"Albalı bağı" ilə kiçik səhnənin açılışı 

 

Srağagün Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılış mərasimi keçirilib.

 

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov mərasimi giriş sözü ilə açaraq kiçik səhnənin açılışını həmin səhnədə ilk tamaşanın nümayişini bayram kimi dəyərləndirib. Direktor bildirib ki, səhnənin görkəmli yazıçı dramaturq A.P.Çexovun "Albalı bağı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açılması heç təsadüfi deyil. "Bütün teatrsevərlər Çexov pərəstişkarları yanvar ayında dramaturqun anadan olmasının 150 illiyini qeyd edir. Yaradıcı qurum olaraq teatr da bu tarixi qeyd etməyi planlaşdırıb. Məhz elə ona görə kiçik səhnədə ilk olaraq müəllifin "Albalı bağı" tamaşası nümayiş olundu".

M.Həmidov digər önəmli hadisənin isə teatrın baş rejissoru, Xalq artisti Cənnət Səlimovanın doğum günü olduğunu qeyd edərək, qocaman sənətkarı kollektiv adından təbrik edib.

Cənnət Səlimova yaxın günlərdə İran İslam Respublikasında keçirilən "Fəcr" festivalında "Ən yaxşı rejissor işi"nə görə mükafata layiq görülüb. Festivalda Cənnət Səlimovanın Musiqili Komediya Teatrında quruluş verdiyi "Məşədi İbad" tamaşası nümayiş olunub.

 

 

Təranə 

 

Kaspi. – 2010. – 30 yanvar. – S.16.