Elektron kitabxana Elektron kataloqlar istifadəçilərə təqdim olunub 

 

Proses region kitabxanalarında davam etdirilir

 

"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabxanalarında Elektron kitabxana və Elektron kataloqların yaradılması işinə təkan verilir.

Dünən Prezidentin İşlər İdarəsinin "Prezident Kitabxanası"nda (www.preslib.az), M.F.Axundov adına Milli Kitabxanada (www.anl.az), C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında (www.ryl.az) və s. Elektron kitabxana və Elektron kataloqlar istifadəçilərə təqdim edilib. Prezidentin İşlər İdarəsinin "Prezident Kitabxanası" İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi vasitəsi ilə kitabxanadakı nəşrlər haqqında məlumat, habelə nəşrlərin tammətnli bazasını yaradaraq oxucuların istifadəsinə təqdim edib.

Kitabxananın informasiyalaşdırılması sahəsində müsbət təcrübə qazanmış "Prezident Kitabxanası" istifadəçilərə "Tammətnli elektron nəşrlər", "Tammətnli verilənlər bazasında müxtəlif dillər və mövzular üzrə elektron mətn axtarışı xidməti", "Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə dair əhəmiyyətli kitabların elektron versiyalarından ibarət kolleksiya", "Elektron Kataloqun Verilənlər bazalarında biblioqrafik informasiya axtarışı"nı təmin edən bölmələr üzrə informasiya xidmətinin çoxşaxəli aparılmasına imkan verir.

Nazirliyin məlumatına görə, kitabxananın əməkdaşları tərəfindən Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə və incəsənətinə dair fundamental kitabların elektron versiyaları hazırlanıb. Elektron kitabxanada (http://www.elibrary.az) əsasən müasir və aktual mövzular "Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində", "Qarabağ həqiqətləri", "Tarixin qara səhifələri: Deportasiya. Soyqırımı. Qaçqınlıq", "Heydər Əliyev iqtisadi müstəqilliyimizin banisidir", "İnkişaf - məqsədimizdir - Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daxili və xarici siyasəti" və s. mövzularda müxtəlif dillərdə kitablar yerləşdirilib.

Kitabxananın fonduna daxil olan kitablar və dövri mətbuat materialları, həmçinin bir sıra rəsmi saytlar əsasında hazırlanmış ən qədim zamanlardan başlayaraq müasir dövrə qədər Azərbaycan xalqının keçdiyi tarixi yolu əhatə edən "ODLAR YURDU AZƏRBAYCAN" adlı tammətnli elektron baza (www.odlaryurdu.az) xüsusi ilə əhəmiyyətlidir.

Elektron bazada Azərbaycançılıq, Azərbaycanın zəngin tarixi, iqtisadiyyatı, inzibati ərazi vahidləri, ümummilli lider Heydər Əliyev haqqında, azərbaycanlıların soyqırımı və deportasiyası, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında materiallar, faktlar, tarixi sənədlər sistemləşdirilərək 3 dildə dünya istifadəçilərinə təqdim edilir.

Azərbaycan kitabxanalarında ilk dəfə olaraq "Prezident Kitabxanası"nda istifadəçilərin onlayn müraciəti əsasında sənədlərin elektron çatdırılması xidməti təşkil edilib.

M.F.Axundov adına Milli Kitabxananın (www.anl.az) yaratdığı Elektron kitabxana müxtəlif sahələr üzrə - humanitar, texniki, təbiət, mikrofilm, dövri və ardı davam edən nəşrlərin tam mətni yerləşdirilib. Elektron kitabxana yaradılarkən əsasən yeni və aktual nəşrlərin tam mətni skaner olunaraq hazırlanır və oxuculara təqdim edilir. Elektron kitabxana mütəmadi olaraq zənginləşdirilir. Elektron kitabxanada ilk dəfə olaraq mikrofilmləşdirilmiş qədim kitablar və dövri mətbuat nümunələri oxucuların istifadəsinə verilir.

Milli Kitabxanada Elektron kataloq müxtəlif aspektlər üzrə müəllif, sərlövhə, predmet və s. üzrə aparılır. Elektron kataloqda kitablar, not-musiqi nəşrləri, kartoqrafiya, məqalələr, dissertasiyalar, avtoreferatlar, mikrofilmlər, dövri mətbuat üzrə axtarış aparmaq mümkündür.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında (www.ryl.az) kitabxana - biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində işlər aparılıb, kitabxananın Elektron kataloqu və Elektron kitabxanası Azərbaycan gənclərinə təqdim edilib. Elektron kitabxanada əsasən Dağlıq Qarabağ münaqişəsi, Qarabağ həqiqətləri, Xocalı faciəsi haqqında xarici müəlliflərin kitabları, habelə prezidentin sərəncamı ilə nəşr olunmuş Azərbaycan dilində latın qrafikalı kitabların tam mətni yerləşdirilib. Elektron kitabxanada kitablar əlifba sırası ilə verilib.

Hal-hazırda Elektron kitabxana və Elektron kataloqların yaradılması Azərbaycanın region kitabxanalarında davam etdirilir.

 

 

Təranə

 

Kaspi. -2010. - 4 fevral. – S.9.