Məhkəmə Tibbi Ekspertizanın mütəxəssisləri mənim iştirakımla bütün cəsədin qalıqlarını yaşa görə hamısını düzüblər. Biz orada hər şeyi aktlaşdırdıq. 40 yaşdan yuxarı cəmi bir cəsədin qalığı aşkar edildi. O da Əzizbəyova uyğun gəlir. Şaumyanın və Əmiryanın cəsədinin qalığı yaş göstəricisinə görə orada yoxdur. İndi Azərbaycanda təzə amiryanşünaslar, şaumyanşünaslar çıxıb, deyirlər ki, onlar orada olmalıdır. Bundan sonra biz tədqiqatlar aparanda məlum olub ki, 1918-ci ildə "26-lar" deyilən bu adamların güllələnməsi zamanı müəyyən teleqramlar var. Məlum olur ki, "26-lar"ı, hələ güllələnməmiş Şaumyanı və başqalarını müttəfiqlərin nümayəndəlikləri girov götürüblər. Vaxtilə Ziya Bünyadov da bu teleqramlardan birini elan etmişdi. 4-5 belə teleqram tapdıq. Elan edən kimi dedilər ki, biz o teleqramı bilirdik. Bilirdiniz, bəs niyə indiyə kimi demirdiniz? Şaumyanı dəyişmək məsələsi həmin teleqramlarda əks olunub. İndi biz axtarışlar apardıq. Gələcəkdə bu axtarışların təsnifatını sizə deyəcəyik. Nəticələri olmamış biz çoxunu elan etmək istəmirik. Burada bizə kömək edən alimlərin əksəriyyəti iştirak edirlər. Çoxsaylı sənədlər tapılıb. Biz nəzərə aldıq ki, "Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı" 3 cildlik sənəd toplusu buraxacağıq. Qoy xalqımız bu sənəd toplusu ilə tanış olsun. Bu, sənəd toplusunun birincisidir. Birinci bura müəllif məqalələri daxil edilib. Təxminən 100 səhifəyə qədərdi. Qalan hamısı bu böyük sənəd toplusu "26-lar"la əlaqədar sənədlərdir. Bura nələr daxil edilib? 1921-ci ildə Krasnovodskda keçirilən məhkəmənin "26-lar"la bağlı sənədlər. 1926-cı ildə "Funtikovun işi" deyilən məhkəmə prosesi keçirilib. Əvvəlcədən deyim ki, bu iki məhkəmə prosesi siyasi prosesdir. Məqsəd ingilislərə zərbə vurmaq, Sovet Rusiyasının mənafeyinə uyğun olaraq bir də eserləri ittiham etmək ki, "26-lar"ı onlar gülələyiblər. Yəni o sənədlər ciddi araşdırılmalıdır. Araşdırdıq. Araşdırmalar nəticəsində alimlərimizdən Natiq Məmmədzadə Şaumyan haqqında, İlqar Niftəliyev Mikoyan haqqında, Vaqif Abışov Lalayanın törətdiyi cinayətlərlə əlaqədar qiymətli sənədlər tapdılar. Bu arxiv sənədlərin hamısı vaxtilə bizim Marksizm-Leninizm İnstitutunun arxivi, indi Prezident Aparatının İşlər İdarəsinin yanındakı Siyasi Sənədlər arxivində saxlanılır. Hansı sənədlər aşkar olundu? Bunlardan biri - 1909-cu ildə Şaumyanın Tiflisdə fəaliyyətə başlaması haqqında məxfi agenturanın məlumatlarıdır. Şaumyan Daşnak Partiyasının Bakı Komitəsinin üzvü olub. O, həm Şərqi Anadoluda, həm də Azərbaycan ərazisində türk-müsəlman əhalisinin qırılmasına bilavasitə göstəriş verən canidir".
Y.Mahmudov qeyd etdi ki, azərbaycanlılara qarşı qırğınlar törədən Şaumyanın Hindistanla bağlılığı faktı dərindən araşdırılacaq. Onun sözlərinə görə, Şaumyanın güllələnməməsi və Hindistanla əlaqələri ilə bağlı bir neçə qaranlıq məqam var: "SSRİ xalq artisti Rəşid Behbudov Hindistanda olarkən bu ölkənin şimalına konsert verməyə gedəndə yerli müxbirlərdən biri ona deyib ki, bu günlərdə burada sizin məşhur həmyerliniz dəfn olunub. R.Behbudov həmyerlisinin kim olduğunu soruşub, cavabında "Şaumyan" deyiblər. Təbii ki, həmin vaxtlar Rəşid Behbudovun ətrafında sovet kəşfiyyatının nümayəndələri olub. Müğənni Bilal Əliyev də şahidlik edir ki, o zaman rus dilini yaxşı başa düşməsə də, söhbətin mənasını anlayıb. Rəşid Behbudov müxbirdən orada çəkiliş aparılıb-aparılmadığını soruşub. Jurnalist geri qayıdanda həmin kaseti Rəşid Behbudova verib. 1988-1989-ci illərdə Dağlıq Qarabağ problemli başlayanda böyük sənətkarımız ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşıb və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti Mixail Qorboçova verib. Bunu Rəşid Behbudovun yoldaşı da təsdiq edir. Rəşid Behbudov xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər". Y.Mahmudov bildirdi ki, bu faktla bağlı əsas məqamlardan biri Anastas Mikoyanın Stepan Şaumyanla bağlı izi itirməyə çalışmasıdır: "Mikoyan uzun müddət izi itirməkdən ötrü məlumat verib ki, guya o, Şaumyanla bağlı Hindistan arxivlərinə sorğu göndərib və ona orada heç bir sənədin olmamasını deyiblər. Guya onun oğlu Serqo Mikoyan da eyni şəkildə arxivlərə müraciət edib. Guya bu sənəd tapılmayıb. İngilis jurnalisti Brayn Pirs isə Hindistana, Dehliyə gedərək arxivə müraciət edib. Arxivdən ona arayış veriblər ki, Mikoyan soyadlı şəxslər həmin arxivə müraciət etməyiblər. Bunların hamısı çox aydın sübut edir ki, güllələnən "26-lar" sırasında Şaumyan olmayıb".
Y.Mahmudovun sözlərinə görə, sovet dövründə turizm xətti ilə Hindistana gedən şəxslərdən Stepan Şaumyanın Hindistanda qaldığı evlərdə olanlar da olub: "Həmin adamların çoxunu üzə çıxaranda biri xəstələnir, biri demək istəmir. Vəd edirəm ki, bu məsələ dərindən araşdırılacaq. Hazırda xarici ölkələrin arxivlərində iş gedir. Mən bunu bütün təfsilatı ilə açmaq istəmirəm, çünki dərhal bunun əleyhdarları meydana çıxır. Biz Hindistandakı arxivlərlə əlaqədar işlər də görürük. Yəqin ki, bu iş bir nəticə verəcək".
Professor daha sonra təəssüf hissi ilə Məşədi Əzizbəyovun o vaxt Stepan Şaumyanla Nəriman Nərimanov kimi davranmadığını və onun hərəkətlərini tənqid etmədiyini vurğuladı: "Gərək o, Şaumyana qoşulmayaydı. Ən azı o, daşnakların məhv edilməsi xəttini tutmalı idi. Amma ondan istifadə etdilər". Onun sözlərinə görə, aparılan tədqiqatlar sübut edir ki, M.Əzizbəyovu "26-lar"a beynəlmiləl görkəm verməkdən ötrü əlavə ediblər: "Çox təəssüf ki, Məşədi Əzizbəyov Biləsuvar, Salyan bölgəsində cəza dəstələrinə başçılıq edib və kütləvi qırğınlar həyata keçirib. Bunu sübut edən faktlar da var. "26-lar" soyqırımı cəlladlarıdır. Onların ümumi abidələri, Caparidze də daxil olmaqla digərlərinin heykəlləri götürüldü. Bunların hamısı o deməkdir ki, Azərbaycanda bu iş artıq başlayıb. Bu, çox düzgün və cəsarətli addımdır. Güman edirəm ki, bu addımlar davam edəcək".
İnstitutun direktoru onu da qeyd etdi ki, imkanlı ermənilər qondarma Ermənistan dövlətinin tarixini yaratmaq üçün milyonlarını qoyur. 100 min tirajlarla saxta kitabları buraxdırırlar, sonra isə dünyanın müxtəlif ölkələrində yaşayan himayədarları vasitəsilə müraciət etdirirlər ki, Azərbaycana, türkə qarşı belə kitablardan çox buraxdırın: "Mən isə 10 ildən çoxdur ki, üzümü varlı adamlara tutub yalvarışlarla, bəzən də təhqirə məruz qala-qala deyirəm ki, siz bu məmləkətin sərvətinə sahib ola bilirsinizsə, bu sərvəti sizə qazandıran dövlətə, onun tarixinə xidmət eləmək lazımdır". Y.Mahmudov təəssüflə dedi ki, Azərbaycanda Tarix İnstitutuna ermənilərin Ermənistan tarixçilərinə verdiyi pulun yüz mində bir hissəsini xərcləyən varlı adamlar yoxdur: "Bu, həqiqətdir. Biz gözləyirik ki, gələcəkdə bizim varlılarımız da hərəkətə gəlsinlər və onların sərvətinin mənbəyi olan Azərbaycan dövlətini, xalqımızı, ərazilərimizi müdafiə eləsinlər".
Nuriyev Azər
Kaspi. -2010. – 30 yanvar. – S.4.